Güney Azərbaycanın qərbində, əyalət mərkəzindən 90 kilometr şimalında yerləşən Salmas mahalı Urmiya–Xoy və Xoy–Urmiya–Təbriz yolunun üstündə yerləşir. Şimaldan Xoy, cənubdan Urmiya, şərqdən Urmiya gölü və qərbdən Türkiyə Cümhuriyyəti ilə qonşudur.
Salmas şəhəri düzənlik ərazidə, dəniz səviyyəsindən 1350 metr yüksəklikdə yerləşir. 2,5 min kv.km ərazidə olan mahal 2 bölgədən– (Mərkəzi, Kuhsar), 2 şəhərdən (Salmas, Təzəşəhər) və 7 rayondan (Zolaçay, Kərəsəni, Kanatbroj, Ləkistan, Çahrıq, Şapıran, Şınatal) ibarətdir. Ən böyük çayı Zola çayı su təminatda və kənd təsərrüfatında önəmli rol oynayır. Digər su qaynaqları mahalın qərbində olan Ərəvil, Sarıçiçək və Sarı Daş dağlarından axan çaylardır.
Salmas mahalında Azərbaycan türkləri yaşayır. Əhalisinin sayı 2016-cı ildə aparılan rəsmi siyahıyaalmaya görə, 180,7 min nəfər olub. Ötən əsrdə mərkəzi hökumətin siyasəti nəticəsində mahalın etnik tərkibinin dəyişdirilməsinə cəhd göstərilsə də, bu, demək olar ki nəticə verməyib. Burada az sayda kürd və xiristian da məskundur.
Salmas mahalı və şəhərinin adı ilə bağlı müxtəlif fikirlər irəli sürülüb. Bir sıra tarixçi və araşdırmaçı şəhərin adının miladdan öncə VIII yüzillikdə hökm sürən Assur hökmdarı Salmasarla bağlı olduğunu bildirir. İbni Hoqəl 978-ci ildə yazdığı “Surətü-lərz” kitabında Salmas şəhərini abad, firavan şəhər kimi təsvir edib və burada daşdan hündür sarayların tikildiyini qeyd edir. Müqəddəsi 985-ci ildə yazdığı “Coğrafiyayi-ərəbi” əsərində Salması çoxsaylı bazarları və daşdan inşa edilmiş hündür məscidləri olan şəhər kimi göstərib. Bəzi tədqiqatçılar Salmas şəhərinin adının türkcə Solmaz sözündən götürüldüyünü iddia edir.
Bir çox tarixçi isə türk kökənli “as və ya az” sözünə istinad edi: bu qədim və tanınmış türk tayfalarından birinin adıdır. “As” sözü türklərin mifologiyasında önəmli yer tutan “Aşina”, yəni ana qurd, yol göstərən qurdu nişan verir. Arxeoloji tapıntılara söykənənlər Salmasda sakların yaşadığını bildirirlər. Onların fikrincə, Alp Ər Tunqa onların xaqanı olub və siyasi-hərbi çaxnaşmalarda Urmiya gölündəki adada öldürülərək basdırılıb.
1891-ci ildə Salmas şəhərində baş verən güclü zəlzələ nəticəsində şəhərin əksər hissəsi dağılıb, hazırkı şəhər xarabalıqların yaxınlığında inşa edilib. Azərbaycanın bir çox yerlərində olduğu kimi, Salmas şəhərinin adı da Pəhləvi sülaləsi dövründə dəyişdirilərək “Şahpur” qoyulub. Ancaq 1979-cu ildən sonra şəhərin adı yenidən özünə qaytarılıb.
Daban təpəsindən əldə edilən arxeoloji tapıntılar bu yerin ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Aparılan araşdırmalarla, 14 min il öncə burada ilkin insan yaşayış məskənləri və əkinçilik nümunələri aşkar edilib. Tədqiqatçılar Azərbaycan Respublikasının Füzuli rayonunda yerləşən Azıx mağarası ilə Salmas ətrafında olan yaşayış məskənlərində insan yaşayışının eyni dövrdə başladığını bildirirlər.
Ötən əsrin əvvəllərində Azərbaycanın bir çox yerlərində baş verən soyqırımı Salmasda da olub. Güney Azərbaycanda “Cilovluq hadisəsi” kimi tanınan qırğında Qərbi Azərbaycanın bir sıra şəhərlərində qətliamlar törədən ermənilər Salması da yağmalayıb və minlərlə insanı qətlə yetiriblər.
Salmas mahalının iqtisadiyyatı, əsasən, əkinçilik və maldarlıq üzərində qurulub. Kiçik sənaye müəssisələri və fərdi müəssisələr də fəaliyyət göstərir. Sənaye şəhərciyində əsasən metal və qida məhsulları istehsal edilir. Mahalda əl işləri sənayesi insanların məşğulluğunda əhəmiyyətli rol oynayır. Mineral patron, gip daşı, traverten kimi maddələr ixrac edilir. Kənddə isə istehsal edilən əsas məhsullar buğda, arpa, şəkər çuğunduru, tütün, noxud, lobya, yemiş, kartof, qarpız, albalı və qozdur. Ərazi nisbətən dağlıq olduğundan burada geniş və zəngin otlaqlar var və maldarlıq inkişaf edib. Ağartı məhsulları başqa bölgələrə də ixrac edilir. Arıçılıq da geniş yayılıb və əldə edilən keyfiyyətli bal ölkənin başqa bölgələrinə göndərilir.
Güney Azərbaycanın başqa bölgələri kimi, Salmasda da əl işləri sənayesi geniş yayılaraq, bir çox ailənin gəlir mənbəyinə çevrilib. Burada, əsasən, xalça, kilim, həsir, cecim, zilu, səbəttoxunur, ipliklər hazırlanır, keramika malları düzəldilir. Xüsusilə kənd əl işləri ilin soyuq aylarında əhalinin əsas məşğuliyyətlərindən sayılır. Şəhərdə bu işlər fərdi sexlərdə aparılır.
Salmas şəhəri XX əsrdə Güney Azərbaycanın siyasi tarixində önəmli rol oynayıb. Məşrutə Hərəkatında və 1945-ci ildə Milli Hökumətin qurulmasında mahal bir sıra sahələrdə birinci olub. Məşhur inqilabçı, İranda ilk elektirik mühəndisi Heydər xan Əmioğlu da salmaslıdır.
Salmas mahalında tarixin müxtəlif dövrlərinə aid olan yüzlərlə abidə, təpə, qəbiristanlıq və s. mövcuddur. Kiçik haftaxan, Qara qışlaq, Bilqeys dağı, Ağ ziyarət, Təzə şəhər, Dərşək, Şirəçi, Gavur çiçək, Şeydan, Vərdan, Təmrab, Qabaq tətələri, Şor göl, Hədər məkanları, Gavur, Çehriq qalaları, Xan taxtı daş yazıları və s. keşmişin qiymətli yadigarlarıdır. Salmasda Antik təpələrin arxeologiya araşdırmaları bu şəhərin müxtəlif dövrələrdə yaşayış mərkəzi olduğundan xəbər verir. Onlardan əldə edilən tarixi əşyalar bölgədə şumerlər zamanından mədəniyyətin mövcud olduğunu, sonralar Qutti, Hurri, Manna və Urartunun bu torpaqlarda iz buraxdığını göstərir.
Salmas mahalının görməli və gəzməli yerlərindən bir neçəsi aşağıdakılardan ibarətdir: Koroğlu hədər qalası, Köhnəşəhər imamzadası, İmamzada Bərgüşad, Xorxora şəlaləsi, Urmiya gölü ətrafı təbii gəzinti yerləri, Təmər şəlaləsi, Çehriq qalası, Acvac kəndi və orada yerləşən Yarıq qala; Zolaçay dərəsi, Çiçək gölü, Ağ Ziyarət gölü, İsti su bulaqları, Xan taxtı qaya yazıları, 9 min illik tarixi olan Əhrəncan qalası, Muğancıq qalası, Şeyx hamamı və s.
Hazırladı:
T.RÜSTƏMLİ
XQ