Qarabağ turistlərə “gəl-gəl” deyir

post-img

Qarabağ təkcə Azərbaycanın tarixi yaddaşının və mədəni irsinin daşıyıcısı deyil, həm də ölkənin gələcəyini formalaşdıran strateji bölgədir. Minilliklər boyu müxtəlif sivilizasiyalara ev sahibliyi etmiş bu ərazi qədim Alban məbədləri, orta əsr qalaları, məscidlər, körpülər və daş kitabələrlə zəngin mədəni-tarixi sərvətə malikdir. Lakin bu bölgənin əhəmiyyəti yalnız keçmişin mirası ilə məhdudlaşmır. Hazırda burada geniş bərpa-quruculuq işləri həyata keçirilir.

Məlumdur ki, illərlə işğal altında olan Qarabağdan dağıdılmış infrastruktur, talan edilmiş mədəniyyət abidələri və boşalmış yaşayış məntəqələri qalmışdı. Lakin qələbəmizlə başa çatan 44 günlük müharibədən sonrakı dövrdə həyata keçirilən ardıcıl və sistemli bərpa tədbirləri bölgəni yenidən canlandırır. Artıq “Ağıllı kənd” və “ağıllı şəhər” modelləri Qarabağın atributuna çevrilib. Zəngilanın Ağalı kəndində enerjiyə qənaət edən texnologiyalar, alternativ enerji mənbələri və rəqəmsal infrastrukturun tətbiqi bu modelin uğurlu nümunəsidir. Yeni yollar, rabitə şəbəkələri, məktəblər, xəstəxanalar, su və qaz xətləri, eyni zamanda, beynəlxalq hava limanlarının istifadəyə verilməsi regionun iqtisadi və strateji önəmini artırır.

Qarabağ və ətraf ərazilər həm də zəngin təbiətə malikdirlər. Burada dağlıq və düzənlik relyefin harmoniyası müşahidə olunur. Şuşa, Laçın və Kəlbəcər kimi rayonlar yüksək dağlarla əhatələnib, füsunkar mənzərələri ilə seçilir. Kəlbəcərin bənzərsiz yaylaqları, Tərtər çayı boyunca uzanan dərələr və meşəliklər bu regionu təbiət həvəskarları üçün cəlbedici edir. Ərazidə 30-dan artıq mineral bulaq mövcuddur. İstisu, Yuxarı və Aşağı İstisu kimi məşhur su mənbələri həm müalicəvi xüsusiyyətləri ilə tanınır, həm də sağlamlıq turizmi üçün geniş imkanlar yaradır. Bu bulaqların bərpası və müasir kurort infrastrukturunun yaradılması istiqamətində artıq real addımlar atılır.

Bundan başqa, dağlar, meşələr, dərələr və nadir təbiət mənzərələri ekoturizm, sağlamlıq və qış turizmi üçün geniş imkanlar yaradır. Bu coğrafi üstünlüklər Qarabağda Şahdağ və Tufandağ kimi yeni qış kurortlarının inşasına zəmin yaradır.

Zəngilanın Bəsitçay Dövlət Təbiət Qoruğu isə nadir çinar meşələri ilə tanınır və ekoturizm üçün ideal məkandır. Eyni zamanda, regionun dini turizm potensialı da yüksəktir. Qubadlı, Laçın, Zəngilan, Kəlbəcər, Ağdərə və Xocavənd rayonlarında yerləşən alban və İslam abidələrinin bərpası ilə bu bölgələr zəvvarlar və tarix həvəskarları üçün cazibədar məkanlara çevriləcək.

Mövzu ilə bağlı tarixçi Əmirxan Burzuyev XQ-yə bildirdi ki, Füzuli rayonu həm təbiəti, həm də arxeoloji zənginliyi ilə seçilir: “Günəştəpə, Qaraköpəktəpə və Qarabulaq kurqanlarında aparılan qazıntılar bir neçə minillik tarixə işıq salır. Burada tapılmış hökmdar arabaları, at skeletləri və silahlar qədim dəfn mədəniyyətinin nadir nümunələridir. Gələcəkdə burada yaradılacaq arxeopark həm tarixin təbliğinə, həm də turizmin inkişafına xidmət edəcək.

Azıx mağarası isə Qarabağın qədim dövrlərini əks etdirən nadir arxeoloji məkandır. 350-400 min il əvvələ aid insan qalıqları burada tapılıb. Bu mağaranın turizm marşrutuna daxil edilməsi ilə Azərbaycan tarixinin daha geniş şəkildə təqdimi mümkün olacaq.

Xocavənd rayonu tarixi və təbii zənginliyi ilə seçilir. Tuğ kəndi burada əsas turizm destinasiyası kimi nəzərdə tutulur. Ənənəvi memarlığı qorumaqla mədəni və ekoturizmin, həmçinin aqroturizmin inkişaf etdirilməsi planlaşdırılır. Tarixən şərabçılıq mərkəzi olan bu kənddə müasir turizm kompleksi inşa edilir. Gələcəkdə tədbirlər və festivallar üçün məkanlar, yürüş və haykinq marşrutları, kempinq zonaları yaradılacaq”.

Hadrut qəsəbəsi də turizm üçün əlverişli meşəli dağlıq ərazidə yerləşir. Burada özəl sektorun cəlb olunması ilə istirahət zonalarının yaradılması planlaşdırılır. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycanı Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bizimlə söhbətində bildirmişdi ki, Qarabağda turizm təkcə istirahət məqsədi daşımır: “Səhiyyə, kulinariya, alternativ və “qaranlıq turizm” sahələri də inkişaf etdirilir. Xüsusilə qaranlıq turizm, yəni dağıntılar, müharibə izləri və viranə qalmış ərazilərə səyahət turistlərin marağına səbəb olacaq. Bu bölgə yeni və maraqlı istiqamət kimi inkişaf etdirilir. Ağdamda yaradılacaq 18 hektarlıq Memorial Bağ bu istiqamətin nümunəsidir. Burada dağıdılmış binaların bir qismi saxlanılacaq, gücləndirilmiş virtual reallıq texnologiyası ilə turistlərə müharibənin dəhşətləri göstəriləcək. İşğal muzeyi və Zəfər muzeyi bu təbliğatın mərkəzləri olacaq”.

Qarabağın mədəni irsi isə onun bənzərsiz turizm potensialını tamamlayır. Şuşa şəhəri Azərbaycanın musiqi və poeziya mərkəzi kimi yenidən canlanır. Bülbülün ev-muzeyi, Natəvanın sarayı, Vaqifin məqbərəsi və Şuşa qalası bərpa olunaraq turizmə açıq vəziyyətə gətirilib. Ağdamda salınan mədəniyyət mərkəzləri və muzeylər turizm axınının artmasına xidmət edəcək.

Onu da qeyd edək ki, yerli turistlərlə yanaşı, xarici turistlərin də işğaldan azad olunmuş ərazilərə səfərlərinə icazə verilir. İndi xarici turistlər və Azərbaycanda yaşamaq icazəsi olan şəxslər “yolumuzqarabaga.az” portalı vasitəsilə elektron şəkildə icazə alaraq Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndiyə rahat şəkildə səfər edə bilirlər. Bu sistem yalnız vizasız gələn turistləri deyil, həm də ölkədə müvəqqəti və ya daimi yaşayan əcnəbiləri əhatə edir. Eyni nəqliyyat vasitəsində doqquz nəfərə qədər şəxsin səyahəti mümkün olur ki, bu da ailəvi və qrup halında səyahət edənlər üçün əlavə rahatlıq yaradır.

Yeni sistemin daha bir üstünlüyü isə otel rezervasiyası zamanı avtomatik icazənin verilməsi ilə bağlıdır. Əgər səyyah Qarabağda yerləşən rəsmi otellərdən birində qalmaq üçün əvvəlcədən yer alıbsa, icazə prosedurundan keçməyə ehtiyac qalmır. Bu, həm turistlərin vaxtına qənaət edir, həm də otellər üçün əlavə stimul yaradır. Səfər zamanı isə onlar burada tarixlə üz-üzə qalır, dağıntılar arasında başlanan yeni həyatın şahidi olur, Azərbaycanın quruculuq ruhunu və iradəsini yerindəcə hiss edirlər, ölkəmizin nəyə qadir olduğunu öz gözləri ilə görürlər.

Bununla yanaşı, Azərbaycan hökumətinin xarici qonaqlara azad edilmiş əraziləri avtomobillərlə sərbəst gəzmək hüququ verməsi rəsmi Bakının öz gücünə, təhlükəsizliyinə və inkişaf yoluna olan inamının bariz göstəricisidir. Bu addım həm də Azərbaycanın beynəlxalq ictimaiyyətlə açıq və şəffaf əməkdaşlığa hazır olduğunu, real vəziyyəti gizlətmədən təqdim etməyə qadir olduğunu nümayiş etdirir.

Sonda onu da qeyd edək ki, atılan bu addımlar Qarabağın turizm baxımından dirçəlməsi və iqtisadi inkişafı üçün ciddi potensial yaradır. Hər bir səfər, hər açılan marşrut xidmət sahələrinin inkişafını sürətləndirir, yeni restoranların, nəqliyyat xidmətlərinin və digər bizneslərin yaranmasına səbəb olur. Nəticədə, bölgədə yeni iş yerləri açılır, əhali üçün gəlir imkanları artır. Bu isə ümumilikdə dayanıqlı iqtisadi modelin formalaşmasına xidmət edir, yerli sahibkarlığın inkişafını stimullaşdırır, milli mətbəx və sənətkarlığın geniş tanıdılmasına şərait yaradır.

Bir faktı da nəzərə çatdırmaqda fayda var: Zəngəzur dəhlizinin açılması bölgənin nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, beynəlxalq turizm axınının güclənməsinə də şərait yaradacaq. Füzuli, Zəngilan və Laçın hava limanlarının fəaliyyəti Qarabağı və Şərqi Zəngəzuru dünya ilə birləşdirən əsas qovşaqlara çevirəcək.

Beləliklə, Qarabağ tarix və müasirliyin, təbiət və texnologiyanın, mədəniyyət və innovasiyanın qovuşduğu, həm yerli, həm də xarici qonaqlar üçün rahat istirahət və unudulmaz xatirə vəd edən turizm mərkəzinə çevrilir. Bu bölgəyə gələn hər bir insan xarabalıqdan dirçələn torpağın canlı şahidinə çevrilir, Azərbaycanın sülhə, inkişafa və şəffaflığa əsaslanan siyasətinə bir daha şahid olur.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət