Bu gün daha iki cüdoçumuz mübarizəyə başlayacaq

post-img

Bu gün Azərbaycanın daha iki cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq. Məlumata görə, 90 kiloqram  çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev və Murad Fətiyevin ilk görüşləri otuz ikidə bir final mərhələsinə təsadüf edəcək.

Məmmədəli Mehdiyev bu mərhələdə kamerunlu Kevin Budayinlə, Murad Fətiyev isə rumıniyalı Aleks Kretlə üz-üzə gələcək.

Onu da əlavə edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman