Türklər ədalətli və mərhəmətli xalqdır

post-img

Türk xalqları uzun əsrlər ərzində böyük bir coğrafi məkanda 128 dövlət qurublar. Heç bir xalqa bu qədər dövlət qurmaq nəsib olmayıb. Bunu yalnız türklər bacarıblar. 

Təbii ki, hər bir xalq azad yaşamaq, öz müstəqil dövlətini qurmaq arzusun­dadır. İstər-istəməz sual meydana çıxır: Dövlət qurmaq üçün hansı xüsusiyyətlər tələb olunur? 

Yadımdadır, türk tarixinin dərin bilicisi, fədakar tədqiqatçı, görkəmli pe­daqoq-jurnalist, professor Şirməmməd Hüseynov hesab edirdi ki, bunun üçün üç mühüm amilin bir yerdə olması vacib­dir. 

Bunlar aşağıdakılardır: Birincisi, xalqın dövlətçilik qabiliyyəti və istedadı olmalıdır. Türklərdə bu istedad və qa­biliyyət yüksək səviyyədə olub ki, onlar çox sayda dövlət quraraq, dillərini, adət-ənənələrini, mədəniyyətlərini qoru­yub saxlaya biliblər. 

İkinci əsas şərt qəhrəmanlıq və fəda­karlıqdır. Yəni, təkcə istək və arzu etmək azdır. Gərək millət böyük hədəflərə çat­maq üçün fədakarlıq və qəhrəmanlıq nü­mayiş etdirə bilsin. Türk toplumları bunu yaxşı bacarıblar. 

Bəhs edəcəyimiz üçüncü amil ilk baxışda bir qədər sadəlövh görünə bilər. Lakin üçüncü amil əvvəlki şərtlərdən heç də az əhəmiyyətli deyil. Bu, insaflılıq və mərhəmət hissidir. Türklər qazandıqları torpaqlarda insaflı və mərhəmətli olublar. Bu, danılmaz həqiqətdir. 

Bununla bağlı çox sayda misal çək­mək mümkündür. 2016–2018-ci illərdə Türkiyənin baş naziri vəzifəsində çalışan nüfuzlu siyasətçi Binəli Yıldırım müsahi­bələrinin birində deyib ki, yeddi əsrdən artıq bir dövrdə üç qitədə bərqərar olmuş Osmanlı Türkiyəsi qüdrətli bir imperiyaya sahib olsa da, heç vaxt tabeliyində olan xalqların dillərini, dini inanclarını dəyiş­dirmək fikrində olmayıb. 

Bəli, Osmanlının nəzarətində olan ərazilərdə məskunlaşan müxtəlif xalqlar əmin-amanlıq və sülh içində yaşayıblar. Bir çox yəhudi alimləri dəfələrlə qeyd edirlər ki, orta əsrlərdə yalnız Türkiyənin nəzarətində olan torpaqlarda yəhudilər özlərini tam əmin-amanlıq və təhlükəsiz­lik şəraitində hiss ediblər. 

Çağdaş tariximizdə də türklər üçün azadlıq, ədalət və mərhəmətlilikdən bö­yük dəyər yoxdur. Xahiş edirəm aşağıda­kı məqama diqqət yetirin: Türklər ədaləti təkcə özləri üçün tələb etmirlər, onlar bütün dünyanı ədalətli görmək istəyirlər. 

Prezident Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür!” ifadəsini pla­netimizdə az-çox siyasətlə məşğul olan insanlar arasında eşitməyən və bu cə­sarətli fikri alqışlamayan az adam tapılar. Ankara yeni, daha ədalətli dünya düzəni üçün çalışır. Bunu mütərəqqi bəşəriyyət görür və məmnun qalırlar. 

Son onillər ərzində dünyamız BMT Təhlükəsizlik Şurasının (TŞ) beş daimi üzvünün sayın R.T.Ərdoğanın sözləri ilə desək, “dodaqlarından çıxan qərarlarla” idarə olunur. Planetimizdə 2 milyarda yaxın müsəlman var. Onlardan üç yüz mindən çoxu türkdür. Təəssüf ki, heç bir müsəlman dövləti BMT-nin TŞ-də təmsil olunmayıb.

Bu gün Türkiyə bütün dünyada böyük nüfuz sahibidir. Hazırda tarix səhnəsinə yeni sivilizasiyanın inamlı addım səsləri eşidirlir. Bu, elmə, tərəqqiyə daim açıq olan, yüksək mənəvi-əxlaqi dəyərləri özündə ehtiva edən türk sivilizasiyasıdır. 

Minaxanım ƏSƏDLİ,
Azərbaycan Turizm və Menecment Universitetinin professoru, kulturoloq:

– Bütün ruhu, əqli, zəkası ilə Bö­yük Turançı olan Əli bəy Hüseynzadə “dildə, fikirdə və əməldə” birliyə ça­ğırırdı. Bu gün türk xalqları arasında bütün sahələrdə əlaqələri. xüsusilə, mənəvi birliyi gücləndirmək hava-su kimi zəruridir. 

Müasir texnologiyalar dünyanı “qlobal bir kənd”ə çevirib. Bu “kənd”in sakinləri planetin ən uzaq guşəsində nə baş verirsə, onu bir anın içində gö­rür və reaksiya verir. Bəzən isə zəif mədəniyyətlərin deqradasiyası, hətta məhv olaraq aradan çıxması baş ve­rir. 

Böyük Atatürk demişdir ki, milli-mənəvi dəyərlərinə sahib çıxma­yan xalqlar başqa millətlərin qurbanı­na çevrilə bilər. Türk xalqları qədim və zəngin mədəniyyətə sahibdirlər. Bu zəngin irsi qorumaq və artırmaq bugünkü nəslin, xüsusilə, gəncliyin üzərinə düşür. 

İndi dünyadakı bütün türk döv­lətləri və xalqları arasında siyasi əlaqələrin gücləndirilməsi nə qədər böyük əhəmiyyət kəsb edirsə, bir o qədər, bəlkə də ondan da çox türk qövmləri üçün mədəni əlaqələrin in­kişafını təmin etmək vacibdir. 

Mən İçərişəhərdə Özbəkistan, yaxud Qazaxıstandan gələn turistləri görəndə dünya qədər sevinirəm. Yeri gəlmişkən, məqam düşəndə tələ­bələrimə, dostlarıma mütləq Buxara və Səmərqəndi ziyarət etmələrini töv­siyə edirəm. 

Sözümün canı budur ki, Turan el­lərinin bəşəriyyətə bəxş etdiyi böyük töhfələri dərindən öyrənməli və onla­rın bütün dünyada tanınmasına çalış­malıyıq. Axı, biz birlikdə güclüyük!

Məsaim ABDULLAYEV
XQ



Sosial həyat