Dünyanın harasında qəbul edilməsindən asılı olmayaraq, Qarabağ avantürasının hansısa şəkildə davamına hesablanmış istənilən sənəd Ermənistanda ümid yaradır. Buna ümid yox, illüziya demək daha münasibdir.
Əminliklə söyləyə bilərik ki, İsveçrə parlamentinin aşağı palatası olan İsveçrə Milli Şurasının “Dağlıq Qarabağ: sülh konfransı” adlı qətnaməsi də eyni effekti verib. Sözügedən qətnamənin qəbulundan sonra haylar əməlli başlı hərəkətə keçiblər. Hərəkətdə isə üç əsas istiqamət var. Birincisi, Ermənistanın idarəçilik sisteminə adi qurumların fəaliyyəti, ikincisi, baş nazir Nikol Paşinyana müxalif qüvvələrin fəallığı, üçüncüsü, İrəvanda məskunlaşmış separatçıların canfəşanlığı.
Sonuncudan başlayaq. Qagik Bakunç adlı biri peyda olub. Sən demə, “Artsax Milli Assambleyası”nın spikeri imiş. Adam İsveçrə parlamentinin “aşağı palataçılarının” qətnaməsindən sevincək olub və təşəkkürünü bildirərək deyib ki, sənəd “Artsax xalqının” hüquqlarının, xüsusən, təhlükəsiz və layaqətli qayıdışının təminatı istiqamətində mühüm addımdır. Əlbəttə, “spiker qırığı”nın nə deməsi o qədər önəmli deyil. Əsas olan belə bir adamın İrəvanda oturub çərənləyə bilməsidir. Onun və onun kimilərin hər dəfə ağızlarına gələni dillərinə gətirmələri o deməkdir ki, Ermənistan hakimiyyəti ölkə daxilində Azərbaycana qarşı ərazi iddiasını əsas götürən qruplaşma saxlamaqdadır. Hər halda, Bakunçun Qarabağ ermənilərinin yaşadıqları yerlərə təhlükəsiz və ləyaqətli qayıtmaq “formulunun” Azərbaycan vətəndaşlığının qəbuluna əsaslanmadığı gün kimi aydındır. Aydındır ki, məsələdə separatçılıq təmayülü var. Deməli, Paşinyan administrasiyası bakunçlara meydan verməklə, separatizmə dəstək göstərir ki, yazımızda bu tendensiyanın daha qabarıq formasından söz açacağıq.
Keçək ikinci mətləbə. Ümumən, xaricdə Qarabağ avantürasına hansısa formada dəstək göstərilməsinə hesablanmış istənilən məsələ Ermənistanın hazırkı hakimiyyətindən narazı qütbləri hərəkətə gətirir. Hərəkətə gələnlərdən biri də ölkə parlamentinin “Ermənistan” blokundan olan deputatı, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın “gülməşəkər oğlu” Levon Koçaryandır. Koçaryan özünün “Telegram” kanalında yazıb ki, ABŞ, Avropa İttifaqı ölkələri və Rusiya, bir sözlə hamı (?) “Artsaxa” qayıtmaq hüququndan danışır, yalnız Paşinyan administrasiyasının şəxsində Ermənistan hakimiyyətindən başqa.
Həqiqətən, L.Koçaryan haqlıdır. O anlamda ki, rəsmi İrəvan açıq şəkildə Qarabağ ermənilərinin bölgəyə qayıtmaları ritorikasına üstünlük vermir. Ancaq, bu, o demək deyil ki, Paşinyan və siyasi ortaqları məsələni ikinci plana atıblar. Onlar, sadəcə olaraq, hiyləgərliklə məşğuldurlar və anti-Azərbaycan “fəaliyyətlərini” ölkəmizin adını çəkməməklə davam etdirirlər. Niyə? Ona görə ki, birincisi, özlərini dünyaya sülhsevər kimi göstərmək istəyirlər və elə fon yaradırlar ki, sanki, beynəlxalq hüquq prinsipləri onlar üçün müstəsna əhəmiyyət daşıyır. Axı hansı səmtə çevirsən, Qarabağ Azərbaycan ərazisidir və rəsmi İrəvan da bunu tanıyıb. İkincisi və ən əsası, hazırda ölkəmizə qarşı açıq ittihamlar irəli sürməmək Qərbin Paşinyan administrasiyası qarşısında qoyduğu başlıca tələbdir.
Məlumdur ki, Qərbin Cənubi Qafqazda sülh məsələsinə öz baxışı var. Bu baxış Rusiyanı və regiona maraqlı digər ölkələri sıxışdırmaq niyyətinə köklənib. Ermənistan isə alətdir. Qərb çalışır ki, Bakı İrəvanla diqqətə çatdırdığımız vəzifənin reallaşmasına razılığın olduğu sülhə gəlsin. Ermənistan rəhbərliyinə köhnə ritorikadan uzaqlaşmaq göstərişi məhz buna görə verilib. Təsəvvür edin ki, İrəvanda soyqırımı ilə bağlı forum keçirilir, tədbirə dünyanın müxtəlif bölgələrindən ermənipərəstlər dəvət olunurlar, onlar Azərbaycana “etnik təmizləmə”, “soyqırımı” reallaşdıran ölkə damğası vururlar, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə çıxışında bütün bunları ad çəkmədən deyir, subliminal mesajlar verir. Hamıya yaxşı bəllidir ki, Mirzoyanın hədəfi ölkəmizdir. Yeri gəlmişkən, L.Koçaryan bunu qorxaqlıq kimi qələmə vermişdi. Əslində, ortada qorxaqlıqdan başqa ciddi hiyləgərlik də var ki, bunu diqqətə çatdırdıq.
O ki qaldı L.Koçaryanın İsveçrə parlamentinin saxta qətnaməsinə münasibət kontekstində Ermənistan hakimiyyətini qınamasına, bir məqamın üzərində dayanmağa ehtiyac var. Məlumdur ki, nə İsveçrə parlamentinin aşağı palatası, nə də digər hansısa Avropa ölkəsinin Qarabağ avantürasının davamına hesablanmış sənədi özfəaliyyət məhsulu deyil. Burada söhbət Paşinyan administrasiyası ilə razılaşdırılmış hərəkətdən gedir. Başqa sözlə desək, belə qətnamələr İrəvanda hazırlanır və Avropanın kosmopolit, beynəlxalq hüquqdan anlayışı olmayan pensioner deputatlarının masalarının üzərinə çıxarılır. Təbii ki, müvafiq bəxşişlərlə birgə. Başqa cür mümkün də deyil. Guya, avropalılar “Artsax”ın nə olduğunu bilirlər? Əlbəttə, bilmirlər, heç bilməyəcəklər də. Ermənistan isə bu cür əməlləri ilə gələcək üçün, bir növ, hüquqi baza formalaşdırır ki, nə zamansa yenidən avantürizm ritorikasını gücləndirsin. Ancaq deputat L.Koçaryanın və digər anti-Paşinyan mövqe tutanların reaksiyalarından, ittihamlarından görünür ki, İsveçrə parlmentinin və ya digər qurumun qətnaməsinin avantürist mahiyyəti, konkret olaraq, Qarabağ ermənilərinin bölgəyə qayıtmalarının tələb olunması fonunda rəsmi İrəvanın məsələ barədə söz açmaması sərt ictimai reaksiya doğurur. Yəni, Ermənistan hakimiyyəti qaş düzəltdiyi yerdə göz çıxarır. Deməli, hiyləgərlikdən uzaq durub, səmimi davranmaq şərtdir. Ancaq belə yanaşma Paşinyan iqtidarı üçün tamamilə yaddır. Elə isə rəsmi İrəvan sərsəm koçaryanların ittihamları ilə baş-başa qalmalıdır və qalır da.
Keçək üçüncü məqama. Görünür, Ermənistanın idarəçilik sistemində Qarabağ ermənilərinin qayıdışı mövzusunda açıq danışmaq icazəsi olan yalnız bir nəfərdir – ölkə ombudsmanı Anait Manasyan. O, NATO-nun Gürcüstandakı Əlaqələr Bürosunun rəhbəri Aleksandr Vinnikovu və ofisin siyasi məsələlər üzrə məsul əməkdaşı Arkadiuş Leqiçini qəbul edərkən, Qarabağ ermənilərindən söz açıb. XİN rəhbəri A.Mirzoyandan və digər rəsmilərdən fərqli olaraq, Manasyan məsələyə bir qədər konkret toxunub. Hərçənd, o da bilavasitə Azərbaycanın adını çəkməyib. Erməni ombudsman deyib ki, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi ilə bağlı beynəlxalq mexanizmlərin daim təkmilləşdirilməsinə baxmayaraq, öz yurd-yuvalarından məcburi köçkün edilmiş və qeyri-insani əzablara məruz qalan insanların (Qarabağ ermənilərinin – red.) hüquqları hələ də bərpa olunmayıb.
Sonda bir məqamı da deyək ki, son günlər Ermənistan və havadarlarının etnik təmizləmə şousunu yenidən gündəmə gətirmələri, eləcə də Qarabağ ermənilərinin bölgəyə qayıdışı fonunda qaldırdıqları isterik durum heç də təsadüfi deyil. Mövcud fonda rəsmi İrəvanın sülhdən yayındığını görürük. Onu da görürük ki, Ermənistan rəhbərliyində təmsil olunanlar Fransaya, Hindistana səfərlər gerçəkləşdirirlər. Yəni, hərbi müttəfiqlik münasibətlərini dərinləşdirirlər. Bunun ölkənin silahlanması baxımından yeni faza olduğunu söyləməyə isə lüzum yoxdur. Çünki hər şey ortadadır. Bilavasitə yuxarıda qeyd etdiyimiz məsələlərin qaldırılmasına gəlincə, məqsəd sülh gündəminə yeni elementlər gətirməklə, barış mühitinin formalaşmasına qarşı çıxmaqdır.
Ə.CAHANGİROĞLU
XQ