Haqqında müxtəlif fikirlər dolaşan yeni dünya müharibəsi ehtimalı beynəlxalq mətbuatın diqqət mərkəzinə təsadüfən düşməyib. Bu günlərdə elektron “Bild” nəşri bəyan edib ki, Almaniya Müdafiə Nazirliyinin ssenarisinə görə, artıq 2025-ci ildə Rusiya ilə müharibə başlaya bilər.
Bu ehtimalı nəzərə alaraq, Almaniya Silahlı Qüvvələrinin komandanlığı özünün fəaliyyət planını hazırlayıb. “Bild” alman komandanlığının planı əks olunan “məxfi” sənədlərə istinad edərək xəbər verir ki, Rusiyanın təcavüzünü önləmək üçün onun qoşunları Avropa İttifaqına (Aİ) üzv ölkələrin ərazisinə daxil olmazdan əvvəl, NATO müəyyən edilmiş X günündə Şərq cəbhəsinə 300 min əsgər göndərəcək.
Sual yaranır: “Bundesver”in şəbəkəyə düşmüş apokalipsis xarakterli proqnozu nə qədər gerçəkdir və NATO-nun Üçüncü Dünya müharibəsini planlaşdırmasına həqiqətənmi ehtiyac var?
“Bild”in jurnalistlərinin yanvarın 14-də dərc etdikləri alman hərbçilərinin ssenarisində göstərilir ki, Rusiya ilə NATO arasında növbəti münaqişənin alovlanması cəmi bir neçə həftədən sonra baş verə bilər. Həftəlik nəşr yazır: “Bu, Vladimir Putinin necə hərəkət edəcəyini və NATO-nun necə müdafiə olunacağını addım-addım, aybaay göstərən təlim ssenarisidir”.
Almaniya Müdafiə Nazirliyinin komandanlığı Ukrayna hərbi bölmələrinin necə darmadağın ediləcəyini çox lakonik izah edirək yazır ki, müttəfiqlərinə kömək etmək üçün Qərb ölkələrinin, demək olar ki, vəsaiti qalmayacaq.
Doğrudur, Ukraynanın münaqişədən çıxmasından dərhal sonra çoxdan gözlənilən sülhün yerinə, yeni münaqişə başlamalıdır. Almaniyada əmindirlər ki, NATO-nun “zəifliyini hiss edən” Rusiya onun üzvlərinə hücum etmək istəyəcək. Söhbət, ilk növbədə, Baltikyanı respublikalardan, Polşa və Almaniyadan gedir.
Rusiya, guya etnik ruslara qarşı süni zorakılıq bəhanəsi uyduraraq Estoniya, Litva və Latviyada vətəndaş qarşıdurması təşkil edəcək. Bundan sonra “müdafiə tədbirləri” bəhanəsi altında Kalininqrad vilayətində orta mənzilli raketlər yerləşdirəcək və onlar Suval dəhlizinə tuşlanacaq.
Ekspertlər hesab edirlər ki, bu ilin dekabrında, ABŞ-da prezident seçkiləri başa çatandan sonra regionda sərhəd münaqişələri başlayacaq və Ağ evin “iflic” olması üzündən onlar daha da güclənəcək. Nəzəriyyəyə uyğun olaraq daha bir ay keçəndən sonra Rusiya Silahlı Qüvvələrinin iki tank və bir motoatıcı diviziyası Belarusda yerləşdiriləcək.
Lakin bu vaxt ərzində NATO artıq hücuma cavab verməyə hazır olacaq. Mayda Şimali Atlantika Alyansı məhdudlaşdırma tədbirləri çərçivəsində Şərq sərhədlərinə 300 min əsgər göndərəcək. Almaniya Müdafiə Nazirliyi hesab edir ki, bundan sonra Üçüncü Dünya müharibəsi qaçılmaz olacaq.
“Bild” nəşri daha sonra yazır: “Sənəddə Rusiyanın və Qərbin hərəkətləri dəqiqliklə göstərilir ki, bunun kulminasiya nöqtəsi NATO-nun Şərq cinahına yüz minlərlə əsgər göndərməsi və müharibənin 2025-ci ilin yayında başlaması olacaq”.
Ekspertlər qeyd edirlər ki, Rusiya ilə hərbi münaqişə proqnozu heç də adi məsələ deyilmiş. Məqalənin dərc edildiyi günün səhəri – yanvarın 15-də NATO komandanlığı tələm-tələsik inandırmağa çalışıb ki, tabloid (“Bild) alyansın hərbi təlimlər ssenarilərindən birini sadəcə “kəşfiyyatın məruzəsi” ilə dolaşıq salıb.
Alyansın Strateji Kommunikasiyalar Mərkəzinin direktoru Yanis Sarts açıqlamasında deyib: “Bu, xüsusi xidmətlərin şəraitin inkişafını göstərən məxfi təhlili əks olunan sənəd deyil. “Bild”in əlinə keçən sənəd həmişə bu və ya digər sahələrdə hərbi imkanları yoxlamaq üçün uydurulmuş şəraiti ehtiva edib. Nə vaxtsa ssenarilər tamamilə mövcud olmayan ölkələr və coğrafi regionlarla tamamən uydurulmuş olurdu. İndi isə təlimlər üçün mövcud olan ölkələr və regionlar istifadə edilir”.
“Bild”in bu materialını Rusiya tərəfi də elə ciddi qəbul etməyib. Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova sözügedən materialı “ötən ilin balıqlar üçün olan ulduz falı”, Almaniya nəşrini isə “infozibillik” adlandırıb və deyib: “İstisna etmirəm ki, “Bundesver”ə sənədin analitik hissəsini Almaniya XİN-nin rəhbərli Berbok təqdim edib”.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da “məxfi sənədə” soyuq reaksiya verib. O, ümumiyyətlə, sənədin məzmununu şərh etməkdən imtina edib və “Bild”in jurnalistlərini sistematik olaraq təxribat xarakterli məlumatlar dərc etməkdə günahlandırıb. Başqa sözlə, Rusiyanın qonşuları Latviya, Litva və Estoniyaya “hücum etmək” istəyinə NATO-da inanmırlar. Lakin bu o demək deyil ki, hərbi blok prinsipcə potensial münaqişəyə hazırlaşmır.
NATO-nun Şərq cinahında yerləşən ölkələrin həyata keçirdiyi tədbirlər də bunu söyləməyə əsas verir. Məsələn, Polşanın xarici işlər nazirinin müavini Andjey Şeyna düşünür ki, NATO ölkələri xüsusi hərbi əməliyyatların gedişində Rusiya Silahlı Qüvvələrinin hücumlarının güclənməsi ilə bağlı istənilən ssenariyə hazır olmalıdırlar. O açıqlayıb ki, bununla bağlı Polşa potensial münaqişənin qarşısını almaq üçün alman qoşunlarının öz ərazisində yerləşdirilməsinə etiraz etmir. Nazir müavini daha sonra deyib: “Şərq sərhədlərimizdə müharibənin getdiyi bir vaxtda müttəfiqlərimiz tərəfindən istənilən yardım və əməkdaşlıq alqışlanır. Ona görə də əgər almanlar Litvada etdikləri kimi, Polşada da NATO-nun Şərq cinahını gücləndirmək istəsələr, o zaman xoş gəlirlər”.
Təbii ki, istənilən dövlətin öz təhlükəsizliyini təmin etməsi üçün bu kimi “hazırlıqlar və ssenarilər”in planlaşdırması məntiqlidir. Axı, hələ XX əsrin təcrübəsi göstərir ki, istənilən dövlətin gözlənilməz situasiyalara reaksiya vermək üçün hərbi ssenarisi olur.
Hazırladı:
İlqar RÜSTƏMOV
XQ