“Böyük manipulyator”

post-img

Mark ENDEVELD

(əvvəli https://xalqqazeti.az/az/siyaset/207607-boyuk-manipulyator)

Aralarındakı yaş fərqinə və baxmayaraq, Moris Qurdolt-Montayn ilə Emmanuel Makron bir-birini mükəmməl tanıyır. Xarici İşlər naziri Jan-Yv Lö Drianın ətrafı tərəddüd etmədən israr edir ki, Moris Qurdolt-Montaynın nazirliyin baş katibi təyin edilməsində, nazirin heç bir rolu yoxdur. Onu bu strateji posta dövlət başçısı şəxsən özü təyin edib. Onların ikisinə də yaxın olan bir diplomatın dediyinə görə, “Moris Qurdolt-Montayn və Emmanuel Makron çox intim dostdurlar. Onlar tez-tez zəngləşir və fikir mübadiləsi edirlər”. Düzdür, Moris Qurdolt-Montayn diplomat karyerasında Hüber Vedrin və Dominik dö Villpənt kimi şəxsiyyətlərlə də işləyib. Onu həmişə müdafiə edən bu iki güclü adam Makronun prezident kampaniyası zamanı nəinki gələcək prezidentə dəstək olmuşdular və təbii ki, onun qulağına Moris Qurdolt-Montayn haqqında pıçıldamışdılar. Amma üçüncü bir adam da onun Xarici İşlər Nazirliyinin baş katibi təyin olunmasında böyük rol oynayıb – keçmiş diplomat, həm də Emmanuel Makronla çox yaxın münasibətdə olan Filip For. (Moris Forun oğlu) Dominik dö Villpəntin dostu olan bu adam bir vaxtlar Xarici İşlər Nazirliyinin katibi olanda, Moris Qurdolt-Montayn Yelisey sarayında Jak Şirakın məsləhətçisi idi. Mitteranın vaxtında, ələlxüsus da onun ikinci mandatı dövründə indi Makrona sitayiş edən bu adam, bütün çevrəsini və şəbəkələrini səfərbər etmişdi ki, onlar prezident seçkilərində Jak Şiraka yox, Eduard Balladürə səs versinlər. (Çünki onun rəsmi məsləhətçisi idi) Yelisey sarayında onun kontaktı Mişel Şarass idi.

Bütün bunlara görə – polemikaya baxmayaraq – Moris Qurdolt-Montayn rahat yata bilər. Düzdür, bir neçə həftə sonra mətbuatda xəbər yayılır ki, bu adam 2017-ci ilin sentyabrın axırlarında həyat yoldaşı Amanda Qalsvorti (Mitteran, Şirak və Sarkozi kimi prezidentlərin keçmiş tərcüməçisi) ilə Əlcəzairə şəxsi səfəri zamanı, El Orassi hotelində, Aleksandr Djuri ilə nahar edib. Sonra isə onlar bir yerdə, Tipasa adlanan məşhur arxeoloji bir regiona ekskursiyaya gediblər. Onun başqa bir dostu – Milli İnvestisiya Fondunun prezidenti, Əlcəzair müəssisələrinin maliyyələşdirilməsində əvəzsiz rol oynayan Asen Haddad da bu ekskursiyada iştirak edib. Ancaq bütün bu söz-söhbətə və skandala baxmayaraq, Moris Qurdolt-Montayn öz vəzifəsində qalır.

Bəzi keçmiş tanışlıqlar heç vaxt unudulmur. Makron necə bunu bilməyə bilər? Moris Qurdolt-Montayn diplomatik bacarığından necə istifadə edəcəyini yaxşı bilir. 2006-cı ilin aprelində bu diplomat, o vaxt Parisin prefekti Bernard Skorasininin məşhur Bristol restoranında təşkil etdiyi naharda da iştirak edib. Daxili İşlər Nazirliyi ilə Yelisey sarayının iki addımlığında yerləşən bu adlı-sanlı restoranda, ondan başqa, stol arxasında Nikola Sarkozi, Aleksandr Djuri və Clod Jan əyləşmişdilər. Prezident seçkilərinə bir neçə ay qalmış, bu adamlar Şirakın və Sarkozinin tərəfdarları arasında yaxın münasibət yaratmağa çalışırdı.

Əsli Kabildən olan xaç atası işə başlayır

Aleksandr Benalla qonaqların siyahısını təşkil etsə də, Emmanuel Makronun 2017-ci ilin dekabr ayındakı Əlcəzairə ikinci səyahətində şəxsən iştirak etmir. Halbuki bir neçə ay əvvəl prezidentin seçki kampaniyasının qızğın çağında, Makronun Əlcəzairə birinci səfərində onun yanında idi. O, vaxt gələcək prezidentin “şillə vuranı” cibində xidməti pasport gəzdirirdi. Bu tip pasportlar, adətən, diplomatik passport almaq hüququ olmayan, ancaq hökumət adından xarici ölkələrə xüsusi missiyalara göndərilən məmurlara verilir. Aleksandr Benalla hansı xüsusi missiyalar üçün xarici ölkələrə gedirdi? Əlcəzairə ilk səfərində hələ prezidentliyə namizəd olan Makron, iki gün ərzində – 2017-ci ilin fevralın

13-də və 14-də – Əlcəzairdə xeyli işlər görür. Makron çox yaxşı bilir ki, hər hansı bir seçkidə Əlcəzair mənşəli fransızlar böyük rol oynayır. Eyni zamanda, Əlcəzairdə yaşayan franko-əlcəzairlilər də onları səfərbər etməkdə böyük rol oynaya bilər. Yaxşı təcrübə mübadiləsidir.

Kampaniya zamanı büdcədə pulun az olduğu vaxt, bu təkandan istifadə etməmək axmaqlıq olar. Görünür, əlcəzairlilər də Makrona, onun əlcəzairlilərə yanaşdığı kimi yanaşırlar. O vaxt prezidentliyə namizəd, əsl dövlət başçısı kimi qarşılandı. Prezident olandan sonra da Makron, Əlcəzairin hökumət başçıları ilə görüşlərini davam etdirir: Baş nazir Abdelmalek Sellal, Təhsil naziri Nuria Benqebri, Dini İşlər naziri Mohamed Aïssa, Xarici İşlər naziri Ramtan Lamamra və Sənaye naziri Abdeslam Buşureb və sairə.

Səfərin ikinci günü, fevralın 14-də – Əlcəzairin Echorouk News kanalına verdiyi müsahibəsində Emmanuel Makron Əlcəzairin Fransa tərəfindən müstəmləkəçiliyini “bəşəriyyətə qarşı cinayət” adlandırır və əlavə edir ki, bu müstəmləkə sözün əsl mənasında “barbarlıq” xarakteri daşıyıb. Bu sözlər çox ağır sözlərdir və ən başlıcası da odur ki, onun əvvəl dedikləri ilə ziddiyyət təşkil edir. 2016-cı ilin noyabrında, Le Point jurnalına verdiyi müsahibədə Makron müstəmləkəçiliyi tənqid etmişdi, ancaq onu da əlavə etmişdi ki, müstəmləkəçilik, müstəmləkə altında olan ölkələrə həm də sivilizasiya elementləri gətirib. Təbii ki, 2017-ci ilin fevral ayında onun Əlcəzairdə müstəmləkə haqqındakı bəyanatları yerli camaatın xoşuna gəlir. Onu da qeyd edək ki, bu məsələdə Əlcəzair və müstəmləkəçilik üzrə mütəxəssis, tarixçi Benjama Storanın da əməyi az deyil. Hollandın prezidentliyi dövründə Əlcəzairdə doğulan bu köhnə Trotskist dəridən-qabıqdan çıxmışdı ki, o, 1945-ci ilin mayında Əlcəzairin Setif şəhərindəki qırğını əlində əsas tutub Fransanın Əlcəzairi müstəmləkə altında saxlamasını tənqid etsin. O vaxt Fransız ordusu tərəfindən, təxminən 45000 əlcəzairli qətlə yetirilmişdi. Amma Sosialist Partiyasının keçmiş birinci katibi və ovaxtkı prezident, çıxışlarında hərdənbir bu mövzuya yüngülcə toxunsa da, heç vaxt ciddi şəkildə Fransanın bu qırğındakı cavabdehliyini etiraf etməmişdi.

Bu səfərdə onu müşayiət edəcək nümayəndə heyətini Makron özü seçmişdi: Diplomatik məsləhətçi Oreliyen Leşevalliye; (bir müddət sonar bu adam Yeliseydəki prezident kabinetinin üzvü olacaq). Fransua Hollandın keçmiş dostu, Əlcəzairi əlinin içi kimi tanıyan və Makrona bu ölkədə kimlərlə əlaqəyə girməyi məsləhət görən advokat Jan-Pyer Minard; İqtisadiyyat Nazirliyində işləyəndə onun kabinet direktoru olan Sofi Ferraççi; Raff aranın keçmiş naziri, Hollandın vaxtında Fransanın Əlcəzairdəki xüsusi nümayəndəsi olan Nikol Qedi və hətta onun mətbuat xidmətinin rəisi Silvan Fort. Əlcəzairə gedən nümayəndə heyətinin fotolarında Makronun cangüdəni kimi fəaliyyət göstərən Aleksandr Benalla da görünür. Bu adam hətt a Makronla birlikdə çox məxfi görüşlərdə də iştirak edəcək...

Amma bu yüksək riskli səfərin əsl təşkilatçısı keçmiş diplomat, Ardian investisiya qrupunun rəhbərlərindən biri Fransua-Ayssa Tuazidir. Bu məşhur investisiya şirkəti üçün Fransua-Ayssa Tuazi yaxın şərq və cənubi Asiya bölgələrində aktiv olan milyardlarla avro idarə edir.

Bir müddət sonra bu investisiya şirkətinin filiallarından biri – makler sığorta şirkəti – Emmanuel Makronun prezident kampaniyasının maliyyə təminatında həlledici rol oynayacaq. Seçki kampaniyasına pul toplayanlardan biri etiraf edir ki, “Tuazi gələcək prezident Makronun seçki kampaniyasında çox böyük rol oynadı”. Makronun bandasına qoşulmazdan əvvəl bu adam, solçular partiyasından olan Arno Montburqa və sağçılar partiyadan olan Brüno Lö Merə kömək etmişdi.

(ardı var)

Siyasət