Adını dünya diplomatiya və hərb tarixinə yazdırmış lider

post-img

(əvvəli https://xalqqazeti.az/az/siyaset/208193-adini-dunya-diplomatiya-herb-tarixine)

Dövlət hakimiyyəti və idarəetmə

Azərbaycanda keçirilən hüquqi islahatları fonunda 2009-cu və 2016-cı illərdə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan ümumxalq referendumlarının keçirilməsi sonrakı illərdə bunun doğru yanaşma olduğunu təsdiqlədi. Azərbaycan Respublikasında həyata keçirilən islahatlar, dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi zərurəti konstitusiyada əlavə və dəyişiklikləri zəruri etdiyindən Prezident İlham Əliyev Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi təşəbbüsünü irəli sürdü. 2008-ci il dekabrın 19-da Azərbaycan Respublikası Milli Məclisində Konstitusiyanın 29 maddəsinə təklif olunan 41 dəyişiklik geniş müzakirə edildi. Milli Məclis “Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı” layihəsini qəbul etdi. Dəyişikliklərin 17-si maddələrə yeni hissələrin və ya bəndlərin əlavə edilməsi, 7-si maddələrdə sözlərin əvəz edilməsi, 7-si maddələrə yeni sözün və ya sözlərin əlavə olunması, 6-sı maddələrə yeni cümlələrin əlavə olunması, 2-si maddənin yeni redaksiyada verilməsi, 1-i maddənin adının dəyişdirilməsi, 1-i isə maddədən sözün çıxarılması ilə bağlı idi.

Təklif olunan birinci qrup dəyişikliklərdə dövlətin üzərinə əlavə öhdəliklərin qoyulması, ikinci qrupda insan hüquqlarının həyata keçirilməsi mexanizmi, qaydaları və şərtləri, üçüncü qrupda dövlət orqanlarının fəaliyyətinin hüquqi əsaslarının daha da təkmilləşdirilməsi, dördüncü qrup dəyişikliklərdə Konstitusiyanın bəzi müddəalarının konkretləşdirilməsi və bəzi ifadələrin başqası ilə əvəz edilməsi nəzərdə tutulurdu.

Azərbaycan Respublikası Konstitusiyasına təklif edilən dəyişikliklərə dair referendum 2009-cu il martın 18-də baş tutdu. Referendumda ölkədəki 5367 məntəqədə səsvermədə iştirak edən seçicinin 70,83 faizi təklif olunan dəyişikliklərin lehinə səs verdi.

2009-cu ilin ümumxalq referendumunda ictimai dəstək almış hüquqi yeniliklər 1948-ci il “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nə, 1950-ci il “İnsan Hüquqları üzrə Avropa Konvensiyasına”, 1966-cı il “Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”a, 1989-cu il “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarına tam uyğun olmaqla, ölkənin milli qanunvericiliyinin beynəlxalq hüquq, prinsip və normaları ilə uzlaşdırılmasına yönəlmişdi.

Dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, da-ha keyfiyyətli və rahat həyata keçirilməsi məqsədiilə 2012-ci ilin iyul ayında Azər-baycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis edilməsi, qurumun nəzdində Azərbaycanın milli brendinə çevrilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə ölkəmizin dövlət idarəetmə sistemində inqilabi dəyişikliklərə start verildi. İlk “ASAN xidmət” 2013-cü il yanvarın 15-də vətəndaşlara xidmət göstərməyə başladı. Çox keçmədən respublikanın bir çox rayonlarında “ASAN xidmət” mərkəzləri fəaliyyətə başladı. Dünyada ciddi yeniliklərdən biri kimi qiymətləndirilən “ASAN xidmət”, “ASAN kommunal” və “DOST” kimi modern xidmət mərkəzlərinin yaradılması və fəaliyyəti hökumətin xalq qarşısında bürokratik amillər olmadan, şəffaf və layiqli xidmət etmək niyyətinin ali təcəssümü olaraq Azərbaycan milli brendinə çevrilmişdir. Bu innovasiyalar dövlət idarəçiliyində “müştəri məmnunluğu” ideyasının tətbiqinə, dövlət qulluqçusu vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət etmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 9 iyun tarixli “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Fərmanı da vətəndaş məmnunluğunun təminində yeni mərhələni təşkil etdi.

2018-ci il prezident seçkiləri

2018-ci ildə Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi ölkəmizdə cəmiyyət həyatının bütün sahələrində daha böyük nailiyyətlər qazanmaq, respublikanı daha möhtəşəm inkişafa doğru aparmaq, yeni və genişmiqyaslı islahatlar həyata keçirmək üçün əlavə vaxt və imkan qazanmaq məqsədi daşıyırdı. Növbədənkənar prezident seçkilərinin keçirilməsini bir sıra amillər şərtləndirmişdi.

Birincisi, Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi.

İkincisi, yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını irəli sürürdü. Regional və qlobal miqyasda proqnozlaşdırılmayan proseslər getdiyindən keçirilən demokratik seçkilər həm də Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirəcəkdi.

Bu baxımdan 2018-ci ildə iqtidar partiyası ilk dəfə olaraq növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Təşəbbüsə uyğun olaraq fevralın 5-də dövlət başçısı növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, seçkilər 2018-ci il aprelin 11-nə təyin edildi.

Azərbaycan Respublikası Prezidenti namizədliyi uğrunda mübarizəyə 8 nəfər qoşulmuşdu. Prezident İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası (YAP), Araz Əlizadənin namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Qüdrət Həsənquliyevin namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Fərəc Quliyevin namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Hafiz Hacıyevin namizədliyi Müasir Müsavat Partiyası (MMP), Sərdar Cəlaloğlunun namizədliyi Azərbaycan Demokrat Partiyası (ADP), Razi Nurullayevin namizədliyi Cəbhəçilərin təşəbbüs qrupu (bitərəf), Zahid Orucun namizədliyi özü tərəfindən (bitərəf) irəli sürülmüşdü. 125 dairənin 100 seçki məntəqəsində və ya seçki məntəqələrinin 20 faizində vebkameralar quraşdırılmış, 5641 seçki məntəqəsində keçirilən seçkiləri 61 təşkilat, 59 ölkədən 894 beynəlxalq müşahidəçi izlədi. Azərbaycan Respublikasında keçirilmiş ilk növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyev 3.394.898 seçicinin etibarını qazanaraq 86,02 faiz səs topladı. 2018-ci il aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi.

Ərazi bütövlüyünün bərpası

Azərbaycan xalqı 2018-ci il mayın 2-dən 27-dək daha bir erməni təxribatına cavab verməli oldu. Naxçıvan Muxtar Respublikasında keçirilən Günnüt əməliyyatı zamanı Şərur rayonunun Günnüt kəndi, Ağbulaq, Qızılqaya və Qaraqaya yüksəklikləri, ümumilikdə, 11 min hektardan artıq ərazi azad olundu. Dərələyəz mahalının Arpa kəndi, dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Günnüt kəndi ətrafında yerləşən 2065 metrlik Xunut yüksəkliyi, 1869 metrlik Mehridağ yüksəkliyi, 1683 metrlik Qızılqaya yüksəkliyi Ümumqoşun Ordu bölmələrinin nəzarəti altına keçdi.

Qızılqaya yüksəkliyinin azad olunması nəticəsində böyük əhəmiyyətə malik İrəvan–Yegeqnadzor–Gorus–Laçın–Xankəndi avtomobil yolu, yəni böyük Zəfərədək işğal altında olan Qarabağ ərazisi ilə Ermənistanın cənubunu birləşdirən əsas magistral xəttin mühüm hissəsi nəzarətə götürüldü. Günnüt kəndinin azad olunması ilə Naxçıvanın təxminən 14 faiz elektrik enerjisini verən Arpaçay-1 və Arpaçay-2 su elektrik stansiyalarının da təhlükəsizliyi təmin olundu. Beləliklə, Ermənistanın növbəti təxribatı onun məğlubiyyəti ilə nəticələndi.

Azərbaycan Respublikasının həm daxili, həm də xarici siyasətdə əldə etdiyi uğurlarını həzm edə bilməyən, 2016-cı ilin Aprel və 2018-ci ilin May döyüşlərindən düzgün nəticə çıxarmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi 2020-ci il iyulun 12-də Azərbaycan Respublikası ilə dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatda əsas məqsəd beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın işğal edilmiş ərazilərindən, Dağlıq Qarabağ münaqişəsindən yayındırmaq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan dövlətləri münaqişəyə cəlb etmək, strateji yüksəklikləri tutaraq, Azərbaycanın Qərbə çıxışını, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəmərini, Bakı–Tbilisi–Ərzurum qaz boru kəmərini, TAP, TANAP, Bakı–Tbilisi–Qars dəmir yolunu və Böyük İpək yolunu kəsmək, həmçinin öz ölkəsi daxilindəki ağır şəraitdən diqqəti yayındırmaq idi.

Ermənistan–Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu ərazilərində baş verən döyüşlərdə 16 əsgər həlak oldu. İyulun 14-də erməni ordusunun hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, həmçinin hücumun qarşısını alarkən beş hərbi qulluqçu şəhid oldu.

44 günlük Vətən müharibəsinin başlanğıcı hesab edilən Tovuz döyüşləri Azərbaycan əhalisi arasında ciddi narahatlığa səbəb oldu. İyulun 14-dən 15-ə keçən gecə on minlərlə gənc Bakıda Prezidentə və orduya dəstək nümayiş etdirərək “Qarabağ bizimdir!” şüarı ilə dövlətin və silahlı qüvvələrin yanında olduqlarını bildirdilər. Lakin münaqişənin dinc siyasi vasitələrlə həllindən boyun qaçıran Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenidən kobud şəkildə pozaraq 2020-ci il sentyabrın 27-də təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutdular. Qarşıdurmalar İkinci Qarabağ müharibəsinə çevrildi.

44 günlük Vətən müharibəsinin başlanması bizə dostları və düşmənləri tanımağa şans verdi. Türkiyə, Pakistan, Əfqanıstan, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC), Bosniya və Herseqovina, Gürcüstan, Ukrayna, İsrail, Macarıstan və Moldova, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Qoşulmama Hərəkatı Azərbaycana dəstək nümayiş etdirdi. Malayziya, Mərakeş, Səudiyyə Ərəbistanı, Özbəkistan, Qətər Azərbaycanı qismən dəstəklədi, Yunanıstan, Kipr (Yunan Kipri), Fransa, Kanada, Rusiya, ABŞ Ermənistanı müdafiə etdi.

Azərbaycanda fəaliyyət göstərən 52 siyasi partiyadan 50-si, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycandakı yəhudi icmaları, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycandakı Katolik dini icması və Yevangelist-Xristian protestant dini icmaları bəyanat verərək erməni vandalizmini pislədilər. Azərbaycan Respublikasında yaşayan etnik icma rəhbərləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri Ermənistanın törətdiyi son hərbi təxribatları pisləyən bəyanat verdilər.

Ermənistan–Azərbaycan döyüş bölgəsində baş verən hadisələr geniş ictimaiyyət tərəfindən diqqətlə izlənilirdi. Avstriya, İsrail, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Avstraliya İttifaqı, Yeni Zelandiya, Misir Ərəb Respublikasında yaşayan azərbaycanlılar bəyanat imzaladılar. ABŞ və Avropanın müxtəlif ölkələrində Azərbaycana dəstək mitinqləri keçirildi. Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan vasitəçilər, xüsusilə Fransa prezidenti Emmanuel Makron Azərbaycan Prezidentinə ardıcıl zənglərlə Ermənistanı tam iflasdan qurtarmaq üçün cəhdlər göstərdi.

Vətən savaşının gedişində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə dövründə dünyanın 30-a yaxın televiziya və mətbuat orqanlarına verdiyi müsahibələri, xarici dövlət və hökumət başçıları ilə telefon danışıqları münaqişənin başlanması səbəblərinə, müharibə dövründə əldə olunan atəşkəsin üç dəfə (oktyabrın 10, 18 və 25-də) Ermənistan tərəfindən xaincəsinə pozulmasına, Türkiyənin və xarici muzdluların Azərbaycan tərəfindən cəbhədə əməliyyatlarda iştirak etmələrinə aydınlıq gətirməsi beynəlxalq ictimaiyyətin rəyində dönüş yaratdı. 44 günlük Vətən müharibəsində arxa cəbhənin ön cəbhə ilə əlaqələrinin möhkəmlənməsində, əsgərlərin arxa cəbhədəki vəziyyətlə tanışlığında və xalq–ordu birliyinin yaranmasında “Əsgərə məktub!” layihəsi önəmli rol oynadı.

Azərbaycan Ordusu Ali Baş Komandanın strategiyasını uğurla həyata keçirərək, Ermənistanı diz çökdürdü, onu kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanat imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdilər. Qarabağın ürəyi, tacı olan Şuşanın tarixi sahibinə qaytaran, 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi və xeyli sayda strateji yüksəkliyin döyüşlə işğaldan azad edilməsinə nail olan Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında yalnız bir şərt – torpaqlarımızı tərk etmək şərtini qoydu.

İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin müzəffər Ali Baş Komandanıdır. Xalqımıza böyük qürur bəxş edən Vətən savaşında əldə olunan Zəfərdən sonra Cənubi Qafqazda formalaşan hərbi-siyasi reallıqlar Azərbaycan Prezidentinin “dəmir yumruğ”unun nəticəsidir.

İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı 2908 şəhid versə də, qazanılan möhtəşəm Zəfər ulu öndər Heydər Əliyevin müqəddəs arzuları və vəsiyyətləri müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə məhz “Heydər Əliyev İli”ndə gerçəyə çevrildi. Son beş əsrlik tariximizin ən böyük qəhrəmanlıq örnəyi bu yubiley ilində tarixin qızıl səhifəsinə həkk olundu.

Sosial-iqtisadi inkişafın İlham Əliyev modeli

Xalqımızı sabitliyə, dayanıqlı sosial-iqtisadi inkişafa, tərəqqiyə, azad və demokratik inkişafa aparan yol görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlanmışdır. 1994-cü ilin payızında imzalanmış və “Əsrin müqaviləsi”ndən sonra beynəlxalq aləmə səs salan neft kontraktlarının İlham Əliyev tərəfindən həyata keçirilməsi istiqamətində dövlət səviyyəsində aparılan geniş, ardıcıl və məqsədyönlü iş nəticəsində qarşıya çıxan bütün maneələr qətiyyətlə aradan qaldırıldı, bu möhtəşəm layihə böyük uğurla tamamlandı.

2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin imzaladığı fərmanlar ölkənin hərtərəfli inkişafına dair davamlı və sistemli proqramların əsasını qoydu, sosial-iqtisadi inkişafın real dinamikasını müəyyənləşdirdi. Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Prezidentin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004–2008-ci illər)” təsdiq edildi. Proqramdan əlavə Quba–Xaçmaz, Şəki–Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə–Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 17 sərəncam imzalandı. “Bakı şəhərinin qəsəbələrinin 2006–2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” təsdiq olundu.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004–2008-ci illər)”nın qəbulundan sonra iqtisadiyyatın müxtəlif sahələrində ilk uğurlar qazanıldı. 2006-cı il iyulun 13-də Heydər Əliyevin adını daşıyan nəhəng Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin açılışı mərasimi keçirildi. Dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verildi. Sonrakı illərdə “Ümid”, “Babək” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi. Bununla da, Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı. TRASEKA proqramı çərçivəsində fəaliyyət göstərən Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizi əsas beynəlxalq dəhlizlərdən birinə çevrildi.

Həyata keçirilən iqtisadi siyasət kənd təsərrüfatının inkişafına da təsir göstərirdi. “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli Sərəncamı aqrar sahədə zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılmasına, keyfiyyətli məhsul yetişdirilməsi və onun itkisiz yığılması məqsədini istiqamətlənmişdi.

2003–2008-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış qaçqınlar və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Biləsuvar rayonunda 2560, Füzuli rayonunda 2021, Ağdam rayonunda 126, Yevlax rayonunda 65, Şəmkir rayonunda 126, Bakı şəhərinin Ramana qəsəbəsində 160, Mehdiabad qəsəbəsində 50, İsmayıllı şəhərində Qarabağ müharibəsi əlilləri üçün 27 mənzilli yeni yaşayış evləri tikilmiş və 2007-ci ildə artıq bütün çadır şəhərcikləri ləğv edilmiş, soydaşlarımız yeni mənzillərə köçürülmüşlər.

2003–2008-ci illərdə respublikada 766 min, o cümlədən, 548 min daimi iş yeri açılmışdır. Respublikada yoxsulluq səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ilin sonunda 13,2 faizə düşmüşdür.

Əldə olunan uğurlar “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın hazırlanmasına təkan verdi və proqram Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq olundu.

II Dövlət Proqramının icrasını şəxsi nəzarətinə götürən Prezident İlham Əliyev ötən müddət ərzində regionlara 27 dəfə səfər edərək istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və digər sahələri əhatə edən 105 obyektin açılışında, 14 obyektin təməlqoyma mərasimində iştirak etmiş, 50-dən çox müxtəlif təyinatlı müəssisənin fəaliyyəti ilə tanış olmuşdur.

(ardı var)

Mais ƏMRAHOV,
AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, professor

Siyasət