Gürcüstan öz yoluna davam edir

post-img

Qərbin Tbilisidən Azərbaycana təsir cəhdi isə baş tutmur

Gürcüstanda aktiv fəaliyyət göstərən 30 min qeyri-hökumət təşkilatı (QHT) var. Onların 90 faizi xaricdən maliyyələşir. Ölkənin 3,7 milyon əhalisi olduğunu nəzərə alsaq, bu, dünyada adambaşına düşən ən yüksək göstəricilərdən biridir. Yəni hər 123 Gürcüstan vətəndaşına demək olar ki, bir QHT düşür. Onlar uzun illərdir ki, Qərbin ruporu rolunu oynayırlar.

“Xarici agentlər haqqında” Qanunun qəbul edilməsi, parlament seçkilərində “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qalib gəlməsi və 28 noyabr tarixində Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqların 4 il müddətinə dayandırlması müxalifətin və qərbyönlü QHT-lərin pozucu fəaliyyətinə ağır zərbə vurdu. Bu, həm də Qərbin Zaqafqaziyadakı maraqlarına toxundu. Cavab isə gecikmədi. Aİ gürcü hökumətinə yardımı dondurdu. ABŞ isə bəzi Gürcüstan vətəndaşlarına qarşı sanksiyalar və viza məhdudiyyətləri tətbiq etdi.

Hazırda Qərb təsisatları Tbilisidə son kartlarını açıq şəkildə oynayır, QHT-lərə, mediaya, institutlara, gənclər təşkilatlarına milyonlar xərcləyənlər bu gün onun qarşılığını etirazçılardan tələb edir. Tələb isə hər kəsə aydındır: Meydana çıxın və qrantların haqqını verin, Konstitusiyaya salınan 78-ci maddəyə sahib çıxın.

Son hadisələr göstərir ki, müxalifət və QHT-lər Qərbdən aldığı layihə və tapşırıqlara uyğun davranırlar. Zurabişvilinin rəhbərlik etdiyi qərbyönlü partiya və QHT-lər küçələrdə qışqırmaqda davam edirlər. Seçkilərdən ötən bir ay ərzində onlar seçki “saxtakarlığı” ilə bağlı heç bir ciddi sübut təqdim edə bilməyiblər. Üstəlik, istintaqla əməkdaşlıqdan imtina edirlər.

Hələki etiraz aksiyalarının davam etməsinə Qərbin maliyyə dəstəyi imkan verir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə jurnalistlərə müsahibəsində QHT-lərin dəstəkləndiyini açıq şəkildə söyləyib: “Gürcüstana qarşı sanksiyalar mövzusu masadadır və biz əlavə tədbirləri müzakirə etməyə davam edəcəyik... Bu, Gürcüstan hakimiyyətinə açıq bir mesaj verir ki, onlar müxalifətin səsini boğmaq və ifadə azadlığını heç bir nəticə vermədən məhdudlaşdıra bilməzlər. Biz artıq siyasi əlaqələri azaltmışıq və hökumətdən maliyyəni gürcü xalqına, vətəndaş cəmiyyətinə və müstəqil mediaya yönəltmişik. Biz Avropa İttifaqına gedən yolda gürcü xalqının yanında olmağa davam edəcəyik. Gürcüstana qarşı sanksiyalar da masadadır və biz əlavə tədbirləri müzakirə etməyə davam edəcəyik”. Bu açıq şəkildə Gürcüstanın daxili işlərinə qarışmaqdır.

Bəli, bu gün Milli Hərəkat, ona yaxın olan partiyalar və QHT-lər çox təhlükəli oyun oynayırlar. Qərbin tapşırıqlarını yerinə yetirərək Gürcüstanda qarışıqlıq yaratmağa çalışırlar. Müxalifət ölkəni fəlakətə – müharibəyə sürükləyir, milli dəyərləri ayaq altına atmaq istəyir. Artıq bir dəfə Gürcüstan müharibənin acı nəticəsini yaşayıb, o LGBT kimi ailə dəyərləri sarsıdan yolla gedə bilməz. Tbilisi seçdiyi yoldan dönmək niyyətində deyil. Qərbin neqativ reaksiyasına baxmayaraq, yoluna davam edəcək.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı jurnalistə müsahibə verib və bu məsələlərə də yer verib: “Yenidən xarici təsir məsələsinə qayıtdıqda, məlum oldu ki, Gürcüstanda Qərbdən maliyyələşən on minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlarda çalışan və ya əməkhaqqı alan insanların sayı isə yəqin ki, yüz minlərlə, hətta daha çoxdur. Biz bilirik ki, bu, nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir”.

Prezident Rusiya nəşrinə müsahibəsində aydın şəkildə bildirib ki, Qərb dövlətləri müxtəlif strukturları ilə yerli təşkilatlara maliyyə yardımı ayırmaqla onları asılı vəziyyətə salmağa çalışır. Azərbaycanın dövlət başçısının bu açıqlaması Gürcüstanda böyük maraqla qarşılanıb. Gürcüstan parlamenti Özünüidarəetmə komitəsinin sədri İrakli Kadagişvili deyib ki, iki qonşu ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq, dostluq əsasında inkişaf edir və bu əlaqələr gələcəkdə daha da güclənməlidir: “İki ölkə arasındakı əməkdaşlıq hərtərəfli inkişaf etməlidir. Azərbaycan və Gürcüstan, strateji tərəfdaşlar və dostlar olaraq bir-birini dəstəkləməlidirlər. Bizim məqsədimiz öz dövlətlərimizdə sabitlik və demokratiyanı qorumaqdır”.

O, həmçinin, xüsusən də seçkilər zamanı xarici müdaxilənin düzgün qiymətləndirilməsinin vacibliyini qeyd edərək bildirib ki, bu cür müdaxilələrə heç bir halda icazə verilməməlidir. İrakli Kadagişvili Prezident İlham Əliyevin Gürcüstandakı vəziyyətə dair bəyanatlarını obyektiv və real vəziyyətə uyğun hesab etdiyini qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyev məlumatlıdır və Gürcüstandakı vəziyyəti yaxşı bilir. Onun qiymətləndirməsi, əlbəttə, real vəziyyətə uyğundur.

Ölkələr arasındakı əlaqələrin daha da inkişafı üçün qarşılıqlı dəstək əhəmiyyətlidir. Biz bir-birimizin inkişafına kömək etməliyik və bu münasibətləri hərtərəfli şəkildə gücləndirməliyik. Gələcəkdə bu əlaqələrin daha da möhkəmlənməsi tərəflər üçün faydalı olacaq və beynəlxalq məsələlərdə güclü tərəfdaşlıq əlaqələrinin inkişafına şərait yaradacaq”.

Xatırladaq ki, Qərb Zaqafqaziyada pozucu fəaliyyətini Gürcüstanla məhdudlaşdırmaq istəmir. Bakıdakı şəbəkəni Gürcüstan üzərindən maliyyələşdirmək cəhdlərini davam etdirir. “Meydan TV”, “Abzas Media” və “Toplum TV” ilə bağlı ortaya çıxan son faktlar Qərbin Azərbaycandakı şəbəkəsini yenə də Gürcüstan üzərindən maliyyələşdirməyə davam etdiyini təsdiqləyir. Araşdırmalar nəticəsində məlum olub ki, “Meydan TV”nin maliyyələşməsini həyata keçirən Almaniyada qeydiyyatdan keçirilmiş “Demokratiya Uğrunda Assosiasiya” adlı QHT-nin ABŞ vətəndaşı olan rəhbəri Metyu Kasper vəsaiti Gürcüstan banklarına transfer edir, daha sonra turist, yaxud müxtəlif məqsədlər adı altında Tbilisiyə gedən “Meydan TV” əməkdaşları həmin pulları nağdlaşdıraraq, ölkəyə gətirirlər. “Meydan TV” əməkdaşı Ramin (Deko) Cəbrayılzadənin saxlanılmamışdan bir neçə gün öncə Gürcüstanda səfərdə olması və ölkəyə qayıdarkən, üzərindən 38 min avronun çıxdığı faktı da bunu isbat edir.

“Toplum TV” vasitəsilə Azərbaycana qanunsuz olaraq yarım milyon manatdan çox vəsait gətirilib. “Abzas Media”, eləcə də “Meclis.info”nun əməkdaşları Gürcüstanın TBC Bank, Böyük Britaniyanın EML və Amerikanın “US Bank Reliacard” bankına məxsus adsız kartlardan istifadə ediblər. Bu faktların üstü açılmaqla qeyri-qanuni maliyyələşdirmənin qarşısı böyük ölçüdə alınıb. Amma gördüyümüz kimi, Qərb dairələri yenə də Gürcüstan vasitəsilə Azərbaycandakı şəbəkə üzvlərini maliyyələşdirməyə çalışırlar. Bu faktlar Qərbin Azərbaycandakı şəbəkəsinin maliyyələşməsində Gürcüstanın platforma kimi istifadə edilməsi cəhdlərinə hələ də son qoyulmadığını göstərir.

Amma onların istəyi baş tutmayacaq. Çünki uzun illər yerlərdəki emissarları vasitəsilə müxalifəti maliyyələşdirib hakimiyyətə qarşı çevirməyə çalışılsa da, bu cəhdlər nəticəsiz olub. Azərbaycan xalqı Prezidentinin yeritdiyi siasətı sadiqdir.

P.ƏFƏNDİYEV
XQ

Siyasət