Milli Məclisdə görüşlər

post-img

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 24-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Gənclər, elm və təhsil məsələləri komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Söhbət zamanı Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu, xalqlarımızın həmişə bir-birinə dayaq olduğu bildirilib. Vurğulanıb ki, Prezident İlham Əliyev də həmişə gürcüstanlı həmkarları ilə keçirdiyi görüşlərdə bu məsələləri xüsusi qeyd edir.

Görüşdə iki ölkə arasında müxtəlif sahələr üzrə inkişaf edən münasibətlər fonunda parlamentlərimiz arasında da əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub. Qeyd edilib ki, qanunverici orqanlarımız ikitərəfli və üçtərəfli formatda əməkdaşlıq edir. O cümlədən beynəlxalq parlament təşkilatları çərçivəsində də qarşılıqlı dəstək mövcuddur.Bildirilib ki, hər iki ölkənin parlamentinə seçkilərdən sonra yeni tərkibin fəaliyyətə başladığı və qarşıdakı dövrdə də əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.

Givi Mikanadze Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin salamlarını Milli Məclisin sədrinə çatdırıb. O, Prezident İlham Əliyevin tarixi şəxsiyyət olduğunu, onun rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini söyləyib, ölkəmizin rəhbərinin ad gününü təbrik edib. Qonaq Azərbaycanın Gürcüstana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Söhbət zamanı ölkələrimizə qarşı mövcud olan ikili standartlara qarşı mübarizədə də birgə addımlamağın vacibliyi qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

***

Milli Məclisin sədri Sahibə Qafarova dünən Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevlə də görüşüb.

Görüşdə Azərbaycan və Ukrayna əlaqələrinə dair fikir mübadiləsi aparılıb. Ölkələrimizin etibarlı tərəfdaş olduqları, münasibətlərin möhkəm təməllərə əsaslandığı diqqətə çatdırılıb. Ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində bir-birinə qarşılıqlı dəstək göstərdikləri vurğulanıb.

Azərbaycan və Ukrayna xalqlarını bir çox ortaq dəyərlərin birləşdirdiyi və bu dəyərlərin xalqlarımızı daha da yaxınlaşdırdığı diqqətə çatdırılıb.

Səfir Yuri Qusev Prezident İlham Əliyevin doğum günü münasibətilə təbriklərini çatdıraraq, ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycanın dövlət başçısının müstəsna rolunu qeyd edib.

Görüşdə parlamentlərimiz arasında mövcud münasibətlərin səviyyəsindən məmnunluq bildirilərək, bu əlaqələrin daha da inkişafına dair müzakirələr aparılıb.

XQ

 

Son xəbərlər