Diaspor gəncləri Qarabağ Universitetində

post-img

Xankəndidə keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçıları Qarabağ Universitetində olub.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev Qarabağ Universitetinə səfərin xüsusi əhəmiyyətini vurğulayaraq, iştirakçılara universitetin fəaliyyəti və məqsədləri barədə məlumat verib.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayaraq, universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri və qarşıda duran prioritetlər barədə geniş video təqdimatla çıxış edib. O bildirib ki, Qarabağ Universiteti yalnız regional deyil, eyni zamanda beynəlxalq əhəmiyyət daşıyan, çağdaş texnologiyalarla təchiz olunan, müasir təhsil modeli üzərində qurulan bir ali məktəb kimi formalaşır.

Rektor universitetin yerləşdiyi binanın tarixi keçmişi, hazırkı infrastruktur imkanları və planlaşdırılan akademik proqramlar barədə ətraflı məlumat verib. Qarabağın adını daşıyan bu elm və təhsil ocağının Azərbaycanın ali təhsil sistemində xüsusi yer tuduğunu vurğulayıb. Universitetin inkişaf strategiyasına və beynəlxalq arenada tanınmasına, xüsusilə də gələcəkdə xarici tələbələrin cəlb olunması barədə fikirlərini bölüşüb. Qarabağ Universitetində açılan Azıx Mərkəzi haqqında gənclərə ətraflı məlumat verib.

Diaspor gəncləri universitetlə və onun kollektivi ilə yaxından tanış olublar. Universitetin beynəlxalq əlaqələri, orada aparılan araşdırmalar, regionun inkişafına verə biləcəyi töhfələr, tədris dili, proqram müxtəlifliyi və qəbul imkanları və başqa mövzularda onları maraqlandıran suallar ünvanlayıblar.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşdirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

Təhsil