Regional liderlik və strateji konsensus

post-img

Xankəndidən dünyaya qlobal mesajlar göndərildi

Azərbaycanın evsahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü regional və beynəlxalq diplomatik dinamika kontekstində tarixi əhəmiyyət daşıyır. Xüsusilə, tədbirin Qarabağın mərkəzi olan Xankəndidə keçirilməsi Azərbaycanın son illər yaratdığı yeni geosiyasi reallığın beynəlxalq platformada təsdiqi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin bu toplantıda çıxışı isə siyasi baxımdan çoxqatlı və hədəfə yönəlmiş mesajlarla zəngin oldu.

Prezidentin “qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz” nidası suverenlik, tarixi ədalət və diplomatik iradənin simvolik ifadəsidir. Onun sözləri Azərbaycanın ərazi bütövlüyünün hüquq müstəvisində bərqərar olduğunu, Qarabağın yeni dövrdə diplomatik, iqtisadi və mədəni platformalara evsahibliyi edən bir məkana çevrildiyini nümayiş etdirir. Əvvəllər separatizm və münaqişə ilə xatırlanan Xankəndinin artıq beynəlxalq təşkilatların görüşlərinin keçirildiyi bir şəhər kimi tanınması Azərbaycan diplomatiyasının əldə etdiyi mühüm nəticələrdən biridir.

Prezident Əliyev çıxışında Azərbaycanın 30 il işğal altında qalmış ərazilərində aparılan vandalizm aktlarını – məscidlərin dağıdılması, qəbiristanlıqların məhv edilməsi və mədəni irsin talan olunmasını xatırlatmaqla, Ermənistanın beynəlxalq hüquq və humanitar prinsipləri pozduğunu diqqətə çatdırdı. Faktların təqdimatı həm də beynəlxalq auditoriyanı Ermənistanın müharibə dövründəki və post-münaqişə mərhələsindəki məsuliyyətsiz davranışlarına qarşı həssaslığa çağırır. Xüsusilə, dini ibadət yerlərinin təhqir olunması və minaların hələ də insan həyatı üçün təhlükə mənbəyi olması Azərbaycanın ədalətli mövqeyini daha da legitimləşdirir.

Çıxışın diqqətçəkən hissələrindən biri də Azərbaycan tərəfindən həyata keçirilən “Böyük Qayıdış” Proqramı oldu. Proqram çərçivəsində 50 mindən çox insanın artıq azad edilmiş ərazilərə qayıtdığı, yeni şəhər və kəndlərin tikildiyi bildirildi. Prezidentin bu prosesi faktlarla təqdim etməsi Azərbaycanın, eyni zamanda, məsuliyyətli dövlət obrazı formalaşdırmaqda olduğunu göstərdi.

Digər mühüm vurğu isə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqları məsələsi idi. Prezident bu məsələni beynəlxalq hüquq çərçivəsində gündəmə gətirməklə yanaşı, İƏT-in son qətnaməsinə və İstanbul Bəyannaməsinə istinad etdi. Bütün bu vurğular göstərir ki, Azərbaycan artıq bu məsələdə tək deyil, beynəlxalq müttəfiqləri ilə birgə vahid diplomatik platforma formalaşdırmağa çalışır və yumşaq güc siyasətində daha çevik və sistemli strategiya qurduğunu sübut edir.

Eyni zamanda, Prezidentin çıxışında COP29 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməkdən tutmuş, İƏT çərçivəsində yaradılan yeni mərkəzlərə qədər uzanan geniş diplomatik və iqtisadi təşəbbüslər də yer aldı. Azərbaycanın iqlim diplomatiyası, təmiz enerji siyasəti regional forumların təşkili ilə bağlı aktivliyi, ölkənin yalnız ənənəvi enerji resursları ilə deyil, həm də yaşıl diplomatiya vasitəsilə beynəlxalq nüfuzunu gücləndirdiyini göstərir. Şuşada, Ağdamda və Laçında keçirilən forumlar bu ərazilərin artıq sabitlik, əməkdaşlıq və inkişaf məkanları olduğunu təsdiqləyir.

Prezident Əliyev çıxışında Azərbaycanın nəqliyyat və enerji sahələrindəki rolunu da vurğuladı. Dünyanın 12 ölkəsinə təbii qaz ixrac edən, eyni zamanda, Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin kəsişməsində yerləşən ölkə olaraq Azərbaycan regionda iqtisadi və strateji mərkəzə çevrilib.

Bütövlükdə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın diplomatik fəallığının, strateji dərinliyinin və yeni dövrə uyğun siyasi modelinin ifadəsi idi. Azərbaycan dünya diplomatiyasına bir daha bəyan etdi: regionda yeni reallıq yaranıb və bu reallığın mərkəzində Azərbaycan dayanır.

Xankəndidə keçirilən İƏT-in 17-ci Zirvə görüşündə Pakistan, İran və Türkiyə kimi regionun əsas güc mərkəzlərini təmsil edən ölkələrin liderlərinin çıxışları siyasi və strateji baxışlar baxımından diqqətəlayiq idi. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışı Azərbaycanın diplomatik ev sahibliyinə verilən yüksək dəyərlə seçildi. Onun “əziz qardaşım, Prezident İlham Əliyevi təbrik edirəm” sözləri Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətlərinin diplomatik müstəvidə təsdiqidir. Pakistan Prezidenti Azərbaycanın İƏT-ə sədrliyi və Xankəndidə tədbirin yüksək səviyyədə təşkili ilə yeni bir mərhələ yaratdığını vurğulamaqla yanaşı, iqtisadi əməkdaşlığın dərinləşməsi üçün regional dialoqun vacibliyinə işarə etdi.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian isə çıxışında xüsusilə Azad Ticarət Zonası ideyasını önə çəkərək, iqtisadi inteqrasiyanın yeni mərhələyə qədəm qoymasının vacibliyini qeyd etdi. Onun sözləri İranın ECO vasitəsilə regiondakı təcridini yumşaltmaq, həm də qonşularla iqtisadi dərinlik yaratmaq istəyi ilə səsləşir. Pezeşkian öz çıxışı ilə Azərbaycana minnətdarlıqla yanaşı, İranın bu platforma vasitəsilə regional sabitlik və iqtisadiyyatın sabahı üçün töhfə verməyə hazır olduğunu göstərdi.

Zirvənin ən yaddaqalan çıxışlarından biri, şübhəsiz ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsus idi. R.T.Ərdoğan çıxışını strateji rəmzlər və simvolik mesajlarla zənginləşdirdi. O, Xankəndidə keçirilən tədbirin “işğaldan azad edilmiş şəhərdə baş tutmasının” əhəmiyyətini vurğulamaqla, bu məkanı siyasi və tarixi məna ilə də yüklədi. Ərdoğanın ifadə etdiyi “bu qədim şəhərin Qafqazın yeni inkişaf və sülh mərkəzinə çevriləcəyinə ürəkdən inanıram” fikri, Türkiyənin Azərbaycanla birlikdə post-münaqişə dövründə regional sabitliyi təşviq edən siyasətinin diplomatik kodu idi. Onun çıxışı Türkiyənin Cənubi Qafqazda öz təsir dairəsini Azərbaycanla sıx inteqrasiya vasitəsilə qurmağa davam etdiyini nümayiş etdirdi. Ərdoğanın çıxışında diqqətçəkən başqa bir məqam isə iqlim dəyişikliyi və təmiz enerji mövzusunda Azərbaycana verilən dəstək idi. Onun Şuşanın 2026-cı il üçün ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik etməsi isə Azərbaycanın mədəni irsi ilə iqtisadi diplomatiyanın vəhdətinə verdiyi önəmi nümayiş etdirdi.

Hər üç liderin çıxışında ortaq elementlər açıq şəkildə sezilirdi: Azərbaycanın diplomatik uğurlarına hörmət, ECO çərçivəsində əməkdaşlığın dərinləşməsinə dəstək və geosiyasi sabitlik üçün kollektiv məsuliyyətin paylaşılması.. Xüsusilə, İran və Pakistanın bir-biri ilə fərqli münasibətlərinə baxmayaraq, burada Azərbaycanın təşəbbüskar və balanslaşdırıcı diplomatiyası sayəsində ortaq mövqelərin formalaşdığı aydın sezilir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Xankəndidəki çıxışı yalnız diplomatik etiketin ifadəsi deyildi. Onun “qədim Qarabağ torpağında, Xankəndidə sizinlə görüşməkdən olduqca məmnunam” sözləri Azərbaycanın ərazi bütövlüyünə verilən qardaş dəstəyin siyasi məzmunlu ifadəsi idi. Mirziyoyevin bu məkanın “sülh və inkişaf məkanına çevrilməsi” barədə bəyanatı post-münaqişə dövründə Azərbaycanın həyata keçirdiyi bərpa və reinteqrasiya siyasətinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Mirziyoyevin təqdim etdiyi “Strateji Məqsədlər – 2035” vizyonu isə İƏT-in gələcək baxış bucağını formalaşdırmaq niyyətində olan “yol xəritəsi” kimi təqdim edildi. O, klassik sahələrlə yanaşı, süni intellekt, rəqəmsal texnologiyalar və innovasiyalar üzrə əməkdaşlığın gücləndirilməsini təklif etdi.

Özbəkistan liderinin çıxışında qlobal təchizat zəncirlərinin dayanıqlılığı məsələsi xüsusi yer tutdu. Çin–-Qırğızıstan–Özbəkistan dəmir yolunun və Trans-əfqan dəhlizinin strateji əhəmiyyəti vurğulanaraq, bu təşəbbüslərin yalnız ticarət axınlarını deyil, həm də geosiyasi sabitliyi təmin etməyə yönəldiyi aydın mesaj kimi təqdim olundu.

Türkmənistan, Tacikistan, Qazaxıstan, Əfqanıstan, Şimali Kipr və Nigeriya nümayəndələrinin çıxışlarında Azərbaycan diplomatiyasına və liderliyinə verilən qiymətləndirmə, regional siyasətdə Azərbaycanın yüksələn nüfuzunun və İƏT çərçivəsində qurduğu əməkdaşlıq modelinin qəbul olunduğunu göstərdi.

Bütövlükdə, İƏT-in 17-ci Zirvə toplantısı yeni diplomatik arxitekturanın inşa olunduğu bir platforma idi. Azərbaycanın təşəbbüsü ilə baş tutan bu tədbir həm beynəlxalq hüquq müstəvisində status-kvonun dəyişdiyini, həm də regionun gələcəyinə dair söz sahibi olmağın real geosiyasi imkanlara söykəndiyini sübut etdi.

Z.ŞƏBNƏM,
XQ-nin siyasi analitiki



Siyasət