"Tudə" ermənilər üçün göz yaşı tökür

post-img

Xəbər verildiyi kimi, mərkəzi qərargahı Almaniyada olan “Hizbi Tudeyi İran” partiyasının açıq mətbuat orqanında Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsini bədxahlıqla qarşılayan qərəzli yazıda əksini tapmış böhtan və xəyanətkar mövqe ilə bağlı Azərbaycan Demokrat Firqəsi Siyasi Heyəti bəyanat yayıb. Sənəddə bildirilir:

– İran Xalq Partiyası adlandırılan “Hizbi Tudeyi İran”, əslində, xalqla heç bir əlaqəsi və bağlılığı olmayan, heç bir sosial təbəqəni təmsil etməyən bir qrup marginal insanlardan ibarət icmadır. Bu icmanın kimə qulluq etdiyi haqqın­da müxtəlif fikirlər var və ilk baxışdan müəyyənləşdirmək çətindir. Bu siyasi qurum bir vaxtlar İran İslam Respub­likası üçün “risalə” yazması, eyni za­manda Kommunist partiyasının ilkin mənbələrini fars dilinə tərcümə etməsi, fəhlə sinfi olmayan ölkədə proletariat diktaturası yaratmaq şuarları ilə İran siyasi tarixində özünə yer edib. 

Azərbaycan Demokrat Firqəsi İran siyasi həyatının müxtəlif aktorları ilə fərqli tarixi mərhələlərdə əməkdaşlıq erdiyindən “Tudə” partiyasını da dərin­dən tanıyır və onun hansı “məzhəb”ə qulluq etdiyini də yaxşı bilir. Məhz bu səbəbdən xəyanətkar “Tudə”nin təxri­bat məqsədli bəyanatlarına cavab ver­mək ADF-nin üzərinə düşür.

Bəyanatda bildirilir ki, İran Xalq Par­tiyasının “Name-ye Mərdom” qəzetin 9 oktyabr 2023-cü il tarixli sayında çap olunmuş “Dağlıq Qarabağın süqutu” adlı məqalədə Avropada oturub İranda baş verən xalq hərəkatını biganəliklə müşahidə edən partiya rəhbərlərinin uzunmüddətli susqunluqdan sonra qızğın erməni təəssübükeşliyi ifadə olunub. Onlar Qərbdəki ağalarının tap­şırığını itaətkarlıqla yerinə yetirərək Dağlıq Qarabağın süqutuna dərindən heyfslənir, açıq-aşkar ağlaşma qurur­lar. 

ADP-nin bəyanatında daha sonra qeyd edilir ki, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı səsini çıxarmayan bu əqidəsiz marginal qrup indi insan haqlarından danışır. Özünü İran xalqı­nın partiyası kimi qələmə verən siyasi riyakarlar dəstəsi bu ölkədə yaşayan xalqlara edilən zülmdən, davam edən siyasi repressiyalardan, qətl və edam­lardan yazmaq əvəzinə, Azərbaycanın ərazisinin 20 faiznini işğal edib xaraba­zara döndərmiş, 1 milyon azərbaycan­lını yurdundan qovub qaçqın-köçkünə çevirmiş erməni təcavüzkarlığına. onun oyuncaq ruporu olmuş “Xankəndi xuntası”nın süqutuna göz yaşı tökür.

Bəyanatda “Bu, 2020-ci ilin noyab­rında imzalanmış müqavilənin kobud və həyasızcasına pozulması idi” böh­tanına cavab olar bildirilir: “Bu bədbəxt tudəçilər 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın mahiyyətini anlamayaraq onu “müqavilə” kimi qələmə verirlər. Onlara xatırladırıq ki, bu, bərabər tərəf­lərin sülh müqaviləsi deyildi.Həmin sənəd Ermənistanın müharibədə təs­lim olması barədə akt – bəyanat, siyasi məlumat idi. Ermənilər daha artıq “qırıl­masınlar” deyə Azərbaycan dövləti on­lara fürsət verdi ki, ölkədən rədd olub getsinlər. Belə bir addımı yalnız böyük və humanist bir xalq ata bilərdi. Azər­baycan məhz belə bir xalq olaraq hər addımında öz insanpərvərliyini göstər­di”.

“Kollektiv Təhlükəsizlik Müqa­viləsi Təşkilatının Ermənistana yar­dım etmədiyini” təəssüflə bildirən tudəçilərə ADP-nin cababı belədir: 

– Bu adamlar anlamaq istəmir ki, baş verən hadisələr Azərbaycanın su­veren ərazilərində cərəyan edir. Odur ki, tarixi təcrübədən onlar bilməlidirlər ki, Azərbaycan böyük bəlaları çox gö­rüb, hər dəfə xalqın böyük sərkərdələri qarşıya çıxıb və xalqı bu bəlalardan qurtarıb. Bu dəfə də belə oldu. Xalq öz sərkərdəsinə iman etdi, Sərkərdə isə xalqa söykənib Müzəffər Oldu, Qalib Gəldi.

“Tudə” partiyasının adından çıxış etdiyi xalqların, eləcə də ölkənin ən böyük əhalisi olan azərbaycanlıların maraqlarına heç vaxt xidmət etmə­diyinin vurğulandığı bəyanatda de­yilir:

– Yarandığı 1941-ci ildən bir qrup mənşəyi şübhəli şəxslərdən biri – ba­bası axund olmuş, atası babasından imtina etmiş molla oğlu bu partiyanın rəhbəri oldu. Qacar nəslindən olan, türkcə danışmağı ayıb hesab edən şəxslər tərəfindən yaradılmış bu təşki­lat ilk gündən təxribatla məşğul olmuş və Güney Azərbaycan milli hərəkatına mümkün olan bütün düşmənçiliklə­ri etmişdir. Onlar kommunist adını da sonralar özlərinə əlavə etdilər. Sovet hakimiyyətinin himayəsi altına keçmək üçün onlara “communist” olmaq lazım idi. 

Bu şarlatanlar sadə adamların dün­yagörüşünü zəhərləyərək ağı qaraya qarışdırıb, xalqı çaş-baş salıb, oğulu atanın üzünə qoyublar. Bu təşkilatda bir qrup erməniəsilli türk düşməni də yuva salıb. Həmin casuslar təhlükə yarananda ustalıqla aradan çıxıblar, bir müddətdən sonra yenidən partiya funksioneri kimi Avropada peyda olub­lar. 

Son vaxtlar ermənilərdən artıq er­mənilik edən fransızlardan da çox er­məni olmağa çalışan bu tudəçilər görün nə yazırlar: “Bütün bunların cəmi “etnik təmizləmə” anlayışına daxil edilmirsə, o zaman etnik təmizləmə nədir?”

Yaşadığı ölkəyə qarşı hərbi-siyasi cinayətlərdə əli olan, bu ölkənin qa­nunlarını qəbul etməyib daha yaxşı həyat axtarmaq məqsədi Azərbayca­nı öz xoşu və dinc şəraitdə tərk edən insanların hətəkəti nə vaxtdan etnik təmizləmə hesab edilir? Əgər Ermə­nistanda yaşamaq yaxşıdırsa, siz niyə Almaniyanın səxavətinə sığınmısınız? Ermənistana olan məhəbbətiniz niyə sizi Ermənistanda məskunlaşmağı sovq etmir? Azərbaycanı tərk edən ermənilər də sizin kimi daha isti yava axtaranlar, özlərini saxavətli ağalar tapmaq istəyində olanlardır. 

ADP-nin bəyanatının sonunda göstərilir ki, tudəçiləri Azərbaycanı itti­ham etməyə məcbur edən təkcə Qər­dəki ağalarının erməni təcavüzkarlığın süquta uğramasındın duyduqları nara­hatlıq deyil. “Tudə”nin bu xəyanətkar­lığının əsasında İrandan onlara gizli tapşırıqlar verənlərin Təbrizdə, Ərdə­bildə, Urmiyyədə… səslənən “Azadlıq, Ədalət, Milli Hökumət” şuarlarından keçirdikləri qorxu və əndişədir.

Kamal NİKBİN

Sosial həyat