Milli dövlətçilik tariximizin mühüm qatlarından birini təşkil edən Şirvanşahlar dövlətində tarixən qüdrətli simalar yetişib. Onların sırasında Əfzələddin Xaqaninin, Zülfüqar Şirvaninin, Fələki Şirvaninin, Bədr Şirvaninin, Bahar Şirvaninin, Məhəmməd Əbu Bəkir Şirvaninin, Hacı Nəcəf Şirvaninin, Abdulla Şirvaninin, Zakir ibn Mustafa Şirvaninin, Rzaddin Şirvaninin, Seyid İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin xüsusi yeri, məqamı olub. Bu ustad sənətkarların, qələm sahiblərinin sırasında həm də Şirvan şahlarının əzəmətini dünyaya nümayiş etdirən imkan sahibləri, mesenatlar olub. Bütün sərvətini milli-mənəvi dəyərlərin qorunmasına, himayəsinə həsr edən o tarixi şəxsiyyətlər quruluşun, zamanın ahənginə-rənginə baxmayaraq, dəyərlərin əyarına çevriliblər. Onların sırasında bir tarixi şəxsiyyət, əvəzsiz sima var ki, adı milli dövlətçilik və milli-mənəvi dəyərlər tariximizə qızıl hərflərlə yazılıb. O, Mahmud ağa Hacı Əhməd Sultan ağa oğlu Məmmədzadədir.
Şəcərə əlaqələri ilə Şirvan şahlarına, Osmanlı sultanlarına, Səfəvi hökmdarlarına və Əfşarlara gedib çıxan Mahmud ağa ata tərəfdən Nadir şah Əfşarın xəzinədarı olmuş Hacı Sadıq ağanın, ana tərəfdən Qubalı Fətəli xanın soyuna bağlıdır.
Nadir şah Əfşarın dövründən Şamaxıda və Dəmirçilər kəndində binə salan Hacı Sadıq ağadan oğlu Hacı Cavad ağaya və nəvəsi Əhməd Sultan ağaya mülklər, malikanələr miras qalmışdı.
Hacı Cavad ağa dövrünün yüksək təhsilini görmüş, siyasət elmini mənimsəmiş, ərəb, fars dillərini mükəmməl bilmişdir. Onun bir mülkədar kimi mülkləri və malikanələri olmaqla yanaşı, həm də, çoxsaylı karvansaraları da var idi. Oğlu Əhməd Sultan ağaya miras qalan həmin karvansaraların dördü Şamaxının son zəlzələsinə qədər qalırmış. Karvanları Yaxın və Orta Şərqə, Xəzər hövzəsinə, Türküstana qədər işləyən Əhməd Sultan ağa iri toxuculuq fabrikinə, mülk və malikanələrə, əkin-biçin sahələrinə malik olmaqla yanaşı, onun Şamaxı kəndlərinin bir çoxunda – Mərzəndə, Çarhan, Şıxzərli və Dəmirçilərdə mülkləri də mövcud idi. Şamaxı xanı Mustafa xanla həm də qohumluq bağlarına malik olan Əhməd Sultan ağa Hacı Zeynal, Hüseyn ağa, Mirzə Tapdıq, Məşədi Süleyman, Kərbəlayi Nağı, Hacı Xəlil ağa kimi Şirvanın tanınmış siyasi və mənəvi mənzərəsini yaradanlardan biri olmuşdur. Babası Hacı Cavad ağadan ona miras qalan sərvətin üstünə təkcə sərvət gətirməklə kifayətlənməmiş, karvansara, mülk və malikanələrindən gələn gəliri sənətin, milli mədəniyyətin inkişafına sərf etmişdi.
Şamaxının məşhur məhlələri (məhəllələri) olub: Sarıtorpaq, İmamlı, Kövsərli, Pirani Şirvan, Yuxarı Qalabazar, Nar Ağacı, Meydan. Bu tarixi məhlələrin hər birində Şirvan əsilzadələri, bəyləri, zadəganları yaşayıblar. Mahmudbəyovların adı ilə bağlı iki məhlənin –İmamlının və Qalabazarın həm də özünəməxsus mədrəsələri və məscidləri olub. Bu məscidlərin birinə– İmamlı məscidinə erməni daşnakları Şamaxı soyqırımı zamanı od vurub yandırıblar.
Hacı Kərim ağa, Hacı Dadaş ağa, Zeynalov qardaşları, Azad bəy, Cavad bəy, Rüstəm bəy, Cəmo bəy, Salamovlar kimi tarixi şəxsiyyətlərlə qonşu olan Mahmudbəyovlar tarixin bütün dönəmlərində əl-ələ verib Şamaxının xilaskarına çevriliblər. 1859-cu və 1902-ci illərdə baş vermiş dağıdıcı Şamaxı zəlzələləri və 1918-ci il soyqırımı zamanı da, Cümhuriyyətin qurulduğu günlərdə də, onlar Vətən üçün bütün imkanlarını səfərbər ediblər.
Əhməd Sultan ağa dövrünün sayılıb-seçilən, varlığı ilə millətə, məmləkətə şərəf gətirən tarixi şəxsiyyətlərindən idi. O, milli dövlətçilik tariximizdə mövcud olan ənənələri təkcə amalına çevirməmiş, həm də, onların qorunub saxlanmasına kömək göstərən əməli ilə sübut etmişdi. Tanrı bu xeyirxah, vətənpərvər insana ləyaqətli övladlar bəxş etmişdi. Elə övladlar ki, onların hər biri ruhu, duyğuları, sevgiləri ilə Vətən – Azərbaycan olacaqdı. Tarixdə Azərbaycan muğamlarının himayədarı, xilaskarı olaraq qalan, xeyirxahlıq, yaxşlıq missiyası ilə şöhrət qazanan Hacı Mahmud ağa Hacı Əhməd Sultan ağa oğlu genetik kodlarının diktəsi ilə tarix yaratdı. Təkcə mülklərə, malikanələrə, karvanlara sahib olmadı, mədrəsələr, məktəblər açdı, kitabxanalar, qiraətxana yaratdı. Adı ilə bağlı Mahmud ağanın Muğam Məktəbini – Mərkəzini yaratdı. Pəsdən ifası, şirin tar çalması ilə dövrünün ustad sənətkarlarını belə heyrətə saldı.
Azərbaycan muğamlarının mahir bilicisi, professor Firudin bəy Şuşinski Hacı Mahmud ağanın irsi və şəxsiyyəti ilə bağlı qeyd edirdi: “Mahmud ağa musiqi tarixində görkəmli bir musiqişünas kimi yer tutur. O, pəsdən oxuyur, tar çalırdı. Mahmud ağa bir gününü musiqisiz keçirməz, “Şüştər”lə yatıb, “Osmanlı” ilə oyanardı.” Bu bir tarixi şəxsiyyətin, muğam bilicisinin, mütəfəkkir alimin digər bir qüdrət sahibinə verdiyi dəyər idi.
***
Mahmud ağa 1826-cı ildə dünyaya gəlmişdi. Əhməd Sultan ağa oğluna mükəmməl təhsil vermişdi. Öncə onu, özünün himayə etdiyi, İmamlı məscidində açdığı mədrəsədə, sonra Şamaxının Qəza məktəbində oxutdurmuşdu. Ona həm də ciddi musiqi təhsili vermişdi. Mustafa xanın sarayından tanıdığı, dostluq etdiyi xanəndə Əbülhəsən və nüfuzlu musiqişünas, şair, xanəndə Hacı Nəcəf bəy Mahmud ağanın bir musiqişünas, ifaçı kimi yetişməsində əmək sərf etmişdirlər.
Əhməd Sultan ağa XIX əsrdə Şamaxıda atasının istəyi ilə Mustafa xanın nəslindən olan Sultan bəyin qızı Gövhər xanımla ailə qurmuşdu. Övladlarını da bu ruhda tərbiyə edib yetişdirmişdi. Eynən özü kimi şair və musiqiçi olan oğlunun marağını, istəyini nəzərə alıb, onun adına Şamaxının İmamlı məhləsinin Pirani–Şirvan məhəlləsi səmtindəki bağlarında xüsusi bir malikanə – mülk tikdirmişdir.
Bu məşhur üçmərtəbəli malikanənin ikinci mərtəbəsindəki böyük salonu Əhməd Sultan ağa məhz muğam ifaçıları üçün nəzərdə tutmuşdur. Tarixdə “Qızıl salon” adı ilə qalan bu sənət məbədində Mahmud ağanın Muğam Məktəbi - Mərkəzi yaradılmışdır. Bu mərkəzdə saysız-hesabsız muğam müsabiqələri keçirilmişdir. O müsabiqələrin dünya şöhrətli ifaçıları olmaqla yanaşı, məşhur ziyarətçiləri də olmuşdur. Azərbaycanın hər yerindən gələn ifaçılar burada sənət imtahanına çəkilmişdir. Mahmud ağanın 40 il rəhbərlik etdiyi Muğam Mərkəzindən Cabbar Qaryağdıoğlunun, Sadıqcanın, Bülbülcanın, Şahnaz Abbasın, Məşədi Əkbərin, Mirzə Məhəmməd Həsənin, Aşıq Bilalın, Topal Nəcəfqulunun, Davud Səfiyarovun, Mirzə Güllərin, Güllər Pərisinin oxumaları eşidilib. Mirzə Məhəmməd Həsənin “Şur”u, “Çahargah”ı, Zülfüqarın “Gərayı”sı, Çopur Nəcəfqulunun “Hümayun”u, Cabbarın “Orta Mahur”u, Hacı Hüsünün “Kürdü Şahnaz”ı, Aşıq Bilalın “Peşro”ları, ustad ifaları “Qızıl salon”un zinətinə çevrilmişdir. Bahar Şirvaninin, Raqibin, Bixudun, Qafilin, Salikin, Səfanın, Sağərinin, Binəva Şirvaninin, Zühurinin, Seyid Əzim Şirvaninin ruhun qida yeri olan qəzəlləri məhz Mahmud ağanın sarayında dinləyicilərə, ifaçılara təqdim olunmuşdur. Sənətin, mədəniyyətin xiridarlarının könlünə yol tapmışdır. Firudin bəy Şuşinskinin dili ilə desək: Aşıq Bilalın “Şüştər”lə yatıb, “Osmanlı” ilə oyanan Mahmud ağaya həsr etdiyi “Mahmud ağa gəraylı”sı ilk dəfə məhz bu salonda səslənmişdir.
Mahmud ağanın Muğam– Mərkəzini Şirvan şahlarının və Şamaxı xanının saraylarının mikro modeli hesab edən tədqiqatçılar yazırlar ki, bura həm də, nüfuzlu musiqiçilərin, rəqqas və rəqqasələrin, rəssamların, səyyahların cəm olduğu bir məbəd idi. Mahmud ağanın qüdrətli bir mesenat, sənətin, mədəniyyətin himayədarı kimi yetişməsində, qeyd etdiyimiz kimi, atası Əhməd Sultan ağanın xüsusi rolu olmuşdur. Özü də gözəl şair olan Əhməd Sultan ağa atasından miras qalan karvansara və mülklərində dövrünün məşhur kitabxana və qiraətxanalarını yaratmış, Nəcəfdə, Kufədə, Səmərqənddə təhsil almaq niyyətində olan gənclərə kömək etmişdir.
Şamaxının nüfuzlu bəylərindən biri Əkbər ağanın təşəbbüsü ilə Seyid Əzim Şirvani “Beytüs-Səfa” ədəbi məclisini qurur. Məclisin himayədarlıq missiyasını öz üzərinə götürən Əhməd Sultan ağa Seyidin rəhbərlik etdiyi Şamaxı Qəza məktəbinin himayədarı olmasına baxmayaraq, bu məsələdə də ona yardım əlini uzadır. “Beytüs-Səfa”ya karvansaralarının birində ona yer ayırır.
Seyid Əzim Şirvaninin rəhbərlik etdiyi “Beytüs-Səfa” ədəbi məclisi Əhməd Sultan ağanın mülkündə, onun və oğlu Mahmud ağanın himayəsində sənət gülzarına çevrildi. Belə bir ədəbi məclis Şuşada, Mirzə Kərim Fənanın rəhbərliyi ilə qurulmuşdu. Şuşada təməli qoyulan “Xanəndələr Məclisi”nə isə Mirmövsüm Nəvvab rəhbərlik edirdi. Hər iki məclisin himayəyə ehtiyacı var idi. Seyid Əzim Şirvaninin “Beytüs-Səfa”sının, Mahmud ağanın Muğam Məktəbinin səsi, sorağı Qarabağa, Qarabağ xanlığının son vərəsəsi Xurşudbanu Natəvana çatır. Uzunmüddətli məktublaşmadan sonra Seyid Əzimi öz doğma yurdunda ziyarətə gələn Xurşudbanu Natəvan Əhməd Sultan ağanın ruhunun aynası, Mahmud ağanın sənət, mədəniyyət dünyası olan “Qızıl salon”da olur. 1874-cü ildə Xan qızını sonsuz ehtiram və ehtişamla qarşılayan Mahmud ağa onun şərəfinə ziyafətlər verir. Qurban kəsib, nəzir paylayır. Şamaxının əsilzadələrini, zadəganlarını, sənət pərvanələrini onun görüşünə yığır.
***
Mahmud ağa adını milli-mənəvi dəyərlər tariximizə yazan qüdrətli simalardan idi. 40 il rəhbərlik etdiyi Muğam Məktəbində - Mərkəzində keçirilən muğam müsabiqələrində qaliblərə bağışlanan hədiyyələrin siyahısını təqdim etmək kifayət edir ki, onun geniş qəlbinin, səxavətinin, sonsuz sənət, mədəniyyət sevgisinin, hüdudsuz məhəbbətinin şahidi olarsan. Qızıl saatlar, üzüklər, təsbehlər, bazübəndlər, kəmərlər, sinəbəndlər, qızılı işləməli araqçınlar, arxalıqlar, çuxalar, çərkəzi papaqlar, zəncirli cib saatları, tütün qabları, tütün kisələri barədə düşündükcə özü də ustad sənətkar, musiqişünas olan Hacı Mahmud ağanın sənət, mədəniyyət sevgisinə heyrət edirsən. Bu məşhur müsabiqələrin yekun konsertlərinin birində Mahmud ağa Cabbar Qaryağdıoğluna qızılla işlənmiş qaval, Sadıqcana xüsusi tar hədiyyə edir.
Mahmud ağanın Azərbaycan muğamlarının, xalq mahnılarının, aşıq sənətinin qorunması qarşısındakı xidmətləri bununla bitmir. O həm də bir xeyirxah insan kimi imkansız ailələrin övladlarını sarayında himayə edir. Qəyyumluq missiyasını öz üzərinə alır, ayrı-ayrı ifaçıları onlara ustad təyin edir. Onlardan biri də Davud Səfiyarovdu. Davud atasız, arxasız, istedadlı bir aşaq olur. Bakıda iş tapmayan anası onun əlindən tutub Mahmud ağanın yanına gəlir. Orda xidmətçi kimi işə başlayır. Davud ağanın sürülərini otaran çobanların yanında özünə və anasına çörək qazanır. Zənguləsinin sorağı Mahmud ağaya çatır. Onu Şamaxının məşhur sənətkarı, ən yaxın dostu Mirzə Məhəmməd Həsənə həvalə edir. Mirzə Məhəmməd Həsənin sayəsində Davud Səfiyarov sonralar Azərbaycanın məşhur xanəndələrindən birinə çevrilir.
Üstündən 100 il ötəndən sonra Mahmud ağanın nəvəsi – rus-tatar məktəbinin qurucusu Həbib bəy İbrahim Xəlil bəy oğlu Mahmudbəyov mədrəsədən imkansızlığa görə ayrılan, şəhərdə ayrı-ayrı evlərdə qulluqçuluq edən kasıb bir qadının oğlunu – Hüseyni məktəbinə gətirəcək, onu əyin-başla, dərsliklə təmin edəcək, ilk teatr truppasını quranda isə ona kiçik bir rol verəcəkdi. Korifey sənətkarımız Nəsibə xanım Zeynalovanın atası Cahangir Zeynalovun rəhbərliyi ilə qurulan o tamaşadan sonra həmin gənc Hüseyn Ərəblinski kimi şöhrət qazanacaqdı.
Mahmud ağa təkcə sənətin, mədəniyyətin himayədarı deyildi. O, həm də, atası Əhməd Sultan ağa ilə birlikdə Şamaxıda mədrəsələr açır, məscidlər tikir, qəza məktəblərinin fəaliyyətinə töhfələr verir, kəhrizlər, ovdanlar qazdırırdı. Saxsı borularla məhəllələrə su çəkdirir, bağ saldırır, yollar, körpülər inşa edir. Bu, azmış kimi, Şamaxı qəza məktəbini bitirən 100-dən çox şagirdin Rusiyanın ayrı-ayrı şəhərlərində təhsil alması üçün sərmayə ayırır. 1918-ci il soyqırımı zamanı erməni daşnaklarına qarşı son ana kimi savaşan, malikanəsini tərk etməyən, evi və məşhur kitabxanası ilə birlikdə yanıb-kül olan Məmmədtağı Əlizadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir Mahmud ağanın himayədarlıq missiyasını öz üzərində görmüş tarixi şəxsiyyətlərdən idi. Mahmud ağanın Şamaxıda gerçəkləşdirdiyi maarifçilik layihələrini Naxçıvanda Mirzə Nəsrulla bəy Əmirov, Borçalıda Emin ağa Acalov, Bakıda Hacı Zeynalabdin Tağıyev öz üzərinə alıb azərbaycanlı gəncləri Rusiyanın və Avropanın ali təhsil məktəblərinə göndərmişdilər. Bu ənənə Cümhuriyyət zamanı da davam etdirilmişdir.
Mahmud ağanın məşhur kitabxanasında təkcə Şamaxının, Şirvanın deyil, Azərbaycanın, Yaxın və Orta Şərqin məşhur şairlərinin, mütəfəkkir alimlərinin əlyazmaları, kitabları toplanmışdı. Şamaxıda baş verən iki zəlzələnin və erməni - daşnak soyqırımının qurbanı olan o qiymətli əsərlər, risalələr, əlyazmaların sırasında, Mahmud ağaya hədiyyə edilmiş qiymətli incilər də var idi. Böyük hissəsi məhv olsa da, günümüzə qədər gəlib çıxan, Aleksandr Dümanın Qafqaza – Şamaxıya səfəri zamanı Mahmud ağaya hədiyyə etdiyi saat, eləcə də onun nəslinə aid xalı və 4 gümüş qaşıq o illərin canlı xatirəsidir.
Mahmud ağanın bir tarixi şəxsiyyət, sənət-mədəniyyət xiridarı, musiqişünas, muğam bilicisi kimi dəyərinin əyarına dönən məşhur simalar, səyyah, memar, rəssam və ədiblər onu zamanının siması, mədəniyyətin himayədarı, millət qurucusu, maarif xadimi kimi xarakterizə edir. Xeyirxahlıq, yaxşılıq nümunəsi kimi əsərlərinin baş qəhrəmanına çevirirdilər ki, onların sırasında Rus etnoqraf İqor Yevlaxov, Sankt-Peterburq Rəssamlıq Akademiyasının vitse-prezidenti knyaz Qriqori Qaqarin, Engelberq, Kempfer, Marko Polo, Klavixo, Katerino Zeno, Silberger, Adam Oleari, Övliya Çələbi, Aleksandr Düma kimi tarixi şəxsiyyətlər, səyyahlar, elm və mədəniyyət xadimləri vardı.
Mahmud ağanın əzəmətli şəxsiyyəti, mülkü və malikanəsi ilə bağlı xatirələrini “Səyahətnamə”sində təsvir edən Aleksandr Düma qeyd edir: “Mahmud bəyin evi Dərbənddən Tiflisə qədər gördüyüm evlərin ən gözəli idi. O, Şərq memarlıq üslubunda tikilmiş qiymətli bir imarət idi. Biz adamı valeh edən, gözəlliyini sözlə ifadə etmək, qələmlə təsvir etmək mümkün olmayan, çox zəngin, şərqsayağı bəzədilmiş bir salona daxil olduq. Qonaqlar qızılı haşiyəli döşəkçələrin üstündə oturmuş, al-əlvan, qumaş mütəkkələrə dirsəklənmişdir. Salonun o başında incə naxışlarla bəzədilmiş, şəbəkəli böyük və hündür pəncərələrin yanından üç rəqqasə və çalğıçı var idi. Onlar, Mahmud ağanın bir işarəsi ilə gözəl və unudulmaz ifalarına başladılar. Mən bu malikanədə Mahmud ağanın 3 ay qonağı oldum. Novruz bayramında Şamaxının al-əlvana büründüyünün şahidi kimi şənliklərə qatıldım...”
***
Mahmud ağa 74 il ömür sürdü. İradənin gücü, xarakterin əyilməzliyi, genetik kodların diktəsi, sonsuz millət, məmləkət sevgisi ilə tarix yaratdı. O tarixin səhifələrinə adını mütəfəkkir alim, muğam bilicisi, incə, pəsdən ifaları ilə seçilən ifaçı, ən əsası xeyirxahlıq, yaxşılıq nümunəsi, müasir dillə desək, mesenat kimi yazdırdı. Mahmud ağa 1901-ci ildə öz malikanəsində, daha doğrusu, iki zəlzələdən, bir soyqırımdan sonra yenidən qurulan malikanəsində dünyaya vida nəğməsi oxudu. Mahmud ağa sərt, soyuq, qarlı bir qış günündə torpaq müqəddəsliyinə qovuşdu. Onu yola salanların sırasında təkcə Şamaxının yox, Bakının məşhur simaları var idi. O simalar ki, onlar, millət, məmləkət qurucusu kimi tarix yaratmışdılar. Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov, İsa bəy Aşurbəyov, Şəmsi Əsədullayev, Sultan Məcid Qənizadə, Abbas bəy Minasazov, Şamaxının axundu Seyid Əli ağa, Ağa Əli Naseh, Məmmədtağı Əlizadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət və daha kimlər, kimlər... Unudulmaz Firudin bəy Şuşinski qeyd edirdi ki: “Mahmud ağanın malikanəsində Qafqazda, Orta Asiyada nüfuz sahibi olan bütün sənətkarlar, xanəndələr olmuşdu. Onun 40 gün davam edən təziyələrində Qarabağdan, Naxçıvandan, Dərbənddən, Orta Asiyadan sayı-hesabı bilinməyən insanlar, sənətkarlar, xeyriyyəçi şəxslər gəlmişdilər...”
***
Mahmud ağa sağ ikən tale ona başqa bir səadəti də yaşatmışdı. Nəvəsi Həbib bəy Mahmudbəyov onun böyük arzularından bir neçəsini gerçəyə çevirmişdi: Bakıda ilk rus-türk məktəbini, teatr truppasını, kitabxana və qiraətxananı qurmuşdu. Bakı Dumasına qlasnı seçilmişdi. Bakı əsilzadələrinin şəxsən Hacı Zeynalabdin Tağıyevin diktəsi ilə başçılarını itirmiş ailələrin qəyyumu qismində Həsən bəy Zərdabi ilə birlikdə səs hüququ qazanmışdı. Bakı Dumasının Təhsil İdarəsinin rəisi, Müəllimlərin İlk Qurultayının təsisçilərindən biri, Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri kimi tarix yaratmaq da onun alın yazısı, Tanrıdan tale payı olmuşdu. Bu gün onun bir başqa törəsi babalarının ənənələrini böyük irsin davamçısı kimi, Bakı Dumasının yerləşdiyi binada uğurla davam etdirir.
Mahmud ağa millətini azad, məmləkətini Hürr görmək istəyirdi. Qafqaz Seymində Milli Şura elan olunanda, İstiqlal Bəyannaməsinə imza atılanda Cümhuriyyət Qurucularının sırasında bir tarixi şəxsiyyət də vardı: Əliəsgər bəy Hacı İbrahim Xəlil bəy oğlu Mahmudbəyov. O, İstiqlal Bəyannaməsinə imza atmaqla yanaşı, həm də ilk Parlamanın – Məclisi-Məbusanın üzvü kimi tarixdə qalacaqdı.
Mahmud ağanın genetik kodlarının digər bir daşıyıcısı, nəticəsi Şamil bəy Həbib bəy oğlu Mahmudbəyov Yusif Vəzir Çəmənzəminli ilə birlikdə Musavat Partiyasının Kiyev şəhər təşkilatını qurmuş, Zəngəzurun nüfuzlu şəxslərindən biri kimi tarix yaratmış, Cəbrayılın Polis rəisi kimi ərazinin təhlükəsizliyinə təminat vermiş, Qarabağın hərbi valisi – Qubernator Xosrov bəy Sultanovun müşaviri kimi Cümhuriyyətin nüfuzlu simalarından birinə çevrilmişdir. Şura Hökuməti illərində komissar Nəriman Nərimanovun təqdimatı ilə öncə Şuşa Qəzasının İcraiyyə Komitəsinin sədri təyin olunan Şamil bəy Mahmudbəyov sonralar Naxçıvanın Daxili İşlər komissarı və Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin rəhbəri kimi Muxtar Respublikanın quruculuq işlərində yaxından iştirak etmişdir.
***
Mahmud ağanın cismani yoxluğundan 50 il sonra, soyuna bağlı Gövhər xanım Sultanzadənin ömür-gün yoldaşı “Bakı” və “Baku” qəzetlərinin qurucusu, professor Nəsir İmanquliyev Radio-İnformasiya Baş İdarəsinin rəisi kimi muğama qarşı erməni daşnakları tərəfindən “Səlib yürüşü” elan olunanda, “Oxuma tar, səni sevmir proletar” etirazı ilə Bakının üstünə Mərkəzdən, Moskvadan qara yellər əsəndə “Oxu tar, səni kim unudar!” radio müsabiqəsini təşkil etdi. Mahmud ağanın muğam müsabiqələrindən 100, Nəsir İmanquliyevin tarixi muğam müsabiqəsindən 50 il sonra ölkənin Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyeva Azərbaycan muğamlarının xilaskarı kimi tarix yaratdı. Muğam Mərkəzinin, “Muğam Portalı”nın, “Muğam” jurnalının təməlini qoydu. Beynəlxalq Muğam müsabiqələrinin təşkili, “Qarabağ xanəndələri albomu”nun nəşri, muğamın dövlət himayəsinə alınması üçün bütün imkanları səfərbər etməklə kifayətlənmədi, onun dünyanın maddi-mədəni irsi siyahısına yazılmasına nail oldu. Ölkənin Birinci xanımı soyu, soy-kökü, şəcərə dəftəri ilə ana tərəfdən Mahmud ağa ucalığına, əzəmətinə, irsinə və şəxsiyyətinə bağlıdır. Bu, nəsillərin genetik kodların diktəsidir!
Şərəf CƏLİLLİ,
yazıçı - publisist