Orta Dəhlizdə Azərbaycan–ABŞ əməkdaşlığının hədəfləri

post-img

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Facebook” sosial şəbəkəsindəki səhifəsində ABŞ-nin ölkəmizdəki müvəqqəti işlər vəkili Emi Karlon ilə görüş keçirdiyini, söhbət zamanı nəqliyyat, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı və bu istiqamətdə daşımaların perspektivlərini müzakirə etdiyini vurğulayıb. Eyni zamanda telekommunikasiya, kibertəhlükəsizlik, süni intellekt, kadr potensialının artırılması və bu ölkə şirkətləri ilə gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi apardığını da diqqətə çatdırıb.

Buradan aydın olur ki, Azərbaycanın müasir inkişaf modeli getdikcə daha çox rəqəmsal texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq üzərində formalaşır. Bu kontekstdə Azərbaycanın – ABŞ xüsusilə diqqət çəkir. Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ilə keçirilən görüş də mühüm önəm daşıyır. Bu isə iki dövlət arasındakı münasibətlərdə innovasiya və logistika sahələrinin getdikcə dərinləşəcəyindən xəbər verir.

Görüşdə Orta Dəhlizin inkişafı, eləcə də bu istiqamətdə daşımaların perspektivlərinin müzakirə edilməsi də təsadüfi deyil. İlk növbədə xatırladaq ki, bu gün adı çəkilən marşruta haqlı olaraq geosiyasi və iqtisadi əməkdaşlıq platforması kimi yanaşılır. Azərbaycan Orta Dəhliz üzrə əsas tranzit ölkə kimi regional və qlobal yükdaşımalarda strateji mövqe tutur.

Bu dəhliz Çin, Orta Asiya, Xəzər regionu, Qafqaz və Avropanı birləşdirən ən qısa və təhlükəsiz nəqliyyat marşrutudur. Görüşdə bu dəhlizin gələcək inkişaf perspektivlərinin müzakirə olunması ABŞ-ın regionda bu marşrutun önəmini yüksək dəyərləndirdiyini göstərir. Ekspertlər ABŞ şirkətlərinin Orta Dəhlizdə logistika, yükdaşıma və rəqəmsal izləmə sistemləri sahəsində sərmayə və texnologiya ilə iştirak edə biləcəklərini bildirirlər.

Azərbaycan telekommunikasiya sahəsində də sürətli modernləşmə mərhələsindədir. Fiber-optik şəbəkələrin genişləndirilməsi, “ağıllı” şəhər layihələrinin icrası və əhalinin internetə çıxış imkanlarının artırılması bu sahədə prioritet istiqamətlərdən biridir. ABŞ ilə bu sahədə əməkdaşlıq, xüsusilə yüksək texnologiyalı avadanlıqların respublikamıza ixracı, texnoloji bilik mübadiləsi və startapların dəstəklənməsi baxımından əhəmiyyətlidir. ABŞ texnoloji nəhəngləri Azərbaycanın rəqəmsal transformasiya hədəflərinə mühüm töhfə verə bilər.

Burada mühüm bir məqama da toxunmaq istərdik. Belə ki, kibertəhlükəsizlik bu gün milli təhlükəsizlik məsələsinin tərkib hissəsinə çevrilib. İnformasiya sistemlərinin qorunması, dövlət və özəl sektorda dayanıqlı kibermüdafiə infrastrukturunun yaradılması aktual və zəruri sahədir. ABŞ bu istiqamətdə dünya lideri kimi Azərbaycanla birgə layihələr həyata keçirə, texniki təlimlər, təcrübə proqramları təşkil edə bilər. Bu əməkdaşlıq regional informasiya təhlükəsizliyinin də güclənməsinə töhfəsini şərtləndirir.

Görüş zamanı süni intellekt texnologiyaları üzrə fikir mübadiləsinin aparılması Azərbaycanda bu sahəyə verilən önəmi təsdiqləyir. Rəqəmsal inkişafın əsas istiqamətlərindən olan süni intellekt həm iqtisadiyyatın optimallaşdırılması, həm də xidmət sahələrinin yenilənməsi üçün mühüm vasitədir. ABŞ universitetləri və texnoloji şirkətləri ilə birgə tədqiqatlar, innovasiya mərkəzlərinin yaradılması və mühüm önəm daşıyan məhsulların lokal bazara inteqrasiyası əməkdaşlıq üçün real imkanlardır.

Nazir Rəşad Nəbiyev görüş zamanı kadr potensialının gücləndirilməsi məsələsinə də xüsusi diqqət çəkib. Bu, Azərbaycanın rəqəmsal cəmiyyət quruculuğunda dayanıqlı inkişaf modelinə sadiqliyini göstərir. ABŞ ilə birgə təhsil proqramları, texnoloji təcrübə mübadilələri, distant təlimlər və təqaüd proqramları Azərbaycan gəncləri üçün yeni imkanlar yarada bilər. Bu istiqamətdə əməkdaşlıq ölkəmizin beynəlxalq rəqabətə davamlı texnologiya mütəxəssislərinin hazırlanmasına şəraiti şərtləndirir.

Azərbaycan ilə ABŞ arasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Bu əməkdaşlıq yalnız texniki sahələrlə məhdudlaşmır, eyni zamanda, regional sabitlik və iqtisadi artımın təminatına xidmət edir. ABŞ-nin qabaqcıl texnologiyaları və Azərbaycanın geosiyasi üstünlükləri sintez olunaraq, Cənubi Qafqazda innovasiya əsaslı yeni iqtisadi modelin əsasını qoya bilər.

Rəqəmsal diplomatiya və texnoloji tərəfdaşlıq platformasında Azərbaycan – ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu, həm ölkəmizin milli maraqlarının təmininə, həm də regionun inkişafına mühüm töhfə verəcək bir əməkdaşlıq xəttidir.

 

 

İqtisadiyyat