Azərbaycanın yeni xarici siyasət arxitekturası

post-img

VII ADA Siyasi Forumunun geosiyasi yenidənqurma mesajları

ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda VII ADA Siyasi Forumu qlobal nizamın yenidən formalaşdığı bir dönəmdə Azərbaycan üçün mühüm tribuna oldu. Bu forum həm siyasi diskussiya məkanı, həm də yeni dövrün simvolu, Azərbaycan reallığının beynəlxalq auditoriyaya təqdim olunduğu mühüm platforma kimi yadda qaldı. Prezident İlham Əliyevin çıxışı isə bu platformanın məzmununa siyasi ağırlıq, strateji hədəf və ideoloji dərinlik gətirdi. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində aktiv aktor olduğunu açıq şəkildə nümayiş etdirdi.

Prezidentin forumdakı fikirləri iki mühüm aspekti üzə çıxardı: bir tərəfdən Azərbaycanın beynəlxalq təşkilatlarla, xüsusilə də Qərb institutları ilə yaşadığı dərin məyusluq və narazılıq, digər tərəfdən isə ölkənin öz daxili gücünə əsaslanan yeni siyasi kursu. Bu çıxış, eyni zamanda, Azərbaycanın diplomatik ritorikasında keyfiyyət dəyişikliyini – “reaktiv mövqedən” “proaktiv siyasətə” keçidi göstərdi.

Dövlət başçımızın çıxışında yer alan əsas mövzulardan biri – beynəlxalq təşkilatların, o cümlədən, Avropa Şurası, AŞPA, ATƏT və digər strukturların Cənubi Qafqazda ədalətin bərqərar olunmasında passiv və qeyri-obyektiv yanaşması idi. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvü oldu. İllərlə sivil dəyərlərin, insan hüquqlarının müdafiəsi adı altında Avropa Şurası ilə tərəfdaşlıq qurmağa çalışdı. Lakin İkinci Qarabağ müharibəsi və postmünaqişə dövründə bu təşkilatın ikili standartları daha da aydın göründü. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın Avropa Şurası ilə olan yeganə real nailiyyəti 2005-ci ildə AŞPA-nın qəbul etdiyi qətnamə oldu. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü dəstəklənsə də, onun icrası heç zaman reallaşmadı – Avropa qurumları bir daha beynəlxalq hüququ yalnız “kağız üzərində” müdafiə etdiklərini sübut etdilər.

İlham Əliyevin forumda səsləndirdiyi fikirlər Azərbaycan üçün əhəmiyyətli bir mərhələni və eyni zamanda, beynəlxalq diplomatiyanın ikili standartlarını sərt şəkildə ifşa edir. Prezidentin çıxışında vurğulanan əsas məqamlar yalnız Azərbaycanın haqlı mübarizəsini deyil, həm də Avropa Şurası və beynəlxalq qurumların hərəkətlərinin geosiyasi amillərlə necə təhrif olunduğunu göstərir. AŞPA-nın 2023-cü ilin sentyabrında Qarabağda baş verən hadisələrə verdiyi reaksiyalar regiondakı mövcud vəziyyətin daha dərindən təhlilini tələb edir.

ATƏT-in Minsk qrupunun Strasburqda verdiyi bəyanat Qərbin mövqeyinin nə dərəcədə monolit olduğunu və bu güc üçlüyünün – ABŞ, Rusiya və Fransanın – prosesdə nə qədər dominant olduqlarını bir daha sübut etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra AŞPA-nın nümayəndə heyətini səsvermə hüququndan məhrum etməsi ciddi bir geosiyasi mesajdır. Avropa Şurası insan hüquqları, demokratiya və qanunun aliliyi kimi dəyərləri vurğulasa da, bu "cəzalandırma" addımının real səbəbləri çox açıqdır: Azərbaycan öz müstəqilliyini və ərazi bütövlüyünü bərpa edərkən Avropa institutlarının daxil olduğu geosiyasi balansı pozmuşdur. Bu, təbii olaraq, bəzi böyük güclərin bölgədəki maraqlarını narahat edir.

Prezident İlham Əliyevin Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını tanımadığını bəyan etməsi Azərbaycan üçün ciddi bir siyasi addım və beynəlxalq hüquq sahəsində etirazını ifadə edən mühüm bir mövqedir. Bu açıqlama təkcə bir ölkənin mövqeyini bildirməkdən ibarət deyil, həm də beynəlxalq hüququn və təşkilatların obyektivliyini və etibarını sorğulayan bir çağırışdır. Azərbaycan Avropa Şurasının üzvü olaraq, uzun illər boyu beynəlxalq hüquq sisteminə hörmət etmiş və bunun qarşılığında da öz hüquqlarını qorumağa çalışmışdır. Lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təzyiqlər nəticəsində bu dəfə ölkəmizin beynəlxalq hüquqa qarşı qoyduğu reaksiyanı təhlil etmək lazımdır. "Avropa Şurası üzərində oturduğu budağı kəsdi" ifadəsi də elə yalnız bu təşkilatın Azərbaycana qarşı apardığı ayrı-seçkiliyi deyil, həm də Avropa Şurasının öz etibarını itirməsi ehtimalını işarə edir. Əgər bir təşkilat üzvlərinin hüquqlarını pozarsa, o zaman bu təşkilatın özü artıq məqsədinə xidmət etməyən bir qurum kimi qəbul edilə bilər. İlham Əliyev burada yalnız Azərbaycanın yox, bütün regionun etibarını qorumağa çalışan bir lider kimi çıxış edir Hüquqi təhlil və siyasi nəticələr nəzərə alındıqda, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etməməsi nəticəsində bu məhkəmənin qərarlarını tanımaması ölkənin beynəlxalq hüquqda daha sərt mövqe tutmasını əks etdirir. Bu yanaşma Azərbaycanın qlobal diplomatiyada daha müstəqil və öz maraqlarını ön planda tutan bir siyasət yürütməyə başladığının göstəricisidir.

Azərbaycan liderinin “müstəmləkəçilik düşüncəsi” ilə bağlı tənqidi Avropanın bəzi güclərinin inkişaf etməkdə olan ölkələrə qarşı sərgilədiyi üstünlük və onların suverenliklərinə təhdid yaratmağına işarə edir. İlham Əliyev Azərbaycanın Avropa Şurasında təmsil olunmamasının ona heç bir təsir etmədiyini bəyan edir. Bununla da Prezident Azərbaycanın öz diplomatik və siyasi yolunu seçdiyini və müstəqil fəaliyyətinin ön plana çıxdığını göstərdi.

Dövlət başçısı Avropa ilə gözləntilərin dəyişdiyini və bu təşkilatların hərəkətinin daha çox simvolik xarakter daşıdığını öz çıxışında xüsusi vurğulayaraq bildirdi ki, Trampın hakimiyyətə gəlməsi ilə Avropanın siyasi kursunun dəyişməsi Azərbaycanın Avropa İttifaqı və Avropa Şurası ilə olan münasibətini yenidən müəyyən etməsinə səbəb olub.

Prezident İlham Əliyevin “Heç nə baş verməmiş kimi davranmaq” ifadəsi, hələ də köhnə siyasi təfəkkürlə fəaliyyət göstərənlərə qarşı bir xəbərdarlıq idi və bu yanaşma Azərbaycanın artıq beynəlxalq təşkilatların qərarlarından asılı olmayaraq öz yolunu tapmağa başladığını, dövlətimizin daxili gücünü və geosiyasi müstəqilliyini qorumağa sadiq olduğunu ortaya qoydu. Ölkə Prezidenti Avropa Şurası ilə bağlı tutduğu mövqeyi ilə ölkəsinin təcrid olunmasına qarşı çıxır və Azərbaycanın öz maraqlarına əsaslanaraq, beynəlxalq aləmdə daha sərbəst hərəkətini davam etdirəcəyini bildirdi.

Dövlət başçısının çıxışında diqqət çəkən əsas məqam – Azərbaycanın suverenliyinin yalnız ərazi bütövlüyü ilə məhdudlaşmadığı, ideoloji və siyasi müstəqilliyin də əsas prioritetlərdən biri olduğudur. “Biz özümüzü bu regionda rahat hiss edirik” ifadəsi ilə Prezident bir daha göstərdi ki, Azərbaycanın gələcəyi xarici təsirlərdən deyil, daxili sabitlik və milli birliyin yaratdığı gücdən qaynaqlanır. Azərbaycanın yeni tipli diplomatiyasının təməli isə bəllidir: texnokratik idarəetməyə əsaslanan, iqtisadi dayanıqlığı ilə regional cazibə mərkəzinə çevrilən, öz strateji tərəfdaşlarını və şərtlərini özü müəyyən edən bir ölkə modeli. Belə diplomatik xəttin təməlində milli maraqlar, tarixi ədalət və beynəlxalq hüquqa əsaslanan açıq mövqe dayanır. Azərbaycanın müasir idarəçilik modeli Prezident İlham Əliyevin liderliyi ilə məhz bu texnokratik fəlsəfəyə əsaslanır. Ənənəvi ideoloji yanaşmaların yerini funksional idarəetmə prinsipləri tutur. Burada əsas diqqət iqtisadiyyatın şaxələndirilməsinə, enerji siyasətinin qlobal platformada rasional koordinasiyasına, diplomatiyada isə real gücə və milli maraqlara yönəlir.

Forum Azərbaycanın geosiyasi iddialarını daha aydın və strukturlaşdırılmış şəkildə ortaya qoydu. Prezidentin “yeni dünyaya yönəlik baxış”ı bir daha göstərdi ki, Azərbaycan artıq sadəcə beynəlxalq sistemin şərtlərinə uyğunlaşan deyil, bu sistemin bəzi elementlərini sorğulayan, hətta alternativ yollar təklif edən ölkədir. Qərbin “müstəmləkə düşüncəsi”, qeyri-demokratik yolla tətbiq olunan dəyərlər və ikili standartlar – bütün bunlar artıq Azərbaycan tərəfindən qəbul edilmir və açıq şəkildə tənqid olunur.

Bununla yanaşı, Azərbaycan tənqid etməklə kifayətlənmir – o, alternativ təqdim edir: bərabərhüquqlu tərəfdaşlığa əsaslanan diplomatiya, qarşılıqlı maraqlara və hörmətə əsaslanan əməkdaşlıq və ideoloji diktat deyil, milli kimliyə hörmət prinsipi üzərində qurulmuş yeni beynəlxalq münasibətlər modeli sərgiləyir.

VII ADA Siyasi Forumu Azərbaycanın öz diplomatik mövqeyini necə dəyişdirdiyini, hansı yeni istiqamətlər müəyyənləşdirdiyini və hansı yollarla regional liderliyini həyata keçirdiyini açıq şəkildə nümayiş etdirdi. Bu gün Azərbaycan Avrasiyanın enerji təhlükəsizliyi, geosiyasi sabitliyi və yeni siyasi dinamikanın formalaşmasında həlledici aktor olaraq çıxış edir. İkinci Qarabağ müharibəsindəki Zəfər, siyasi dialoqda əldə olunan uğurlar, enerji sahəsindəki strateji tərəfdaşlıqlar – bütün bunlar Azərbaycanın artıq dünya səhnəsində tamhüquqlu və özünü ifadə edə bilən bir güc olduğunun əyani sübutudur.

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Siyasət