Bulanıq suda balıq tutmaq istəyənlərə qulaqburması

post-img

Azərbaycan Prezidentinin Zəfər müraciətinin xəbərdarlıq ünvanları

Prezident İlham Əliyevin 2024-cü il noyabrın 8-də Zəfər Günündə çıxışında səsləndirdiyi fikirlər həm bölgədə, həm də dünyada cərəyan edən hadisələrə baxış və qiymət nöqteyi-nəzərindən səciyyəvi xarakter daşıyırdı. Dövlət başçısı xalqa müraciətində bir çox vacib məqamlara toxundu, hər şeyi öz adı ilə çağıraraq Cənubi Qafqazda münaqişəni körükləndirməyə çalışanlara ciddi xəbərdarlıq etdi. Azərbaycan Prezidentinin xalqa budəfəki müraciətində ermənipərəst qüvvələrə, konkret ünvanlara açıq mətnlə çatdırdığı həmin xəbərdarlıq mesajları bölgədə söz sahibi olan ölkənin liderinin siyasi iradə və diplomatik cəsarətinin növbəti nümayişi kimi yadda qalacaq.

Beynəlxalq səviyyədə kimin necə yanaşmasından və qəbul etməsindən asılı olmayaraq, Azərbaycan layiq olduğu uğuru qazanıb. İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına etdiyi müraciıtində növbəti ildönümünü keçirdiyimiz şanlı zəfərin heç də asan başa gəlmədiyi, onun əldə edilməsində Xalq –Ordu–Dövlət birliyinin müstəsna rol oynadığı bir daha bəyan olundu: “Azərbaycan xalqı bu Zəfəri 30 il gözləyib. 30 illik həsrətin sonu məhz Azərbaycan şanlı ordusunun fədakarlığı sayəsində baş verdi. Bizim xalq buna layiq idi və layiq olduğu uğuru qazanıb”.

Dövlət başçısı üzdə özlərini Ermənistanın təəssübkeşləri kimi qələmə verən Qərbin bəzi güclərinin yardımı sayəsində silahlanma siyasətini davam etdirən Ermənistana nəticə çıxarması üçün ciddi mesajlar göndərdi. O, bu kontekstdə kənardan Azərbaycanı gözləyən təhdidlərə Ermənistanın silahlanma siyasətinin sonda bizə qarşı yönələ biləcəyi ehtimalından danışaraq İrəvan və onun havadarlarının məkrli niyyətlərini açaraq onları bu hərəkətdən geri dönməyə çağırdı. İlham Əliyev Ermənistan hakimiyyətinin silahlanma siyasətindən əl çəkməsini və onun heç bir halda Azərbaycanla rəqabət aparmaq gücündə olmayacağını vurğuladı.

Cənab Prezidentin bu sözləri isə hayları mütləq papaqlarını qarşılarına qoyub yaxşı-yaxşı düşünməyə vadar etməldiir: “Biz ermənilərin düşməni deyilik. Onların düşməni əvvəl arxalarında duran və sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir. Mənim sözlərimə onlar yaxşı qulaq assınlar”.

* * *

Azərbaycan Prezidentinin bölgədə yenidən suyu bulandırmağa və bulanlıq suda balıq tutmağa çalışanlara xəbərdarlıq xarakterli mesajları həm uduzan İrəvan, həm də itirən “kollektiv Qərb” üçün qulaqburması sayılmalıdır. Əslində, bu xəbərdarlıqdan başqalarından daha çox Ermənistan nəticə çıxarmalıdır. Cənab Prezident çıxışında bu gün Ermənistanın müharibə ritorikasının arxasında məhz xarici qüvvələrin dayandığını açıq şəkildə bildirərək həmin beynəlxalq qaragüruha ciddi xəbərdarlıq etdi.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında Ermənistana və ermənipərəst qüvvələrə açıq xəbərdarlıq mesajları göndərdiyini söylədi: “Cənab Prezident birmənalı şəkildə bildirdi ki, Ermənistan odla oynamasın. Xarici qüvvələr İrəvandan Azərbaycana və Türkiyəyə qarşı bir alət kimi istifadə etməyə öyrəşiblər. Amma tarixin keçmiş dönəmlərində də onlar sona qədər Ermənistanın arxasında durmayıblar və bundan zərər çəkən yenə haylar olub. Dövlət başçımızın rəsmi İrəvana xəbərdarlığı ondan ibarətdir ki, özünü yormağın faydası yoxdur. Xaricdən nə qədər silah daşısan da, bütün imkanlarını səfərbər etsən də Azərbaycan hər zaman özünün üstünlüyünü qoruyub saxlamaq iqtidarındadır. Bizim maliyyə imkanlarımız, insan resurslarımız, o cümlədən, ordumuzun təcrübəsi Ermənistanı həmişə pat vəziyyətində qoyacaq. Buna görə də ağıllarını başlarına yığıb düşünməlidirlər ki, Azərbaycan onların düşməni deyil. Əsl düşmənləri onları Azərbaycana və Türkiyəyə qarşı qızışdıranlardır.

İlham Əliyevin xəbərdarlığı ermənilərlə yanaşı, eyni zamanda, Cənubi Qafqazda İrəvanın vasitəçiliyi ilə müxtəlif geosiyasi oyunlara baş vurmaq istəyən qüvvələrə ünvanlanıb. Onlar bu mesajları eşitməsələr, qulaqardına vursalar gələcəkdə yenə layiqli cavablarını alacaqlar”.

Necə ki, həmin “təəssübkeşlərinə” güvənib BMT qətnamələrini, beynəlxalq hüququ ayaqlar altına atan, işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağa tələsməyən Ermənistanı şanlı Ordumuz 44 günə buna məcbur etdi. Nəticədə onlar nə əldə etdilər? Bu gün üzləşdikləri acınacaqlı vəziyyəti! Bununla da Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqla barışa bilməyən həmin “kollektiv Qərb” özünün destruktiv fəaliyyətindən vaz keçməzsə, yenə də uduzan tərəf Ermənistan olacaq.

Dövlətimizin başçısı Qafqazda yeni reallıqla barışmaq istəməyənlərə, Azərbaycanı hədəf seçənlərə konkret və ciddi mesajlar verdi. Xalqa müraciətində rəsmi Bakı ilə təzyiq dilində danışmağın səmərəsizliyini vurğulayan İlham Əliyev bu ritorikanın, adətən, bumeranq effekti verdiyinə diqqəti çəkdi: “Havadarları Ermənistanı silahlandırma siyasətindən əl çəkməli, buna son qoymalıdırlar. İkinci Qarabağ müharibəsi nəticəsində Qərb dövlətləri gördülər ki, Ermənistanın Azərbaycana qarşı silahlandırılması heç bir nəticə vermir. Uduzan Ermənistan, itirən Qərb olur. Bu baxımdan Fransa kimi dövlətlər Cənubi Qafqazda olmaq istəyirlərsə, bölgənin əsas oyunçusu olan Azərbaycanla münasibətləri pisləşdirmək əvəzinə, inkişaf etdirməyə çalışmalıdırlar”.

Zəfər Günü ilə bağlı xalqa müraciətində əsas vurğunu daha çox bölgədə sülh və sabitlik məsələlərinə yönəldən dövlətimizin başçısı indiki həssas məqamda məhz Fransa kimi Qərb dövlətlərinin rəsmi İrəvanı silahlandırmaqla onu özlərindən asılı vəziyyətə saldıqlarını, sonra isə İrəvana “ev tapşırıqlarını” verdiklərini açıq şəkildə bəyan etdi.

* * *

İrəvandan sözlə əməl birliyini görməyən Bakı qarşı tərəfin sülh sazişi üzərində manipulyasiyalarını da nəzərdən qaçırmır. Ermənistan iqtidarının Azərbaycanla sülhə gəlmək istiqamətində ləng addımlar atmasının kənar təsirlərin nəticəsi olduğu da sirr deyil. İrəvan sözdə sülh istədiyini bəyan etsə də, konkret əmələ gəldikdə ciddi və son addımı atmaqdan çəkinir. Axı, bundan ötrü o, Azərbaycanın tələblərinə uyğun olaraq, qonşularına qarşı ərazi iddialarından əl çəkməsi və bunu konstitusiya səviyyəsində təsbit etməlidir. Məhz bu, sülh sazişinin imzalanması üçün həlledici addım sayıla bilər. Fəqət, rəsmi İrəvan hələ ki, bu addımı atmağa tələsmir. Ermənistanın konstitusiyada məlum dəyişiklik barədə düşünməməsi, konkret addım atmaması da həmin “kollektiv Qərbin” təzyiq və təsirinin nəticəsidir.

Onlar, sadəcə olaraq, İrəvanı silahlandıraraq şirnikləndirməyə çalışırlar. Qərbin bir sıra dövlətləri Ermənistanı silahlandırmaqla, əslində, faktiki olaraq Cənubi Qafqaza müdaxilə edir, regiondakı kövrək nizamı pozmaq istəyirlər. 2024-cü il aprelin 5-də “üçlər”in Brüssel görüşü məhz bu məqsədə xidmət edirdi. Artıq danılmaz faktdır ki, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinkenin həmin görüşdə qəbul etdikləri qərarlar bölgədə siyasi tarazlığa köklü şəkildə təsir göstərdi. Brüsseldə Ermənistanın “təhlükəsizliyinin gücləndirilməsi” adı altında, faktiki olaraq, hərbi pakt yaradıldı. Sonradan məlum olacaq ki, “üçlər”in gizli planına Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardım komponentlərinin ayrılması da daxildir.

* * *

Bütün bunlar anti–Azərbaycan qüvvələrin regionda sülh quruculuğu səylərinə xələl gətirən, Qafqazda yeni münaqişə ocağı yaratmaq, ikinci cəbhə açmaq niyyətindən, onların düşünülmüş məkrli planlarından xəbər verir. Həmin “kollektiv Qərb” saxtakarcasına Ermənistanı “sülh göyərçini”, Paşinyanı “demokrat” kimi beynəlxalq ictimai rəyə sırımağa cəhdlər edir. Amma biz yaxşı bilirik ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq mahiyyət dəyişmir, bu işi aparanlar öz çirkin niyyətlərindən əl çəkməyiblər. Bakı Qafqazın müharibəyə deyil, dostluğa və əməkdaşlığa ehtiyac duyduğu indiki həlledici məqamda “kollektiv Qərb”in sülhə qarşı bu cür avantürist planlarından xəbərdardır.

Prezident İlham Əliyev xalqa Zəfər müraciətində bununla bağlı mesajını məhz həmin qüvvələrə ünvanladı: “Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki, gec deyil, ona görə Ermənistan bu silahlanma siyasətindən əl çəkməlidir”.

Bakı İrəvana sülh və əməkdaşlıqla bağlı təkliflərini dəfələrlə irəli sürüb. Amma Cənubi Qafqazın bu iki qonşu ölkəsini kənardan sülhə çağıranlar nədənsə 30 illik işğalı, bir milyon azərbaycanlının qaçqın və məcbiri köçkünə çevrilməsi, Azərbaycanın maddi-mədəni sərvətlərinin erməni vandalları tərəfindən talan edilməsi faktlarının üzərindən sükutla keçməyə üstünlük verirlər. Ermənipərəst qüvvələr beynəlxalq ictimaiyyətə, sanki, yaxın tarixin həqiqətlərini unutdurmağa çalışırlar. Yəqin onlar bu zaman ikili standartlara söykənən siyasi yanaşmanın hayların dəyişməz xisləti ilə üst-üstə düşdüyünü yaxşı bilirlər.

Bu məqamda erməni yazıçısı Hovannes Tumanyanın öz xalqı barədə dediyi sözləri oxuculara xatırlatmaq yerinə düşər: “...Həqiqi qurtuluş daxildən başlamalıdır, çünki biz daxildən xəstəyik”.

Hansı xəstəliyə mübtəla olduqlarını və ondan qurtulmağın yollarını hayların özləri bizdən yaxşı bilirlər. Bəli, içini təmizləmədən çölünlə, yaxın ətrafınla dürüst münasibətlər qura bilməzsən. Bu reseptin alternativi yoxdur.

İmran BƏDİRXANLI
XQ



Siyasət