Sağlam ailə modeli bu bəlanın qarşısına sədd çəkməlidir
Son illər Azərbaycanda boşanma hallarının artması və erkən nikahların mənfi təsirləri cəmiyyətin diqqət mərkəzindədir. Bu mövzu həm sosial, həm də psixoloji aspektlərdən araşdırılmalı və mümkün həll yolları təklif olunmalıdır.
Müsahibimiz Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin sədri Elnura Abuşova ilə boşanmaların əsas səbəblərindən danışdıq.
Elnura xanım, illər keçsə də ailədaxili zorakılıq və hörmətsizlik boşanmaların əsas səbəbi olaraq qalır. Siz necə düşünürsünüz?
– 2024-cü ilin yanvar–sentyabr ayları ərzində qeydə alınan nikah və boşanmaların sayına nəzər salaq. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
Ailədaxili zorakılıq, istər fiziki, istərsə də psixoloji formada, boşanmanın başlıca səbəblərindəndir. Tərəflər arasında düzgün ünsiyyətin olmaması münasibətləri zəiflədir. Ona görə maliyyə və digər problemlər də bəzən ailələrin formalaşmasında öz sözünü deyir. Ailə büdcəsinin düzgün idarə edilməməsi, maliyyə çatışmazlığı və ya xərcləmə ilə bağlı mübahisələr də tez-tez münasibətləri pozur.
– Ailədaxili zorakılığın qarşısını necə almaq olar?
– Bu sahədə hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi və sosial dəstək proqramlarının genişləndirilməsi vacibdir. Təəssüf ki, bu məsələlərlə məşğul olmalı qurumlar müasir dövrün tələblərinə inteqrasiya ola bilmir, köhnə mexanizmlə fəaliyyət göstərir. Müasir ailələrin dağılmasında, yaxud faciə ilə sonlanmasında sosial şəbəkələr də az rol oynamır. Evlilikdə tərəflərdən birinin xəyanəti və ya davamlı etibarsızlıq mühiti boşanma üçün əsas səbəb kimi ortaya çıxır.
– XXI əsrdə yaşasaq da, təəssüf ki, ölkəmizdə erkən nikah problemi hələ də qalmaqdadır.
– Cari il ərzində Dövlət Komitəsinə erkən evliliklərlə bağlı 16 müraciət daxil olub. Ümumilikdə 16 müraciətdən 11-nin qarşısı alınıb, 1- nin əsassız olduğu müəyyən edilib.
Erkən nikahı müasir cəmiyyətimiz üçün bəla hesab edirəm. Cənub regionumuzdan bircə kəndi misal çəkəcəyəm. Yardımlının Köryədi kəndində 2 azyaşlı qız nişanlandı. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verildi. Qurum işi Yardımlı Rayon Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına yönəltdi. İcradan zəng edib ünvan istədilər. Halbuki kiçik ərazidir. O kənddə hamı bir-birini yaxşı tanıyır və məlumatdan da xəbərdardırlar. Guya nəzarətə götürdülər. Həmin qızlar sonra da başqa oğlanlara (ikisi də işsiz gənclər idi) qoşulub qaçdılar. Polis qızları ailələrinə geri qaytardı. Hər ikisi artıq ləkəli hesab olunurdu. Sizcə ucqar dağ rayonunda ailələri o qızları qəbul edər?
– Onların taleyi necə oldu?
– Bu taleyi yaşayan minlərcə azyaşlı qızlar kimi. Birini Sumqayıtda sığınacaqa yerləşdirdilər. O birini də Salyanda ana nənəsinə verdilər. Məlumata görə, ordan da gəlib şəhərdə, hansısa mağazada işləyir. Maraqlı da budur ki, o uşaqların bütün qız sinif sinif yoldaşları nişanlıdır. Özü də yaşca 10-14 yaş böyük oğlanlara. Həmin kənddə tanıdığım bir ailənin oğlunun 32 yaşı var, 15 yaşlı qızla nişanlanıb. Bu, təkcə bir kənddən olan neqativ hallardır. Belə kəndlər ölkəmizdə bilirsiniz nə qədərdir? 15-16 yaşlı qızlar ərə gedir. Onların taleyi ilə sonra maraqlanan olurmu?
– Erkən yaşda nikahlar tərəflərin ailə həyatına yetərincə hazır olmaması səbəbindən dağılma və faciələrlə nəticələnir...
– Erkən evliliklərdə həyat yoldaşlarının bir-birini tanımadan və ya məcburiyyət altında ailə qurması, hadisələri düzgün qiymətləndirə bilməməsi münasibətləri dayanıqsız edir. Gənc yaşda nikahlar xüsusilə qızların təhsil və psixoloji inkişafına mənfi təsir göstərir. Yeniyetmə yaşda evlənmək onların həyat perspektivlərini məhdudlaşdırır. Digər tərəfdən erkən nikahlar səbəbindən qadınların işsizlik səviyyəsi artır, bu da cəmiyyətdə sosial bərabərsizliyə səbəb olur. Bu cür nikahdan doğulan uşaqlar da problemlərdən kənar qalmır. Belə ailələrdə doğulan uşaqlar adətən, daha az resurs və qayğı görür, bu da onların inkişafına mənfi təsir edir.
– Bəs ailələrin qorunması, eləcə də erkən nikahların olmaması üçün nə etmək olar?
– Boşanma ərəfəsində olan ailələr üçün psixoloji yardım və ailə məsləhət mərkəzlərinin təşkil olunması problemin həllinə kömək edə bilər. Təhsilin və hüquqi maarifləndirmənin artırılması, xüsusilə də regionlarda erkən nikahların qarşısını ala bilər. Bəzən vəziyyət o qədər ağır olur ki, qızların, qadınların, ümumiyyətlə ailələrin üzləşdiyi problem sosial şəbəkələrdə qabardılır, buna reaksiya da verilir. Amma bu da çox vaxt formal xarakter daşıyır, göstərişlər verilir, amma nəticə ilə maraqlanan olmur. Sosial şəbəkəyə çıxmayan digər məsələlərlə bağlı vəziyyətin monitorinqi üçün şərait yaradılmır. Hazırda məlumatlara görə, Zaqatala-Balakən zonasında da bu sahədə vəziyyət acınacaqlıdır.
– Ölkədə kifayət qədər qadın problemləri var ki, onların qanunvericilikdə həlli ilə bağlı çətinlik var.
– Elədir. Məişət zorakılığı haqqında qanun 2010-cu ildə qəbul edilib, kifayət qədər zaman keçib, amma hələ dəyişiklik, təkmilləşdirmə yoxdur. Təkliflər toplayırlar, onu da təsdiq etdirməkdə çətinlik çəkirlər. Aidiyyatı qurumların fəaliyyətini izlədikdə aydın görmək olur ki, media və QHT ilə əməkdaşlıq son zamanlar ümumiyyərtlə zəifləyib.
Bəzi dövlət qurumları qadın QHT sədrləri ilə əməkdaşlıqdan uzaqdırlar. Hansısa bir məsələdə yalnız məktub göndərərək cavab alırsan. Göndərilən məktubun davamı, müdafiəsi, hadisələrdə iştirak yoxdur. Başa düşürük ki onlar əsasən qanunvericilik siyasətinin müəyyən edilməsinə cavabdehdilər, amma bu istiqamətdə QHT ilə birgə iş görmək və onların fəaliyyətinə dəstək verərək bərabər çalışmaq cəhdləri də görünmür.
Ailə dəyərləri xalqımız üçün müqəddəsdir. Azərbaycan cəmiyyətinin sağlam inkişafı üçün ailə institutunun gücləndirilməsi, erkən nikahların və boşanma hallarının azalması istiqamətində ciddi tədbirlər görülməlidir. Bu mənada əlaqədar qurumların üzərinə böyük iş düşür. Onlar fəaliyyətlərini müasir dövrün tələblərinə uyğunlaşdırmaqla bu məsələlərin müsbət həllinə nail ola bilərlər.
Leyla QURBANOVA
XQ