Əgər Ermənistan regional əməkdaşlığa töhfə vermək istəyirsə…
Bu marşrut, sadəcə, Türkiyə ilə Naxçıvanı və bütövlükdə Azərbaycanı birləşdirəcək dəmir yolu olmayacaq. Qars–İğdır–Aralıq–Dilucu– Sədərək–Naxçıvan–Culfa dəmir yolu xətti Orta dəhlizin daha bir qolu kimi İran ərazisindən keçməklə beynəlxalq yük daşımalarını yerinə yetirəcək haba çevriləcək. Bu gün dəmir yolunun inşası davam etdirilir. Orta Dəhlizlə Şimal-Cənub marşrutunu əlaqələndirəcək yeni yol Azərbaycan və onun tərəfdaşları üçün tranzit imkanlarını da genişləndirəcək.
Bəli, yeni tranzit marşrutu Zəngəzur dəhlizinə alternativ sayılmalıdır. Əgər Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinə əməl etsəydi, bu alternativə ehtiyac qalmazdı. Həmin sazişə imzasını qoyan Nikol Paşinyan boynuna götürdüyü öhdəlikləri yerinə yetirmir, sülh prosesinin prinsiplərinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən kommunikasiyaların bərpasından boyun qaçırır.
Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi Mərkəzi Asiya və Avropanın inteqrasiyası və regionun inkişafı üçün açar rolunu oynayır. Dəhlizin işə düşməsindən özü də az qazanmayacaq Ermənistan məsələləri dondurmağa çalışır. 30 ildən çoxdur blokada şəraitində olan Naxçıvan bu gün də müəyyən çətinliklərlə üzləşir. İrəvanın məsələyə qeyri-obyektiv yanaşmasına paralel olaraq rəsmi Bakı göstərdi ki, onun öz öhdəliyini yerinə yetirməyə nə vaxtsa hazır olacağını və kommunikasiya marşrutlarını şaxələndirmək üçün yaranacaq fürsətdən istifadə edəcəyini gözləmək niyyətində deyil. Məsələnin sual doğuran digər tərəfi isə İrəvanın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan dirənişinə qlobal güclər tərəfindən hələ də lazımi qiymətin verilməməsidir. Burada söhbət, ilk növbədə, Cənubi Qafqazda öz maraqlarını güdən kənar aktorlardan gedir.
2023-cü il oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirildi. Hazırda bu sahədə işlər sürətlə davam etdirilir. Bu o deməkdir ki, Azərbaycan qarşıya çıxan problemi özü həll edir və Ermənistanın məsələyə necə yanaşması artıq öz əhəmiyyətini itirib.
* * *
Məntiqə görə, Ermənistan regional əməkdaşlığa töhfə verməkdə və bundan faydalanmaqda özü maraqlı olmalıdır. Amma qərarların qəbulunda siyasi iradə kasadlığından əziyyət çəkən rəsmi İrəvana edilən kənar təsirləri də nəzərdən qaçırmaq olmaz. Belə böyük, transmilli layihələrə daha çox siyasi aspektdən yanaşılmanın məlum səbəbləri var. Sadəcə, bu zaman gecikən və uduzan Ermənistandır.
Bu məqamda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində dediyi fikirləri yada salmağımız yerinə düşər: “Önəmli olan Ermənistanın həqiqətən də bu layihədə maraqlı olub-olmamasıdır. Xoşniyyətli istək olduqdan sonra texniki məsələlər yaradıcı təfəkkür vasitəsilə həll oluna bilər. Velosiped icad etməyə ehtiyac yoxdur. Ermənistandan keçən marşrut İrəvanın öhdəliyidir və onlar buna əməl etməlidirlər. Başqa sözlə desək, öhdəliyini yerinə yetirməlidir”. Beynəlxalq təcrübənin və humanitar prinsiplərin də Ermənistandan Naxçıvanı blokadada saxlamağı dayandırmağı tələb etdiyini bildirən Hikmət Hacıyev İrəvanın heç bir səy göstərmədiyini də qeyd edib.
Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biri kimi çıxış edir. İki qardaş ölkənin birgə reallaşdırdığı Bakı–Tbilisi–Ceyhan, Bakı– Tbilisi–Ərzurum, TANAP, Bakı–Tbilisi–Qars kimi enerji və nəqliyyat layihələrinin mühüm regional və qlobal əhəmiyyət daşıdığı hamı tərəfindən etiraf olunur. Şübhə yoxdur ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan və Türkiyə bundan sonra da Avropanın enerji təhlükəsizliyinə töhfə verməkdə davam edəcəklər. İğdır–Naxçıvan təbii qaz boru kəmərinin çəkilməsi də iki qardaş ölkənin enerji gündəliyində duran aktual məsələlərdəndir. 2020-ci il fevralın 25-də “Azərbaycan Respublikasının hökuməti və Türkiyə Respublikasının hökuməti arasında Qars–İğdır–Aralıq–
Dilucu–Sədərək–Naxçıvan–Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb. Azərbaycan və Türkiyə hökumətləri layihənin iqtisadi və həm də siyasi əhəmiyyətini nəzərə alıb, bu dəmir yolunun tez bir zamanda işə düşməsini istəyirlər.
Bununla yanaşı, ötən il sentyabrın 25-də Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars–Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzalayıblar.
Təkcə iki ölkənin deyil, həm də bölgənin inkişafına xidmət edən bu proseslərə Ermənistanda xəbis yanaşmalar daim müşahidə olunur. Erməni mediasında bu xarakterli açıqlama və şərhlərə tez-tez rast gəlinir. Özünü türkoloq kimi qələmə verən Varujan Geqamyan adlı birisinin “Facebook” səhifəsində yazdıqları hay cəmiyyətində müşahidə olunan məlum təmayülün bariz nümunəsi sayıla bilər. Hay türkoloq ərz edir: “Xəritəyə baxın. Ötən həftə Türkiyə parlamentində 2025-ci ilin büdcəsinin müzakirəsi zamanı nəqliyyat naziri Qars–Naxçıvan dəmir yolunu göstərib. Bu, Zəngəzur dəhlizinin əsası və davamıdır. Türkiyə Ermənistanı boğmaq üçün sürünən ilan kimi yaxınlaşıb onu əhatəyə almağa davam etdiyi halda, bu layihəni daxili gündəmimizdə yada salan yoxdur. Bununla paralel olaraq, Türkiyənin tələbi ilə indi Ermənistan orduda ixtisarlar aparmağa hazırlaşır. İqtidar qarşıdan gələn seçkilərdə hakimiyyətin qələbəsini təmin etmək üçün qeyri-qanuni addımlar atmağı planlayır”.
Geqamyan baş nazirlərinin Ərdoğanın yazılarını oxuduğunu, ondan sitatlar gətirdiyini, illər əvvəl Hayastanın təhlükəsizliyini təmin etmiş prezidentin isə “sorğu-suala çəkildiyini” yazır. Bu gün Ermənistan cəmiyyətində mövcud reallığı dolayısı ilə etiraf edən hay ekspertin Türkiyə–Azərbaycan qardaşlığına qısqanclığını bölüşənlər az deyil.
* * *
Reallığı qəbul etməkdə çətinlik çəkən, keçmişə xəstəcəsinə bağlı olan erməni cəmiyyəti, hər şeydən əvvəl, daxili problemlərinin həlli barədə düşünməli, zamanın onun əleyhinə işlədiyinin fərqinə varmalıdır. Dünyaya açıq Azərbaycan isə tərəqqi və əməkdaşlıq yolunda inamla addımlayır. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Zəngəzur dəhlizi və bunun tərkibinə daxil olan Qars–İğdır–Aralıq–Dilucu–Sədərək–Naxçıvan–Culfa dəmir yolu yalnız Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmək məqsədi daşımır, həmçinin Avropa ilə Asiyanı qovuşduran beynəlxalq nəqliyyat habıdır.
Yeri gəlmişkən, Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Bloomberg”ə açıqlamasında Zəngəzur dəhlizinin Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağını vurğulayıb. Türkiyəli nazir qeyd edib ki, Zəngəzur dəhlizinin işlək olması ilə Orta dəhlizin dəmir yolu və avtomobil yükdaşıma qabiliyyəti artacaq. Onun sözlərinə görə, yeni dəhliz işə başlayanda Qafqazla sərhəddə yerləşən bölgələrin nəqliyyat və enerji sahəsində iqtisadi cəhətdən güclənməsi, xüsusilə, logistika sektoru üçün məşğulluğun artması planlaşdırılır. A.Uraloğlu Qars–Culfa dəmir yolu xəttinin Ermənistan sərhədinə qədər olan hissəsinin tikintisinin davam etdirildiyini, Horadizdən Naxçıvanın Ordubad rayonuna 166 kilometrlik yeni dəmir yolunun çəkiləcəyini bildirib.
Xəttin Ermənistana məxsus hissəsinin Zəngəzur bölgəsindən keçəcək 43 kilometrlik hissəsinin tikintisi ilə bağlı Azərbaycan və Rusiya arasında danışıqlar aparılacağını bildirən türkiyəli nazir bu zaman yol xətlərinin də paralel olaraq istifadəyə veriləcəyini vurğulayıb.
Nazir Qars-Naxçıvan dəmir yolu layihəsi çərçivəsində iki qardaş ölkə arasında yeni nəqliyyat əlaqəsinin təmin ediləcəyinə diqqət çəkərək bildirib ki, Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq. Nəticədə Türkiyə ilə Azərbaycanı birləşdirən Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə Naxçıvana qoşulmaqla, dəhlizə çıxmaq mümkün olacaq.
ARAYIŞ: Qars-Culfa dəmir yolu 224 kilometr uzunluğunda və 5 stansiyadan ibarət olacaq. Saatda 160 kilometr sürət üçün nəzərdə tutulan yolun üzərində ümumi uzunluğu 638 metr olan 10 körpü, 18 kilometr uzunluğunda 465 suötürücü, 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Layihədə nəzərdə tutulan bütün işlərin 5 il müddətinə başa çatdırılması planlaşdırılır.
Prezident İlham Əliyev cari il mayın 19-da Araz çayı üzərində inşa edilmiş hidroqovşaqların açılış mərasimində regiondan kənar ölkələrin bizim işlərimizə müdaxiləsinin qəbuledilməz olduğunu bildirib: “Əgər kimsə – buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Hesab edirəm ki, Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır. Ermənistan uzun illər ərzində buradan uzaqlarda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlamışdır. Nəticə nə oldu? Nəticə onlar üçün o qədər də ürəkaçan olmamışdır. Yəni, növbəti səhvi buraxmasın. Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcəkdir”.
Kiçik və iqtisadi cəhətdən zəif və özünü təcrid etmiş Ermənistanın Zəngəzur dəhlizinin açılmasına necə yanaşmasından asılı olmayaraq, bu yol mütləq açılacaq. Çünki ortada bir ildə quru yolla Şərqdən Qərbə 840 milyard dollar dəyərində yüklərin ixracı, Çinin və həmin yüklərin çatdırılacağı Avropa İttifaqına üzv dövlətlərin maraqları var.
Türkiyə ilə Azərbaycan bu yolun inşasının başa çatdırılması və istismara verilməsi üçün kifayət qədər iqtisadi potensiala malikdir. Bunu rəsmi İrəvanla yanaşı, onun Qərbdəki tərəfdaşları, eləcə də hay türkoloqlar yaxşı bilirlər.
İ.HƏSƏNQALA
XQ