Rəhimli kəndində kəndarası yolların hamarlanması işləri aparılır

post-img

Goranboy rayonunun Rəhimli kəndində kəndarası yolların vəziyyətinin yaxşılaşdırılması istiqamətində praktiki addımlar atılır. Bu tədbirlər Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin həmin kənddə keçirilən səyyar qəbullar zamanı vətəndaşların səsləndirdiyi təklif və müraciətlər əsasında reallaşdırılır.

Rayon rəhbərinin kənd sakinləri ilə keçirdiyi görüşdə əsas diqqət mərkəzində olan məsələlərdən biri kənddaxili yolların bərbad vəziyyətdə olması və bunun gündəlik həyat şəraitinə mənfi təsir göstərməsi olmuşdur. Sakinlər yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı köməklik göstərilməsini xahiş etmişdilər.

Müraciətlərə dərhal reaksiya verən Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən məsələyə operativ yanaşma nümayiş etdirilib. Hazırda Rəhimli kəndində “23 nömrəli Yol İstismarı” MMC tərəfindən müvafiq texnikanın köməkliyi ilə kəndarası yolların hamarlanması işləri aparılır. Proses çərçivəsində yolların torpaq örtüyü bərpa olunur, maneələr aradan qaldırılır və əhali üçün daha rahat və təhlükəsiz nəqliyyat şəraiti yaradılır.

Qeyd edək ki, həyata keçirilən tədbirlər çərçivəsində ümumilikdə kəndin əsas və yardımçı yollarında təqribən 6 kilometrlik məsafədə yol örtüyünün hamarlanması nəzərdə tutulur. İşlər mərhələli şəkildə aparılır və hava şəraitindən asılı olaraq qısa müddət ərzində başa çatdırılması planlaşdırılır.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Goranboy









Sosial həyat