Suraxanıda Hepatit A tam nəzarətdədir

post-img

Ötən ilin dekabrında Suraxanı rayonundakı məktəblərdə şagirdlərin Hepatit A virusuna yoluxduğu barədə xəbərlər yayıldı. Yoluxma təsdiqləndikdən dərhal sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları “Azərsu” Açıq Səhmdar Cəmiyyətin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsinin laborator müayinə üsullarının tətbiqi ilə yoxlamalara başladı. Laborator müayinələrdən sonra məlum oldu ki, “Azərsu” ASC-nin xəstəlik yayılan əraziyə verdiyi içməli su standartlara tam uyğundur. 

Qeyd edək ki, 2023-cü ilin noyabr ayında Yevlax və Mingəçevirdə Hepatit A virusuna kütləvi yoluxma faktı aşkarlanmışdı. Rəsmi qurumlar ölkədə epidemioloji vəziyyətin sa­bit olduğunu, xəstəliyin ciddi nəzarət altında olduğunu desələr də, təhlükə hələ də qalır. Xüsusən də məktəblilərin valideynləri bu təh­lükə barədə sosial şəbəkələrdə fikirlərini açıq yazırlar. Votsap qruplarında valideynlərə səs atırlar ki, uşaqlarınıza qaynamamış su vermə­yin. Çünki xəstəliyin məhz içməli su ilə ya­yılması iddia olunur. Bəs virusa içməli sudan yoluxmaq həqiqətdirmi? Yoluxmamaq üçün nə etmək lazımdır?

Respublika Gigiyena və Epidemiologi­ya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva bu sualla bağlı XQ-yə bildir­di:

– Hepatit A virusuna yoluxma çirkli əllə, çirklənmiş su ilə, gigiyenik qaydalara riayət etmədikdə baş verir. Bununla bağlı hazırda məktəblərdə, rayon ərazisində əks-epide­mik tədbirlər aparılır, monitorinqlər keçirilir, həyətlərdə olan su çənləri, su anbarları yu­yulur, təmizlənir, dezinfeksiya tədbirləri apa­rılır, eyni zamanda məktəblərdə olan su çən­ləri də yuyulub təmizlənir, zərərsizləşdirilir. Laboratoriyada suyun bakterioloji, kimyəvi müayinələri aparılır. İçməli suya tam nəzarət olunur. Onu da qeyd edim ki, yanvar ayının əvvəllərinə nisbətən hazırda yoluxma halların­da azalma müşahidə olunur.

Hepatit həmişə olub. Hələ ki, ləğv olu­nan xəstəliklər sırasına daxil edilməyib. Hər il qeydə alınır. Keçən ilin dekabr ayında Su­raxanı rayonunda xəstəliyə yoluxma haqqında məlumat aldıq. Bir ailədə 2, o birində 1, digə­rində 3 uşaqda Hepatit A virusu aşkarlanmışdı. Bülbülədə, Əmircanda həyət evində yaşayan qohumlar, qonşular arasında xəstəlik yayıldı. Dekabrda yoluxma hadisəsi tək-tək baş versə də, həmin qəsəbələrdə yanvar ayında artım müşahidə edildi. 

Hadisənin belə cərəyan etməsi ilə həyə­can təbili çalındı. Rayon icra hakimiyyəti ilə birlikdə digər əlaqədar qurumlar hərəkətə keç­di. Mərkəzləşdirilmiş su xətləri, həyətlərdəki su çənləri yoxlanıldı. İlk mənbənin məişət zəminində olduğu təsdiqləndi. Xəstəlik öncə ailədən məktəbə gəlib. İnsanlar çirklənmiş su çənlərindən istifadə etməklə, virusun olduğu yerə toxunmaqla həm özləri yoluxur, həm də digərlərini yoluxdururlar. 

Suraxanı rayonundakı Aslan Muradov adına 84 nömrəli tam orta məktəbin direk­toru Röya İslamova bildirdi ki, dekabrın 19-da Hepatit A virusuna ilk yoluxma aşkarlanıb: “Amma yoluxma faktı aşkarlanmazdan bir neçə gün öncə o şagird özünü halsız hiss etdi­yindən məktəbə gəlmirdi. Xəstəlik təsdiqlən­dikdən sonra, dekabrın 20-də epidemiologiya mərkəzindən gəlib məktəbin su ehtiyatından laborator müayinələr götürdülər. Götürülən nümunələr standartlara uyğun oldu”.

Direktor daha sonra bildirdi ki, məktəb­də dərs saatı bitdikdən sonra hər gün texni­ki heyət xlor tərkibli dezinfeksiyaedicilərlə təmizlik işi aparır: “Biz şagirdlərdə xəstəlik aşkarlanmazdan öncə rayonda virusun yayıl­dığını eşitmişdik. Həmin vaxtdan hər səhər şa­girdlərin məktəbə qəbulu zamanı temperatur yoxlanır, gözün selikli qişasına baxılır. Tibbi heyyət tərəfindən baxış keçirildikdən sonra şagird məktəbə buraxılır. Hər hansı dəyişiklik olduqda isə valideynə xəbər verilir, onların müşayiəti ilə şagird evə göndərilir və məlumat verilir ki, yaşadıqları ərazi üzrə sahə həkiminə müraciət etsinlər”. 

Sabunçu Tibb Mərkəzinin infeksionisti Sima İsmayılova müəssisədə xəstələrin oldu­ğunu təsdiqlədi. Bildirdi ki, xəstəxanaya daxil olanlar 10–14 günə sağalırlar. Xəstəliyin ya­yılma sürəti çox olmadığından bir ailədən yal­nız bir nəfərin xəstələnməsi, digərlərinin isə yoluxmaması mümkündür. Sarılıq insandan insana keçdiyinə görə müalicə mütləq stasio­narda aparılmalıdır. Xəstəlik ən çox 3–15 yaş­lı uşaqlarda, 45–50 yaş böyüklərdə müşahidə olunur. İmmuniteti güclü olanlar, yaşlı adam­lar Hepatit A virusuna yoluxmur. İnfeksiya təmasla keçdiyindən gigiyenik qaydalara əməl edilmədikdə yoluxmaq mümkündür. Virusun bir xüsusiyyəti var ki, o ətraf mühitdə uzun müddət qalır. Məktəblərdə məhz gigiyena qaydalarına əməl etməyən uşaqlar arasında yoluxma baş verir. Şagirdlərin əllərini par­taya, stola, qapıya toxundurması yoluxmaya səbəblərdəndir. Viruslu yerə toxunub sonra həmin əllə meyvə, tərəvəz, şirniyyat yemək yoluxmaya səbəb olur. Bu xəstəliyin müsbət cəhəti odur ki, xroniki hala keçmir, xəstə tez və tam sağalır.

Hepatit A infeksiyasına yoluxma halla­rı ilə bağlı Azərbaycan Respublikası Səhiy­yə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və mək­təbəqədər təhsil müəssisəsində müşahidə edilən epidemioloji vəziyyətlə əlaqədar na­zirliyin mütəxəssisləri tərəfindən ərazilərdə içməli suyun mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə keçirilən monito­rinqlərin sayı artırılıb. Aparılan monitorinqlər nəticəsində “Azərsu” ASC tərəfindən əhaliyə verilən içməli suyun mikrobioloji göstəricilə­rinin ölkədə qüvvədə olan dövlət standart və normalarına cavab verdiyi müəyyən edilib.

Hazırda epidemioloji vəziyyət nəzarət al­tındadır, yoluxma hallarının sayında azalma müşahidə olunur. Eyni zamanda, su xətləri və çənlərin yuyulub-təmizlənməsi və zərərsizləş­dirilməsi istiqamətində də işlər davam etdirilir. 

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat