Belarus səmasında leyləklər və meteoritlər...

post-img

Bizim uzun illərdən bəri Belorusiya kimi tanıdığımız bu dost ölkənin BMT tərəfindən tanınmış adı Belarus Respublikasıdır. Avropa ölkələri arasında ərazisinə görə Böyük Britaniya və Rumıniyadan geri qalan Belarusun Rakov kəndinin şimalındakı çaylar Baltik dənizinə, cənubundakı çaylar isə Qara dənizə axır. 
Daha maraqlı olan faktlardan biri isə – bəlkə də ən heyrətli görünəni bu ölkədəki Jodino adlı şəhərin Polşa, Ukrayna və Rusiyanın paytaxtlarından bərabər uzaqlıqda yerləşməsidir. Yəni Jodinodan Varşavaya neçə kilometrdirsə,  Kiyev və Moskvaya da o qədərdir– cəmi 650 kilometr. 
Bu ölkə başdan-başa düzənliklərdən ibarətdir. Ən yüksək  ərazi – ona dağ demək olmur – dəniz səviyyəsindən 345 metr hündürlükdədir. Buna baxmayaraq, Minskdən 35 kilometr aralıda olan “Yakut dağları” dağ-xizək mərkəzi (hündürlüyü cəmi 60 metrdir) turistlərin ən çox üz tutduğu məkanlardandır. Bu ölkəni maraqlı edən başqa bir fakt  isə göllərin çoxluğudur. Belarusun  şimalında və şimal-qərbində  11 minə yaxın göl var. Alimlərin fikrincə, “Belarus gölləri” vadisi (bu kiçik ərazidə  irili-xırdalı 250 göl var) tarixdəki buzlaqlar dövründən bu xalqa qalmış təbii sərvətdir. Deyilənə görə, 12 min il əvvəl başlanan qlobal istiləşmə dövründə Valday buzlağı şimala “çəkilmiş”, onun yerində isə yüzlərlə göl yaranmışdır. 
Slavqorod şəhərindəki “Mavi quyu” adlı bulaq ölkənin ən gursulu yeraltı su mənbəyidir. Ölkə ərazisinin 12 faizindən çoxunu təşkil edən bataqlıqların sayı isə 9200-dən çoxdur. Avropanın ən böyük bataqlığı olan Zvanets bataqlığı (150 kvadratkilometr) Belarusdadır. Qərbi Dvina, Dnepr, Pripyat, Neman, Soj və Berezina çayları və ölkə ərazisinin 40 faizini təşkil edən meşələr isə Belarus ədəbiyyatının ənənəvi mövzuları sırasındadır. Bu ölkənin faunası demək olar ki, Rusiya, Ukrayna və Polşanın faunası ilə eynidir. Hərgah boz  leyləkləri saymasaydıq. Yeri gəlmişkən, bu ölkənin səması təkcə boz leyləkləri ilə diqqət çəkməyib. Dünya alimlərinin təsdiqlədiyi faktdır ki, Belarusa müxtəlif illərdə beş meteorit  düşübmüş. Hətta 1954-cü ildə Slutsk rayonunun Pukovo kəndinə düşən (Qresk adlandırılan) meteoritin çəkisinin 300 kiloqram olduğu bildirilir. Yəni Azərbaycanın dostu və tərəfdaşı olan bu ölkənin istənilən sahəsi maraqlı faktlarla, təbii qeyri-adiliklərlə zəngindir. 

İttifaq MİRZƏBƏYLİ

Sosial həyat