ABŞ-nin dövlət missiyası: diktə və dəyənək!

post-img

I məqalə

Amerikanlar bütün səhv gedişləri edəndən sonra doğru olanını seçirlər.

U.Çörçill

Dövlət identikliyi və onun böhranı

Açıq görünür ki, ABŞ indiki tarixi mərhələdə identiklik böhranı yaşayır. “İdentiklik” sözünün mənası “eynən özü olmaq”dır. Yəni insan, cəmiyyət, dövlət özünü hansı keyfiyyətlərlə eyniləşdirirsə, bu, onun identikliyidir. Müasir fəlsəfi və politoloji elmdə identikliyin müxtəlif formaları təhlil edilir. Milli identiklik, siyasi identiklik, dövlət identikliyi, mədəniyyət identikliyi, etnomədəni identiklik, sosial identiklik və başqaları.

Tədqiqatlar göstərir ki, siyasi, milli və dövlət identiklikləri qalıcıdır. Lakin müəyyən mərhələlərdə cəmiyyəti və dövləti böhran bürüyəndə identikliklərin də böhranı meydana gələ bilir. İdentiklik böhranını həyatı boyu hər bir insan yaşaya bilər. Dövlət kimi identiklik böhranının da öz əlamətləri vardır. Onların sırasında dövlətin başqalarının özünəməxsusluğunu və dəyərliliyini inkar etmək xüsusi yer tutur. İndi bu əlamətlər ABŞ-də də müşahidə edilir.

Maraqlıdır ki, dövlət identikiliyinin böhranından iki xilas yolu olur. Onlardan biri yeni identiklik axtarışlarıdır, digəri isə başqaları üzərində hakimlik hissinin daha da güclənməsidir. Politoloqlar birinci yolu konstruktiv, ikinci yolu isə destruktiv adlandırırlar.

ABŞ-nin destruktiv təcrübəsi

Amerikalı alim U.Blum dövlət identikliyinin üç növünü ayırır. Onlardan birincisi identikliyin xarici siyasətin aləti kimi götürülməsi ilə bağlıdır. Xarici siyasət bu kontekstdə xarici siyasətin problemlərinin həll edilməsi üçün cəmiyyəti səfərbər edir. Bunun nümunələrindən biri “messian millətçiliyi”dir (burada “messiya” termininin məzmununa varmırıq, çünki detalların bu kontekstdə əhəmiyyəti yoxdur). Dövlət identikliyinin messian nümunəsi kimi, U.Blum ABŞ və Rusiyanı göstərir. Alim bu cür dövlət identikliyinin gec və ya tez başqa millətlərə və dövlətlərə qarşı aqressiv davranışlara aparıb çıxardığını vurğulayır.

Bunu ABŞ dövlət identikliyinin acı və destruktiv (dağıdıcı) təcrübəsi kimi qəbul etmək olar. Bu tezisi irəli sürməyə əsas verən faktları 1990-cı illərin əvvəllərindən rəsmi Vaşinqtonun dünya miqyasında və onun fraqmentlərindən biri olan Cənubi Qafqazda yeritdiyi siyasətdən görmək mümkündür.

Öncə bir geosiyasi-nəzəri qeyd etmək zəruridir. Hələ keçən əsrin 80-90-cı illərində Amerikada tanınmış araşdırmaçılar xarici siyasətin prirotetlərini və strateji məqsədlərini müəyyən etməklə bağlı mübahisələr aparırdılar. Onların sırasında Z.Bzejinski, H.Kissincer, S.Hantinqton, C.Fridman, C. Nay (kiçik) və başqaları da vardı. Bu mübahisələrin təməlində isə Amerikanın milli identikliyinin (milli maraqlar və milli ideya əsas yeri tuturdu) müəyyən edilməsi ilə bağlı yaranmış fikir ayrılığı dayanırdı (konkretliklərə getməyək). H.Kissincer bu mübahisələri ümumi halda liberalizmlə (idealizm kimi) realpolitikanın (realizm kimi) mübarizəsi olaraq xarakterizə edirdi. Onun anlamında idealizm öncə Amerika dəyərlərinin bütün dünyaya tətbiq edilməsini, realizm isə real vəziyyəti nəzərə alaraq, Qərb dəyərlərini müvəqqəti arxa plana atmaqla, sonucda yenə də onun yayılmasını nəzərdə tutur. Yəni ikinci variantda ABŞ güc də tətbiq edə bilər ki, dəyərlərini qəbul etsinlər. Ancaq çıxış yolu kimi H.Kissincer idealizmlə realizmin sintezini doğru sayırdı – yəni yuxarıda vurğulanan hegemonluq üsullarının harmoniyasını!

Onu deyək ki, C.Nay “sərt güc”, “yumşaq güc”, “ağıllı güc” anlayışlarını leksikona məhz bu cür dövlət identikliyi axtarışları fonunda daxil etmişdi. İrəli getməyək, çünki daha dərin və geniş yanaşma üçün qəzet formatı kifayət etmir.

İkili yanaşmadan – ikili standartlara

Keçmiş sovet respublikaları müstəqilliklərini əldə edəndən sonra Vaşinqtonun postsovet məkanı ölkələri istiqamətində yeritdiyi siyasətin əsl üzü aydınlaşdı. Onun ən ziddiyyətli tərəfi Cənubi Qafqaz dövlətləri ilə bağlı siyasətdə özünü göstərdi. Xüsusilə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış vəziyyətə reaksiyası sözdə demokratik və liberal olan ABŞ xarici siyasətinin real mahyyətinə işıq saldı. Nə qədər məntiqsiz, antidemokratik, antireal olsa da rəsmi Vaşinqton Azərbaycanı günahlandırdı və bədnam “907-ci düzəliş” kimi vandalist sənədi ölkəmizə qarşı qəbul etdi.

Bu, H.Kissinceri də narahat edən ABŞ xarici siyasətində ikili mövqenin, tərəddüdün birbaşa təzahürü idi. Onu vurğulayaq ki, başqa amerikan araşdırmaçılar da milli ideyanı müəyyən edərkən həmin tərəddüdləri vurğulamışdılar. Bütün hallarda amerikan siyasi və politoloji şüurunda mövcud olan ikili mövqe birbaşa xarici siyasətdə ikili standartlara yol açdı. Çox təəssüf ki, Azərbaycan bundan daha çox ədalətsizlik görməyə başladı.

Təsəvvür edin, həmin dövrdə torpaqları işğal edilən Azərbaycanı boykot, ona maliyyə yardımını qadağan edir və güzəştə getməyini tələb edirdilər. “Arqumentləri” də ermənilərin və Ermənistanın hüquqlarının təmin edilməsi idi. Aydındır ki, bəhanə olaraq erməni lobbisinin ABŞ-də və bütövlükdə Qərbdə güclü olması ilə bağlı idi. Guya özlərinin arzusu, istəyi və ya dövlət kimi seçimi deyildir. Əlbəttə, bu “uşaq nağılını” Azərbaycanda çox gözəl anlayırdılar. Lakin həmin dövrdə Bakının bunlara qarşı durması üçün gücü yetmirdi. Bundan başqa, məsələ ABŞ-nin özünün dövlət maraqlarına gələndə “güclü erməni lobbbisi” olurdu bir heç.

Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Vaşinqtonun bu cür davranışını və onun konkret əlamətlərini çox gözəl izah etmişdir. ABŞ Əfqanıstandakı maraqlarına görə “907-cü düzəliş”lə bağlı müəyyən addımlar atdı, ancaq Kabildən biabırçı surətdə çəkildikdən sonra yenə əvvəlki aqressiz və ədalətsiz mövqeyini irəli sürdü. Bütövlükdə, ABŞ 2020-cı ilə qədər Ermənistan və Gürcüstanı Azərbaycandan üstün tutmuşdur və onlara maliyyə yardımlarını əsirgəməmişdir. Bakı da belə davranışları unutmur!

2020-ci il: yeni dönüm məqamı

Çoxları ABŞ-nin Azərbaycanın öz torpaqlarını azad etməsi prosesinə olduqca qərəzli və dağıdıcı yanaşmasını gözləmirdi. Çünki, birincisi, Amerika dünyada özünü müstəqil dövlətçilik tərəfdarı kimi təqdim edirdi, ikincisi, söhbət müstəqil bir dövlətin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən başqa heç nədən getmirdi, üçüncüsü, ABŞ artıq keçmiş olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi münaqişənin ədalətli həllini boynuna götürmüş ölkələrdən idi, dördüncüsü, Azərbaycanın enerji siyasətinin Avropanın enerji təhlükəsizliyi üçün prinsipial əhəmiyyətini vurğulayırdı.

ABŞ bütün bunların üstündən xətt çəkərək, beynəlxalq hüquqa sığmayan formada Azərbaycanı “işğalçı müharibə” aparmaqda ittiham etməyə başladı. Onunla kifayətlənməyərək, regionda pozucu fəaliyyətini gücləndirdi, bu istiqamətdə praktiki addımlar atdı. Bu fəaliyyətin nümunəsi kimi ABŞ Konqresi, Dövlət Departamenti və KİV-nin Azərbaycana qarşı tutduğu mövqeyi göstərə bilərik.

Gülünc və ədalətsiz ittihamlar

Bir neçə gün əvvəl 60 konqresmen adından Dövlət Departamentinə biabırçı və haqsızlıqlarla dolu müraciət daxil olmuşdu. Sonra aydın oldu ki, sənədi Dövlət Departamentinin özündə hazırlayıblar. Bu da Amerika demokratiyası və liberalizmi. Sənəddəki ittihamlara baxın: “Azərbaycan Dağlıq Qarabağ anklavını ələ keçirərək, etnik erməni əhalisini öz yurdlarından didərgin” salmışdır, “Dağlıq Qarabağda ermənilərin hüquqi, siyasi və mülki institutlarını məhv” edilmişdir, “23 tanınmış erməni siyasi xadimini Azərbaycanda hələ də həbsdədir, “bütün tələblərə baxmayaraq, R.Vardanyanı həbsdən azad etmirlər” və s.

Bu qondarma ittihamlara “Washington Post” kimi bir nəşr daha gülünc bir “tezis” də əlavə edir: Azərbaycan “ABŞ-nin 60 konqresmeninin etnik ermənilərin, girovların və hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsi çağırışını “iyrənc” adlandırmışdır” və buna görə də cavab verməlidir.

Bütün bunlardan amerikan siyasi şüuru üçün tarixi biabırçılıq olan nəticə çıxarılır: “daha bir nəhəng iqlim konfransı despotik rejimə kömək edir"! Söhbət nədən gedir? COP29-un Azərbaycanda keçirilməsindən! Qəribə deyildir, demokratiya və sivillik adına çox utandırıcıdır! Çünki bu kimi saxta ittihamlara bir qədər geniş kontekstdə baxanda rəsmi Vaşinqtonun nə dərəcədə qərəzli və yanlış yolda olduğunu görürük.

Məsələn, indiyə qədər Azərbaycanda ABŞ siyasiləri və diplomatlarının, KİV nümayəndələrinin də aktiv iştirak etdiyi tədbirlər olmuşdur. “Bakı prosesi”, Humanitar forum, enerji təhlükəsizliyi ilə bağlı beynəlxalq tədbirlər və s. Həmin tədbirlərdə Qərbin yüksək səviyyəli nümayəndələri iştirak edəndə onlar “despotik rejimə dəstək”dən danışmırdılar. Çünki dəqiq bilirlər ki, Azərbaycanda nə despotik, nə də avtoritar rejim mövcud deyildir. Əksinə, reallıq göstərir ki, Azərbaycan Cənubi Qafqazda yeganə güclü və demokratik dövlətdir ki, bütövlükdə regionaı əməkdaşlıq və təhlükəsizliyin təminatçısıdır. Məhz rəsmi Bakı ərazi bütövlüyünü bərpa edəndən sonra təcavüzkar Ermənistana barış və sülh əlini uzatdı. Bu barış və əməkdaşlıq əlini geri itələyən isə birbaşa ABŞ və Avropanın havadarlıq etdiyi rəsmi İrəvandır.

Bunlardan başqa, ABŞ-nin istinasız olaraq hər bir prezidenti Azərbaycan Prezidentinə müxtəlif əlamətdar günlərdə məktub yazaraq təbrik etmişdir. Bakının uğurlarını vurğulamış və əməkdaşlığı davam etdirməkdə maraqlı oldularını bəyan etmişlər. Lakin məktublarda Azərbaycandakı iqtidara hər hansı iradları olmamışdır! Bəs indi nə oldu ki, qəfil biz “despot” olduq?

Əsas səbəb Azərbaycanın kimsəyə baş əymədən müstəqil siyasət yeritməsi ilə bağlıdır. Həmin siyasət nəticəsində Azərbaycan Respublikası regionun lideridir, tam olaraq ərazi bütövlüyünü və suverenliyini təkbaşına təmin etmiş Cənubi Qafqaz dövlətidir! İndi də Azərbaycan bütün dünya üçün strateji əhəmiyyəti olan və təşəbbüskarı Qərbin özünün olduğu iqlim təhlükəsiliyi ilə bağlı, külli miqdarda maliyyə xərci çəkərək, böyük tədbir keçirir. Buraya dünyanın hər yerindən on minlərlə nümayəndə gələcək. Onlar Azərbaycan reallıqlarını öz gözləri ilə görəcəklər. Anlayacaqlar ki, Azərbaycanda despotik deyil, demokratik və həm də humanitar bir iqtidar vardır. Ayrıca, Azərbaycan cəmiyyəti tolerant, sülhsevər və çox qonaqpərvərdir. Belə bir cəmiyyətdə kiminsə etnik mənsubluğa görə heç bir problemi ola bilməz. Deməli, növbəti dəfə dünya ictimaiyyyəti erməni nağılının zərərini və onu uyduranların saxtakarlığını görəcəklər!

Ermənistanı, Fransanı, ABŞ-ni və digərlərini məhz bu gerçəklik narahat edir. Buna görə son dərəcə saxta və qərəzli davranırlar. Ancaq tarixin öz hökmləri vardır. Burada U.Çörçilin də bir fikrini xatırlatmaq olar. O demişdi ki, amerikanlar bütün səhv gedişləri edəndən sonra doğru olanını seçirlər! Görünür, Vaşinqton səhv gedişlər siyahısını hələ tamamlamamışdır!

Məsələ həm də başda ABŞ olmaqla kollektiv Qərbin Gürcüstana olan münasibətləri prizmasında bütövlükdə region kontekstində aktualdır. Bu aspekt üzərində ayrıca dayanmaq lazımdır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət