Rafael HÜSEYNOV,
Milli Məclisin deputatı, akademik
Günləri adilikdən çıxaran, məzmunla dolduran hadisələridir. İyulun 29-u təqvimdə sıradan olan bir gün idi. Ancaq 2023-cü ilin 29 iyulunun xəbərlərindən ikisi qəhərləndirdi, yaddaşa ən əvvəl iki təsirli hadisəsi ilə köçdü.
Biri itki acısının gətirdiyi qəhər idi, digəri haqqın öz yerini tapmasının, hər zaman umulan həmin haqqa yol açan Zəfərin bəxş etdiyi qürurdan doğan qəhər.
Xəbərlər ayrı-ayrı adamlar haqqında idi, hadisələr bir-birindən çox aralı məkanlarda baş vermişdi. Ancaq mahiyyəti ilə tam fərqli olan bu iki hadisənin hər halda bir kəsişmə nöqtəsi də vardı.
İllər öncə mən Respublika Hərbi Prokurorluğunda Soyqırımı muzeyini yaradarkən onların arxivində saxlanan neçə-neçə cinayət işini araşdırası oldum. Bunlar Qarabağda erməni cəlladlarının xalqımıza qarşı törətdiyi sıra-sıra qanlı cinayətlər haqda tükürpədən ifadələrlə dolu qəmli sənədlər idi. Şahid ifadələri, səs və lent yazıları, müxtəlif sübutedici əşyayi-dəlillər...
Həmin müddətsiz cinayətlərə görə məsuliyyət daşıyanlar, o insanlığazidd əzazil əməlləri törədənlərin əksəri haradasa azadlıqda gəzirdilər, amma istintaqlar aparılmışdı, sübutlar-dəlillər toplanmışdı, baislər dəqiqləşdirilmişdi. Bir çoxunun qiyabi məhkəməsi də keçirilərək cəzası da müəyyənləşdirilmişdi, canilər də beynəlxalq axtarışa verilmişdi.
Mən həmin sənədləri qəlb ağrısı ilə vərəqlədiyim günlərdə hələ BÖYÜK ZƏFƏRimiz çox uzaqdaydı. Hərdən düşünürdüm, İlahi, o günü görmək qismətimizdə varmı ki, bu faciələrin müəlliflərinin haqq divanına çəkilməsinə şahid olaq?
Bu gün Laçında sərhəd-keçid məntəqəsində (bu dördcə kəlmə – LAÇIN SƏRHƏD-KEÇİD MƏNTƏQƏSİ ifadəsi mənimçün dünyanın indiyədək yazılmış şeirlərinin ən gözəl misrasıdır! Və bu MİSRA da BÖYÜK ZƏFƏRimizin daha bir bəhrəsidir) Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə (burası da gözəldir ki, hadisə beynəlxalq müşahidənin iştirakı ilə baş verir) müalicə almaq pərdəsi altında Ermənistana ötürülən, əllərindəki meşəli, Xocalı qanı heç vaxt getməyəcək cəllad V.Xaçatryanın məhz sərhədi keçmək istəyərkən axtarışda olan cinayətkar kimi saxlanılması, nəzarətə götürülməsi xəbəri məni riqqətə gətirdi. Ürəyimdə “Böyüklüyünə şükür, Xudaya!” dedim.
Vaxtilə Respublika Hərbi Prokurorluğunda qovluqları vərəqləyəndə, videolara baxanda, səs yazılmış kasetləri ard-arda dinləyəndə, ermənilərin Qarabağda, o sıradan elə Xocalıda, həmin Meşəlidə ki, indi tutulan idbar da orada amansız qətllər törədib, istər-istəməz kövrəldiyim anlar az olmamışdı.
Çünki o danışılanlara, sənədlərin nəzərdə canlandırdığı müsibət mənzərələrinə insan olan kəsin dözməsi çətin idi. Məsum insanlarımıza, körpəcə uşaqlara indi Laçında saxlanılan cani kimi qanahəris quldurlar cəhənnəmi bu dünyada yaşatmışdılar.
O vaxt Hərbi Prokurorluğun arxivində boğazımı yandıran qəhər bütün bunları bilə-bilə heç nə edə bilməmək zəifliyinin ucbatından idi.
Bu gün bir qatilin cinayəti törətməsinin üstündən 30 ildən də çox ötəndən sonra saxlanması artıq Haqqın təntənəsinin, Zəfərimizin səngiməz dalğasının yaratdığı iftixarın, bütün ruhumu saran məmnunluğun Qəhəridir!
Bu gün Allahın “Mən Varam!” deyərək Böyük Ədalətini və Əbədi Varlığını sübut etdiyi daha bir qutsal gündür. Və belə əziz günlər Millət Təqvimimizdə hələ çox olacaq!
Söz yox, ermənilər və erməniçilik əsillərinə-köklərinə xas qaraçılıqla haray-həşir də salacaqlar, “məsum” V.Xaçatryana azadlıq da istəyəcəklər. Buna səbəb həmin saxlanmanın yaratdığı vahimə olacaq. Xocalı qatillərindən olan bu ünsürün həbsi ilə Qarabağ müharibəsinin hələ gəbərməmiş bir çox canilərinin canına həmin aqibətin onları da haqlayacağının vicvicəsi daraşıb.
...Bu gün məni yandıran, istər-istəməz qəhərləndirən isə bir əziz insanın itkisidir. Azərbaycanı da, azərbaycanlıları da sevmiş, qələmi və təmiz vicdanı ilə həqiqətə, düzlüyə, ədalətə, insafa-mürvətə xidmət etmiş, tarixin çətin dönəmlərində ən mötəbər söz dayaqlarımızdan birinə çevrilmiş amerikalı yazar Tomas Qoltsu (Thomas Goltz) itirdik. O, ayrı bir dinə tapınan insan idi. Ancaq haqqitirməz millətiksə, gərək bu gün Azərbaycan məscidlərində onun da ruhuna dualar oxuna!
Dar ayaqda təmiz vicdanının hökmü ilə okeanın o tayından bizə qahmar çıxan, yüz cür tənə və təzyiqlərə baxmayaraq inadlı ardıcıllıqla illərcə haqqı müdafiə etməklə Azərbaycanın şərəfini qoruyan bir insan elə bu millətin yavrularından biri deyilmi?!
Azərbaycanlı olmaq üçün dünyaya azərbaycanlı kimi gəlmək azdır, bu adı daşımağın yüksək şərafətinə layiq olmaq üçün gərək bu yurd və xalq üçün fədakar əməklərin də ola.
Azərbaycanlı Tomas Qolts belə minnətdarlıqla anılmalı saleh əməllərin sahibi idi.
Dünya susanda, Amerikada, Avropada gerçəkləri bildikləri halda bir para siyasət, dövlət və qələm adamları qırmızı-qırmızı ağa “qara” deməkdən həya etməyəndə Tomas Qolts Xocalı soyqırımının digər qətliamların sədasını dünyaya çatdırırdı, mərd-mərdanə o çağlarda bizim edə bilmədiyimizi edirdi. Avropa Şurası tribunasından illərcə Xocalı həqiqətlərini səsləndirəndə, bu haqda sənədlər hazırlayanda Tomas Qoltsun məşhur kitabı və yazıları sözümüzə söykək olan, fikirlərimizin etibarlılıq və keçərliliyini artıran istinad nöqtələrindən idi.
Onunla tanışlığım 1990-cı illərdən, mənim də “Amerikanın səsi” radiosunun müxbiri olduğum, burada – Bakıda, Prezident sarayında və iqamətgahında keçirilən mətbuat konfranslarından başlanmışdı. İndi, əbədi ayrılıq anlarında yaddaşda neçə görüşün unudulmaz xatirələri sayrışır... Və onun əziz adı millətimin, yurdumun ən sadiq dostlarından biri kimi həmişə qəlbimdə yaşayacaq.
Biz dünya boyunca sayı çox olmayan (durmadan artıraq o sayı!) bu cür qiymətli dostlarımızın qədrini bilməliyik. Sağ ikən də, dünyadan gedəndən sonra da!
Bunca yeridolmaz itkiyə necə yanmayasan, necə qəhərlənməyəsən?!
...Ömrün bu günü yaddaşımda həm də bu iki qəhərlə qalacaq.
Vətənimizin və millətimizin etibarlı dostlarının itkisinin gətirdiyi qəhər bizdən həmişə uzaq olsun!
Haqqın, ədalətin, İlahi İradənin təntənəsinin bağışladığı ən böyük sevinclərə bərabər olan qəhərisə hər bir vətəndaşımıza arzulayıram!
Azərbaycan yaşasın!

