Sülhün “durğunluq” dövrü

post-img

Yaxud “avrokəşfiyyatçılar”ın missiyasının müddətinin uzadılması bölgəyə nə verəcək?

İlin sonu yaxınlaşdıqca Azərbaycan və Ermənistan arasında sülh prosesinin gələcək aqibəti ətrafında suallar çoxalmaqdadır. Bu sualları doğuran səbəblər isə birbaşa İrəvanın son aylar sərgilədiyi “sürüşkən diplomatik gedişləri” və bunun müqabilində sülhdənqaçma cəhdləri ilə bağlıdır. Məhz Paşinyan hökumətinin günahı ucbatından hazırda iki ölkə arasında vasitəçisiz danışıqlar prosesi özünün aydın sezilməkdə olan “durğunluq” mərhələsini yaşamaqdadır.

Rəsmi İrəvan həm baş nazir, həm də xarici işlər naziri səviyyəsində sülh sazişi mətninin 90 faizinin artıq razılaşdırıldığını, 17 bənddən 15-i üzrə ortaq məxrəcə gəlindiyini bəyan etsə də, danışıqlarda “Qordi düyünü”nə çevrilmiş məqamlar barədə susmağa üstünlük verir. Belə məqamlardan biri də Bakının Ermənistanın əsas qanununu Azərbaycana qarşı ərazi iddialarından təmizləmək üçün İrəvandan konstitusiya islahatının aparılması tələbidir. Bu barədə çox yazılsa və danışılsa da, hələlik problem “ölü nöqtə”dən tərpənmir.

Hayların baş naziri bu məsələyə kompleks baxılacağını və konstitusiya islahatı proqramının qarşıdakı iki il ərzində işçi qrup tərəfindən hazırlanacağını açıqlayıb. Yəni, 2027-ci ilədək – Ermənistan hökumətinin konstitusiya referendumunu təyin edəcəyi tarixə qədər bu məsələdə irəliləyiş gözləməyə dəyməz.

Bundan başqa, sülhü əngəlləyən məqamlardan biri də Avropa İttifaqının Ermənistandakı casus missiyasıdır. Adı mülki gedən bu missiyanın qaranlıq fəaliyyəti barədə Bakının bəyanatlarını, eləcə də ekspertlərin açıqlamalarını təhlil edərək belə nəticəyə gəlmək olar ki, bu məqam danışıqlar prosesində müzakirə predmeti olmasa da, reallıqda ikitərəfli təmaslara mənfi çalarlar qatır. Məhz bu məqamın üzərində bir qədər ətraflı dayanmağa lüzum görürük.

* * *

Son vaxtlar Azərbaycan Aİ missiyasının fəaliyyətindən, ümumiyyətlə, onun mövcudluğundan narazılığını daha aydın şəkildə ifadə etməkdədir. Bu barədə Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib. Onun sözlərinə görə, başqa ölkələrin nümayəndələrinin Azərbaycanla sərhəddə yerləşdirilməsi qəbulolunmazdır: “Bu məsələ niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq...”.

Dövlət başçısı müsahibəsində onu da xatırladıb ki, ilkin olaraq 40 nəfərin yerləşdirilməsindən söhbət gedirdisə, sonra onların sayı 200 nəfərdən çox artırıldı: “Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi. Sonra oraya Kanadanın nümayəndələri qoşuldu”.

Fakt ondan ibarətdir ki, bu başabəla missiyanın müddəti uzadılanda heç kim Bakı ilə məsləhətləşmədi. İndi isə onun müddətinin artırılması ilə bağlı danışıqlar aparılır. Ermənistan və Azərbaycan arasındakı şərti sərhəddə Qərbin “binokl diplomatiyası”na qətiyyən ehtiyac yoxdur. Bu amil Azərbaycanın Aİ ilə onsuz da kövrək münasibətlərinə yalnız xələl gətirir.

Bir qədər bundan əvvəl Prezidentin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ-nin Ermənistan–Azərbaycan şərti sərhədində missiyasının fəaliyyətinin yekunlaşmalı olduğunu bildirərək, bu missiyanın qısamüddətli olaraq planlaşdırıldığını qeyd etmişdi: “Aİ-nin missiyası regionda sülhün bərqərar olmasına töhfə verən amil deyil. Sərhəddə üçüncü tərəfin olması yalnız gərginliyin artmasına səbəb olur. Bəzi Avropa ölkələri isə Aİ missiyası adından çıxış edərək Ermənistanda öz planlarını həyata keçirirlər”.

* * *

“Sülh danışıqlarında müşahidə edilən durğunluğun səbəbləri Azərbaycandan asılı deyil”. Bunu mövzu ilə bağlı açıqlamasında XQ-yə bildirən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov sülh prosesindən müəyyən irəliləyişin olmasına da diqqət çəkdi: “Hər halda, tərəflər sülh sazişinin 17 maddəsindən 15-ini razılaşdırıblar. Yerdə qalan iki maddədən biri Avropa İttifaqının müşahidəçilərinin şərti sərhəddə dayanmasıdır. Digəri isə beynəlxalq müstəvidə bir-birimizə qarşı iddialarla çıxış etməməklə bağlıdır. Bu məqamı dövlətimizin başçısı “Rossiya Seqodnya”ya müsahibəsində xüsusi olaraq vurğulayıb. Azərbaycan və Ermənistan rəsmiləri arasında Kazanda baş tutmuş məlum görüşdə rəsmi İrəvanın bu məsələdə yumşaq mövqe nümayiş etdirməsi nəzərdən qaçmadı. Əslində, bunu müsbət tendensiya kimi qiymətləndirə bilərik. Amma təbii ki, Azərbaycanın digər tələblərinin aradan qaldırılması üçün konkret addımlar atılmır. Əsas tələbimiz isə Ermənistanın konstitusiyasında, müstəqillik bəyannaməsinin preambula hissəsində Azərbaycana ərazi iddiaları ilə bağlı bəndlərin çıxarılmasıdır. Orada Qarabağın Ermənistan ərazisi kimi qələmə verilməsi ilə necə razılaşa bilərik? Qəti surətdə qəbulolunmaz iddiadır. Yəni, Bakının bütün şərtləri beynəlxalq hüquqa və normalara əsaslanır. Əgər İrəvan, doğrudan da, sülhə nail olmaq istəyirsə, bu şərtlərə əməl etməlidir. Ortada Ermənistanın maraqlarına zərbə vuracaq, ona toxunacaq məsələ yoxdur. Bunlar öz həllini tapana qədər nə sülh sazişinin imzalanmasından, nə də təhlükəsizliyin təmin olunmasından danışmaq olar”.

Hazırda İrəvan qəribə vəziyyətə düşüb. Onun Bakıdan Aİ-nin müşahidə missiyasının varlığına son qoyulması ilə bağlı aldığı ciddi siqnalların fonunda “binokllu diplomatlar”ın səlahiyyət müddətinin uzadılması barədə Brüsselə müraciəti heç də məqbul variant sayıla bilməz. Çünki Ermənistan hakimiyyəti bu addımı ilə sülh prosesinə ciddi zərbə vuran tərəf kimi bölgədə maraqları olan bəzi kənar aktorların da qınağına tuş gələ bilər. Bundan daha maraqlı məqam isə Paşinyan hökumətinin bu halda konkret hansı addımı atacağını əvvəlcədən proqnozlaşdırmağın qeyri-mümkünlüyüdür.

“Sülh müqaviləsinin bəndlərindən biri iki ölkə arasında sərhədin müəyyən edilməsi prosesindən bəhs edir. Azərbaycan şərti sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsinə qarşıdır. Bu zaman həmin qüvvələrin silahlılardan, yaxud “mavi jiletlilər”dən ibarət olmasının Bakı üçün fərqi yoxdur”. Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov bunu özünün “Opinion FM” teleqram kanalında dərc etdirdiyi məqaləsində vurğulayıb.

F.Məmmədovun sözlərinə görə, burada məntiq sadədir: Əgər danışıqlar masası arxasında üçüncü tərəf yoxdursa, deməli, ərazidə də əlavə heç kim olmamalıdır: “Nikol Paşinyan bu yaxınlarda bəyan etdi ki, Avropa İttifaqının mülki müşahidəçiləri bundan sonra sərhədin delimitasiya və demarkasiya edilən hissələrində görünməyəcəklər. Yəni, onun sözündən dolayısı ilə belə çıxır ki, “avrokəşfiyyatçılar” hələ uzun müddət Azərbaycanla sərhəddə qalacaqlar. Ermənistanın Azərbaycanın narazılığına səbəb olan məsələyə bu cür yanaşması ilə sərhədin müəyyənləşdirilməsi üzrə hökumətlərarası komissiyanın apardığı işin effektivliyini şübhə altına almış olur. O, bununla komissiyanın fəaliyyətini iflic vəziyyətinə sala bilər. Rəsmi İrəvan nəzərə almalıdır ki, bu halda Azərbaycan da hökumətlərarası komissiyanın öz işini davam etdirməsi üçün Aİ-nin mülki missiyasının Ermənistandakı fəaliyyətinə son qoyulması şərtini rəsmi şəkildə irəli sürə bilər”.

Əslində, Prezidentin köməkçisi Hikmət Hacıyevin yuxarıda diqqətinizə təqdim etdiyimiz açıqlamasını bunun ilk siqnalı olduğunu deyə bilərik.

Siyasi icmalçı F.Məmmədov diplomatik və digər missiyaların işçilərinin sayının əvvəlcədən elan olunmasına baxmayaraq, Aİ-nin xarici siyasət fəaliyyətində prioritet kimi Ermənistanı seçdiyinə diqqəti çəkdi: “Eyni zamanda, Ermənistan iqtidarı son vaxtlar Aİ-nin dörd minlik patrul xidməti barədə xəbərləri həvəslə tirajlayır. Üstəlik, Fransanın İrəvandakı səfiri Dekotini ölkəsinin dəstəklədiyi missiyanın naməlum fəaliyyətini cəsarətlə tərifləyir, onu “Türklərin hücumu qarşısında erməni xalqının təhlükəsizliyi” üçün, az qala, xilasedici rolundan danışır”.

Aydın məsələdir ki, İrəvanın bütün bu hərəkətləri “kollektiv Qərb”də məmnunluq yaratmaqla yanaşı, Bakıya Aİ missiyasının bölgədən getməyəcəyi barədə mesajı çatdırmaq məqsədini daşıyır. Xatırladaq ki, Ermənistan hakimiyyəti gələn ilin fevralında səlahiyyət müddəti başa çatacaq Aİ-nin mülki missiyasının fəaliyyətinin uzadılması ilə bağlı hələlik Brüsselə müraciət göndərməyib.

* * *

Ümumiyyətlə, rəsmi İrəvanın son davranışları göstərir ki, o, münaqişənin yekun və hərtərəfli həllinə müqavimətini gücləndirmək üçün xarici amillərdən yararlanmaq taktikasına sadiqdir. Bu zaman Cənubi Qafqazda öz maraqlarını güdən xarici qüvvələrin Ermənistandan bölgədə sabitliyi pozmaq üçün ona fürsət vermək kimi məkrli planlarından əl çəkmədiklərini də müşahidə edirik. Konkret indiki durumda Paşinyan iqtidarının “xəstə üçün ölümcül sayılan simptomların birləşməsindən” əziyyət çəkdiyini deyə bilərik. Yəni, Ermənistan həm Azərbaycanla sülhə gəlmək yolunda cəsarətsizliyini, həm də müstəqil qərarların qəbulunda siyasi iradəsizliyini növbəti dəfə nümayiş etdirir. İrəvanın sülh danışıqları üzərində manipulyasiyalarını davam etdirməsi fonunda ərazisində yerləşdirdiyi Avropa İttifaqının müşahidə missiyasının “faydalı xidmətini” qabartmağa çalışması təsadüfi sayıla bilməz. Azərbaycan hakimiyyəti lap əvvəldən bu missiyanı bölgə üçün faydasız bir qurum hesab edib. Axı, bu buqələmun missiyanın kimi-kimdən və nədən qoruduğu, Ermənistanın təhlükəsizliyinə hansı formada töhfə verdiyi, şərti sərhəddə nələri müşahidə etdiyi heç İrəvanın özünə də məlum deyil. Həmin kontingentin istefada olan fransız və alman jandarm və hərbçilərdən, yəni xüsusi xidmət orqanlarının agentlərindən təşkil olunduğu da sirr deyil. Onların iki ölkənin sərhəd zolağında “kollektiv Qərb” üçün məxfi məlumatlar toplamaqla məşğul olmaları müzakirə mövzusudur.

Nəhayət, Paşinyan özü də yaxşı anlayır ki, Ermənistanı Aİ-yə, yaxud NATO-ya qəbul edən yoxdur. Bu kimi məsələlər gündəlikdə durmur. Parisdən, Brüsseldən və Vaşinqtondan aldığı təlimatlar əsasında hərəkət edən həmin təşkilatların Azərbaycana qarşı qərəzli mövqedən çıxış etmələri hamıya yaxşı məlumdur. Əslində, bütün bunlar Paşinyanın sülh dasnışıqlarını durğunluq zolağına salan, prosesi tormozlayan siyasətinin təzahürləridir.

İmran BƏDİRXANLI
XQ

 





Siyasət