50 milyonluq Azərbaycan xalqının tarixən yaşadığı, özünə əzəli Vətən saydığı böyük bir coğrafiya zaman-zaman işğallara məruz qalıb parçalanaraq müxtəlif dövlətlərin tərkibinə qatılmışdır. Tarixi Azərbaycan torpaqlarını 2 yerə bölmüş Risiya işğalından sonra Araz çayınının quzeyində qalmış ərazilərin bir hissəsi də itirilmişdir. İrəvan xanlığının ərazisində, Naxçıvan və Qarabağ xanlıqlarının bir hisəsində Qərb imperializminin və bolşevik Rusiyasının oyuncaq Ermənistan dövləti yaratması isə xalqımız üçün daha faciəli olmuşdur.
Qərbi Azərbaycanda 1918–1920-ci illərdə mövcud olmuş daşnak hökumətinin yerli türk-müsəlman əhaliyə qarşı törətdiyi kütləvi qırğın və deportasiya siyasəti sovet dövründə azərbaycanlıların davamlı sıxışdırılması, planlı köçürülməsi, nəhayət, SSRİ ittifaq dövlətinin süqutu gedişində zorakı üsullarla qovulması, öldürülməsi ilə tamamlanmışdır. Beləliklə, qədim türk yurdu olmuş qərbi Azərbaycanda soydaşlarımızın mövcudluğuna son qoyulmuşdur.
Bununla kifayətlənməyən Ermənistanın millətçi-hərbi rejimi səlibçi mərkəzlərin və bu siyasəti dəstəkləyən dövlətlərin fəal himayəsi ilə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrini də işğal etmiş, Qərbi Azərbaycandan deportasiya edilmiş 250 min nəfər qaçqına 750 min öz ölkəsində məcburi köçkünə çevrilmiş insan da əlavə olmuşdur. Min bir bəhanə və saxtakarlıqla 30 il davam etmiş riyakar sülh danışıqlarının dalana dirənməsi, Ermənistanın ölkəmizi yeni ərazilərin işğalı ilə hədələməsi və 1920-ci ilin 27 sentyabrında irimiqyaslı hucuma keçməsi, nəhayət, Azərbaycan dövlətinin səbr kasasını daşdırdı.
Xalqımızın beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü bərpa etmək üçün müqəddəs Vətən müharibəsinə qalxması 44 günlük Zəfər yürüşü azğın düşmənin quldur. qaniçən birləşmələrinin darmadağın edilərək ölkəmizdən qovulması ilə nəticələndi. Bu tarixi qələbənin səhərisi günündən başlanan irimiqyaslı bərpa proqramları və dirçəliş layihələri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin məcburi köçkünlərinin hissə-hissə öz yurdlarına qayıdışı ilə davam edir.
Ermənistanın təcavüzkarlıq və işğalçılıq siyasətinə son qoyulması, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi tarixi torpaqlarımız olan qərbi Azərbaycandan qovulmuş qaçqınların və onların varislərinin dədə-baba yurdlarına dönməsi ilə bağlı heç zaman səngiməyən arzu və tələblərin də gerçəkləşməsinə tarixi şərait yaratmışdır.
Bu geosiyasi gerçəklik qərbi Azərbaycan qaçqınlarının əzəli və əbədi yurd yerlərimizə qayıtmaq arzusunu oyatmağa başlamışdır. Niyə də olmayaydı?! Qarabağ Zəfərinin baş sərkərdəsi Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış təşəbbüslərini dövlət səviyyəsində dəstəkləməsi bu mübarizəyə ümumxalq hərəkatı miqyası və vüsəti vermişdir. Qayıdış hərəkatının Ermənistan dövlətindən və Dünya Birliyindən tələbi budur ki, dəfələrlə öz yerindən-yurdundan zorla qovulmuş soydaşlarımızın öz doğma el-obalarına qayıtmaq hüququ qeyd-şərtsiz tanınsın və mütləq şəkildə təmin edilsin.
Tarixi həqiqət budur ki, İran və Türkiyədən Qərbi Azərbaycana köçürülmüş ermənilər yerli əhalini davamlı olaraq soyqırımlara məruz qoymuş və zorakılıqlarla bu torpaqlardan çıxarmışlar. Məqsəd də Azərbaycan xalqının bu yerlərdən izini silmək, qondarma tarix yaratmaq olmuşdur.
Qərbi Azərbaycana Qayıdış hərəkatına mütəşəkkillik və sistemli yön verən konsepsiyanın da məqsədi bu tarixi gerçəkləri dünyaya göstərmək, qayıdış hüququnu qəti olaraq subuta yetirməkdir. Bu həqiqətləri dünyaya çatdırmağın ən təsirli vasitəsi məhv edilmiş Qərbi Azərbaycan mədəni irsini tarixi faktlar, qorunub saxlanmış maddi və mənəvi nümunələr, xatirələr əsasında bərpa etməkdir. Kitablarda cəmləyərək, müxtəlif dillərə tərcümə edərək dünyaya yaymaqdır.
Azərbaycan türklərinin əzəli Vətəni olan Qərbi Azərbaycanın ermənilərə sonradan verilməsi ilə bağlı təkcə tarixi faktlar deyil, həm də folklor örnəkləri məlumat verir. Bu nümunələri toplayıb yazıya almaq qayıdış hərəkatına mənəvi-hüquqi dəstək qazandırır. Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızla görüşüb onlarla söhbət apararkən bir çox həqiqətlər də ortaya çıxır.
Qərbi Azərbaycandan sonuncu deportasiya zamanı çıxarılmış soydaşlarımız Azərbaycanın bir çox ərazilərində, eləcə də Naxçıvanın rayon və kəndlərində də məskunlaşıblar. Onların yığcam yaşadıqları Parağa, Gömür, Çalxanqala və s. kimi kəndlərdə yaşayanlar öz adət-ənənələrini və gətirdikləri mənəvi irs yadigarlarını qorumağa çalışıblar və demək olar ki, buna nail olublar. Onlar üçün Vətən həsrətindən uca bir duyğu yoxdur. Doğma yurd həsrəti bu insanların ən böyük dərdi, ən ağır yarasıdır.
Qərbi azərbaycanlılarla mütəmadi görüşərək onlarla söhbətlər təşkil edən ziyalılardan biri də filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərovadır. O, AMEA Naxçıvan Bölməsinin əməkdaşı olmaqla yanaşı, Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi kimi də fəaliyyət göstərir. Alimin keçirdiyi görüşlərin nəticəsi təkcə rəsmi hesabat və sənədlərdə qalmır. Aytən xanım bu görüşlərdən aldığı təəssüratları publisistik, yeri gəldikdə də elmi məqalələrə çevirərək geniş oxucu auditoriyasına təqdim edir. Onun bu mövzuda çap etdirdiyi “Qərbi Azərbaynın etno-mədəni mühiti: təd-qiqlər, xatirələr, faktlar” kitabının ikinci hissəsi Qərbi Azərbaycanın tarixi-mədəni irsinin toplanmasına yeni töhfədir.
Folklorşünas Aytən Cəfərova qərbi Azərbaycandan toplanılan ağız ədəbiyyatı örnəkləri üzərində apardığı elmi tədqiqatını sistemləşdirərək ictimaiyyətə kitabda şəklində təqdim edir. Tədqiqatın növbəti hissəsi “Yaddaşlarda qorunan etno-milli tarix” adlanır. Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızdan toplanılmış folklor örnəkləri “Qərbi Azərbaycanın hikmət xəzinəsindən” adlı bölmədə yer alıb. Materialların bir hissəsi isə “Saz tutub, söz qoşub, Vətən deyərəm” başlığı altında toplanıb. Burada biz qərbi azərbaycanlı saz-söz insanlarının poetik dünyası ilə tanış oluruq. Dərələyəz mahalının istedadlı övladı Bəylər Xanlaroğlunun şeirləri isə yurda sahibliyin bədii ifadəsi təsiri bağışlayır.
Göründüyü kimi, qərbi Azərbaycanla bağlı hər kitab və monoqrafiya, hətta kiçik bir məqalə çox önəmli və dəyərlidir. Çünki bu əsərlər qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına ən yaxşı vəsilədir. Dosent Aytən Cəfərovanın “Qərbi Azərbaycanın etno-mədəni mühiti, tədqiqlər, xatirələr və faktlar” tədqiqatının II kitabı da bu baxımdan Qərbi Azərbaycana Qayıdış hərəkatına məlumat–məfkurə dəstəyi qazandırılması çağırışına layiqli cavabdır.
Mahirə HÜSEYNOVA,
filologiya elmləri doktoru, professor
Zülfiyyə İSMAYIL,
filologiya üzrə fəlsəfə doktoru, dosent