ABŞ “10 milyon dollarlıq” lideri bağışlayıb

post-img

Vaşinqton köhnə rəqiblə ilk təmasdan razıdır

ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lifın başçılıq etdiyi nümayəndə heyəti Suriyada hakimiyyətə gələn “Həyat Təhrir əş-Şam”ın (HTŞ) rəhbəri Əhməd əl-Şaraa ilə Dəməşqdə danışıqlar aparıb. “Axios” portalı əl-Şəraa ilə görüşün “yaxşı və məhsuldar” keçdiyini yazıb. Bundan başqa, Vaşinqton Əhməd əş-Şaraa haqqında məlumat üçün ayırdığı 10 milyon dollarlıq mükafatı ləğv edəcəyini də açıqlayıb.

Dövlət Departamentinin mətbuat xidməti cümə günü səhər Amerika nümayəndə heyətinin Dəməşqə gəlməsini təsdiqləyib. Bir qrup diplomat, o cümlədən ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif, girovlarla iş üzrə baş xüsusi elçi Rocer Karstens və Suriya üzrə sabiq xüsusi elçi Daniel Rubinşteyn HTS rəhbərliyi ilə birbaşa danışıqlar aparıb. Dövlət Departamenti “vətəndaş cəmiyyəti nümayəndələri, fəallar, icma üzvləri də daxil olmaqla, Suriya xalqı ilə birbaşa əlaqə qurmaq arzusunda olduğunu” bildirib. Amerika tərəfi münaqişədən sonrakı Suriyadan cəmiyyətin nə gözləntiləri olduğunu və “ABŞ-ın nə verə biləcəyini” anlamaq istəyir.

Xatırladaq ki, ABŞ-ın Dəməşqdəki səfirliyi 2012-ci ildə fəaliyyətini dayandırmışdı. Bununla belə, Ağ Evin indi məğlub olan sabiq prezident Bəşər Əsədlə əlaqədən yayındığını söyləmək olmaz. 2020-ci ildə ABŞ-nin 45-ci prezidenti Donald Tramp Dəməşqi Suriyada qalan amerikalıların taleyi ilə bağlı dialoq üçün kommunikasiya xətti yaratmağa çağırmışdı. Daha sonra Milli Təhlükəsizlik Şurasının Ağ evdəki nümayəndəsi Keş Patel Suriya paytaxtına səfərə getmişdi. Suriya müharibəsi başlayandan bəri ilk dəfə olaraq bu rütbəli Amerika dövlət xadimi Əsəd rəhbərliyi tərəfindən qəbul edilmişdi. Qeyd etmək yerinə düşər ki, Tramp administrasiyasında Patelin Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri olacağı bildirilir.

Xarici KİV yazır ki, Vaşinqton Suriyada saxlanılan, ən azı, iki vətəndaşının taleyi ilə maraqlanıb. Onlardan biri 2012-ci ilin avqustunda Dəməşq yaxınlığındakı keçid məntəqəsindən keçərkən yoxa çıxan Ostin Taysdır. “The Washington Post”, AFP, CBS və McClatchy ilə əməkdaşlıq edən bu amerikalının yerli kəşfiyyat orqanları tərəfindən saxlanıldığı güman olunurdu. Rəsmi Dəməşq Tays haqqında heç nə bilmədiyini iddia edirdi.

İkinci şəxs Suriya əsilli psixoterapevt Məcid Kamalmazdır. O, 2017-ci ildə qohumlarını ziyarət edərkən Dəməşqdə keçid məntəqəsini keçərkən yoxa çıxmışdı. Dövlət Departamenti bildirir ki, HTS ilə humanitar dialoqu hazırda cənab Taysın axtarışına yönəlib. Əsədin həbsxanalarında hələ də əhəmiyyətli sayda məhbus aşkarlanmayıb. Çoxları itkin hesab edilir.

Xanım Lif qeyd edib ki, Dəməşqdə əl-Şaraa ilə görüş zamanı Vaşinqtonun Suriyada siyasi keçid prosesində riayət olunmalı prinsipləri müzakirə ediblər. Bundan əlavə, görüşdə “terror qruplarının Suriyada və onun hüdudlarından kənarda, o cümlədən ABŞ və regiondakı tərəfdaşları üçün təhlükə yaratmasının qarşısının alınması” vacibliyi müzakirə edilib: “Əhməd əl-Şaraa bunu etməyə hazır olduğunu bildirdi və müzakirəmiz zamanı ona dedim ki, biz bir neçə ildir qüvvədə olan mükafat təklifindən imtina edəcəyik”. O, mükafatın ləğv olunmasını “HTŞ ilə qarşılıqlı əlaqənin başlaması ilə əlaqədar” qəbul edilən “siyasi qərar” adlandırıb.

Bundan başqa, mütəxəssislər ehtimal edirlər ki, Birləşmiş Ştatları Dəməşqin yeni hakimiyyətinin Suriyanın şimal-şərqində fəaliyyət göstərən kürd silahlı qruplaşmaları ilə bağlı planı da maraqlandırır. Həmin zonada Amerika qoşunları yerləşir. Dekabrın 20-nə keçən gecə Pentaqonun mətbuat xidməti bildirib ki, son hadisələr fonunda hərbi qulluqçuların sayı nəzərəçarpacaq dərəcədə artırılıb. Hərbi departamentin sözçüsü Patrik Rayder brifinqdə hazırda Suriyada 2 minə yaxın Amerika əsgərinin olduğunu açıqlayıb.

Son həftələrdə Dəməşqin yeni hakimiyyəti Suriyanın neft sərvətlərinin böyük hissəsinin cəmləşdiyi şimal-şərq bölgəsinə nəzarəti bərpa etmək niyyətini göstərir. Kürd qruplaşmaları gözləyirlər ki, Vaşinqton Dəməşqi bu fikrindən daşındırmağa çalışacaq. Ancaq Türkiyə rəhbərliyi Suriyada hər hansı bir terror qruplaşmasının qalmasına yol verməyəcəyini vurğulayır. Bir neçə gün əvvəl Suriya müxalifətinin lideri Əhməd əl-Şaraa da demişdi ki, PKK/YPG terror təşkilatları Suriyadakı kürd əhalinin maraqlarını təmsil etmir və buna görə də ölkə terrorçulardan tamamilə təmizlənəcək. Artıq Kurin kəndinin şimalında terrorçu PKK ilə Suriya Milli Ordusu arasında döyüşlərin getdiyi bildirilir.

S.ELAY
XQ

Dünya