“Qiymət körpüsü”

post-img

Yuxudan gec oyanmışdım. Geyinib pəncərədən bayıra baxdım. Göyün üzü yaman tutulmuşdu. Üşüdüyümdən pəncərənin nəfəsliyini bağladım. İşə getməyə həvəsim yox idi. Ancaq evdə qalıb darıxacağımı yəqin etdikdən sonra çaydanı doldurub qazın üstünə qoydum və mətbəxdə dayanıb həyəti gözdən keçirməyə başladım. Ağabala kişi “Meyvəli”dən alıb gətirdiyi meyvə-tərəvəzi dükanının qarşısında yerbəyer eləyirdi. Süpürgəçi Pakizə isə onun yanında dayanıb nəsə deyirdi. Xlorsatan qadının özü görünməsə də incəlmiş səsi eşidilirdi: “Xlor, xlor var, xlor...”

Sonra oturub çay içə-içə bu gün görəcəyim işləri, görüşəcəyim adamları sıralamağa çalışdım. Arada yadıma düşdü ki, bu gün dostlarımdan birinin ad günüdür, gərək ona zəng edim.

Telefon zəng çaldı. İş yerimdən idi. Katibə bildirdi ki, sizi burada kənddən gəlmiş qohumlarınız gözləyir. Deyirlər, mümkünsə, tez gəlsin... İstədim gələnlərin kimliyini öyrənim. Xanım bildirdi ki, onlar yaxınlıqdakı çayxanaya gedəcəklərini və tezliklə qayıdacaqlarını dedilər.

Fikir məni götürdü. İş yerimə gələnlər kimlər ola bilərdi? Çünki kənddəki qohum-qardaşın, yaxınların çoxu həm telefonumu, həm də evin yerini bilir. Yanıma gəlmək istəyəndə, yaxud nəyisə soruşmaq istəyəndə zəng edirlər. Bəs indi zəng etməyib iş yerimə gələnlər kimlərdir?

Həyətə çıxdım. Bakının solaxay küləyi başlamışdı. Arabir Şubanı dağları tərəfdən qar dənələri gəlirdi. Binamızın arxasındakı dayanacaqda gözlədim. Xəyalımda yenə iş yerimə gələn qohumların kimliyini müəyyən etməyə çalışırdım. Öz-özümə dedim, bəlkə, heç qohum deyillər? Yaxşı, əgər qohum deyillərsə, niyə belə ərklə “tez gəlsin” deyirlər?

İş stoluma yenicə oturmuşdum. Xəbər gəldi ki, qohumların aşağıda gözləyirlər. Durub maraqla aşağı mərtəbəyə yollandım. Foyedə dayananları tez tanıdım – Məhərrəm və oğlu Orxan idi. Məhərrəm mənə qohum deyil. Ancaq bir kənddə böyümüşük. O, pedaqoji məktəbi bitirib, bir neçə il müəllimlik edib. On ildən çoxdur ki, Rusiyada qardaşı ilə alış-verişlə məşğuldur. Deyilənə görə, Sumqayıtda bir neçə mənzil alıb, rayon mərkəzində mebel dükanı açıb. Hər il bahalı xarici maşınını dəyişir. İki oğlunu da hansı yollasa universitetə düzəldib. Uşaqlar pullu təhsil alırlar. Necə deyərlər, daha o, əvvəlki Məhərrəm deyil, “gözü ayağının altını görmür”.

Onunla axırıncı dəfə iki il əvvəl bir toyda rastlaşmışdıq. Məhərrəm çadır toyunda yuxarı başda oturub naqqallıq edir, yekə-yekə danışırdı. Arabir də gəlib-gedənə söz atırdı. Necə oldusa, söhbət oxumaqdan düşdü. Məhərrəm yaşlılardan birinin sözünü ağzında qoydu:

– Əə, biz də oxumuşuq, daa. Oxuyana nə verirlər ki? İrəli getmək üçün gərək adamın, pulun olsun. Mən ölüm, elə döyül, müəllim? Odur, gözümüzün qabağındadı, onun biliyi kimdə olsaydı, çox yuxarılara getmişdi...

Kimsə dedi:

– Oxuyana pul vermirlərsə, niyə uşaqlarını oxudursan?

Məhərrəm də qayıtdı ki, qoy diplom alsınlar, qağan onları pulla istədikləri vəzifəyə otuzduracaq.

Məclisdə ağsaqqallar olduğu üçün Məhərrəmə cavab vermək istəmədim. Demədim ki, bu kənddə bilməyən yoxdur ki, sən o pulları ona-buna “ata-ata” toplamısan. Doğma qardaşınla pul üstündə qırğına çıxmısan, onun halal qazancını oğurlamısan...

Mənim əvəzimdə kimsə dilləndi:

– Bu da əyri yolla beş-on manat qazanıb, elə bilir ki, ağıllı adamdı, camaata dərs demək istəyir.

Məhərrəm isə kiməsə deyirdi:

– Hansı müəllimin ağzı nədi, mənim oğluma qiymət yazmasın. O yazmaz, dekana yazdıraram. Yüz dollara yazmaz, iki yüz verərəm. Pulun açmadığı qapı yoxdur...

Görüşdük. Sanki, Məhərrəm o gur-gurulduyan, hamı ilə pul diliylə danışan adam deyildi. Elə asta, şirin-şirin danışırdı ki... Yanıma niyə gəldiklərini əvvəlcə açıb demədi. Sadəcə olaraq, bildirdi ki, Orxana dedim, gedək müəllimlə də görüşək. Hər halda, qohumuq, bir-birimizi yoxlamalıyıq...

Mən Orxandan dərslərinin necə getdiyini soruşdum. Məhərrəm oğluna imkan verməyib dedi:

– Əmisi, mən də bunun zibilinə düşmüşəm. Bir müəllimi var, qiymət yazmır. Zalım qızı pula-zada da baxmır. İş-gücümü atıb Moskvadan gəlmişəm. Bu dəfə də qiymət almasa...

Bilmədim nə cavab verim. Ancaq hiss etdim ki, Məhərrəm məndən kömək istəyir. Buna görə dedim:

– Mən nə edə bilərəm? Yaxşı olar ki, hazırlaşsın.

Məhərrəm dedi:

– Yeməklə doymayıb, yalamaqla doyacaq. Deyirlər, o müəllim sizin tələbə yoldaşınız olub. Səidə Abdullayeva, tarixdən dərs deyir.

– Doğrudur, Səidə xanımla eyni fakültəni bitirmişik. Amma heç vaxt bir-birimizdən belə xahişimiz olmayıb. Çox ciddi xanımdır.

Məhərrəm dedi:

– İki dəfə adam tapıb xahiş etdirdim, alınmadı. Dedim ki, 500 dollar azdırsa, 1000 dollar verim. Yenə bir şey çıxmadı.

… Səhər evdən çıxıb birbaşa universitetə getdim.

Səidə məni görcək sevinən kimi oldu və zarafatla: “Sizi hansı rüzigar gətirdi buralara?” – dedi.

Səidə tarix fakültəsini ən yaxşı oxuyan qızlardan biri idi. Onunla Tələbə Elmi Şurasının toplantılarında, müzakirələrdə görüşürdük. Universiteti bitirdikdən sonra Akademiyanın Tarix İnstitutunda çalışdı, elmlər namizədi oldu. Ancaq, nədənsə, indiyədək ailə qurmayıb. Bəlkə, Səidə çox ciddi qız olduğuna görə oğlanlar ona ürək açmağa cəsarət etməyiblər. Bəlkə də, ürəyində kiməsə sevdalanıb, amma istəyi baş tutmayıb. Belə, qızlarımız az deyil – ciddi, tərbiyəli. Onlar fikrini-zikrini oxumağa verir, öz səyi, bacarığı ilə həyatda mövqe tutmağa çalışırlar. Amma bəzən onda ayılırlar ki, gəncliyin ən gözəl illəri arxada qalıb, yaş ötüb, təravət itib. Nədənsə, oğlanların çoxu bu qızlara meyilli olmur, gözləri önündəki “xəzinə”ni görmürlər.

Səidə bir neçə ildir ki, universitetdə dərs deyir. Elmi konfranslarda üz-üzə gəlirik, yanaşı əyləşib söhbətləşirik. Hərdən hiss edirəm ki, onun ürəyində nisgil var, mənə söyləməyə utanır. Amma mən də bəlli “sərhəd”ləri keçməyib bunun səbəbini soruşmağa cəsarət etmirəm.

Artıq saçlarına dən düşüb, amma rəngləməyib. Xurmayı saçlarını səliqə ilə darayaraq bağlayıb. Gülümsəyəndə çöhrəsi daha da işıqlanır...

Arada o mənə dedi:

– Mətbuatda gedən yazılarınızı həmişə oxumağa çalışıram. Azərbaycanın ən qədim dövrlərinə aid publisistik tonda yazdığınız tarixi oçerklər dəyərlidir. Maraqla oxunur...

Bu sözlərə görə həmkarıma təşəkkür etdikdən sonra dedim:

– Sizin kimi gözəl xanımdan belə sözlər eşitmək xoşdur. Ancaq ayağınıza gəlməmişəm ki, məni tərifləyəsiz.

Bu sözlərdən sonra o, bir az qızaran kimi oldu və üzünü yana tutdu.

– Mən düzünü deyirəm.

Mən isə mətləbə keçdim:

– Sizin Orxan adlı tələbəniz var, mənim qohumumdu...

– O atası bazar adamı olanı deyirsiz. Söz vermişəm, oxumasa, ona qiymət yazmayacam. Qoy getsin atası kimi alverlə məşğul olsun. O tələbənin Azərbaycan tarixindən xəbəri yoxdur. Aydın, siz vicdanlı adamsınız, hər zaman bunu hiss etmişəm... Sizin xətrinizə bu dəfə ona qiymət yazaram. Amma gələn semestrdə güzəşt olmayacaq...

– Sağ olun, heç mən də haçansa sizin yanınıza belə xahiş üçün gəlmərəm.

– Ümid edirəm ki, gələn dəfə qapımızı daha xoş istək üçün açacaqsınız.

– Çalışaram. Ancaq bu, bir az sizdən asılıdır.

Sonra hər ikimiz gülümsündük....

Məhərrəm izləyirmiş kimi, universitetin əsas giriş qapısında mənə yanaşdı. “Qohumum” problemin həll olunacağını eşitdikdən sonra sevincək oldu və mənə dönə-dönə təşəkkür etdi.

Sonra dedi:

– Bəlkə, restorana gedib, boğazımızı yaşlayaq.

Mən vacib işlərim olduğunu söyləyib ondan ayrılıb metroya tərəf getdim. Arada dönüb geriyə boylandım. Məhərrəm hələ də yerindəcə dayanıb arxamca baxırdı.

Artıq sulu qar yağırdı...

Səməd MƏLİKZADƏ

Sosial həyat