Mövcudluğunun 150-ci ilinə 40 gün əvvəl qədəm qoymuş Azərbaycan milli mətbuatının şanlı və öyünclü tarixinə bu gün 105 illik önəmli bir yubiley səhifəsi də yazılır. Ölkənin ən uzunömürlü gündəlik ictimai-siyasi nəşr olan “Xalq qəzeti”nin fəaliyyətinin ikinci əsrində ilk 5 il də tarixə qovuşur.
Əsrdən uzun bir dövrdə, iki müxtəlif ictimai sistemdə xalqımızın və dövlətçiliyimizin məbtu salnaməsinə çevrilmiş bu rəsmi qəzetin 105 yaşının tamam olması yalnız media tariximiz üçün deyil, bütövlükdə, ölkənin milli-mənəvi dəyərlər çevrəsinin önəmli hadisəsidir.
Tarixinin 72 illik ilk dövründə “Kommunist” adı ilə işıq görmüş avanqard nəşr özünün ən yaxşı ənənələri üzərində çağdaş xalq mətbuatı olmaq amalı ilə 33 ildir ki, fəaliyyətini “Xalq qəzeti” adı ilə uğurla davam etdirir.
Dövlət müstəqilliyimizin qəzetin taleyində yaratdığı əsaslı dönüş, redaksiyanın qarşısında açdığı yeni mərhələ hərtərəfli yeniləşmə, söz azadlığı anlayışının gerçəkləşməsi ilə müşayiət olunub. 1994-cü ildə 75 illik yubileyi münasibətilə redaksiya kollektivinə təbrik məktubunda ümummilli lider Heydər Əliyev qəzetin əvvəlki dövr fəaliyyətinə yüksək qiymət vermişdi: “Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet bütün Sövet dövrü ərzində Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur. Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bugünkü çoxsəsli, rəngarəng Azərbaycan mətbuatının bir çox görkəmli nümayəndələri bu qəzetin yaradıcılıq məktəbini keçmişdir”.
“Xalq qəzeti” əsrdən uzun media marafonu keçən bir ümummili qəzet kimi 105 illik yubileyinə tarixi xidmətlərini milli maraqlara və dövlətçilik məfkurəsinə yüksək peşəkarlıqla xidmət məramını davam etdirməklə gəlib. Keçilən tarixi yola günün tələb və çağırış meyarları ilə nəzər salanda qədirbilən xalqımız “Xalq qəzeti”nin Azərbaycanın 105 illik möhtəşəm media salnaməsi olduğunu bir daha yəqin edir. Bu qənaət qəzetin həqiqi xalq tribunası olmaq səlahiyyətini inamla gerçəkləşdirməsinin də təsdiqidir. Redaksiya kollektivi isə yeni şəraitdə nəşrinə məsul olduğu qəzetin 105 yaşının tamam olmasını ölkənin bu qocaman media qurumunun tarixinin işıqlı məqamlarından doğan iftixar hissi, azad sözə sədaqət amalı, ölkəmizin sabahına, xalqımızın firavanlığına inam duyğuları ilə qarşılayır.
“Xalq qəzeti”nin indiki yubileyi ümummedia hadisəsi olduğuna görə bu nəşrin milli jurnalistikamızın tarixindəki mövqeyi və rolu məsələsini də gündəmə gətirir. Böyük Həsən bəy Zərdabi demokratik düşüncə tariximizin ən öyünclü səhifələrindən birini təşkil edən milli-məfkurəvi fəaliyyətinə “məktəb – mətbuat – teatr” triadasını qurub gerçəkləşdirməklə başlamışdı. Milli mətbuatımızın atası, görkəmli maarifçi-demokrat mübarizə meydanında bu fəaliyyətləri ard-arda deyil, məhz yan-yana qoymuşdu. Məktəb xalqı savadlandırmaqla mətbuat və teatrın inkişafına kömək etməli; mətbuat ictimai maarifləndirmə ilə təhsil və teatrın meydanını genişləndirməli; teatr isə ictimai mövzuları və canlı çıxışları ilə xalqa tərəqqi yolunu göstərməli idi.
Ümummilli nəşr olaraq “Xalq qəzeti”nin 105 illik tarixi onun milli maarifləndirmədən tutmuş, demokratik inkişafa və dövlətçiliyin bərpasına qədər geniş arealda xalqın önündə getməsini, sivil inkişafa işıq salmasını, milli maraqlara davamlı və sədaqətlə xidmət etməsini çağdaş nəsillərə iri planda təqdim edir. Bu gün fəxrlə demək olar ki, mürəkkəb ictimai-siyasi şəraitdə, həmçinin bir müddət “Kommunist” adı ilə nəşr olunduğuna baxmayaraq, “Xalq qəzeti” Azərbaycanın milli maraqlarına və dövlətçilik məfkurəsinə sədaqətlə xidmət etmiş mətbuat orqanıdır.
Media tariximizə yeni baxış “Xalq qəzeti”nin varisi olduğu “Kommunist” qəzetinin Azərbaycan Xalq Cümhuriyyətinin ilk aylarında ərsəyə gəlmiş ilk rəsmi mətbu nəşrimiz “Azərbaycan”ın bazasında və onun davamı olaraq buraxıldığını aşkara çıxarıb. “Kommunist” qəzetinin sovet ideologiyasının sərt tələblərini açıq-gizli şəkildə pozaraq milli maraqları üstün tutmağa çalışması da məhz bununla izah olunur.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra onun parlamentinin gündəlik qəzetinin - ilk rəsmi milli nəşr olmuş “Azərbaycan” qəzetinin kollektivi işdə saxlanılmaqla (redaktor istisna olmaqla) onun bazasında “Kommunist” qəzeti fəaliyyətə başlayıb. Hakim kommunist rejiminin basqı və qadağalarına baxmayaraq, milli demokratik mətbuatımızın yetirmələri, jurnalistikamızın sonrakı nəsil davamçıları milli qəzetçilik təcrübəsini, milli dövlətçilik yaddaşının qorunması ilə bağlı səyləri bu nəşrin fəaliyyətində davam etdirmək üçün nə mümkündürsə ediblər. Bu işdə əvvəllər “Azərbaycan” qəzetində çalışmış, milli məfkurə daşıyıcıları olan ziyalılar, publisistlər daha fəal rol oynayıblar.
Xalq Daxili İşlər Komissarı vəzifəsində çalışmış Həmid Sultanov 1922-ci il martın 2-də “Kommunist” qəzetində Azərbaycanın sərvətlərinin Rusiyaya daşınıb aparılması və əvvəllər bunun müqabilində Bakıya ərzaq adı altında boş vaqonlar gətirilməsi barədə yazı çap etdirib. Martın 3-də həmin məqaləyə görə Həmid Sultanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun xüsusi iclasında vəzifədən azad edilərək həbs olunub.
Gizli müsavatçı-publisist Mirzəbala Məmmədzadə qəzetin bir neçə nömrəsində ali təhsilin milliləşdirilməsi mülahizələri ilə çıxış etmişdi. Təəssüf ki, “Kommunist” qəzetinin bu milli təmayülünü Sergey Kirov, Levon Mirzoyan kimi yad simaların rəhbərlik etdikləri, Əliheydər Qarayev kimi milli hisslərdən məhrum yerli rəhbər kadrlardan dəstək alan Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi daim qamçılamışdı. “Kommunist” qəzetindəki “millətçilik yuvası”nı dağıtmaq üçün dəfələrlə yüksək səviyyədə ciddi tədbirlər görülmüşdü.
O dövrdə redaksiyada çalışan milli varlığa bağlı ziyalılar qəzetin milli-xəlqi istiqamətini qoruyub saxlamaq üçün bütün imkanlardan istifadə ediblər. Təəssüf ki, 1922-ci ildə SSRİ yaradıldıqdan və Nəriman Nərimanov Moskvaya aparıldıqdan sonra qəzetin nisbi sərbəstliyinə də son qoyulub, redaksiya yuxarının direktivləri və sərt nəzarəti altında fəaliyyət göstərməli olub.
1924-cü ilin aprelində Mərkəzi Komitənin ikinci katibi Əyyub Xanbudaqov “Kommunist” qəzetində “Milli məsələyə dair” məqalə ilə çıxış edərək partiyanın milli siyasətini ciddi tənqid edir, milli kadr-ların hazırlanmasının qarşısının alındığını, yerli kadrların vəzifəyə təyinatında ayrı-seçkiliyə yol verildiyini bildirir. Məqalə Bakı Partiya Komitəsinin növbəti konfransında müzakirə edilir. Xanbudaqov cəzalandırılır və Əliheydər Qarayevə tapşırılır ki, “Kommunist” qəzetində kök salmış millətçilər, sovet hakimiyyətinin düşmənləri aşkar edilərək ifşa olunsun. Nəticədə qəzetin redaksiyasında çalışan görkəmli ziyalılarımız – Əbdürrəhim bəy Haqverdiyev, Ağababa Yusifzadə, Cəfər Cabbarlı, Mir Seyfəddin Kirmanşahlı kimi qələm sahibləri Əliheydər Qarayevin güdazına getdilər. Belə faktların sayı-hesabı yoxdur.
Bütün bunlara baxmayaraq, “Kommunist” qəzeti 1920–30-cu illərdə həyata keçirilən mədəni inqilab, sənayeləşmə, kənd təsərrüfatının kollektivləşdirilməsi proqramlarına Azərbaycanda ideya-siyasi təminat yaradılmasında, adamların quruculuq işlərinə səfərbər edilməsində fəal rol oynayıb. Savadsızlığın ləğvi, qadın azadlığı kimi hərəkatlarda da “Kommunist” qəzeti kütlələrə dəyişdirici təsir göstərib.
Qəzet əlifba islahatının həyata keçirilməsində, Şərq xalqlarının və Türkoloji qurultayların keçirilməsində informasiya-təbliğat ruporu olmuşdu. Bir sözlə, Elmlər Akademiyasının, ədəbi-bədii təşkilatların hələ formalaşmadığı o illərdə “Kommunist” qəzetinin redaksiyası milli elmi-mədəni qüvvələri öz ətrafında toplayan başlıca mənəvi mərkəz idi. Qəzet, eyni zamanda, milli jurnalist kadrları yetişdirən, yönləndirən yaradıcılıq məktəbi idi. Ümumiyyətlə, uzun onilliklər boyu “Kommunist” qəzeti respublikanın ən yaxşı jurnalistlərinin qüvvəsi, təəssübkeş ziyalıların fəal iştirakı ilə nəşr edilib. Onun ideya-siyasi və peşəkarlıq səviyyəsi sahə və bölgə dövri nəşrləri üçün örnək kimi qəbul olunub. Qəzetin həyatındakı bir sıra yeniliklər, milli mətbuatımızın ümumi tarixinə önəmli fakt və hadisələr kimi daxildir.
Müasir qəzet üslubu, əsasən, “Kommunist” qəzetinin səhifələrində cilalanıb, zənginləşib. Ərəb əlifbasından istifadə edən ölkələr arasında ilk mexaniki mətnyığan linotip maşın 1925-ci ildə ABŞ-da “Kommunist” qəzetinin sifarişi ilə hazırlanıb. Yaponiya kommunistlərinin lideri Sen Katayama o dövrdə SSRİ-yə səfəri zamanı Bakıya gələrkən redaksiyada olub və sonralar qəzetə xaricdən müxbirlik edib. Qəzetin Böyük Britaniya üzrə müxbiri Britaniya parlamentinin üzvü Valton Nyubold redaksiyaya vaxtaşırı maraqlı məqalələr göndərib.
Mətbuat sahəsində çalışan məşhur tərcüməçilər uzun illər “Kommunist” qəzetində formalaşıblar. Respublikada fəhlə-kəndli müxbirlər hərəkatının və professional jurnalist təhsilinin əsasını qoyanların bir qismi də “Kommunist”in təcrübəli işçiləri olublar.
Qəzetə ilk onillikdə redaktorluq etmiş Əliheydər Qarayev, Ruhulla Axundov, Böyükağa Talıblı, Ağababa Yusifzadə, Həbib Cəbiyev, tanınmış yazarlar Xəlil İbrahim, Fərhad Ağazadə, qəzetlə əməkdaşlıq edən neçə-neçə yazıçı-şair millətçi damğası ilə qətlə yetiriliblər. Qəzetin fəaliyyəti ilə sıx bağlı olan Üzeyir Hacıbəyli, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mirzə İbrahimov, Mir Cəlal, İlyas Əfəndiyev, Nəbi Xəzri, Yusif Səmədoğlu kimi yazıçı və şairlər uzun illər qəzetdə dərc olunmuş yazıları ilə milli-mənəvi dəyərlərimizi yaşadıblar, onun sağlam yöndə inkişafını təmin ediblər.
Bu nəsillərin istedadlı nümayəndələri II Dünya müharibəsi illərində və sonrakı onilliklərdə aktual çıxışları ilə qəzeti xalq həyatı ilə yaxınlaşdıraraq onun nüfuzunu yüksəldiblər. Əli Vəliyev, Rza Quliyev, İsrafil Nəzərov, Ağababa Rzayev, Rəşid Mahmudov, Ramiz Əhmədov, Cəmil Əlibəyov, Tofiq Rüstəmov kimi yetkin redaktorların rəhbərliyi ilə milli mətbuatımızın ənənələri qəzetin səhifələrində yaşadılıb, zənginləşdirilib.
Bu gərgin yaradıcılıq yolunun 1950– 1960-cı illərində qəzetin səhifələrində milli təmayül yenidən güclənib. Nəşrin professionallığı dünya jurnalistikasının yaradıcılıq və texniki uğurlarını mənimsəməklə daim yüksəlib. Mövzu genişliyi, janr əlvanlığı, operativlik, coğrafi əhatə dairəsi “Kommunist”i ölkənin lider qəzeti kimi populyarlaşdırıb. Qəzetin ana dilimizə qayğıkeş münasibəti, ənənə və novatorluqda normativliyi və varisliyi əsas götürməsi onu mükəmməl bir məktəbə çevirib.
Bu qəzetin ilk “azərbaycançı” kollektivi və sonrakı dövrdə milli təmayülü qoruyub yaşadan yaradıcı heyətləri maarifçi-demokratik mətbuatımızın ənənələrini davam etdirdi, Azərbaycanın yeni rəsmi mətbuat məktəbini formalaşdırıb zənginləşdirdi. “Azərbaycan” qəzetinin milli dövlətçiliyə və xalqa xidmət məramı sonrakı 71 ildə redaksiya divarları arasında nəsildən-nəsilə ötürüldü, yazarların milli varlığımıza bağlılığı heç bir zaman qırılmadı. Təsadüfi deyil ki, “Kommunist”ə 1937-ci ilədək rəhbərlik etmiş redaktorların hamısı “milli təmayülə sədaqətə” görə millətçilik damğası ilə repressiya olundu, redaksiya həmişə ciddi ideoloji nəzarət altında saxlandı.
Belə bir şəraitdə “Kommunist” qəzetinin milli-demokratik mətbuatımızın ənənələrinə daxilən sadiq qalan yaradıcı qüvvələri mübarizəni alt qata keçirərək xalq işinə sədaqətlərini iqtisadi quruculuğa, mədəni inqilaba, elmin və milli ədəbi-bədii yaradıcılığın inkişafına yönəltdilər. Redaksiyanın ideoloji istiqaməti ilə yanaşı davam edən milli təmayülə bağlılıq xətti sonrakı nəsillərə ötürüldü. Artıq əsrin 50–60-cı illərində “Kommunist” qəzeti respublikanın yerli maraqlarını ön plana çəkib, mili inkişafa daha böyük maraq və həvəslə xidmət göstərib.
Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi isə qəzetin tarixində milliləşmənin yeni mərhələsini açıb. Ötən əsrin 70–80-ci illərində respublikada gedən geniş quruculuq və milli-mədəni yüksəliş dövründə qəzetin kollektivi Heydər Əliyevin liderlik nümunəsindən güc alıb, həmin proseslərin əhatəli xronikasını yaradıb. Müstəqil Azərbaycan dövlətinin rəhbəri kimi Heydər Əliyevin indiki intibah və tərəqqiyə özül olmuş tarixi fəaliyyəti də “Xalq qəzeti”nin tarixində parlaq səhifələr yaradıb.
Qəzet respublikamızda canlı, təcrübi jurnalistika məktəbi kimi ən yaxşı yazarların bir neçə nəslini yetişdirib, öz nümunəsi ilə digər mərkəzi dövri nəşrlərin, bölgə mətbuatının lokomotivi rolunu oynayıb desəm, yanılmaram. Redaksiyanın divarları arasında çağdaş jurnalistikamız üçün də gərəkli olan təcrübə və yaradıcılıq ənənələri formalaşmışdı.
Sovet dövründə Azərbaycanın “bir nömrəli dövri nəşri” sayılan “Kommunist”in yubileyləri “milli mətbuatımızın böyük hadisəsi”, “kommunist mətbuatının avanqardı”, “xalq tribunasının bayramı” kimi qeyd olunub. Qəzetin 1969-cu il sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Dram Teatrında keçirilmiş 50 illik yubiley mərasimində sovet dövlətinin yüksək mükafatlarından olan Qırmızı Əmək Bayrağı ordenini qəzetin bayrağına Azərbaycana yeni rəhbər seçilmiş Heydər Əliyev sancıb. Bu mərasim həm də respublikanın siyasi tarixinə milli gerçəkliyimizin diqqətçəkən hadisələrindən biri kimi daxil olub: yeni respublika rəhbəri müxtəlif ölkələrin və xalqların təmsilçilərinin iştirak etdiyi yığıncaqda o vaxtın mövcud qaydalarına uyğun olaraq rus dilində deyil, ana dilimizdə çıxış edib.
Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra onun himayəsi ilə qəzet təkcə həyatın işıqlı tərəflərini deyil, həm də cəmiyyətdəki neqativ halları, problemləri cəsarətlə açıb göstərməyə başlayıb. 1970– 1980-ci illərdə “Kommunist”in tirajı 500-- 600 min nüsxəyə çatıb və qəzet hər evə, hər ailəyə, bütün kollektivlərə çatdırılıb.
XX əsrin sonlarında – SSRİ-nin süqutu prosesində qəzetin kollektivi milli-azadlıq hərəkatını dəstəkləyib, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin önündə gedib. Kommunist rejiminin son dövründə qəzetdə imperiya mərkəzini və onun yerli vassallarını razı salmayan, xalqın haqq səsini yayan yazılar dərc olunub. 1988-ci ildə erməni millətçi-separatçılarının Azərbaycana ərazi iddiası ilə siyasi-hərbi təcavüzə başlaması, keçmiş SSRİ-nin kommunist rəhbərliyinin ermənipərəst Mixail Qorbaçovun himayəsi ilə bu ədalətsizliyin qarşısını almaması bütün xalqımız kimi, “Kommunist” qəzetinin redaksiyasının da sovet sisteminə bağlılığını heçə endirib.
20 Yanvar qırğınından sonra kommunist ideologiyasına xidmətdən rəsmi surətdə imtina edən yaradıcı heyət qəzetin adını dəyişməyə cəhd etsə də, Moskvaya bağlı siyasi rəhbərlik və hərbi vəziyyət bu addımı ilyarım ləngidib. 1991-ci ilin yayında Sovet imperiyasının və onun kommunist rejiminin süqutunu həlledici mərhələyə yaxınlaşdırmış “QKÇP” olayları zamanı qəzet redaksiyasının kollektivi avqustun 23-də respublikada bundan sonra da 24 gün mövcud olmuş Azərbaycan Kommunist Partiyasının orqanı olmaqdan imtina etdi. Yaradıcı kollektiv nəşrin təsisçiliyini öz üzərinə götürdü.
O vaxtkı baş redaktor Tofiq Rüstəmovun təklifi ilə xalqa və azad sözə xidmət məramı ilə 71 il Azərbaycan mətbuatının avanqardı olmuş “Kommunist” fəaliyyətini “Xalq qəzeti” adı ilə, müstəqil ictimai-siyasi nəşr kimi davam etdirməyi qərara alıb. 1920-ci ilin 28 aprelində xalqdan ayrı salınmış ilk dövlət qəzetimizin fəaliyyətini davam etdirən bir nəşr, nəhayət, “Xalq qəzeti” adı ilə xalqa xidmət amalına qovuşub – xalqın qəzeti olub.
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi günlərdə xalqla respublika rəhbərliyi arasında rəsmi informasiya körpüsü olmuş “Xalq qəzeti” sonrakı 2 il yarımda baş verən siyasi təbəddülatlar, uğursuzluqlar dövründə dövlət suverenliyinə və mətbuat azadlığı prinsiplərinə sadiq qalıb. 1993-cü ilin böhranlı yayında kollektiv öz mövqeyi və qələmi ilə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə hakimiyyətə qayıdışını təkidlə tələb edən xalqımızla bir yerdə olub.
Yeni mərhələdə qəzetin rəsmi statusunu bərpa etmiş, onun gündəlik fəaliyyətini davam etdirməsi üçün zəruri tədbirləri gerçəkləşdirmiş Ulu öndər 75 yaşlı “Xalq qəzeti”nin xalqın söz tribunası, ölkənin ictimai rəy ruporu olmaq missiyasını layiqincə yerinə yetirdiyini vurğulayaraq bildirmişdi: “Müstəqilliyimizin qazanılmasından sonra da “Xalq qəzeti” respublikanın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynamışdır. Amansız təcavüzkara qarşı apardığımız ədalətli mübarizə qəzetin daimi mövzusuna çevrilmişdir. Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır”.
Qəzetin tarixində yeni məsul mərhələ, bax, belə başlaıb. Müstəqil Azərbaycanda 1993–1995-ci illərdə həyata keçirilmiş tarixi tədbirlərə, ölkənin xaos və böhrandan çıxarılması prosesinə fəal informasiya dəstəyi vermiş “Xalq qəzeti” Ulu öndərin etimad və himayəsi ilə 1995-ci ilin noyabrından Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin və redaksiya kollektivinin həmtəsisçiliyi ilə nəşr olunur. Bu statusla qəzet yeni fəaliyyətinə ümumxalq səsverməsi ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasını çap etməklə başladı.
Ümummilli lider o günləri belə səciyyələndirirdi: “Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır”. Qəzetin son 21 ildəki 7 minə yaxın sayı Ulu öndərin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə işıq üzü görüb. Bu mərhələ ölkəmizdəki hərtərəfli tərəqqinin geniş əks etdirilməsi ilə yanaşı, həm də qəzetin özünün inkişafında irəliyə doğru yeni addımlarla əlamətdardır. Maddi-texniki bazanın, buraxılış texnologiyasının daim yeniləşməsi, söz azadlığı prinsipinin ardıcıl bərqərar olması qəzetin öz populyarlığını, mötəbər media qurumu kimi cəmiyyətdə öncüllüyünü qoruyub-saxlamasına təminat yaradıb.
Ötən 105 ildə Azərbaycanda baş vermiş siyasi, iqtisadi, sosial və mədəni hadisələrin davamlı, əhatəli salnaməsi kimi “Xalq qəzeti” nadir mətbu tarixi mənbədir. Azərbaycan cəmiyyətinin bu qənaəti “Xalq qəzeti”nin xalqın qəzeti olmaq etimadını və salahiyyətini bütünlüklə doğrultmasının göstəricisidir.
Tahir AYDINOĞLU,
Əməkdar jurnalist