27 Mart Elm Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Dairəvi salonunda humanitar tədqiqatlar və süni intellekt mövzusunda təntənəli mərasim keçirilib.
Toplantıdan əvvəl AMEA-nın prezidenti İsa Həbibbəyli, Milli Məclisin deputatlarından Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Fazil Mustafa, və Ülviyyə Həmzəyeva, Elm və Təhsil Nazirliyi Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, Rəyasət Heyətinin üzvləri, həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının təmsilçiləri Xalq rəssamı, akademik Ömər Eldarovun fərdi heykəltəraşlıq sərgisi, elmi ictimaiyyətə ilk dəfə təqdim olunan AMEA loqosunun eskizlərindən ibarət ekspozisiya, eləcə də Arxeologiya və Antropologiya İnstitutunun təqdim etdiyi eksponatlarla tanış olublar.
Təntənəli mərasimdə giriş nitq ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ölkənin elmi ictimaiyyətini təbrik edərək, alimlərimizin fədakar zehni fəaliyyətinin ölkəmizin ümumi tərəqqisinə və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. Dövlətin elm siyasətinin aparılan tədqiqatların səmərəliyinə, sahənin problemlərinin həllinə yönəldiyini bildirən natiq Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsini alimlərimizin şərəfli əməyinə verilən yüksək qiymətin, məhsuldar zehni fəaliyyətin stimullaşdırılmasının daha bir təzahürü kimi dəyərləndirib.
Azərbaycan elminin qədim tarixi köklər üzərində inkişaf etdiyini söyləyən AMEA rəhbəri milli elmin təşkilatlanmasından sonra cəmiyyətin sivil dəyərlərlə zənginləşməsində onun mötəbər rolunun davamlı olaraq yüksəldiyini diqqətə çatdırıb. Akademik bildirib ki, 1923-cü ildə elmi-tədqiqat işlərini aparmaq üçün Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması, 1932-ci ildə bu əsasda SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsinin təşkil edilməsi, 1935-ci ildə SSRİ EA Azərbaycan Filialının, nəhayət, 1945-ci ilin 27 martında 15 həqiqi üzvün iştirakı ilə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması tarixə milli elmi təsisatın formalaşmasının inkişaf mərhələləri kimi daxil olub.
AMEA-nın ötən 80 ilə yaxın müddətdə şərəfli inkişaf yolu keçdiyini, bu inkişafın milli maraqlar zəminində davam etməsində Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu qeyd edən akademik bildirib ki, sovet dövründə Ulu öndərin təşəbbüsü ilə Elmlər Akademiyasının maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulub, axtarış və tədqiqatların ölkə həyatı ilə əlaqələndirilməsi üçün geniş imkanlar yaradılıb. Müstəqillik illərində isə Ümummilli liderin fərmanı ilə 2003-cü ildə bu quruma Milli Elmlər Akademiyası statusu verilib.
Son illərdə Azərbaycan elminin Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində daha yüksək inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyən İsa Həbibbəyli əlavə edib ki, elmi tədqiqatlar ölkəmizin inkişaf strategiyasına və milli prioritetlərə uyğun həyata keçirilib, nəticədə böyük uğurlar əldə olunub. Dövlət başçısının qayğısı nəticəsində “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi təşkil olunub, Yüksək Texnologiyalar Parkı yaradılıb, AMEA-nın Mərkəzi Elmi Kitabxanasına yeni bina tikilib, Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazası yeniləşdirilib, AMEA-nın yeni Nizamnaməsi təsdiq olunub.
“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə başçısının 28 iyul 2022-ci il tarixli fərmanı Azərbaycan elminin inkişafında yeni mərhələyə, Elm və Təhsil Nazirliyinin AMEA ilə birgə ölkəmizdə elmi fəaliyyətin təşkili və nüfuzunun artmasına meydan açıb. “Heydər Əliyev İli”ndə isə AMEA-da Ümummilli liderin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərini əks etdirən 50-dən çox fundamental monoqrafiya və sanballı nəşr ərsəyə gətirilib. Qarabağın və Şərqi Zəngəzurun tarixinin, folklorunun, mədəniyyətinin, arxeologiyasının öyrənilməsi dərinləşdirilib, aparılan tədqiqatlar və bu mövzuda nəşr edilən kitablar əsasında Akademiyanın yeni Qarabağnamələr silsiləsi yaradılıb.
İsa Həbibbəyli yeniləşən akademiyada aparılan islahatlar içərisində elektron hərəkatın xüsusi yer tutduğunu, elmmetrik hesablamaların aparılması, AMEA alimlərinin əsərlərinə istinadların müəyyən edilməsi üçün beynəlxalq elmi bazalarda profillər yaradılması, elmi jurnalların elektron bazasının qurulmasının həyata keçirilməsi üçün MDB məkanında ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasında “Elektron Akademiya” şöbəsinin yaradıldığını vurğulayıb. Eyni zamanda şöbənin əməkdaşları tərəfindən MDB məkanında ilk dəfə, Türk dünyasında isə TÜBİTAK-dan sonra məhz ölkəmizdə Virtual Elektron Resurslar Sistemi yaradılıb. Hazırda “Elektron Akademiya” şöbəsi tərəfindən elmmetrik hesablamalar aparmaq bacarıqlarına malik robot texnologiyalarının modelini yaratmaq üzərində işlər aparılıb.
Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman çıxış edərək Prezident İlham Əliyevin Elm Gününün təsis edilməsi haqqında müvafiq sərəncamının Azərbaycan elminə, təhsilinə böyük diqqət və qayğının təzahürü olduğunu vurğulayıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa AMEA-nın Azərbaycan xalqının intellektual potensialının formalaşmasında, onun sosial-ictimai tərəqqisində mühüm rol oynayan qurum olduğunu deyib.
Sonra ölkə başçısının 2 fevral 2024-cü il tarixli sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüş şəxslərə mükafatlar təqdim olunub. Akademik Akif Əlizadə təltif olunanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Daha sonra elmi fəaliyyətində fərqlənən bir sıra alimlərə AMEA-nın Fəxri fərmanları təqdim olunub. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Eldar Quliyev isə qurumun Döş nişanı və Fəxri fərmanlarını elm xadimlərinə təqdim edib.
Toplantıda akademik Yusif Məmməd-əliyev haqqında film nümayiş etdirilib. “Xalq rəssamı, akademik Ömər Eldarovla dialoq: sənət dünyası və gələcəyə baxış” mövzusunda dialoq təşkil olunub. Görkəmli heykəltəraşın həyat və fəaliyyətini əks etdirən “Hələ axşam deyil” sənədli filmi təqdim edilib.
XQ