Hətta Nizami Gəncəvinin də “qiyamətə qədər”adlı mülk sənədi olub
Yəqin ki, bir çoxu bilmir ki, əmlakın ilk qeydiyyatı, alqı-satqı, “kupça” dediyimiz sənəd Azərbaycanda ilk dəfə Gəncədə verilib.
Açıqlayaq. 1814-cü il mayın 19-da Yelizavetpol müvəqqəti dairə məhkəməsinin qeydiyyat kitabında ilk əmlak qeydiyyata alınıb. Yalnız bundan 2 il sonra, 1816-cı il dekabrın 22-də Bakıda və onun ətrafında yaşayan əhalinin daşınmaz əmlakının siyahıya alınmasına başlanılıb. 1832-ci ildə isə proses Abşeron yarımadası da daxil olmaqla Şimali Azərbaycanın bütün ərazisini əhatə edib. Hər iki siyahıyaalmada məqsəd daşınmaz əmlakları vergiyə cəlb etmək olub. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı rəsmi reyestr kitabları isə ilk dəfə Çar Rusiyası dövründə, 1868-ci ildə formalaşdırılıb. Amma maraqlıdır ki, Rusiyanın özündə ilk kupça Gəncədən 78 il sonra, yəni 1892-ci ildə verilib. Açıq göy rəngli xüsusi kağıza yazılan, gizli işarələri olan kupça (o vaxtlar “qala-kupça” adlanırdı-H.Q.) Vladimir quberniyasından olan Timofey Antipin tərəfindən həyat yoldaşına bağışlanan sənəddir.
Təəssüf ki, Gəncədə 1814-cü il mayın 19-da ilk əmlak qeydinin şəhadətnaməsi əlimizdə yoxdur. Amma Yelizavetpol dairə məhkəməsinin qeydiyyat kitabı bu günə kimi qorunub saxlanılır və bu kitab da yalnız 18 may 1814-cü ildən 31 dekabr 1815-ci ilədək olan bir dövrü, yəni cəmi 1 il 7 ayı əhatə edir. Məlumat üçün bildirək ki, ölkəmizdə daşınmaz əmlakın rəsmiləşdirilməsi ilə bağlı 1814-cü ildə rus çarının Gürcüstanda yerləşən səlahiyyətli nümayəndəsi - canişinin sərəncamı ilə Yelizavetpol (Gəncə) müvəqqəti dairə məhkəməsi yaradılmışdı. Dairə məhkəmələri mübahisələrin həlli ilə yanaşı, əmlakın qeydiyyatı ilə də məşğul idi. Elə Azərbaycanın ilk notariusları da məhz adıçəkilən məhkəmələrin tərkibində fəaliyyət göstərib və 1918-ci ilə qədər mülkiyyət hüquqlarının qeydə alınmasında iştirak ediblər. Deməli, ilk notariusların da tarixi Gəncə ilə bağlıdır.
Notariuslar daşınmaz əmlaka dair hüquqları 2 kitaba qeyd edirdilər. Bu kitablardan biri “Mülk kitabı” adlanırdı. Kitablarda qeydin başlanma və qurtarma ili göstərilir, bu səhifə və qeydə alınan nömrə həm mülk kağızına, həm də notariusda aparılan ikinci kitaba – “Mülk işlərinin reyestri kitabı”na yazılırdı. Başqa sözlə, “Mülk işlərinin reyestri kitabı”nda vətəndaşa verilmiş qeydiyyat şəhadətnaməsinin (ona “Qəbalə kağızı” deyilirdi) hansı reyestr nömrəsi ilə, hansı səhifədə və neçənci ildə qeydə alındığı göstərilirdi. Mülkiyyət kağızları rus və ərəb dillərində tərtib olunur, mülkiyyətçiyə o vaxtkı pulla 1 manat 25 qəpiyə başa gəlirdi. Bunu mülkiyyət kağızının üzərinə vurulan möhürdən də görmək mümkündür.
Gəncədə mülklərin qeydə alınmasının tarixi daha qədimlərə, 1000 il bundan əvvələ kimi gedib çıxır. Məsələn, Goranboyun Həmənli kəndinin bir zamanlar Atabəylər dövlətinin hökmdarı Məhəmməd Cahan Pəhləvan tərəfindən dahi şair və mütəfəkkir Nizami Gəncəviyə hədiyyə edilməsi barədə çoxlu faktlar var. Arxeoloqlar adıçəkilən ərazidə Nizami dövrünə aid xeyli sayda maddi-mədəniyyət qalıqları, məmulatlar, metal əşyalar, ictimai binaların qalıqlarını aşkar ediblər. Kənd şairə verildikdən sonra Qızıl Arslanın göstərişi ilə bu kəndə 5 kilometr uzunluğunda saxsı borularla su xətti də çəkilib. Aparılan qazıntılar nəticəsində göstərilən bütün obyektlər aşkarlanıb. Kəndin məhz dahi şairə bağışlanan yaşayış məntəqəsi olması şübhəsizdir. Yeri gəlmişkən, bəzi tədqiqatçılar Həmənli kəndinin Qazax rayonundakı həmənlilər nəslindən olan adamların adı ilə bağlanmasını iddia edirlər ki, bunun da elə bir ciddi əsası yoxdur. “Həmənli”, “həmin” sözünün həmən sözü kimi işlənməsindən yaranan sözdür. Adamlar tarix boyu Şeyx Nizaminin getdiyi, dəfn olunduğu yerlərə baxmağa həmişə cəhd ediblər. Görünür, Nizamidən söhbət düşəndə tez-tez ”həmin kənd” ifadəsini işlədiblər və sonralar Həmənlikənd kimi dialektdə qalıb. Əlbəttə, mövzumuz kəndin adının araşdırılması deyil. Məqsədimiz Gəncədə əmlak sahibinə verilən sənədlərin neçə yüzilliklər qabağa getməsini oxucuya çatdırmaqdır.
Qeyd edək ki, Gəncədə, eləcə də Azərbaycanda əmlak münasibətlərinin tarixi çox qədimdir və tarix boyu hökmdarlar nəzarət etdikləri ərazilərin sakinlərindən vergi toplayıblar. Bəzən isə xüsusi qərarla hansısa kənd vergidən azad olunub, başqa sözlə, vergilər kəndin yeni sahibinə ödənilib. Həmdünyan (indiki Həmənli) kəndi böyük şairə bağışlanarkən hökmdarın bununla bağlı ayrıca fərmanı olub və burada göstərilib ki, adıçəkilən kənd “qiyamətə qədər” şairə məxsus olacaq və kənd sakinləri vergiləri büdcəyə yox, şairə ödəyəcəklər. Yəni, Həmdünyan Nizaminin özəl mülkü olub.
Nizamiyə bəxş edilən kəndin vəziyyəti haqda “Xosrov və Şirin” poemasında məlumat verilib. Əsərdə Həmdünya “gəlirindən artıq onun xərci” olan, “yarımca ağac”lıq kənd kimi təsvir olunur. Şairin yazdığına görə, hətta bəzi şəxslər “Bir xaraba kəndə layiqdir məgər?” sözləri ilə şahın şairə belə balaca və baxımsız kəndi bağışlamasını kinayə ilə qarşılayıblar. Buna cavab olaraq, Nizami kəndin təbii sərvətlərindən yazır:
Bir həmdim yaxşıdır beş-on kənddən, bil.
İş və əkin varsa o kənddə əgər,
Mənim hər sözümdən behişt göyərər.
Dənli sünbülü var, o kəndin, nə qəm,
Mən də salxım-salxım dürr gətirmişəm.
Gur meşəsi vardır, söyləsən bu dəm,
Var qəmari uddan mənim yüz meşəm.
...Gəncəni sirli-soraqlı, kəşf edilməmiş bir adaya bənzətmək olar. Elə bir adaya ki, hər daşı, torpağı, tarixi şəxsləri bundan sonra da öyrənilməli, üzə çıxarılmalı, bütün dünyaya tanıdılmalıdır.
Demək olar ki, hər bir ailənin rastlaşdığı mülk sənədinin hələ neçə əsr qabaq Gəncədə verilməsi bu sirrin bir zərrəsidir...
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Gəncə