Bir haypərəst də o yandan çıxdı

post-img

Ermənistan iqtidarının yürütdüyü siyasətin ziddiyyətli olması heç kəsə sirr deyil. Bugünlərdə bu ziddiyyət özünü bir daha aydın şəkildə göstərdi. Söhbət dekabrın 12-13-də İrəvanda “Soyqırımı cinayətlərinə qarşı” V qlobal forumun (?) keçirilməsindən gedir. Ziddiyyət bir tərəfdən rəsmi İrəvanın Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzrə danışıqlar apardığı, eyni zamanda, Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışdığı halda Ermənistan paytaxtının Bakı və Ankara üçün belə həssas mövzuda toplantıya evsahibliyi etməsi ilə bağlıdır. Yəni, iki ölkə ilə həm əlaqələr qurmağa çalışmaq, həm də onları tarixdə heç vaxt olmayan məsələlərdə ittiham etmək bir çərçivəyə sığmır.

Burada digər ziddiyyət Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bir müddət əvvəl, daha doğrusu, 2024-cü il oktyabrın 31-də ölkəsinin parlamentində verdiyi bəyanatla bağlıdır. O bildirmişdi ki, qondarma “soyqırımı”nın tanınması Hayastan XİN üçün prioritet məsələ deyil: “Ermənistan Türkiyə ilə dinamik və müsbət dialoq aparır. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması prosesini Ermənistan–Azərbaycan sülh prosesi ilə əlaqələndirir. Fikrimizcə, bu o qədər də konstruktiv yanaşma deyil. Ermənistan Türkiyə ilə ilkin şərt olmadan dialoq aparır”. Mirzoyan yaxın gələcəkdə Ermənistan–Türkiyə münasibətlərində mümkün irəliləyişlə bağlı nikbin olduğunu vurğulamışdı. Qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması məsələsinin Ermənistan xarici siyasət idarəsinin gündəmində olub-olmaması ilə bağlı suala A.Mirzoyan belə cavab vermişdi: “Bu məsələ Ermənistanın xarici siyasət gündəmində prioritet deyil. Tarixin faciəvi ləkələrini, “erməni soyqırımı”nı öyrənmək və ya bunu bir nömrəli prioritet etmək, təbii ki, xarici işlər nazirliyinin işi deyil”.

Ancaq indi Ermənistan rəhbərliyinin İrəvanda belə bir forum keçirməsi, orada A.Mirzoyanın da iştirak və çıxış etməsi əvvəl bəyan edilmiş mövqeyə tərs mütənasibdir. Həmin forumda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən ermənipərəstlər İrəvana təşrif buyurublar. Onlardan biri də BMT-nin milli azlıqların işləri üzrə sabiq xüsusi məruzəçisi Fernan de Varendir. Forumda iştirakı çərçivəsində Ermənistanın dövlət informasiya agentliyi – “Armenpress”ə müsahibə verən Varen deyib ki, Qarabağda baş verənləri “hərbi cinayət və ya insanlığa qarşı cinayət” hesab etmək olar. O, iddia edib ki, beynəlxalq hüquq baxımından Qarabağda baş verənləri asanlıqla “etnik təmizləmə” ilə də eyniləşdirmək olar.

“Armenpress”in müxbiri Varendən hayların xeyrinə olan daha bir neçə kəlmə “qoparmağa” çalışıb. Ona “Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda törətdiyi əməllər “soyqırımı” kimi qiymətləndirilə bilərmi?” məzmunda sual ünvanlayıb. Sabiq xüsusi məruzəçi isə deyib ki, əslində, soyqırımı beynəlxalq hüquqda müəyyən edilməsi çox çətin olan cinayətdir, çünki bu, xüsusi niyyət tələb edir: “Qiymətləndirmə üçün Qarabağda baş verənlərin bütün təfərrüatları barədə məlumatlı olmaq lazımdır. Mən isə belə məlumatlara malik deyiləm. Lakin soyqırımı cinayətinin, əslində, beynəlxalq hüquqda sübut edilməsi çox çətin cinayət olduğunu xatırlamaq lazımdır. Çünki bunun üçün xüsusi niyyət tələb edilir. Qarabağda yaşayan erməniləri fiziki cəhətdən məhv etmək niyyəti olubmu, yoxsa məqsəd onlardan qurtulmaq, bölgədən çıxarmaq olub? Əgər sonuncudursa, bu, beynəlxalq hüquqda soyqırımı cinayətinə uyğun gəlmir. Lakin bunlar başqa cinayət növləri də ola bilər”.

Bununla belə Fernan de Varen İrəvanda olmasını, erməni lobbisinin, necə deyərlər, cibinə pul basmasını, paytaxtın mərkəzindəki beşulduzlu “Marriott” hotelində qalmasını və digər nüansları nəzərə alaraq “məzlum ermənilər”i sevindirəcək sözlər düzüb-qoşmağı bacarıb. Deyib ki, Qarabağda “etnik təmizləmə”nin olması ilə heç kəs razılaşmaya bilməz. “Bu, soyqırımı deyil, amma istənilən halda “hərbi cinayət və ya insanlığa qarşı cinayət” hesab oluna bilər. Ona görə də beynəlxalq hüquq nöqteyi-nəzərindən hesab edirəm ki, Qarabağda baş verənləri çox asanlıqla “etnik təmizləmə” kimi müəyyən etmək olar” – deyə BMT-nin milli azlıqlar üzrə sabiq xüsusi məruzəçisi çərənləyib.

Eyni zamanda, “1915-ci il soyqırımı” mifinə gəlincə, Varen hətta, Türkiyənin bu cəfəngiyyatı gələcəkdə tanıya biləcəyi iddiasını da irəli sürüb: “Bir müddət sonra Türkiyə tərəfində bu məsələyə münasibətdə müəyyən dəyişiklik ola bilər. Fərqli siyasi, sosial və hüquqi kontekstləri olan vəziyyətlər ola bilər ki, nəticədə Türkiyə hökumətinin bunu “soyqırımı” kimi tanıması daha asan olacaq. Başqa sözlə, bu, bəlkə indi deyil, gələcəkdə baş verə bilər. Ona görə də təslim olmaq lazım deyil”.

Beləliklə, Hayastan mediası bir neçə gündür sevincək olaraq, daha bir cəfəngiyyatı, daha bir təxribatçı bəyanatı, yəni Fernan de Varenin sözlərini həvəslə tirajlayır. BMT-nin sabiq xüsusi məruzəçisinin Azərbaycan və Türkiyə ilə bağlı qərəzli açıqlamaları göstərir ki, Varen bir sıra beynəlxalq strukturlardakı çoxsaylı “həmkarları” kimi öz pulunu qazanan erməni lobbisinin növbəti alətidir. O, argentinalı həmkarı, Beynəlxalq Cinayət Məhkəməsinin sabiq (2003-2012) prokuroru Luis Moreno Okampo kimi artan xərclərini bu yolla qarşılamaq qərarına gəlib. BMT-nin sabiq xüsusi məruzəçisinin Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etmiş ermənilərin hüquqlarını bu qədər canfəşanlıqla müdafiə etməsini, lakin bir vaxtlar BMT-nin müstəqil eksperti statusuna malik olmasına baxmayaraq, indi Ermənistan adlanan Qərbi Azərbaycandan qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının kobud şəkildə pozulması, ermənilərin işğal etdiyi Azərbaycan əraziləri barədə bir kəlmə də olsun danışmamasını başqa necə izah etmək olar? Cavab aydındır. Uzun müddətdir ki, Qərb strukturlarının, o cümlədən BMT-nin ayrılmaz tərkib hissəsi olan ikili standartlar, eləcə də şəxsi mənfəət hissi bu cür şəxsləri yeri gələndə susmağa, lazım olanda isə necə deyərlər, bülbül kimi ötməyə sövq edir. Ona görə də Ermənistanın işğalı dövründən ikili standartlarla üzləşən ölkəmizin Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası məsələsini beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlamaqda, BMT-yə müraciətdə davam etməsi tamamilə ağlabatandır. Bu günlərdə Qərbi Azərbaycan İcması BMT-nin müvafiq strukturlarını Ermənistandakı azərbaycanfobiya problemini diqqət mərkəzində saxlamağa və Ermənistanla bağlı müzakirələr zamanı Qərbi azərbaycanlıların hüquqlarının pozulması məsələsinə baxmağa çağırıb.

BMT-nin müvafiq strukturlarının tədbirlərinin nə dərəcədə təsirli olub-olmayacağı, əlbəttə, ritorik sualdır. Burada yada salmaq yerinə düşər ki, Azərbaycan ərazilərinin işğalı dövründə rəsmi İrəvan Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə açıq-aşkar etinasız yanaşıb. Lakin indi Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Ermənistan tərəfi tələblərini kobud formada pozduğu bu qurumun, yəni BMT-nin hətta, indiki deyil, keçmiş xüsusi nümayəndələrinin xidmətinə müraciət etməkdən çəkinmir. Ona görə də Ermənistan üçün BMT platforması yalan təbliğat aparmaq üçün növbəti imkandır.

Digər bir vacib nüans isə ondan ibarətdir ki, Azərbaycanın, guya, Qarabağ ermənilərinin hüquqlarını pozması barədə az qala hər küncdə-bucaqda haray-həşir salan İrəvan yaxşı olardı ki, Ermənistanda yaşayan yezidi kürdlərin hüquqlarının təmin olunmasının qayğısına qalsın. Hələ 2021-ci ilin avqustunda BMT-ni təmsil edən hüquq müdafiəçiləri İrəvanı Ermənistandakı yezidi icmasının hüquqlarını müdafiə edən fəal və İnsan haqları üzrə yezidi mərkəzin təsisçisi Saşik Sultanyana qarşı təqibləri dayandırmağa çağırıblar. Maraqlısı odur ki, o zaman BMT-ni təmsil edən hüquq müdafiəçilərinin Ermənistan hakimiyyətinə çağırışları şəxsən BMT-nin xüsusi məruzəçisi Fernan de Varen tərəfindən dəstəklənib. Aydın olur ki, Ermənistanda yezidi azlıqların hüquqlarının pozulmasına gələndə, Varen onları müdafiə etmək üçün dərhal ayağa qalxıb, lakin Ermənistandan qovulan azərbaycanlıların hüquqları tapdananda lal-dinməz olub. Bu isə Qərbin ikili standartlarının daha bir göstəricisidir.

Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirdi ki, Fernan de Varenin söylədiyi fikirlərin, ümumiyyətlə, reallıqla heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, bu mənada onun çıxışlarını ciddiyə almamaq daha doğru olardı: “Bəlkə də öz qohumları, yaşadığı məhəllədə heç ona salam vermirlər. Görün ermənilər nə günə qalıblar ki, kimə gəldi pul buraxır və həmin şəxsləri, o cümlədən Varen kimiləri danışdırırlar. Təbii ki, burada da məqsəd bəllidir. Ümumiyyətlə, dünyada Azərbaycana qarşı təbliğatın arxasında erməni lobbisi dayanır. Bu zaman çirkli pulların yuyulması prosesi də baş verir. Bilirsiniz ki, dünyanın ayrı-ayrı ölkələrində, əsasən Qərb dövlətlərində mövcud olan erməni lobbisinə həmin ölkələrdə yaşayan ermənilər tərəfindən hər il milyonlarla dollar köçürülür. Qarabağ erməniləri məsələsi, Azərbaycanla Ermənistan arasında bu və ya digər məsələlərin müzakirəsi olmasa, o zaman diasporun ianə toplaması məsələsi sual altına düşə bilər. Ona görə də xaricdəki müəyyən erməni dairələri Ermənistan və Azərbaycan arasında münaqişə səhifəsinin bağlanmasını, bu məsələnin tarixə qovuşmasını istəmirlər. Hər zaman Ermənistanın Azərbaycanla probleminin mövcud olmasını istəyirlər. Süni, saxta informasiyalar yaymaqla onların hesabına ətrafdakı ermənilərdən ianələr alır və bunun böyük hissəsini şəxsi məqsədləri üçün istifadə edirlər”.

Varen kimilərin cəfəngiyyatına gəldikdə isə politoloq qeyd etdi ki, Azərbaycan Ordusu Qarabağda beynəlxalq hüquqa və humanitar hüquqa uyğun hərəkət edib. Azərbaycan Ordusu heç bir ölkə, eləcə də Ermənistanın özü tərəfindən tanınmayan separatçı xunta rejiminin, faktiki olaraq terrorçuların varlığına son qoyub: “Mülki əhaliyə qarşı tədbirlərdən, ümumiyyətlə, söhbət gedə bilməz. Ordumuz istər 44 günlük müharibə, istərsə də antiterror tədbirləri zamanı bir mülki əhalinin belə burnunu qanatmayıb. Bu mənada heç bir dəlil olmadan Azərbaycanı nədəsə ittiham etmək mümkün deyil. Ona görə də Varen kimilərin bu cür ittihamları tamamilə ciddilikdən uzaqdır. Azərbaycan dövləti kimin nə deməsindən asılı olmayaraq, doğru hesab etdiyi yolla davam edəcək. Bu yol isə Azərbaycanda erməni separatizminin bir daha baş qaldırmasına imkan verməməkdən ibarətdir”.

Səxavət HƏMİD
XQ



Siyasət