“Yurdun yurdçusu, oğlum!”

post-img

Budəfəki yazımın qəhrəmanı xalqımızın mərd, qeyrətli, dəyərli bir şəhid övladıdır. Söhbət Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ilk şəhidi, qərargah rəisi, kapitan Fikrət Akif oğlu Məmmədovdan gedir. Fikrət 1982-ci il sentyabrın 12-də Bakı şəhərində anadan olub. Orta təhsilini paytaxtın Nəsimi rayonundakı 111 saylı tam orta məktəbdə alıb. 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2005-ci ildə buranı əla qiymətlərlə bitirib.

Beləcə, Fikrət peşəkar zabit kimi Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında xidmət etməyə başlayıb. Xidmət illərində nümunəvi zabit kimi etimad qazanıb. 2014-cü il mayın 28-də Füzuli istiqamətində erməni işğalçılarının təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. II Fəxri xiyabanda dəfn olunub. Ölkə Prezidentinin sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.

... Fikrətin Qarabağa döyüşə son dəfə yola düşdüyü hərbi şəhərcikdəki mənzilindəyəm. Həyat yoldaşı Xəyalə xanım ilə 32 yaşında haqqın dərgahına qovuşmuş qeyrətli Azərbaycan kişisi barəsində söhbət edirik.

Xəyalənin baxışları nədənsə pəncərəyə dikilib. Onunla bərabər mən də səmaya boylanıram. Günəş üfüqün arxasında qürub etməkdədir. Hər ikimiz susuruq.

Sükutu kövrək səsi ilə şəhidin ömür-gün yoldaşı pozur:

– Fikrət çox ailəcanlı idi. İşdən gələndə bir qayda olaraq çəkmələrini soyunmadan qapının yanında dizlərini yerə qoyub oturardı, övladlarını haraylayırdı, hər dizinin üstündə birini saxlayırdı, hardasa bir 10 dəqiqə onları əzizləyirdi, hətta məni də çağırırdı ki, sən də gəl, yanımızda otur.

Yenidən hər ikimiz susuruq. Xəyalə xanım isə kiçik pauzadan sonra söhbətini davam etdirir:

– Bizim həmin 10 dəqiqəmiz sanki bir sehirli dünya idi. O anlar gözümün önündən çəkilmir. Amma bu barədə düşüncələrimi övladlarımla bölüşmək istəmirəm. Kövrəlib ağlayacaqlarından qorxuram....

Xəyalə xanım sonra etiraf etdi: O bilirdi ki, Fikrət hər dəfə növbəti hərbi əməliyyata gedəndə döyüşdən sağ qayıtmaya da bilər. Bu barədə hər dəfə söz düşəndə Fikrət ona təskinlik verər, sakitləşdirməyə çaışardı.

Xəyalə üçün Fikrətlə ayrılığa dözmək çox çətindir?! Amma, dözür, dözməlidir, o, indi Fikrətlə bağlı xatirələrlə yaşayır, övladlarını böyüdür. Həm də Fikrət kimi, cəsur, qeyrətli bir kişinin həyat yoldaşı olmaq son dərəcə böyük şərəfdir axı!

Fikrət Məmmədov adi zabit deyildi, peşəkar idi. Qısa zamanda Xüsusi Təyinatlı Qüvvələrin qərargah rəisi vəzifəsinə yüksəlmişdi. Dəfələrlə cəbhədə erməni təxribatlarına qarşı cəsur qərarlar vermiş, hamıdan öndə düşmənə qarşı döyüşə şığımışdı.

... O xəbər gələndə Xəyalənin ilk sualı bu olub: “Fikrətin döyüşə apardığı əsgərlər sağdırmı?” Xəyalə deyir ki, o, Fikrəti yaxşı tanıyırdı, o, döyüşçü dostlarını özündən çox istəyirdi. Əsgərlər də onunla fəxr edirdilər. Belə komandir olub Fikrət! Heç vaxt özünü düşünməyib.

Fikrətin təhsil aldığı 111 saylı tam orta məktəbdəyəm. Şəhidlərin adına hazırlanmış guşədə fotolara, digər sənədlərə nəzər yetirirəm. Fikrətin sinif rəhbəri Esmira Tayirova da yanımdadır.

Esmira xanım titrək səsi ilə şagirdinin həyat hekayətindən belə danışdı:

– Fikrəti tanıyan gündən onun bütün problemləri ilə maraqlanırdım. Doğma övladım bilirdim onu. 5-ci sinifdən 11-ci sinifə qədər sinif rəhbəri olmuşam. Fikrət valideyn sevgisinə möhtac idi. Axı, uşaq yaşlarından anasını itirmiş, xalasının himayəsində böyümüşdü. Ona tapşırmışdım ki, nə sözün olsa məndən gizlətmə. Amma o, daha çox susurdu. Çəkdiyi iztirabları başqalarına büruzə vermək istəmirdi. Həssas baxışlarının dərinliyində uşaqlıq dünyasının ağrı-acısı kök salmışdı.

Esmira xanım sonra nəql etdi ki, məktəbdə hamı onu çox tərbiyəli, dərslərinə məsuliyyətlə yanaşan bir şagird kimi tanıyırdı. Fikrətin mehriban səsi bu gün də onun qulaqlarındadır.

Fikrət orta məktəbi bitirəndə Esmira müəllimə ürəyini açıb belə söylmişdi:

– Müəllimə, mən hərbçi olacağam. Torpaqlarımızı işğaldan azad etməliyik.

Fikrət barədə döyüş yoldaşları da fəxrlə söz açdılar. Vətən Müharibəsi Qəhrəmanı, xüsusi təyinatlı Gündüz Səfərli yaxın dostu haqqında düşüncələrini belə çatdırdı:

– Fikrət mənim yaxınım, sirdaşım idi. Mənə demişdi ki, hələ uşaqlıqdan düşməndən qisas almaq ilə bağlı qərarını verib. Heç vaxt ölümlə bağlı düşüncələrini bizimlə bölüşməzdi. Fikrət ölümün varlığını qəbul etmirdi. Fikrətin şəhid olması bizim döyüşkənlik ruhumuzu daha da gücləndirdi.

Vətən Müharibəsi Qəhrəmanı, xüsusi təyinatlı Saleh Həsənov isə Fikrət haqqında bunları dedi:

– Xüsusi Təyinatlı Qüvvələrin belə bir şüarı var: “Sədaqətim şərəfimdir!”. Onun şəhadəti ilə Xüsusi Təyinatlı Qüvvələr ilk şəhidini verdi. Fikrət şəxsi heyəti arxasınca aparan, ölümün belə fərqinə varmayan zabit idi. Həmin gün... başda komandanlıq olmaqla, bütün şəxsi heyət məğrur sıra duruşunu saxlaya bilsə də, acı göz yaşlarını saxlaya bilmədi...

Saleh sonra söylədi ki, onlar Fikrətlə Pakistanda xüsusi təyinatlılar kursunu ard-arda keçiblər. Fikrət həmin qardaş ölkədə yüksək hərbi təlim kursunu ilk keçən zabitimiz olub. Qeyd edək ki, bu, çətinliyinə görə dünyada ilk beşlikdə duran kurslardan sayılır. Pakistanlı hərbçilər Fikrətə böyük inam və etimad bəsləyirdilər. Hələ sağlığında Fikrətin İslamabad yaxınlığındakı Çerat qəsəbəsində yerləşən hərbi muzeydə nümunəvi zabit kimi adına xüsusi guşə yaradılmışdı.

Bu gün də Pakistan Ordusunda şəhid Fikrət Məmmədovun xatirəsi hörmətlə anılır. Bu günlərdə Pakistandan ürəkaçan xəbər aldıq. Pakistan dövləti şəhidimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq, tələbə zabitlərin yeməkxanasına kapitan Fikrət Məmmədovun adını vermişdir.

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye (bir müddət əvvəl xidməti vəzifəsini başa çatdırıb Vətənə qayıtmışdır) ilə görüşən zaman ondan Fikrət barədə öz fikirlərini bildirməsini xahiş etmişdim. Hörmətli elçi o zaman belə demişdi:

– Pakistan Hərb Məktəbində təhsil almış, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ilk şəhidi Kapitan Fikrət Məmmədovun haqqında çox eşitmişəm. O, çox cəsur bir insan və öz ömrünü ölkəsinə xidmət etməkdən şərəf duyan bir zabit olub. Bir hərbçinin xidməti işinin nə qədər çətin olduğunu yaxşı bilirik. Hamımız müxtəlif işlərdə çalışırıq, amma hərbçi işi bütün peşələrdən fərqlidir və işlərin ən çətinidir. Niyə? Çünki komandanlar tərəfindən əmr veriləndə onlar həyatlarından belə keçməyə hazırdırlar. Bax bu səbəbdən Vətənə xidmət edən hər bir zabitin, əsgərin işi ən çətin işdir. Bu insanlar lazım gələndə həyatlarını qurban verib şəhid olurlar.

Pakistanlı səfir sonda bunları söylədi:

– Şəhid Fikrət Məmmədovun ailəsinə salamlarımı çatdırın və dərin hörmətimi, ehtiramımı bildirin. Şəhidlər ölümsüzdür, onlar bizim ürəyimizdə əbədi yaşayırlar!

... Fikrətin yaşadığı mənzili tərk edəndə dönüb oğlu Rəsula tərəf baxdım. O, anasının mənzildə yaratdığı “Fikrət guşəsi”ndəki tablosu qarşısında fikrə getmişdi. Sanki atası səssizcə oğlunun qulağına bu sözləri pıçıldayırdı:

– Bilirəm, məndən nigaransınız. Yolumu gözləyirsiniz. Mən Vətən səmasında uca bir zirvədəyəm. Qəlbim rahatdır. Axı, arzularım həyata keçib, düşmən torpaqlarımızdan qovulub.

Oğlum Rəsul, sənin bu torpaqda başını dik tutub gəzməyə tam haqqın var. Sənin atan Vətən, torpaq namus uğrunda şəhid olub!

Yurdumun yurdçusu oğlum! Ruhum Sizinlədir!

Kəmalə ABDİNOVA
XQ



Sosial həyat