Böyük kino aktyoru, Xalq artisti Həsən Məmmədovun dediklərindən:
“Böyük dayaq” filmində çəkilirdim. 23-24 yaşım var idi. Baş rolu –Rüstəm kişini nəhəng sənətkar, SSRİ Xalq artisti Ələsgər Ələkbərov oynayırdı.
Mən Qaraş rolunun ifaçısı idim. Orada məşhur bir “şilləvurma” səhnəsi var. Rüstəm kişi oğlu Qaraşa hirslənib onu danlayır və sonda yağlı bir şillə çəkir.
Ələsgər müəllim ürəyiyumşaq adam idi. Əlini üzümə yaxınlaşdıranda, sanki, qolu boşalır, nəticədə “şillə” səhnəsi təbii alınmırdı. Rejissor Həbib müəllim bu səhnənin saxta olduğunu diqqətə çatdırırdı.
Arada fürsət tapıb Ələsgər müəllimə dedim ki, “ustad, çəkinməyin, güclü bir şapalaq ilişdirin üzümə, mən hələ cavanam, dözərəm, qorxusu yoxdur”.
Növbəti dublda Ələsgər Ələkbərov rejissorun tələb etdiyi “şilləni” necə lazımdırsa elə o cür də ilişdirdi. Sanki, başımdan tüstü, gözümdən od çıxdı... Səntirləsəm də, özümü ayaqda saxladım.
Filmin rejissoru Həbib İsmayılov sevincək qışqırdı:
– Hə, indi alındı.
Epizodun çəkilişindən sonra Ələsgər Ələkbərov bir kənara çəkilib, kətildə əyləşdi. Başını əllərinin arasına aldı. Hamımız onun çiyinlərinin titrədiyini gördük. Bir azdan hıçqırtı eşitdik. Çox ürəkağrıdan mənzərə idi.
Rejissor Həbib İsmayılov ehtiyatla böyük sənətkara yanaşıb soruşdu:
– Ələsgər “qədeş”, sənə nə olub?
Ələsgər Ələkbərov başını qaldırıb rejissorun üzünə baxdı. Onu yaşlı gözləri ilə süzüb dedi:
– Həbib, kaş əlim quruyaydı o uşağı vurduğum yerdə... Özümdən asılı olmayaraq onun sifətinə bərk şapalaq vurdum. Bax, əlimin izləri Həsənin üzündə qalıb. Bunu özümə bağışlaya bilmərəm...
Həsən Məmmədov deyirdi ki, rejissorla onu – Ələsgər Ələkbərovu qucaqlayıb bağrımıza basdıq...
Bəli, həyatda belə sənətkarlar olub.
Firuz MUSTAFA,
yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi