Azərbaycan - Böyük qələbənin əsas təminatçısı

post-img

İkinci Dünya müharibəsi (1939-1945) bəşər tarixində ən qanlı hadisə hesab olunur. Bu müharibədə dünya əhalisinin 75 faizinin yaşadığı 61 dövlət iştirak edib. Müharibə zamanı ümumilikdə 27 milyon hərbçi və 25 milyona yaxın mülki şəxs həlak olub. Antifaşist blokunun qələbəsi ilə başa çatan müharibə, dünyanın siyasi xəritəsində mühüm dəyişikliklərə səbəb oldu.

Bu müharibə yeni ərazilərin və sərvətlərin ələ keçirilməsi ilə yanaşı, bütöv xalqları məhv etməyi qarşısına məqsəd qoydu. Müharibə illəri Sovet İttifaqı tarixində ən çətin və eyni zamanda, qəhrəmanlıq dövrü idi. Böyük Vətən müharibəsində (1941-1945) iştirak edən vətəndaşların sayına görə faiz baxımından Azərbaycan xalqı birinci yerdə idi: Azərbaycan SSR-in hər beşinci vətəndaşı müharibədə iştirak edib, xüsusi fədakarlıq və cəsarət göstərib. 1941-ci ildə Azərbaycan SSR-in əhalisi cəmi 3 milyon 400 min nəfər olduğu halda, Böyük Vətən müharibəsində Azərbaycanın 700 minə yaxın oğul və qızı iştirak etmişdir.

1940-cı ildə Barbarossa planı təsdiq edildi və 22 iyun 1941-ci ildə alman qoşunları SSRİ sərhədini keçdi. Məhz həmin andan müharibə bilavasitə Azərbaycana təsir etdi. Bu dövrdə Şimali Azərbaycan torpaqlarını özündə birləşdirən Azərbaycan SSR nəhəng dövlətin neft və neft məhsullarının əsas mənbəyi oldu. SSRİ-nin digər xalqları kimi Azərbaycan xalqı üçün də bu müharibə ədalətli xarakter daşıyır, vətənin işğalçılardan müdafiəsinə əsaslanırdı.

İkinci Dünya müharibəsi başlayandan, Hitler Almaniyası yanacaq çatışmazlığından əziyyət çəkirdi. Alman komandanlığı Bakının neft yataqlarına xüsusi diqqət yetirirdi və Qafqaz uğrunda döyüş zamanı Bakını və Bakı neft-qaz bölgəsini nəzarətə götürmək vəzifəsini qarşıya qoydu. Hitler artıq 1940-cı ilin əvvəlindən neft mədənlərini fəth etmək planlarını qurmağa başlamışdı. Hitlerin əsas məqsədi və həlli - Bakının və onun neftinin zəbt edilməsi idi.

Böyük Vətən müharibəsi başlamazdan əvvəl Azərbaycan SSR sənayenin aparıcı sahələri olan neft və neft məhsullarının əsas tədarükçüsü, neft sənayesində mütəxəssislərin hazırlanma mərkəzi, neft avadanlıqları istehsalçısı idi. Hərbi əməliyyatlara baxmayaraq, Bakı yanacaq və yağlama materiallarının əsas tədarükçüsü olaraq qalırdı. Müharibə illərində Azərbaycan neftçiləri ölkə yanacağının 80 faizə qədərini istehsal edirdilər. Müharibənin birinci ilində 23,5 milyon ton neft göndərildi. Ümumilikdə, Böyük Vətən müharibəsi illərində Azərbaycanda 75 milyon ton neft, ümumittifaq benzininin 80 faizi, naftanın 90 faizi, neftin 96 faizi hasil edilmişdir. Beş təyyarədən, çənlərdən, avtomobillərdən dördü Bakı mədənlərində hasil edilən neftdən - Bakı neftayırma zavodlarında istehsal olunan benzinlə doldurulurdu. Müharibə illərində istehlak edilmiş 17 milyon ton neft məhsulunun 13 milyonu Azərbaycanda istehsal edilmişdir. Aviasiya benzini istehsalı təxminən 85 faiz təşkil edirdi. Cəbhəyə 1 milyon tondan çox B-78 yüksək oktanlı benzin göndərildi. Bütün bunlar sovet qoşunları üçün yanacaq baxımından həlledici üstünlük yaratmağa imkan verdi. Dəhşətli şəraitdə, hər şeydən və hər kəsdən məhrum olan Azərbaycan neftçiləri, bütün cəbhələri yanacaqla tam təmin edirdilər. “Hər şey cəbhə üçün! Hər şey qələbə üçün!” şüarı ilə Azərbaycan neftçiləri 160 dəfə Dövlət Müdafiə Komitəsinin, Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Sovetinin və SSRİ Xalq Neft Sənayesi Komissarlığının Qırmızı Bayrağı ilə təltif olunmuşlar ki, bu da yüksək nailiyyətlərin göstəricisi kimi, o illərdə ağır əməyin qiymətləndirilməsi idi.

1942-ci ilin yayında düşmən Volqaya yaxınlaşanda və Bakı neftinin cəbhələrə çatdırılması üçün birbaşa su yolları kəsiləndə, bakılılar inanılmaz şücaət göstərdilər. Onlar çıxış yolunu daxili ehtiyatlardan istifadəni və qeyri-adi mühəndis həlli təklif etməklə tapıblar. Xəzər dənizinin Abşeron sahilindəki buxtalardan birində, rekord müddətdə dəmir-beton dəniz gəmilərinin tikintisi üçün gəmiqayırma zavodu tikildi. Sement, çınqıl, qum, armatur - 2500 ton yerdəyişmə qabiliyyətinə malik nəhəng neft barjasının tikintisi üçün əsas yerli tikinti materialları idi. Bakı dənizçiləri dünya təcrübəsində ilk dəfə olaraq, yedəkli neft tankerləri ilə Bakıdan Krasnovodska, tutumu bir neçə min ton olan neft çənləri isə, Mahaçqaladan Krasnovodska üz tuturlar. Cəbhə Krasnovodsk və Qaraqum qumları vasitəsilə Bakı neftini almağa başladı. Sovet İttifaqının marşalı Georgi Jukov qeyd edirdi: “Bakı neftçiləri Vətənimizin müdafiəsinə, onun düşmən üzərində Qələbəsinə nə qədər lazımdırsa, o qədər də yanacaq verirdi”.

Azərbaycan döyüşçüləri Böyük Vətən müharibəsi cəbhələrində və Avropada faşizmə qarşı mərdliklə vuruşmuşlar. Almaniyada müharibə ərəfəsində işləyən Rixard Zorge, Sovet rəhbərliyini 6 ay əvvəl yaxınlaşan işğal barədə xəbərdar etdi və artıq müharibə zamanı mütəmadi olaraq strateji əhəmiyyətli məlumatlar göndərdi. Məşhur sovet kəşfiyyatçısı, milliyyətcə alman olan, Bakıda doğulub boya-başa çatan Rixard Zorge İkinci Dünya müharibəsinin ən böyük kəşfiyyatçılarından biri hesab olunur. Zorgenin Sovetlərə verdiyi məlumat 1941-ci il onlara paytaxtı saxlamağa kömək etdi və ehtimal ki, Qırmızı Ordunun Volqa sahillərində qələbəsində böyük rol oynadı.1964-cü ildə ölümündən sonra “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb.

1941-ci il iyunun 22-də Böyük Vətən müharibəsi başlayanda minlərlə azərbaycanlı könüllü olaraq cəbhəyə yollandı. İlk həftədə onların sayı artıq 40.000 idi. Çoxları müqavimət hərəkatı sıralarına yazıldı və 1941-ci ilin sonunda onların sayı demək olar ki, 187 min nəfər idi (87 batalyon, 1123 özünümüdafiə dəstəsi). Həmin dövrdə Azərbaycan SSR ərazisində 77-ci, 223-cü, 396-cı, 402-ci, 416-cı atıcı diviziyalar yaradılmışdı. Məhz 416-cı atıcı diviziya idi ki, Taqanroq alındıqdan sonra ona "Taqanroq" fəxri adı verilmişdir. Ən məşhur diviziya - əsasən azərbaycanlılardan ibarət 416-cı diviziya Berlinə çatdı. 416-cı diviziyasının siyasi idarəsinin rəisi, polkovnik Rəşid Məcidovun başçılıq etdiyi bir qrup azərbaycanlı Berlin üzərində Qələbə bayrağını qaldırıb. Azərbaycan SSR-dən olan əsgərlərin əsas döyüş meydanları Brest qalası uğrunda döyüşlər, Leninqradın müdafiəsi, Moskvanın müdafiəsi, Stalinqrad, Qafqaz, Kursk qabarığı, Krım yarımadası uğrunda gedən döyüşlər, eləcə də Azərbaycanın işğaldan azad edilməsi uğrunda döyüşlər olub. Baltikyanı ölkələr və Şərqi Avropa və Berlin uğrunda döyüş. İkinci Dünya müharibəsi illərində göstərdiyi hərbi şücaətlərə görə 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı, Həzi Aslanov isə bu adı iki dəfə almış, onlardan 14 nəfəri ölümündən sonra təltif edilmişdir. Sovet İttifaqı Qəhrəmanı adını qazanan ilk azərbaycanlı leytenant İsrafil Məmmədov olub. Böyük Vətən müharibəsi illərində Bakıda və respublikanın hər yerində onlarla hərbi hospital fəaliyyət göstərirdi. Rəsmi məlumatlara görə, Azərbaycan SSR xəstəxanaları müharibədən sonra bir çoxu Azərbaycanda qalmış, bir milyon yarım sovet əsgərini sağaldaraq, yenidən döyüşə qayıtmışdırlar.

İkinci Dünya müharibəsinin miqyasına, silahlı mübarizənin intensivliyinə, bilavasitə iştirak edən dövlətlərin sayına görə bəşər tarixində tayı-bərabəri yoxdur. Bu müharibədə ölənlərin ümumi sayı 50 milyon nəfərdir. Böyük Vətən müharibəsində Azərbaycanın qəhrəman övladları şücaət göstərmiş, xalqımızın qəhrəmanlığını dünyaya nümayiş etdirmişdir və qələbədə Azərbaycan xalqının da böyük payı vardır. İkinci Dünya müharibəsi Azərbaycan xalqının tarixində dərin iz buraxdı. 

Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsi haqqında demişdir: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi”. 9 May Qələbə Günündə biz Böyük Vətən müharibəsində Qələbə uğrunda canlarından keçmiş Azərbaycan vətəndaşlarının xatirəsi Müstəqil Azərbaycan Respublikasında böyük ehtiram və minnətdarlıq hissi ilə yad edilir, müharibə veteranlarına xüsusi qayğı göstərilir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdiyi kimi: “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk”. 

 

Masil Dəmirov,

Beynəlxalq münasibətlər üzrə analitik

Sosial həyat