Adını dünya diplomatiya və hərb tarixinə yazdırmış lider

post-img

2003-cü ilin payızında Azərbaycan xalqı növbəti illər üçün prezident seçkilərinə başladı. Heydər Əliyevlə yanaşı digər partiyaların nümayəndələri də öz namizədliklərini irəli sürmüşdülər. Lakin səhhətində yaranan problemlər Heydər Əliyevə başladığı işləri sona çatdırmağa imkan vermirdi.

Ümummilli lider hesab edirdi ki, ölkə prezidenti olacaq şəxs mütləq geniş dünyagörüşə, yüksək biliyə və bacarığa sahib olmalı, dünya siyasətini və iqtisadiyyatını dərindən bilməli, beynəlxalq aləmdə tanınmalı, sarsılmaz siyasi iradəyə və qətiyyətə malik olmalıdır. Heydər Əliyev siyasi kursunu davam etdirməli idi. Azərbaycan xalqı və onun elitası belə bir dövlət xadimi kimi Baş nazir, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi görürdü. Bu səbəbdən də Heydər Əliyev oktyabrın 1-də öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürərək onun namizədliyini irəli sürdü və Azərbaycan xalqına müraciətində axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyevin başa çatdıra biləcəyinə inandığını və gələcəyinə ümid bəsləyini bildirdi.

Ümummilli liderin İlham Əliyevin namizədliyini irəli sürməsi reallıqdan irəli gəlmişdi. İlham Əliyevin Azərbaycanda 2003-cü ilin prezident seçkilərinə qədər keçdiyi çətin və şərəfli yol, onun bu mühüm və məsuliyyətli vəzifəyə seçilməsini təmin edən mühüm amillər olmuşdur. Azərbaycanda dövlət rəhbəri üçün çox zəruri olan keyfiyyətlərə malik olmaq baxımından da İlham Əliyevin çox fərqli üstünlükləri vardır. Heydər Əliyevin böyük sınaqlardan çıxmış dövlətçilik məktəbinin nümayəndəsi olan İlham Əliyev bir siyasətçi kimi yetişmişdir.

Xalq öz namizədini seçir

2003-cü il prezident seçkilərində əvvəlki 1998-ci il seçkilərdən fərqli olaraq 11 nəfərin namizədliyi qeydə alındı. Azərbaycan Respublikasında prezident seçkiləri 2003-cü il oktyabrın 15-də keçirildi. Seçicilərin 71,5 faizinin iştirak etdiyi seçkilərdə İlham Əliyev 1 milyon 860 min 346 nəfər seçicinin – seçkidə iştirak edənlərin 76,4 faizinin səsini topladı və rəqibləri üzərində inamlı qələbə qazandı. 2003-cü il oktyabrın 31-də andiçmə mərasimi keçirildi. Mərasimdəki nitqində Prezident İlham Əliyev bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında - Azərbaycanın torpaqları işğaldan azad olunmalı, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalı, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.

Azərbaycan Respublikasının prezidenti seçkilərindən sonra ilk növbədə, qonşu dövlətlərlə ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın inkişafına xüsusi diqqət yetirildi. Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, Qazaxıstan və Gürcüstan respublikaları, Pakistan və Çin Xalq Respublikası, Avropa, Asiya və Afrika ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın əsaslarına dair razılaşmalar inzalandı.

Minsk qrupunun həmsədr ölkələri ilə aparılan danışıqlar, münaqişənin tənzimlənməsində xalq diplomatiyasından istifadə edilməsi, Azərbaycan tərəfinin münaqişənin həlli istiqamətində bütün kompromislərinə baxmayaraq Ermənistan pozucu mövqeyini daha da gücləndirdi və ziyalıların səfərlərinin davam etdirilməsi imkanı tükəndi.

2008-ci il oktyabrın 15-də keçirilən növbəti prezident seçkiləri ölkənin ictimai-siyasi həyatında bir sıra hadisələrlə zəngin oldu. İlk dəfə olaraq seçkilərin gedişini müşahidə etmək üçün 500 seçki məntəqəsində müşahidə kameraları quraşdırıldı, Mərkəzi Seçki Komissiyasında 1233 beynəlxalq müşahidəçi, 34 xarici KİV-in 90-dan çox nümayəndəsi, 40 min nəfərdən artıq yerli müşahidəçi qeydə alındı. 2008-ci il prezident seçkilərində səsvermədə şəffaflığın təmin edilməsi məqsədi ilə ilk dəfə olaraq Danimarkadan Azərbaycana gətirilmiş gözlə görünməyən mürəkkəbdən, şəffaf seçki qutuları və ultra-bənövşəyi detektorlardan (lampalardan) istifadə olundu. Görmə qabiliyyəti zəif olan seçicilərin müstəqil səs verməsi üçün bütün seçki məntəqələri xüsusi əlifba (Brayl əlifbası) vasitəsilə hazırlanmış trafaretlərlə təmin edildi.

Seçkilərdə səsvermə hüququna malik vətəndaşların 75,64 faiz – 3.700.634 iştirak etdi. Prezident vəzifəsi uğrunda mübarizədə iştirak edən yeddi namizəd arasında İlham Əliyev böyük üstünlüklə – 87,34 faiz səslə qələbə qazandı. Oktyabrın 24-də Heydər Əliyev sarayında İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirildi.

2008-ci ildə keçirilən prezident seçkilərindən sonra Azərbaycan Respublikasının Prezident İlham Əliyevin və türk dövlətləri rəhbərlərinin birgə səyləri nəticəsində qurulan Türk Dövlətləri Şurası ilə qarşılıqlı münasibətlər yeni keyfiyyət mərhələsinə daxil oldu. Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan Respublikası dünya sivilizasiyalararası dialoqun keçirildiyi məkana çevrildi.

Azərbaycan dövlətinin qonşu ölkələrlə münasibətlərində müzakirə edilən əsas məsələlər Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin dinc siyasi vasitələrlə tənzimlənməsi, siyasi, təhlükəsizlik, müdafiə, sərhəd, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, Bakı–Tbilisi–Ərzurum qaz boru kəməri, Bakı–Tbilisi–Qars dəmiryolu xətti, terrorizmə qarşı mübarizə, ticarət-iqtisadi, Xəzər dənizinin hüquqi statusu, Şimal–Cənub nəqliyyat dəhlizi və s. oldu.

Azərbaycan Respublikasının Mərkəzi Asiya və Avropa ölkələri, ABŞ ilə əməkdaşlıq və tərəfdaşlıqdan strateji münasibətlərə doğru yeni mərhələ açıldı. Şərq ölkələri ilə əlaqələrdə yeni perspektivlər müəyyənləşdirildi. 2003-2008-ci illərdə Azərbaycan Respublikası beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində yerini möhkəmləndirmək istiqamətində Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, NATO və İslam Konfransı Təşkilatı (İKT) ilə əməkdaşlığı davam etdirdi.

2013-cü ilin oktyabrında Azərbaycan xalqı bir daha gələcəyinin parlaq səhifələrinin yaradılmasına səs verdi. Oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri əvvəlki seçkilərdən həm mahiyyətinə, həm də təşkilati cəhətinə görə ölkəmizin tarixinə mühüm hadisə kimi düşdü. 2009-cu ildə ölkə Konstitusiyasında dəyişikliklərə dair keçirilən ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikası Prezidentinin yalnız iki dəfə seçilməsini məhdudlaşdıran maddə aradan qaldırıldığından seçkiyə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev də qatılmışdı. Azərbaycan Respublikası Prezidentliyə namizədliyə qatılmış 10 namizəd arasından Yeni Azərbaycan Partiyasından Azərbaycan Respublikası prezidentliyinə namizəd İlham Əliyev seçicilərin 84,54 faizinin səsini qazanaraq qalib oldu.

2013-cü il prezident seçkilərindən sonra dünya ölkələri ilə uğurlu əməkdaşlıq davam etdirildi. Bu istiqamətdə növbəti addım 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu Qaz Boru Kəməri-TANAP-ın təməlinin qoyulması oldu. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mərasimdə iştirak etdilər. Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş İstanbul şəhərində bağlandı. Cənub Qaz Boru Kəməri sistemi ilə Azərbaycanın təbii qazı Gürcüstandan keçərək Türkiyənin Qərb sərhədinə çatdırılmalı və bununla sabit tranzit xətti təmin edilməli idi.

Birinci Avropa Oyunları

2013-cü il seçkilərindən sonra Azərbaycan tarixinin yaddaqalan hadisələrindən biri Birinci Avropa Oyunları oldu. Prezidentin sərəncamı ilə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına məsul olan Təşkilat Komitəsi yaradıldı. Təşkilat Komitəsinə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva sədr təyin edildi. Bakıda Olimpiya stadionunun tikintisinə start verildi. “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimi 2015-ci il yanvarın 22-də Davosda keçirildi. 2015-ci il martın 18-də Prezident İlham Əliyev və Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı Olimpiya stadionunun açılış mərasimində iştirak etdilər.

Avropanın 50 ölkəsindən 6000-dən artıq idmançının qatıldığı Birinci Avropa Oyunları iyun ayının 12-18-də Bakı və Mingəçevir şəhərlərində keçirildi. Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Avropa Olimpiya Komitəsi tərəfindən keçirilən oyunlarda 20 idman növü üzrə mübarizə aparıldı. Mərasimin təşkilinə əksəriyyəti azərbaycanlılardan ibarət 1600-dan çox, həmçinin 17 ölkədən də könüllülər bu işə cəlb olundu. Bu tədbirin ərsəyə gəlməsi istiqamətində könüllülər 400 dəfədən çox məşq etmiş, mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış 1000 mütəxəssis cəlb olunmuşdu.

Yarışların nəticələrinə görə, 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanan Azərbaycan idmançıları Rusiya Federasiyasından geri qalaraq 2-ci yerə çıxdılar. Birinci Avropa Oyunları Azərbaycan dövlətinin beynəlxalq mövqelərinin möhkəmlənməsinə kömək etdi.

Aprel döyüşləri

Azərbaycanda yaranmış siyasi sabitlik, siyasi, iqtisadi və mədəni sahədə əldə olunan uğurlar, xüsusilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan qorxuya düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi Minsk qrupunun səyləri ilə keçirilən danışıqlardan boyun qaçırmağa üstünlük verərək Qərb havadarlarının diktəsi ilə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistemli şəkildə hədəflənən hücumlar etdi. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məcburi köçkünlərdən 16 nəfər həlak oldu, 40 nəfər yaralandı, məcburi köçkünlərin məskunlaşdığı 228 evə ziyan dəydi. Onlardan 43 ev tamamilə, 185-i isə qismən dağıdılmış və 235 mal-qara tələf olmuşdu.

Əməliyyatların başlandığı ilk dəqiqələrdən etibarən hərbi vəziyyəti və döyüşlərin idarə edilməsini Ali Baş Komandan İlham Əliyev öz üzərinə götürdü. Prezident həmin gecə Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitindən qayıtdı. Aprelin 2-də Təhlükəsizlik Şurasının iclasını çağıraraq, göstərişlərini verdi. Döyüşlər zamanı Ermənistan ordusunun şəxsi heyəti çoxsaylı itki verdi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Çocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində yollar düşməndən azad olundu.

Uğurlu islahatlar

2013-2016-cı illərdə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət və həyata keçirdiyi uğurlu islahatlar nəticəsində Azərbaycan Respublikası lider dövlətlərdən biri səviyyəsinə yüksəldi.

Azərbaycanın inkişafı və yeni reallıqlar ölkənin əsas qanununda - konstitusiyada müvafiq dəyişikliklərin aparılmasını zəruri edirdi. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 iyul tarixli 2241 saylı sərəncamı ilə “Azərbaycan Respublikasının konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının layihəsi 2016-cı il sentyabrın 26-da ümumxalq səsverməsinə (referenduma) çıxarıldı.

Konstitusiyanın 42 maddəsinə 29 dəyişiklik təklif edilirdi. Seçicilərin 25 faizdən çoxu, yəni 69,70 faizi səsvermədə iştirak etdiyindən referendum baş tutdu və referendum aktının layihəsi qəbul olunmuş hesab edildi.

Xalqın siyasi iradəsinin təcəssümü olan 2016-cı ilin 26 sentyabr referendumu ilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərdən sonra ölkədə dövlət idarəetməsinin təkmilləşdirilməsi, daha çevik və səmərəli komandanın formalaşması, demokratik dəyişikliklərə hüquqi əsaslar yaradılması istiqamətində islahatlar sürətləndirildi. 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq referendumu əsasında Azərbaycan Respublikasında vitse-prezidentlik institutunun yaradılması hakimiyyətin icraedici qolunun müasirləşdirilməsi istiqamətində mühüm addım oldu. Prezident İlham Əliyevin 2017-ci il fevralın 21-də imzaladığı sərəncama əsasən Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, ictimai-siyasi xadim Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu.

IV İslam Həmrəyliyi Oyunları

2016-cı il referendumundan sonra ölkə həyatında mühüm hadisələrdən biri IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi oldu. Birinci Avropa Oyunlarında olduğu kimi sentyabrın 18-də Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzaladı. Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olundu. Mayın 12-22-də Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Bakıya 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəldi. İdmanın 24 növü üzrə keçirilən yarışlarda Azərbaycan idmançıları 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazanaraq birinci oldular.

Beynəlxalq logistika mərkəzi

1994-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən imzalanmış və “Əsrin müqaviləsi” adı ilə beynəlxalq aləmə səs salan neft kontraktlarının həyata keçirilməsi istiqamətində dövlət səviyyəsində geniş, ardıcıl və məqsədyönlü iş aparıldı. Qarşıya çıxan bütün maneələr qətiyyətlə aradan qaldırıldı və möhtəşəm layihə böyük uğurla tamamlandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan neft boru xəttinin və 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin çəkilişinin başa çatdırılması və beynəlxalq miqyasda rəsmi açılışı mərasimlərinin keçirilməsi və istismara başlamasına start verildi. Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən Bakı–Tbilisi–Qars dəmir yolunun tarixi İpək yolunun bir hissəsinin bərpası kimi Tbilisidən Axalkələkə gedən ilk sınaq sərnişin qatarı 2017-ci il sentyabrın 27-də yola salındı. Bakı–Tbilisi–Qars dəmir yolu Bakı – Tbilisi – Ceyhan əsas ixrac neft boru kəmərindən sonra iqtisadiyyatı daha da inkişaf etdirməklə bərabər, Azərbaycan Respublikasını dünyanın iqtisadi güc mərkəzi olan Avropa İttifaqı, Çin və Cənub-Şərqi Avropa ölkələrini birləşdirən mühüm geosiyasi və geoiqtisadi mərkəzə çevirirdi. Azərbaycan Respublikasında əsas alternativ enerji mənbəyi hesab edilən Günəş enerjisindən istifadə sahəsində həyata keçirilən tədbirlər son illərdə geniş vüsət alıb. Ölkədəki hərtərəfli və dinamik inkişaf, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, enerji sektorundan və neft-qaz hasilatından əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişaf etdirilməsinə yönləndirilməsi, Azərbaycan Respublikasının neft gəlirlərindən asılı olmayan iqtisadiyyatının formalaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl siyasət real bəhrələrini verməyə başladı. Məcburi köçkünlərin və qaçqınların problemlərinin həll edilməsi üçün şəhərciklərin yaradılması şəbəkəsi genişləndirildi.

(ardı var)

Mais ƏMRAHOV,
AMEA Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, professor



Siyasət