Yüksək hədəflərə ortaq əzmlə

post-img

Azərbaycan–İran münasibətləri yeni mərhələdə

Qonşu ölkələrlə səmimi münasibətlərin, qarşılıqlı faydalı əməkdaşlığın qurulması, regional təhlükəsizlik məsələlərinin birgə və yüksək səviyyədə təşkili, bölgədə möhkəm və uzunömürlü sülh və əmin-amanlığın bərqərar olması. Bunlar Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətləridir. Bakı daim regional əməkdaşlığın, qonşularla faydalı dialoqun tərəfdarı kimi çıxış edib. Yəni, bu istiqamətlərdəki fəaliyyətində açıq siyasət yürüdüb. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, qonşu ölkələrlə əlaqələr hər zaman bizim üçün əsas prioritetlərdən olub və bu istiqamətdə konkret addımlar atılıb.

Azərbaycan–Gürcüstan–Türkiyə, Azərbaycan–İran–Türkiyə, Azərbaycan–İran–Rusiya üçtərəfli əməkdaşlıq formatları Cənubi Qafqazda siyasi, iqtisadi təhlükəsizliyin təmin edilməsində bir sıra uğurlara nail olub. Ölkəmiz o cümlədən, qonşu İranla əməkdaşlığın şaxələnməsində və dərinləşməsində maraqlı olduğunu əməldə sübut edib. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri, Bakıda keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər onu deməyə əsas verir ki, qarşılıqlı əməkdaşlıq əlaqələri daha da möhkəmlənəcək. Buraya dövlət başçıları arasında yaranmış səmimi dostluq münasibətini, onların bir-birinə “Əziz qardaşım!” deyərək müraciət etmələri ölkələrimizin yeni hədəflərə doğru yeni nəfəslə gedəcəyinə böyuk ümidlər verir.

***

Son üç ildə məlum səbəblərdən Azərbaycan–İran münasibətlərində müşahidə olunan soyuqlaşmanın ardınca istiləşmə mərhələsinin başlanması təsadüfi sayıla bilməz. Qonşu dövlətlərin rəsmiləri arasında təmasların intensivləşməsi, hökumətlərarası işçi qrupunun yeni layihələr üzərində çalışmalara başlaması, Bakıda və Tehranda keçirilən regional tədbirlərdə əksər məsələlərə yanaşmada mövqelərin yaxınlaşması və nəhayət, İİR Prezidenti Məsud Pezeşkianın Bakıya rəsmi səfəri gözlənilən bəhrəni verməli idi və verdi. Azərbaycan bu gün ikitərəfli münasibətlərdə müşahidə olunan pozitiv dinamikanı ləngidən səbəbləri, daha doğrusu, konkret səbəbi unutmayıb. 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror hadisəsi, bu zaman diplomatik nümayəndəliyin bir əməkdaşının həlak olması və ikisinin yaralanması heç də üstündən sükutla keçiləsi olay deyildi. Rəsmi Bakı hətta o həssas dönəmdə belə hadisənin beynəlxalq hüquq və diplomatik toxunulmazlıq prinsipləri əsasında araşdırılması və cinayətkarın cəzalandırılması tələbi üzərində dayandı. Bu, Prezident İlham Əliyevin ədalətin bərpa olunması üçün nümayiş etdirdiyi qəti və prinsipial mövqe idi.

Həmin hadisə baş verəndən dərhal sonra İlham Əliyev səfirliyin fəaliyyətinin dayandırılması, diplomatlarımızın geri çağırılması ilə bağlı tapşırıq verdi. Eyni zamanda, məsələ ilə əlaqədar Azərbaycan dövlətinin prinsipial və dəyişməz mövqeyini açıqladı. Bakının haqlı narazılığına, hətta hiddətinə səbəb olan bu qanlı hadisə ilə bağlı “cinayətkar həbs olunmalı və cəzasını almalıdır” tələbinə uyğun şəkildə Tehranın, nəhayət, zəruri tədbirləri görməklə son qərarını verməsi iki ölkənin münasibətlərində gərginliyə səbəb olmuş xoşagəlməz olayı artıq arxada qalmış mərhələ kimi qəbul edə bilərik. Mövzuya yekun olaraq onu bildirmək istəyirik ki, terrorçu ilə bağlı məhkəmə qərarının icrası bir daha Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin öz vətəndaşının yanında olmasının, ona sahib çıxıb arxasında durmasının – rəhbər qətiyyətinin və prinsipiallığının aydın nümayişi kimi qəbul edilməlidir.

***

İkitərəfli münasibətlərin müsbət məcraya düşməsini şərtləndirən amillərdən danışarkən, Prezident Məsud Pezeşkianın Azərbaycana rəsmi səfərinə qədər aparılan müzakirələr, eləcə də nümayəndə heyətləri səviyyəsində baş tutan yüksək səviyyəli görüşlər əlaqələrin donunun açılmasına rəvac, inkişafına yeni təkan və yeni nəfəs verdi. Bakı Tehranla bütün müstəvilərdə səmimi qonşuluq münasibətlərinə sadiqliyini, beynəlxalq hüquqa və ədalətə söykənən haqlı mövqeyini nümayiş etdirdi. Elə Qarabağ zəfərinin qazanılması, sonda ədalətin təntənəsinə nail olunması da Azərbaycanın bu prinsiplərə daim sadiq qalmasının təbii nəticəsi sayılmalıdır. Həmin mərhələdə də İran–Azərbaycan münasibətləri müəyyən sınaqlardan keçməli oldu.

2025-ci ili tam cəsarətlə son 30 ildə Bakı–Tehran dialoqunun özünün zirvə nöqtəsinə çatdığı il adlandırmaq olar. İndi bu zirvədən baxanda irəlidə tərəflərə yalnız fayda verəcək, uğur gətirəcək perspektivləri görürük. Cari ilin diplomatik yaddaşında qalacaq hadisələrdən biri də mayın 18-19-da Tehranda keçirilən Dialoq Forumu və burada Cənubi Qafqazdan tutmuş Yaxın Şərqə, Orta Asiyadan Avropaya qədər müxtəlif ölkələrdən nümayəndələrin iştirakı ilə regional və qlobal məsələlərin müzakirə edilməsi oldu. “Bu gün regionda sülh üçün ideal şərait yaradılıb. Hətta deyə bilərik ki, regionda faktiki sülh və sabitlik hökm sürür. Azərbaycan əlindən gələni edəcək ki, regionda tam və yekun sülh bərqərar olsun”. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq Forumunun panelində bildirib. O, həmçinin çıxışında İranın da milli maraqlarına cavab verən “3+3” regional formatın əhəmiyyətini, bölgə ölkələri arasında əməkdaşlığın funksionallığının artırılmasının vacibliyini qeyd edib. Azərbaycan–İran münasibətlərinin artıq yeni mərhələyə qədəm qoyduğu danılmaz fakt və günün reallığıdır. Tarixi, mədəni və dini tellərlə bir-birinə bağlı bu iki qonşu ölkə qarşılıqlı hörmət, mehriban qonşuluq və dinc yanaşı yaşamaq prinsipləri əsasında əməkdaşlığı daha da dərinləşdirilməkdə qərarlıdırlar. İran Prezidenti Bakıya səfərində vurğuladığı kimi, ölkələrimiz bütün sahələrdə əməkdaşlıq edə bilərlər: “Elə bir bölgə yarada, ölkələr arasında elə bir əlaqə qura bilərik ki, Avropa ölkələri arasında olan əlaqələrdən daha üstün olsun. Bunun üçün yolları birləşdirək, maliyyə, ticarət əlaqələrimizi düzəldək, Şimal–Cənub, Şərq–Qərb dəhlizlərini yaradaq. Bütün bunları qarşılıqlı dəstək sayəsində həyata keçirək”. Siyasi iradənin göstəricisi sayılan bu mesaj Azərbaycan lideri tərəfindən məmnunluqla qəbul edildi və dəstəkləndi. Məsud Pezişkianın “İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər” fikri isə dünyaya ünvanlanan ciddi mesaj idi. Buna cavab olaraq, Azərbaycanla İranın önəmli beynəlxalq layihələrdə iştirak etdiyini diqqətə çatdıran dövlətimizin başçısı iki ölkənin Şimal–-Cənub nəqliyyat dəhlizi üzrə sıx əməkdaşlıq etdiyini söylədi. Prezident İlham Əliyevin açıq şəkildə söylədiyi “biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq” fikri qarşılıqlı əməkdaşlığın daha geniş üfiqlərə yönələcəyinin ismarıcı idi.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

– Əslində, Azərbaycan–İran münasibətləri indikindən daha geniş və çoxşaxəli olmalıdır. Nəzərə alsaq ki, bizim min illər əvvələ gedib çıxan tarixi, mədəni, dini, etnik bağlarımız var, hazırda iki ölkə arasında həm ticarət dövriyyəsi, həm də mədəni əlaqələr heç də istədiyimiz səviyyədə deyil. Çünki hər iki tərəf böyük potensiala malikdir və bu potensialdan maksimum faydalanmaq olduqca vacibdir. Təəssüf olsun ki, müəyyən qüvvələr bu münasibətlərə xələl gətirməkdən ötrü uzun müddət çalışıblar. Məqsəd qonşu ölkələr arasında əlaqələrə mənfi təsir göstərmək idi. Həmin bədxahlarımızın, kənar aktorların adları çəkilməsə də, onları Bakı da yaxşı tanıyır, Tehran da. Artıq aşkar görünməkdədir ki, o maneələrin aradan götürülməsi prosesi başlanıb. İki ölkə rəsmilərinin görüşlərində sənaye, nəqliyyat, energetika sahələri ilə bağlı birgə layihələrin reallaşdırılması müzakirə edilir. Bu layihələr tam gerçəkləşdiyi halda, təbii ki, ticarət dövriyyəsinin həcmi də artacaq. Eyni zamanda, siyasi əlaqələr də xeyli genişlənəcək.

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri siyasi dialoqun yüksək səviyyəyə çatmasının göstəricisidir. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev son dörd-beş ayda bir neçə dəfə İrana səfər edib, Tehranda yüksək səviyyəli görüşlər keçirib. Xarici işlər nazirlərimiz mütəmadi görüşür və məsləhətləşmələr aparırlar. Bu təmaslar böyük əhəmiyyət kəsb edir. Düşünürük ki, İranla münasibətlərin möhkəmlənməsi və genişlənməsi iki qonşu dövlətin və xalqın mənafeyinə xidmət edəcək.

İmran BƏDİRXANLI
XQ



Siyasət