Dünən Suriyada üsyançılarla Əsəd rejimi qüvvələri arasında ağır döyüşlər davam edib. Dünya bu ölkədəki hərbi əməliyyatların gedişatını diqqətlə izləyir. Səbəbi bəllidir: Suriyada baş verən olaylar bu ölkənin sərhədlərini böyük ölçüdə aşır.
Bəzi təhlilçilər Suriyadakı hadisələri hətta “Kiçik dünya müharibəsi” adlandırırlar. Belə ki, burada birdən-birə 6 dövlətin – Suriya, İran, Rusiya, ABŞ, İsrail və Türkiyənin milli maraqları toqquşur. Kimin üstün gələcəyini indidən demək çətindir.
Xatırladaq ki, bu il noyabrın 27-dən etibarən Suriya Qurtuluş Hökumətinin rəhbərliyindəki müxalif qüvvələr Bəşəd Əsəd rejiminə qarşı hücuma başlayıblar. Üsyançılar 3 gün ərzində ölkənin 2-ci böyük şəhəri Hələbi və sonrakı günlər ərzində isə strateji əhəmiyyətə malik Həma şəhərini ələ keçiriblər.
Dünən səhər silahlı müxalifət Rastan şəhərinə də nəzarəti də ələ keçirib. Rastan Homs əyalətinin üçüncü ən böyük şəhəridir. Son məlumatlara görə, üsyançılar artıq Homs şəhərinin 3 kilometrliyinə qədər yaxınlaşıblar.
Əsəd qüvvələrinin Homs uğrunda döyüşlərdə ciddi müqavimət göstərəcəyi gözlənilir. İqtidarı dəstəkləyən ələvi əhalisi kompakt şəkildə əsasən bu ərazidə məskunlaşıb. Əsəd ailəsi ələvidir. Rejimin elit dəstələri məhz onlardan təşkil olunub.
Görünən budur ki, üsyançılar nəyin bahasına olursa-olsun, mövcud hakimiyyəti diz çökdürmək əzmindədir. “Təhrir-Əl-Şam” təşkilatının rəhbəri Əbu Məhəmməd Əl-Cövlani bildirib ki, hücumların məqsədi Əsəd hökumətini devirməkdir. O vurğulayıb ki, bu hədəfə çatmaq naminə bütün səylərini ortaya qoyacaqlar.
Türkiyə rəsmiləri Suriyada baş verənlərə münasibət bildiriblər. Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, “müxalifət İdlib, Həmanı aldı, Homs uğrunda döyüşlər gedir. Hədəf, təbii ki, Dəməşqdir. Müxalifətin yürüşü davam edir və ümid edirik ki, bu, insidentsiz və problemsiz davam edəcək. Əsədə çağırış etmişdik. Gəlin Suriyanın gələcəyini birlikdə müəyyən edək demişdik. Ancaq müsbət cavab ala bilmədik”.
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında vurğulayıb ki, Ankara PKK-nın hansısa bir qolunun Suriyada terror dövləti qurmasına icazə verməyəcək. Qeyd edib ki, Türkiyənin prioriteti sülhün əldə olunması, terrora son qoyulmasıdır.
Dünən Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ-nin dövlət katibi Antoni Blinken arasında telefon bağlantısı olub. Türkiyəli diplomat bildirib ki, Suriyadakı xaosdan istifadə edərək terrorçu PKK və onun uzantılarının faydalanmasına imkan vermək olmaz. Fidan, həmçinin hesab edir ki, Əsəd rejimi reallığı nəzərə alaraq təcili surətdə müxalifətlə dialoqa getməlidir.
“The New York Times” qəzeti bildirir ki, İranın bəzi diplomatik işçiləri və onların ailə üzvləri, eləcə də adi vətəndaşları Suriyanı tərk edirlər. İnsanların bir hissəsi təyyarələrlə Tehrana, digər hissəsi isə yerüstü nəqliyyat ilə Livan, İraq və Suriyanın Latakiya limanına göndərilib. Rəsmi Tehran bu məlumatı inkar edib.
Çin isə rəsmi olaraq vətəndaşlarını silahlı münaqişənin genişlənməsi fonunda Suriyanı tərk etməyə çağırıb. Misir və İordaniya rəsmiləri isə Əsədi ölkəni tərk etməyə və sürgündə hökumət qurmağa çağırıblar. Bu barədə cümə günü “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşr, həmçinin bildirir ki, “cümə günü Əsəd Suriyada qalırdı” və keçən həftə onun həyat yoldaşı və uşaqları “Rusiyaya gedib”. Qəzetin məlumatına görə, Əsəd Türkiyədən “üsyançıları dayandırmaq üçün müdaxilə etməsini” xahiş edib, həmçinin Misir, İordaniya, İraq və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) silah və kəşfiyyat dəstəyi istəsə də, rədd cavabı alıb.
Bəli, Suriyada olduqca dramatik hadisələr cərəyan edir. Üsyançılar bu dəfə mövcud rejimi aradan götürə biləcəklərmi? Rusiya və İran Suriyanın hökumət qüvvələrinə nə qədər dəstək verə bilər? Bu və digər sualların cavabını isə zaman göstərəcək.
M. HACIXANLI
XQ