Səssiz kinomuzun “Bismillah”ı

post-img

Azərbaycan kinosu – 125

 

Bu film azərbaycanlı kinorejissorun ilk ekran işi idi

Azərbaycan ədibləri cəhalətlə mübarizə aparan çoxlu əsərlər yaradıblar. Cəlil Məmmədquluzadənin “Ölülər”, Nəriman Nərimanovun “Pir”, Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” və digər əsərlər xalqın xurafatdan ayılması amalına xidmət edib. Milli kinomuzda da bu mövzu əksini tapıb.

Abbas Mirzə Şərifzadənin 1925-ci ildə ekranlaşdırdığı “Bismillah” filmi yuxa­rıda bəhs olunan məqsədə xidmət edən əsərlərdəndir. “Bismillah” ilk azərbaycan­lı kinorejissorun ekran işi hesab edilir. Düzdür, əvvəlcə A.M.Şərifzadə bu filmi ekranlaşdırmaq istəməyib. Kinosalnamə­çi Aydın Kazımzadənin araşdırmasına görə, buna səbəb “Allahsızlar Cəmiy­yəti”nin fəaliyyəti olub. Dövrün ideoloji tələbi din əleyhinə film çəkilməsi idi. La­kin Şərifzadə Allahsız olmadığını bildirib. Daha sonra film yalançı mollaların fəaliy­yətinə yönəldilib və böyük sənətkar filmi çəkməyə razılıq verib.

Filmin məzlum qəhrəmanı Qulu (Mustafa Mərdanov) övlad həsrətilə ya­şayır. O, 2 ildir ki, ailə qursa da, övladı olmur. Bunun üçün onun üz tutduğu “mötəbər” ünvan Molla Əbdüləzimdir (Mirzəağa Əliyev). Bu fırıldaqçı ruhani obrazı bizə Şeyx Nəsrullahı xatırladır. Molla Əbdüləzim üçün namaz, ibadət yalnız öz çirkin məqsədlərini pərdələmək üçün vasitədir. O, Qulunun gəldiyini görən kimi, araq şüşəsini gizlədib, guya, namaz qılmaqla məşğul olur. Kənd mü­hitindəki güclü cəhalət Qulunu belə fırıl­daqçıların qulluqçusuna çevirir. O, ibadət etsə də, yalnız Allaha yox, Əbdüləzim kimi şarlatanlara da inanır. Qulunun saflığından istifadə edən mollanın onun arvadı Hökuməyə gözü düşür. Deyir ki, Hökuməyə övladının olması üçün “dua” yazmalıdır. Molla Əbdüləzim tək Qulunun yoldaşına deyil, kənddəki digər qadınlara da pis gözlə baxır. Cəhalət mühiti ona bu çirkin fəaliyyətində köməkçi olur. 

Quludan fərqli olaraq, qardaşı Cəfər (İbrahim Azəri) ayıq-sayıqdır. O, Bakı­da fəhlə işləyir. Dövrün ideoloji basqısı Cəfəri cumhuriyyət hökümətinə qarşı çıxan bolşevik kimi təqdim edir. O in­sanları hökümətə qarşı çıxmağa çağırır. Cəfər kəndə gələndə qardaşı Qulu ilə fikirləri toqquşur. Qulu sadəlövhcəsinə inanır ki, Molla Əbdüləzim kasıbların, zəiflərin himayədarıdır. Cəfər torpaqların kəndlilərin olmasını deyəndə Qulu Molla Əbdüləzimin Qurandan çıxış edərək bö­yüklərin üzünə ağ olmamaq çağırışını xa­tırladır. Təbii ki, Quranı oxuya bilməyən Qulu Molla Əbdüləzimin təsirinə düşməli idi. 

Nəhayət, Qulunun övladı dünyaya gəlir. Molla Əbdüləzim Qulunu həbsə atdıraraq yoldaşının namusuna təcavüz edir. Həbsdən azad olunduqdan sonra Qulu mollanın yazdığı “dualar” nəticəsin­də ona övlad bəxş edildiyini zənn edir. Lakin Aşura günündə övladının alnının çərtilib ordan qan çıxarılması onun ölü­münə səbəb olur. Qulu bu zaman artıq Tanrıya üsyan edir. Əslində, Qulu öz cə­halətinin qurbanıdır. Onun bütün faciəsi Molla Əbdüləzim kimi şarlatanlara inan­ması ilə bağlıdır. 

Kəndin “mötəbər” ruhanisi Qulunun təkcə arvadına deyil, bacısına da göz dikir. Zeynəb ərə verildiyi gün yoldaşına bakirə olmadığını deyir və evdən qaçır. O, pambıq tarlalarında əziyyətlə işləyir. Sonradan əyninə kişi paltarı geyinərək Bakıya gedir. Zeynəbin kişi kimi göstə­rilməsi də təsadüfi deyil. Çünki dövrün hakim dairələri güclü qadın obrazları­nın ortaya çıxmasında maraqlı idi. Bakı kənddə zülm görənlərin sığınacağı olur. Qulunu da, Zeynəbi də bolşevik çevrilişi “xoşbəxt” edir. Molla Əbdüləzim cəzalan­dırılır. Ona bəd əməllərə görə 10 il həbs cəzası verirlər. Film Qulunun məhkəmə zalında sevinib əl çalmasıyla bitir. Bunun­la da insanlara ancaq sovet hökumətinin səadət gətirəcəyi mesajı verilir. 

Filmdə Aşura günü ilə bağlı səhnələr xronikal kadr kimi çəkilib. Bu barədə Mustafa Mərdanov xatirələrində belə yazmışdı: “Təbii çıxsın deyə, Abbas Mir­zə bu səhnəni Aşura gününə saxladı. Aşura günü biz yalançı mollaların təbli­ğinə “uyub” başyaranlara qarışdıq. Apa­ratlar hazır idi. Abbas Mirzə lazım olan səhnəni, artistlərin iştirakı ilə çəkdi. Mol­lalar başa düşmədilər ki, biz bu epizodu film üçün çəkirik. Sonra hardansa xəbər tutdular, bir neçə nəfər yanımıza gəlib çəkdiyimiz lenti onlara verməyimizi tələb etdi. Güc-bəla ilə onları başa saldıq ki, guya, lenti işıq yandırıb. Əslində isə, lent çox yaxşı çıxmışdı”.

Daha maraqlı məqam Qulunun öv­ladını canlandıran uşaqla bağlıdır. O, görkəmli sənətkar Cəfər Cabbarlının oğlu Aydın idi. 

“Bismillah” filmindən bizi, az qala, 100 il ayırır. Lakin filmin ortaya qoyduğu əxlaqi problem bu gün də düşündürü­cüdür. Çünki yaşadığımız çağda da, din adından çirkin işlər görənlər az deyil. 

Ceyhun MİRZƏLİ

Mədəniyyət