Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun 127-ci ildönümü və Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə mədəniyyət xadimləri, kino ictimaiyyətinin nümayəndələri, kinosevərlər iştirak edirdilər.
Əvvəlcə Azərbaycan kino sənətinin keçdiyi uğur yolundan bəhs edən kiçik videoçarx təqdim olundu.
Sonra Mədəniyyət nazirinin müavini Səadət Yusifova qonaqları salamlayaraq bildirdi ki, Azərbaycan Kinosu Günü yalnız kino sənətinə könül vermiş sənətkarlar və sənaye nümayəndələri üçün deyil, ümumilikdə Azərbaycan xalqının milli-mədəni irsi və tarixi yaddaşı üçün xüsusi əhəmiyyət kəsb edir: - Kino hər bir millətin ruhunun, tarixi yaddaşının, ideyalarının ən dolğun təcəssümüdür. Azərbaycan kinosunun inkişafı və dəstəklənməsi hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur. Kinonun ideoloji gücünü yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev nəinki kino sənayesinin inkişafını dəstəkləyib, kino aktyorları və sənətçilərinə xüsusi qayğı və diqqət göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Buna son dövrlər kino korifeylərimiz olan Oqtay Mirqasımov, Rasim Balayev, Şəfiqə Məmmədova, Fəxrəddin Manafov və bu sahədə çalışan sənət xadimlərimizin ali dövlət mükafatları ilə təltif olunmalarını misal göstərmək olar.
Səadət Yusifova, həmçinin son illər kinonun və audio-vizual sənayenin davamlı və sistemli inkişafını təmin etmək məqsədi ilə dövlət siyasəti çərçivəsində həyata keçirilən işlərdən danışdı və bu sahədə xeyli işlər görüldüyünü dedi:
- 2023-25-ci illər ərzində kino sahəsinin inkişafına ümumilikdə 15, 9 milyon manat vəsait ayrılıb. 35 filmin çəkilişi isə uğurla başa çatdırılmışdır. Hazırda əlavə olaraq 31 film layihəsi üzərində işlər görülür. Müasir Azərbaycan kino sənayesinin beynəlxalq aləmdə geniş yayılması, bu sahədə xarici yatırımların ölkəyə cəlb edilməsi qarşıya qoyulan əsas strateji məqsədlərdən biri kimi dəyərləndirilir. Aparılan işlər nəticəsində 2023-24-cü illər ərzində ölkəmizdə xarici istehsalçılar tərəfindən həyata keçirilən audio-vizual lahiyələr vasitəsilə ölkə iqtisadiyyatına 10 milyon abş dolları həcmində vəsait cəlb olunmuşdur. Bu göstəricilər təkcə iqtisadi baxımdan deyil, həm də mədəni və peşəkar mübadilənin genişlənməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev çıxışında Azərbaycan kinosunun bundan sonra da yeni inkişaf mərhələsinə çatacağına ümid etdiyini dedi:
- Əvvəlki illərdə olduğu kimi, tamaşaçıların zövqünü oxşayan yeni filmlər çəkiləcək. Arzu edirəm ki, kinostudiyada yenidən canlanma yaşansın. O günü hamımız bir yerdə görək. Mən buna əminəm. Çünki, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin birgə fəaliyyətinə nəzər salanda görmək olur ki, bu istək və arzu onlarda var. Belə olan halda, yüksək nəticələr gözləmək mümükündür. Bir daha hər birinizi təbrik edirəm. Gəlin bir yerdə gələcəyə nikbin baxaq.
Azərbaycan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, kino redaktoru, aparıcı Nadir Bədəlov, Xalq artisti Fəxrəddin Manafov çıxış edərək, Azərbaycan Kino Sənayesinə və bu yolda xüsusi xidmətləri olan kino sənətçilərinə uğurlar arzuladılar.
Nadir Bədəlovun iştirakı ilə “Mən qadınam” kino müsabiqəsində qalib adını almış film müəllifləri mükafatlandırıldı. Ardınca isə, “Baku Cinema Breeze” kino müsabiqəsinin uğurlarından ibarət videoçarx nümayiş olundu.
Sonra bir sıra kino sənətçilərinə mükafatlar təqdim olundu. Tammetrajlı bədii filmlərində uğurlu rəssam işinə görə Səbuhi Atababayev, “Tənha insanın monoloqu” filmində uğurlu vizual həllə görə Daniel Quliyev, “Başlıbel. Bir kəndin mühasirə gündəliyi” tametrajlı bədii filmdə uğurlu rejisor işinə görə Pərviz Həsənov və Kinematoqrafiyanın beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə Fehruz Şamıyev təltif olundular. Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Fəxrəddin Manafov isə Azərbaycan kinosuna verdiyi töhfələrə görə Milli Kino Mükafatına layiq görüldü.
Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova və Xalq artisti Həmidə Ömərova Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi adından gül dəstələri təqdim olundu.
Daha sonra video və video-oyunlar sahəsində Azərbaycan kino mədəniyyətinin inkişafına töhfə vermiş kino sənətçiləri bir sıra mükafatlara layiq görüldülər.
Azərbaycan Animasiya Assosiasiyasının istehsalı, yerli və xarici animatorların çəkdiyi “Çamadan” animasiya serialı təqdim olundu. Bundan başqa, Rafiq Hacıyevin “Oriondan sevgilərlə”, Elmar Fərzəlinin “Düşmüş mələk”, Samir Kərimoğlunun “Torpağı sanı yaşayasan” qısametrajlı bədii filmlərinin premyerası keçirildi.
Qeyd edək ki, bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə 2 avqust Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Kino sənayemiz çox böyük inkişaf yolu keçib. Belə ki, 1923-cü ildə respublikamızda ilk dövlət kino studuyası təşkil olunmuş, elə həmin dövrlərdə ilk səssiz filmlər çəkilmişdir. 1936-cı ildə isə ilk səsli film istehsal edilmişdir. 1950-ci illərdə isə rəngli filmlərlə Azərbaycan kinosu yeni dövrə qədəm qoymuşdur. Bu gün isə film mədəniyyətimiz həm ölkə daxilində, həm də beynəlxalq arenada yüksək səviyyədə təbliğ olunur.
Fidan SALMANOVA