Gələn il Ermənistanda növbəti parlament seçkiləri keçirilməlidir. Qanunverici orqana sonuncu seçkilərin 2021-ci il iyunun 20-də baş tutduğunu nəzərə alaraq deyə bilərək ki, növbəti seçimlər də məhz gələn ilin iyununda olacaq. Müxalifət isə vaxtaşırı hakimiyyətin istefasını, növbədənkənar seçkilərin keçirilməsini tələb edir. Baş nazir Nikol Paşinyan seçkilərin öz zamanında keçiriləcəyini bir neçə dəfə bəyan edib.
Amma, əlbəttə, fors-major halların yaşanması da mümkündür. Son illərdə iqtidarın reytinqinin aşağı düşməsi fonunda belə bir halın baş verməsi bir çox siyasi texnoloqlar tərəfindən ehtimal edilir. Beləliklə, deyə bilərik ki, Ermənistanda daxili ictimai-siyasi vəziyyət tufanqabağı sakitiliyi xatırladır. Onu da nəzərə almaq lazımdır ki, martın 30-da ölkənin ikinci böyük şəhəri olan Gümrüdə və Armavir vilayətinin Parakar genişləndirilmiş icmasında keçirilən mer seçkilərində “Mülki müqavilə” partiyası məğlubiyyətə uğrayıb. Hakim partiya, xüsusilə, Parakarda böyük fərqlə uduzub. “Hraparak” qəzeti yazır ki, “Mülki müqavilə”nin elitası Parakardakı biabırçı məğlubiyyətdən sonra özünə gələ bilmir. Təbliğat-təşviqat kampaniyasında əslən Parakardan olan əmək və sosial məsələlər naziri Narek Mkrtçyanla yanaşı, Armavir vilayətinin keçmiş qubernatoru Ambartsum Matevosyan, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, vilayətin hazırkı qubernatoru Arqişti Mexakyan və “Mülki müqavilə”nin vilayətlə bağlılığı olan digər üzvləri də iştirak ediblər.
Qəzet yazır: “Mülki müqavilə”nin Parakar şəhərinin meri vəzifəsinə namizədi Lüdviq Gülnazaryanın yekun mitinqində Narek Mkrtçyan qalib gələcəklərinə o qədər arxayın idi ki, koalisiya qurmaqla bağlı heç bir problem olmayacağını, 50+1 faiz səs toplayaraq qalib gələcəklərini söyləmişdi. Reallıqdan qopmuş və məğlubiyyətdən şoka düşən Nikol Paşinyan indi hər şeyin təqsirini “Mülki müqavilə”nin yetərincə səlahiyyəti olmayan deputatlarının üzərinə yıxaraq, “günah keçisi” axtarmağa çalışır. “Mülki müqavilə”nin üzvləri isə əmindirlər ki, bu, yerli özünüidarə orqanlarına seçkilər deyil, müəyyən mənada ümumxalq seçkiləri idi və onlar konkret şəxsi yox, siyasi qüvvəni, yəni Paşinyanı seçiblər”.
Seçkilərin nəticələri bir daha göstərdi ki, Paşinyanın siyasi dayaqları güclü deyil. Situasiyanı şərh edən politoloq Andranik Ovannisyan özünün “Telegram” kanalında yazır: “Son bir neçə ildə Ermənistanda əsas daxili siyasi problem ondan ibarətdir ki, ölkə sakinlərinin mütləq əksəriyyəti sadəcə olaraq indiki siyasi qüvvələrə – nə hakimiyyətə, nə də müxalifətə inanır. Bunu həm sosioloji tədqiqatların nəticələri, həm də seçki prosesləri sübut edir. Belə ki, 2023-cü ilin sentyabrında İrəvanda keçirilən son seçkilərdə seçicilərin cəmi 28 faizi iştirak etmişdi. Bu, aşkar faktdır. Biz bunun nəticəsində Ermənistan vətəndaşlarının dövlət üçün fundamental əhəmiyyət kəsb edən siyasi proseslərə, o cümlədən “Artsax”ın itirilməsinə və hakimiyyətin Ermənistan Respublikasının milli maraqlarına zidd olan yeni konstitusiya qəbul etmək niyyətinə uzun sürən etinasızlığının və total laqeydliyinin şahidi oluruq”.
Ovannisyan onu da bildirib ki, yaranmış vəziyyətdə minlərlə insanı öz ətrafında birləşdirəcək ideyanın formalaşdırılması həll yollarından biri ola bilər. Lakin bu ideya ilə gənc nəslin nümayəndələrinin siyasi sahəyə çıxması, onların arxasında təcrübəli və peşəkar dövlət məmurlarının milli təhlükəsizliyin təmini kontekstində mümkün risklərin yumşaldılmasına güclü dayaq kimi durması son dərəcə vacibdir.
Bütövlükdə, ölkədə mövcud olan vəziyyət ekspertlər tərəfindən müsbət qiymətləndirilmir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, hərbi-siyasi ekspert Fuad Abdullayev mövzu ilə bağlı XQ-yə açıqlamasında bildirdi ki, Ermənistan son illərdə çox mürəkkəb siyasi transformasiya dövründən keçir. Onun sözlərinə görə, 2020-ci ildə baş tutan İkinci Qarabağ müharibəsindən sonra hakimiyyətə etimad sarsılsa da, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın partiyası əhəmiyyətli qələbə qazandı. Lakin bu qələbə həm də müxalifət arasında parçalanmanın və alternativ liderlik böhranının nəticəsi idi. Hazırda isə ictimai rəyin tədricən dəyişildiyini müşahidə etmək mümkündür. Xüsusilə, son vaxtlar ABŞ və Rusiya arasında münasibətlərdə müşahidə edilən normallaşma Ermənistandakı daxili ictimai-siyasi vəziyyətə müəyyən qədər təsir göstərib. Bəlkə də bu normallaşma prosesi Ermənistanda müxalifət qüvvələrinin fəallaşmasına gətirib çıxarıb.
F.Abdullayevin fikrincə, hazırda Hayastanda baş verən proseslərin müşahidəsi onu deməyə əsas verir ki, siyasi qeyri-sabit vəziyyətin yaranmasına iki amil təsir edir: “Əlbəttə, bunların başında müxalifətin radikal qanadının, xüsusilə “Daşnaksütyun”un gizli və açıq fəaliyyəti dayanır. Lakin digər tərəfdən Ermənistan hakimiyyətinin apardığı daxili siyasət də ölkədə müxtəlif kateqoriyaya daxil olan sıravi vətəndaşlar arasında ciddi etirazlara səbəb olur. Bu etirazlar isə müxalifət qüvvələri tərəfindən hakimiyyətə qarşı təbliğat kimi istifadə edilir”.
Ölkədə mövcud olan güc balansına gəlincə isə ekspert bildridi ki, müxalifət hələ də parçalanmış vəziyyətdədir və əsasən iki istiqamətə toplaşır: “Əlbəttə, bunlardan biri ənənəvi, keçmiş rejim qüvvələri – Robert Koçaryan və Serj Sarkisyan ətrafında cəmləşmiş, amma cəmiyyətin böyük hissəsi arasında qeyri-populyar olan qruplardır. Digəri isə yeni nəsildir. Doğrudur, onlar Paşinyanın siyasətinə qarşı çıxırlar. Lakin özləri arasında koordinasiya çox zəifdir. Bu parçalanma səbəbindən müxalifətin qısa müddətdə vahid platforma ətrafında konsolidasiyası çətin görünür. Onlar hələ də liderlik məsələsində, ya da strateji mövqelərdə razılığa gələ bilmirlər. Xüsusilə, keçmiş prezidentlər Koçaryan və Sarkisyan arasında narazılıq yaşanır. Son vaxtlar bu narazılıq daha çox müşahidə olunur və müxalifətin vahid fraksiya şəklində konsolidasiyasına mane olur”.
F.Abdullayevin sözlərinə görə, digər tərəfdən daha bir fakt var ki, bu da hazırda Ermənistanın daxili ictimai-siyasi məkanında fəaliyyət göstərən əksər partiyaların Koçaryana və Sarkisyana bağlı olmasının əhali arasında bilinməsidir: “Onların liderlərinin reytinqi də çox aşağıdır. Alternativ və ya keçmiş hakimiyyətə bağlı olmayan müstəqil siyasi partiya və lider isə hazırda Ermənistanda müşahidə edilmir. Bu səbəbdən hazırkı mənzərədə Paşinyanı devirmək real görünmür. Çünki sistemli alternativ yoxdur. İnzibati nəzarət isə Paşinyan komandasının əlindədir. Əlbəttə, bu da seçkilərə gedən yolun onların şərtlərinə uyğun formalaşmasına səbəb olur. Lakin gözlənilməz ictimai etirazlar, regionda baş verən geopolitik dəyişikliklər və iqtisadi böhran ehtimalı vəziyyəti dəyişə, bu halda fərqli ssenarilər gündəmə gələ bilər.
Nəticə etibarilə onu qeyd edə bilərəm ki, Paşinyan və müxalifət 2026-cı il seçkilərində qalib gəlmək üçün hazırlıqlara başlayıblar. Lakin ölkədə yaşanan iqtisadi problemlər, işsizlik və sosial narazılıqlar müxalifətin şanslarını artırır. Mövcud vəziyyət deməyə əsas verir ki, 2026-cı il seçkilərinə qədər müxalifət daxilində narazılıq davam etsə, – bunun ehtimalı yüksəkdir – Paşinyan komandasının seçkilərdə qalib gəlmək ehtimalı var. Lakin əgər müxalifət vahid namizədlə çıxış etsə və ictimai dəstək qazana bilsə, Paşinyanın hakimiyyətdən getməsi mümkündür. Müxalifətin uğurunun onun birliyindən və ictimai dəstək qazanmaq qabiliyyətindən asılı olacağını düşünürəm”.
Müsahibimiz qeyd etdi ki, keçirilmiş müəyyən sorğular bu gün Ermənistanın daxili siyasi vəziyyətində qeyri-sabit durumun yaşandığını deməyə əsas verir: “Məsələn, “Gallup” beynəlxalq assosiasiyası tərəfindən mart ayının əvvəllərində keçirilmiş sorğunun nəticələrinə əsasən, respondentlərin 56,3 faizi ölkədə siyasi vəziyyətin qeyri-sabit olduğuna əminlik ifadə edib, 6,4 faizi tam sabit olduğunu bildirib. Digər tərəfdən 2025-ci ilin əvvəlində keçirilən yerli seçkilər və ictimai rəy sorğuları göstərir ki, seçicilərin böyük bir hissəsi siyasi proseslərə inamsızdır. Sorğulara əsasən seçicilərin 27,2 faizi seçkilərdə iştirak etməyəcəyini, 13,3 faizi isə heç bir partiyaya səs verməyəcəyini bildirib. Bu isə seçki prosesinə olan inamsızlığın və siyasi apatiyanın göstəricisidir”.
Səxavət HƏMİD
XQ