Politico: Avropa İttifaqı Çin şirkətlərini Rusiyaya dron mühərrikləri satmaqda ittiham edir
Avropa İttifaqı Çinə qarşı yeni sanksiyalar hazırlayır. Politico nəşrinin yazdığına görə, bu addım Çin şirkətlərinin Rusiya-Ukrayna müharibəsində istifadə olunan dronların tədarükündə iştirak etməsi ilə əlaqələndirilir.
Nəşrin Avropa İttifaqındakı anonim diplomatik mənbəyə istinadla verdiyi məlumata əsasən, Brüssel Çin mənşəli bəzi şirkətlərə və maliyyə qurumlarına qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. Aİ bu qurumların Rusiya hərbi sənayesinə yardım etdiyini iddia edir. Söhbət, xüsusilə, Rusiyaya dron mühərriklərinin göndərilməsindən gedir – bu mühərriklərin sənaye soyuducu avadanlıqları adı altında göndərildiyi bildirilir.
Qeyd edək ki, Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiya paketinə bir sıra Çin şirkətləri artıq daxil edilib. Bununla belə, Politico-nun mənbəsi Aİ-nin Pekinlə diplomatik dialoqu davam etdirmək niyyətində olduğunu da bildirib.
Brüsselin bu addımı ABŞ və müttəfiqlərinin Çinə qarşı təzyiqləri ilə paralel şəkildə baş verir. Qərb inPekinin Rusiya ilə iqtisadi və texnoloji əməkdaşlığını diqqətlə izləyir. Çin tərəfi isə öz növbəsində hərbi təyinatlı məhsulların ixracını inkar edir və beynəlxalq sanksiya rejiminə riayət etdiyini vurğulayır.
S.ELAY
XQ