Güneydə Milli Hökumətin mətbu salnaməsi

post-img

Söhbət 1945–1946-cı illər Təbrizdə Milli Hökumət qurmuş Azərbaycan Demokrat Firqəsinin mərkəzi nəşri olmuş “Azərbaycan” qəzetindən gedir. Bu yazı isə konkret hadisənin, məsələnin, şəxsiyyətin, əsərin deyil, zəngin mövzular çələnginin səciyyələndirilməsinə həsr olunub.. 

“Azərbaycan” qəzeti, həqiqətən, elə bir cəzbedici çələngdir ki, onun yolunu – surətinin çap edilməsini hamımız on illər boyu həsrətlə gözləmişik. Kiminsə özün­də təpər tapıb onu arxivlərin girovundan qurtaracağının, geniş ictimaiyyətə təqdim edəcəyinin sorağında olmuşuq. 

Artıq ümidlərimiz doğrulmaqdadır – bu zəngin salnamə hissə-hisə albom şəklin­də çap edilir. Alimlər, tədqiqatçılar, geniş ictimaiyyət, müxtəlif dövlətlərdə yaşayan insanlar tərtibçinin Azərbaycan Respub­likası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, İranlı Mühacirlər Cə­miyyətinin arxivində aylarla apardığı ax­tarışlarına verilən dəstəyin nəticələrindən bəhrələnməkdədirlər. 

Azərbaycan Demokrat Firqəsinin (ADF) Təbrizdə nəşr olunmuş orqanı ilə tanışlıq üçün daha kiminsə arxivlərə baş çəkməsinə ehtiyac yoxdur. Bu mənada “Azərbaycan” qəzeti, Azərbaycan Demok­rat Firqəsinin orqanı (1945–1946-cı illər, Təbriz)" kitabının IV hissəsi də artıq işıq üzü görüb. Burada 1946-cı ilin 5 sentyabr – 11 dekabr tarixlərini əhatə edən daha 80 sayın toplanması yarımçıq çevrəni qapa­yıb. 

Sponsor – ABŞ-ın Şimali Koreya şta­tında fəaliyyət göstərən “Azərbaycan Mə­dəniyyət Mərkəzi”nin Saratoga şəhərində keçirdiyi birinci cildin təqdimat mərasimin­də bu çoxcildliyin nəşri yüksək dəyərləndi­rilmişdi. Mərkəzin rəhbəri Həmid Azəri və tədbirin digər iştirakçıları növbəti cildləri də böyük intizarla gözlədiklərini qeyd et­mişdilər. Artıq bu arzu gerçəkləşib. 

Kitab nəsillərə yadigardır. Məziyyətlə­rinə varmazdan əvvəl fundamental işdə kimlərin adlarının keçdiyinə aydınlıq gə­tirilməsi mənəvi borcumuzdur. Söhbət konkret olaraq hansısa şəxsin reklamın­dan getmir. Hesab edirəm ki, onların ta­nıdılması digər xeyirxah insanları da belə əməllərə kökləyə bilər. Təşəbbüs akade­mik Şahin Mustafayevə məxsusdur. O, bu təşəbbüsü 2015-ci ildə Şərqşünaslıq İnstitutunun “21 Azər-70” mövzusunda el­mi-praktik konfransa hazırlıq çərçivəsində düzənlənən yığıncağında irəli sürmüşdü. 

Akademik fikrini bununla əsaslan­dırmışdı ki, “Azərbaycan” təkcə xalqı 21 Azər Hərəkatının qələbəsinə qovuşduran Azərbaycan Demokrat Firqəsinin orqanı deyil, dövrünün bütün mütərəqqi qüvvələ­rinin, insanların, tanınmış şəxsiyyətlərinin tribunası olduğundan misilsiz salnamədir. Belə xüsusiyyətləri mətbu nəşrin Təbrizdə çıxmış bütün saylarının toplu şəklində ça­pını, ictimaiyyətin istifadəsinə verilməsini şərtləndirir.

Təklif institut rəhbərliyi tərəfindən bəyənildi, icraçı şöbə müdiri Səməd Bay­ramzadəyə həvalə edildi. Etimad şərqşü­nas və tarixçi alimin dövrə dərin bələdçi­liyini təsdiqləyən çoxsaylı elmi-publisistik məqalənin, kitabın müəllifi, hərəkat işti­rakçısının övladı, keçmiş diplomat olma­sından, digər müsbət keyfiyyətlərindən qaynaqlanıb. Səməd müəllim vəzifəsinin icrasına məsuliyyətlə yanaşmışdır. 

XX əsrdə “Azərbaycan”dan da əvvəl və sonra Avropada, Asiyada, Amerikada vətənpərvər, demokratik, mütərəqqi qüv­vələrin yüzlərlə mətbu orqanı nəşr edilib. Əksəriyyəti tarixin yaddaşına qovuşub. “Azərbaycan” isə 78 ildir yol gəlir, yenə meydandadır, oxucuları onun hər sayını səbirsizliklə gözləyirlər. Nəyə görə sualı­nın cavabı sadədir: “Azərbaycan” fəaliy­yətə başladığı gündən məramına, məqsə­dinə sadiqdir. 

Platformasının fövqündə “12 Şəhrivər” Bəyannaməsində, Azərbaycan Demokrat Firqəsinin proqramında ifadəsini tapan vəzifələrin, 21 Azər hərəkatı ideyalarının müntəzəm geniş təbliği dayandığından, missiyasını fasiləsiz yerinə yetirdiyindən varlığını, populyarlığını qoruyub saxla­maqdadır. Varislik onun Təbrizdən sonrakı saylarının da kitab şəklində çapını gün­dəmə gətirir. 

Ötən əsrin birinci yarısı İranda, xüsu­silə Cənubi Azərbaycanda inqilablar döv­rü kimi xarakterizə olunur. Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi 21 Azər isə özündən əvvəlkilərin – Səttarxan, Şeyx Məhəmməd Xiyabani hərəkatlarının zirvə­si sayılır. Cəngəlilər hərəkatı, Məhəmməd Tağı Xan, Pesyan qiyamı da xalqa əsrlər­lə arzusunda olduğu hüquq və azadlıqları bəxş edə bilməyib. Məhz bu baxımdan 21 Azər hərəkatının günümüzədək Qərbin, Amerikanın mürtəce fikirlilərinin, sapı özü­müzdən olan “ideoloq”ların total şər, böh­tan kampaniyalarının hədəfləri sırasında qalmasının səbəbi aydındır. 

Bu öz yerində, əsl utancverici ten­densiya budur ki, belələri saxta fikirlərini sırımaq üçün eybəcər hala saldıqları par­çaları, sitatları xəcalət çəkmədən “Azər­baycan” qəzetinin adına yazmaqdadırlar. Misallar çoxdur. Qətiyyətlə deyə bilərəm ki, “Azərbaycan” çörəyi saxtakarlıqdan, qəzetə qarayaxmalardan çıxanların kitabı­nı bağlayacaq bir salnamədir.

Nəşr yanlışlıqları aradan qaldırmaq üçün özündə təpər tapanlara gör-gö­tür, faydalanma imkanıdır. Prinsipial məsələlərdə isə məhz özümüz hərəkətə keçməli, xətaları kiminsə aylardan, illər­dən sonra aradan qaldıracağına ümid etməməliyik. Başqalarına örnək olaraq ilk nümunəni özümüz ortaya qoymuşuq. Söhbət yazıçı, jurnalist, tədqiqatçı Firudin İbrahiminin 1946-cı ildə Təbrizdəki “Sovet Mədəniyyət Evi” tərəfindən çap edilmiş “Azərbaycanın qədim tarixindən” kitabın­dan gedir. O vaxt bu qiymətli nəşr farsca­dan dilimizə tərcümə edilərək əski əlifba ilə buraxılıb. 

(ardı var)

Rəhim HÜSEYNZADƏ,

Əməkdar jurnalist

Sosial həyat