Şəhidlik bir kitabdır, dərslikdir – vətəndaşlıq, Vətən sevgisi dərsliyi. Bu dərsliyin içi canlıdır, Vətən övladlarıdır – analarının boyuna güvəndiyi, ətrindən doymadığı, çiçəyi burnunda, adları Vətən daşına əbədi yazılan oğullar. Belə oğullardan biri Yevlax rayonunun Nərimanabad kəndində Cabbarov Akifin evində doğulub böyüyən Orucdur. Bütün şəhidlər kimi, onun da məzarındakı çiçəklər hər zaman təzədir. Nə zaman ziyarətinə getsən, üstündəki çiçəkləri tər görərsən, çünki bura ziyarətgaha çevrilib.
Oruc Cabbarov 1999-cu il dekabrın 6-da, bir soyuq qış günündə doğulmuşdu. İki bacının– Gülsümlə Gülərin tək qardaşı idi. İndi müzəffər bir millətin and yeridir. Nərimanabad kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini ləyaqətlə başa vursa da, həyatını hərbi işə həsr edərək müddətdən artıq həqiqi hərbi xidmətini davam etdirir.
Sentyabrın 27-də düşmənin elan olunmamış müharibəsi neçə-neçə oğullarımızın arzularını ürəyində qoydu. Həmin gün Oruc hərbi hissədən Tərtər, Ağdərə istiqamətində gedən qızğın döyüşlərə qatılır. Atası Akif Birinci Qarabağ müharibəsində könüllülər batalyonunda döyüşmüşdü. Ata müharibənin nə demək olduğunu yaxşı bilirdi. Göydən ələnən güllə yağışına nə dayan, nə də dur demək olurdu. Ona görə də çox narahat olur, o anları bu dəfə daha ağır yaşayırdı. O güllənin altındakı canından çox sevdiyi övladı idi.
Dayısı Zeynal Zamanov da müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi, Orucla bir yerdə döyüşürdü. Oktyabırın 6-sı səhərə yaxın saat 04:00-da Oruc atası ilə danışır: “Ata, narahat olma, yuxarı çıxırıq. Hər şey yaxşı olacaq” –deyə ümid verir. Həmin gün əmr verilir ki, tabor döyüşə getməlidir. İgidlərimiz dərhal hazır vəziyyət alırlar. Oruc əvvəlki döyüşlərdə ayağından yaralansa da, döyüş yoldaşlarına qoşulur. Onlar Talış–Ağdərə–Suqovuşanın sol sahilindəki yüksəklikdə döyüşürlər. Həmin yüksəklik düşmənin nəzarətində olduğundan xətti yarmaq çətin idi, amma ağır döyüşlərlə yüksəklik azad edilir. Oktyabrın 10-da həmin ağır döyüşlərdə Oruc qəhrəmancasına şəhid olur.
Oruc babasının adını daşıyıb və babasıgillə bir yerdə yaşayıb. Çox sevərmiş Oruc babası adaşı olan nəvəsini. Oruc babanın rəhmətə getdiyinin 40-cı günü nəvə Oruc da şəhidlik zirvəsinə yüksəlib, Vətən torpağına əmanət edilib.
Oğul dünyaya gətirən ananın sevinci ilə, oğlu şəhid olan ananın kədəri heç nə ilə müqayisə edilmir. Orucun səsi hələ də anası Ülviyyə xanımın qulaqlarındadır və ömrünün sonunadək bu səslə yaşayacaq: “Telefonu anama verin bir səsini eşidim. Narahat olma, ana, mən əlayam, döyüş xəttindən çox uzaqdayam...” Ana deyir ki, elə bilirdi inanıram, çünki özümü inanırmış kimi aparırdım. Balamın səsindən, nəfəsindən ötrü çox darıxıram – deyib, yaşı qurumayan gözlərini bizdən çəkmir. Sonra da fikrinə davam edir: “Nə edək, balamız Vətənə lazım idi, o da borcunu qanı-canı ilə verdi. Təsəllimiz budur. Atası da, bacıları da, mən də bu adın işığında yaşayacağıq bundan sonra”– deyir və onlara göstərilən hərtərəfli diqqət və qayğıdan razılıqla danışır.
Ailənin od tutub alışan ürəyinə su səpən şəhidin döyüş dostları var, sağolsunlar, tez-tez ailəyə baş çəkir, qorxmaz və cəsarətli balamız haqqında qürurla danışırlar. Çox böyük ruh yüksəkliyi vardı Orucda, tez bir zamanda düşməni məhv edəcəyik, – deyirmiş. 44 günlük müharibə bir çox ana-atanı övlad həsrətli qoysa da, yurd həsrətimizə son qoydu.
Özümdə güc toplayıb şəhid ailəsi ilə hal-əhval etdik, acı günləri xatırladıq, amma içimizdə qürur vardı. Öyrəndim ki, Orucun böyük bacısı Gülsüm ailəlidir, Alxan və Asiman adlı iki oğul böyüdür. Oruc şəhid olanda 6-cı sinifdə oxuyan kiçik bacısı Gülər indi kollecdə təhsil alır. Atası Akif kişi ilə anası Ülviyyə xanım Nərimanabad kəndində yaşayır, el-obadan, rayon rəhbərliyindən və camaatdan razılıq edirlər. Hamının onlara hörmətlə yanaşdığından ürəkdolusu danışırlar.
Cabbarov Oruc Akif oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Orucun uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!
Əminə YUSİFQIZI,
Əməkdar jurnalist