Azərbaycan Ordusunun 2020-ci ildə apardığı və qalibiyyətlə başa çatan 44 günlük Vətən müharibəsinin dördüncü ildönümü tamam oldu. Dörd ildir ki, Azərbaycan xalqı qalib xalq kimi yaşayır. Ötən il keçirilən birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin bütün ölkə ərazisində bərpa olunmasından sonra Zəfər Günü daha böyük ruh yüksəkliyi, coşğu və təntənə ilə qeyd edilir. Prezident İlham Əliyev çıxışlarında bildirdiyi kimi, bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.
Buna baxmayaraq, bəzi ölkələr Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini qəbul edə bilmirlər. Onlar hər vəchlə Ermənistanı danışıqlar prosesindən yayındırmağa çalışır, sülh sazişini imzalamamağa təhrik edirlər. İrəvan belə ölkələrdən həm silah-sursat, həm də siyasi dəstək alır. Əlbəttə, söhbət ilk növbədə Fransadan, Parisin təsirinin güclü olduğu Avropa ölkələrindən, ABŞ-dəki, Avropa İttifaqındakı bəzi qüvvələrdən gedir. Məqsəd bölgədə yenidən qarşıdurma yaratmaq, yaranmış vəziyyətdən öz məqsədləri üçün istifadə etməkdir.
Ermənistanın silahlandırılması və bunun region üçün fəsadları barədə Azərbaycan vaxtında dünya ictimaiyyətini xəbərdar edir. Prezident İlham Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak etdikdən sonra xalqa müraciətində bildirdi ki, hazırda bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər: “Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır. Hələ ki, gec deyil, bundan əl çəksinlər, onlar heç vaxt bizimlə rəqabət aparmaq gücündə olmayacaqlar. Biz müharibə istəmirik. Biz istədiyimizə nail olduq, ərazi bütövlüyümüzü təmin etdik, dövlət suverenliyimizi təmin etdik. Bütün sərhədlərdə ərazi bütövlüyü təmin edilir və keçmiş məcburi köçkünlər, qaçqınlar öz dədə-baba torpaqlarına qayıdırlar”.
Dövlətimizin başçısı qeyd etdi ki, biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırırlar, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq. Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və heç vaxt silinməməlidir.
Cənab İlham Əliyevin bildirdiyi kimi, biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onun arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o, özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur...
Təəssüf ki, bu ölkələrin sırasında Cənubi Asiyanın və bütövlükdə, dünyanın böyük dövlətlərindən olan Hindistan da yer alır. Hindistan Azərbaycanla tarixən yaxşı əlaqələrə malik olub. Bunun çoxlu nümunələri var. Buna baxmayaraq, Nyu–Dehli İrəvanla münasibətləri daha üstün tutur. Bu gün Hindistan Ermənistanı silahlandıran ölkələr sırasındadır. Amma Hindistan həm də BMT Təhlükəsizlik Şurasının üzvü olmaq istəyir. Militarizasiya siyasəti həyata keçirən, aqressiv addımlar atan, yeni münaqişə ocaqları alovlandıran daha bir ölkə bu cür mötəbər qurumda təmsil olunmamalıdır.
Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, bütün ermənipərəst dövlətlər və qüvvələr Azərbaycanda xalq–iqtidar birliyinin möhkəmliyini və güclü orduya malik olduğumuzu bilməlidir. Onun sözlərinə görə, Azərbaycanı hədəfə götürənlər bilməlidirlər ki, təzyiq və təhdid yolu ilə heç nəyə nail ola bilməyəcəklər. Lazım gələndə Azərbaycan yenə də bu qüvvələrə layiqli cavab verəcək. Ermənistan sülhə töhfə verməyə fokuslanmalıdır. Əks halda nə İrəvan, nə də onun havadarları uğur qazana bilməyəcəklər.
Deputat dedi ki, Azərbaycanın qələbəsini həzm edə bilməyən qüvvələr Ermənistanda revanşizmi alovlandırırlar: Prezident İlham Əliyev Zəfər parkının açılışında olduqca önəmli mesajlar verdi. Dövlətimizin başçısı bu günün Azərbaycan tarixini ən şanlı səhifələrindən birinə çevrildiyini vurğulamaqla yanaşı, Bakı–İrəvan münasibətlərinə də toxundu. Bu gün Azərbaycanın qələbəsini həzm etməyən qüvvələr Ermənistanda revanşizmi alovlandırır. Aydındır ki, onların məqsədi Ermənistanı yenidən müharibəyə sürükləməkdir.
C.Məmmədov Azərbaycanın dəfələrlə bu təxribatların qarşısını almasına baxmayaraq, regionda sabitliyi pozmağa çalışan Fransanın Ermənistanı silahlandırmağa davam etdiyini vurğuladı: “Bəzi qüvvələr Ermənistanı sülh tərəfdarı, Paşinyanı isə demokratik dövlət başçısı kimi təqdim etməyə çalışırlar. Bayden Administrasiyası anti-Azərbaycan siyasətini ən pik həddə çatdırıb. Azərbaycanın dəfələrlə bu təxribatların qarşısını almasına baxmayaraq, Fransa Ermənistanı silahlandırmağa davam edir. Təkcə Fransanın yox, ABŞ-nin də təzyiq cəhdlərini və Ermənistana haqsız dəstəyini görürük. Ermənistanı silahlandıran ölkələr sırasında Hindistan da var. O həm də BMT Təhlükəsizlik Şurasının üzvü olmaq istəyir. Düşünürəm ki, Hindistanın TŞ-dəki təmsilçiliyi dünyada, o cümlədən Cənubi Qafqaz bölgəsində sülhə və əmin-amanlığa xidmət etməyəcək. Bu baxımdan Nyu-Dehlinin belə mühüm təsisatda təmsilçiliyi arzuolunan deyil. Bu, ölkəmizə narahatlıq yarada bilər”.
Politoloq Ramiyə Məmmədova isə dedi ki, müasir dövrdə bəzi ölkələr iqtisadi amilləri daha üstün tuturlar. İqtisadiyyat isə öz növbəsində hərbi gücü təmin edir. Hazırda Hindistan da belə dövlətlərdən biridir: “Hindistanın Ermənistanla hərbi əməkdaşlığının əsas məqsədi, ilk növbədə, iqtisadi amillərlə bağlıdır. Burada Ermənistanı revanşizmə sövq etmək bir nömrəli məsələ deyil. Hindistan silah bazarında yenidir. Özünə bu bazarda təzəlikcə mövqe tutmağa başlayıb. Çalışır ki, yeni alıcılar tapsın. Bu sahəni inkişaf etdirməklə büdcə gəlirlərini artırmağa çalışır. Aydındır ki, Hindistan nə qədər çox silah-sursat satsa, ölkəyə o qədər də çox pul gələcək. Nəticədə həmin sahə daha da inkişaf etdiriləcək. Bu, məsələnin birinci tərəfidir. Digər tərəfdən Hindistan daxilində erməni lobbisinin olduğunu da unutmaq olmaz. Hindistan hazırda əhalisinin sayına görə Çini qabaqlayaraq birinci yerdə qərarlaşıb. Eyni zamanda, ölkənin iqtisadi yüksəlişi də göz önündədir. Nyu-Dehli dünya siyasətində aktiv rol oynayır. Orada işçi qüvvəsinin sayı da çoxdur. Bundan əlavə, Hindistan neft və qazın ən böyük idxalçılarından biridir. Hindistan hakimiyyəti daxilində hansısa qüvvələrin xüsusi canfəşanlıq edərək İrəvana dəstək vermələri də mümkündür”.
R.Məmmədova bildirdi ki, Hindistan Rusiya və Çinlə əlaqələri getdikcə daha da inkişaf etdirir. Bu ölkələr BRICS təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edirlər. İndi isə Hindistan BMT TŞ-də üzvlüyə can atır. Halbuki, TŞ-nin üzvü olan ölkələr bitərəfliklərini qorumalı, münaqişə vəziyyətində olan tərəflərə silah satmamalıdırlar. Amma Fransa da TŞ-nin üzvüdür və Ermənistanı silahlandıran ölkələrin önündə gedir. ABŞ TŞ-nin üzvüdür və İrəvana dəstək verir. Bu baxımdan “Hindistanın sırf Ermənistana silah satdığına görə TŞ-yə üzv olması mümkün deyil” demək, təəssüf ki, mümkün deyil. İstənilən halda Hindistanın Ermənistana silah satması arzuolunmazdır.
Müsahibimiz onu da qeyd etdi ki, son vaxtlar Ermənistanın beynəlxalq arenada “sülh tərəfdarı” kimi təqdim edilməsi və Nikol Paşinyanın “demokratik lider” obrazında tanıdılması cəhdləri müşahidə olunur. Ancaq bu cəhdlər, həqiqətləri təhrif etməklə dünya ictimaiyyətini aldatmağa yönəldilmiş bir kampaniyadır. Ermənistanda hakimiyyət dəyişsə də mahiyyət dəyişmir. İrəvanın təcavüzkar siyasəti qonşu ölkələrə qarşı düşmən mövqeyi və regionda qeyri-sabitliyi təşviq edən addımları dəyişməz olaraq qalır. Azərbaycanın bölgədə sabitlik və sülhün təmin edilməsi istiqamətində atdığı addımları gözdən salmaq məqsədilə Ermənistana verilən dəstək, əslində, bölgədə mövcud problemlərin dərinləşməsinə səbəb olur. Belə bir vəziyyətdə Azərbaycan Ermənistanın “sülh təşəbbüsləri”nin saxta olduğunu açıq şəkildə dünya ictimaiyyətinə çatdırmaqda haqlıdır.
Səxavət HƏMİD
XQ