Milli oyanışın “Əkinçi”si

post-img

Əsr yarım öncə əkilən bu toxum nə torpağa, nə də təsərrüfata aiddir. Bu aydınlıq və işıq rüşeymlərini dahi mütəfəkkir Həsən bəy Zərdabi öz dövrünün insanlarının beyninə səpdi. Həmin toxumlar indiyədək tükənməyən bar verir, yenə də bar verəcək...

XIX əsrin 2-ci yarısında görkəmli ziyalı Həsən bəy Zərdabi bir maarifçi kimi Azərbaycanın sosial-iqtisadi və mədəni geriliyinin əsas səbəbini elm və mədəniyyətin, dünyəvi təhsil ocaqlarının azlığında, despotizmin və dini fanatizmin geniş yayılmasında görürdü. O, buna görə xalqın maariflənməsi üçün milli mətbuatın yaranmasını ən vacib amillərdən sayırdı.

Həsən bəy qəzet nəşr etmək üçün hökumətə müraciət etmişdi. Bunun üçün İstanbuldan çap avadanlığı, hürufat da gətirmişdi. Nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra “Əkinçi” qəzetinin ilk nömrəsi 1875-ci il iyulun 22-də işıq üzü gördü. Bakıda qubernator mətbəəsində Azərbaycan dilində nəşr olunan bu qəzet bütün Qafqazda geniş əks-səda doğurdu. Həsən bəy Zərdabi qəzetin ilk nömrəsində yazırdı: “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun, yəni, o vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün”.

Təsisçi qəzetin adını “Əkinçi” qoysa da, senzura və dini xurafatın təqiblərindən yayınıb cəmiyyətin problemlərindən də bəhs edirdi. İlk növbədə dünyəvi təhsilin təbliği sahəsində fəal iş aparırdı. Az müddət ərzində o, doğma xalqının sosial və mənəvi dirçəlişi üçün yorulmaz çabalar göstərdi. Mirzə Fətəli Axundzadənin maarifçi ideyalarını daha da inkişaf etdirdi.

Ümummilli lider Heydər Əliyev 1995-ci ildə jurnalistlərə müraciətində deyirdi: “Əsası 120 il bundan öncə böyük alim, pedaqoq, jurnalist, ictimai xadim Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə qoyulmuş milli mətbuatımız Azərbaycan xalqının mənəvi‑mədəniyyəti tarixinə şərəfli səhifələr yazmış, milli mənliyimizin formalaşmasında, mənəvi dəyərlərin qorunub saxlanılmasında misilsiz rol oynamışdır. Azərbaycan mətbuatı tarix boyu daim mütərəqqi ictimai idealların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır”.

Görkəmli ziyalılar da zaman-zaman “Əkinçi”yə layiq olduğu dəyəri veriblər. Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri və parlamentin ilk sədri Əlimərdan bəy Topçubaşov “Əkinçi” qəzetinin ilk sayının 50 illiyi münasibəti ilə yazdığı “Azərbaycanın mayakı” məqaləsində qeyd edirdi: “Həsən bəy təkcə naşir və redaktor deyildi, həm də qəzetin yeganə əməkdaşı idi – xronika yazırdı, müxbirlik edirdi, qəzetin bütün “deşik”lərini doldururdu. Eyni zamanda, vaxtının çoxunu mətbəədə keçirirdi, qəzeti korrektura edirdi, yazışma aparırdı və s. Yerdə qalan inzibati və texniki işlər Hənifə xanımın (Həsən bəy Zərdabinin həyat yoldaşı) payına düşürdü...”

“Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur” – deyən Zərdabi inkişaf etmiş millətlər arasında doğma millətinin də imzasını görmək arzusu ilə ürəyini məşəl edib, xalqının elm, maarif, təhsil yolunu işıqlandırdı.

Nurlan CƏBRAYILZADƏ,
BDU-nun jurnalistika fakültəsinin tələbəsi

Sosial həyat