Riqada hüquq elmləri doktoru, diplomat, Ukraynanın Əməkdar təhsil işçisi, professor Arif Quliyevin “Millətin atası” kitabının təqdimatı keçirilib.
Ukraynalı könüllülər xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş nəfis tərtibatlı nadir monoqrafiyanı Latviya paytaxtındakı Diaspor kitabxanasına hədiyyə ediblər. Bu dəyərli elmi əsərin müəllifi tanınmış ukraynalı alim, Azərbaycan əsilli professor Arif Quliyevdir. Müəllif əsəri ilə yalnız tarixə işıq salmır, həm də xalqlar arasında mədəni körpülərin möhkəmlənməsinə xidmət edir.
Kitabın təqdimatında Latviyadakı Azərbaycan səfirliyinin katibi Orxan Qarayev dəyərli monoqrafiyaya görə təşəkkürünü bildirib və qeyd edib ki, bu kimi təşəbbüslər ölkələr arasında əlaqələri daha da genişləndirir, qarşılıqlı anlaşmanı dərinləşdirir və tarixi yaddaşı qoruyub saxlayır. “Təqdim olunan kitabın adı özündə dərin bir məna ehtiva edir – “Millətin atası”. Bu, sadəcə faktların tarixi xronologiyası deyil, dövlət quruculuğu, mədəniyyət, ideallar və xalqın mənəvi gücü haqqında dərin düşüncəli söhbətdir. Dahi lider Heydər Əliyevin şəxsiyyətini, strateji düşüncə özəlliyini xarakterizə edən məqamlar konkret faktlar vasitəsilə oxucuya təqdim olunur”.
Professor Arif Quliyev çıxışında vurğulayıb ki, dünyanın sürətlə dəyişdiyi bir zamanda müdriklik və liderlik keyfiyyətləri ilə seçilən şəxsiyyətlərin nümunəsinə müraciət etmək son dərəcə vacibdir. “Heydər Əliyev məhz belə bir lider idi. Onun sözləri dövlətlər, xalqlar və düşünən insanlar üçün bələdçi rolu oynayır. Qürur duyuram ki, monoqrafiyam haqqında bu cür yüksək fikirlər səslənir: Sizin kitabınız siyasət, mədəniyyət, təhsil, elm və milli ləyaqət prizmasından Əliyev irsini dəyərləndirən intellektual bir xəzinədir”.
Qeyd olunub ki, akademik çevrələrdə artıq müsbət rəy almış bu monoqrafiya Latviyadakı kitabxananın mühüm bir hissəsinə çevriləcək, Azərbaycan diasporunun üzvləri də daxil olmaqla, beynəlxalq tarix, siyasət və milli kimlik məsələlərinə maraq göstərən oxucular üçün ilham mənbəyi olacaq.
Mərasimdə Ukrayna və Latviyadakı Azərbaycan icmaları arasında faydalı əməkdaşlığı davam etdirmək qərara alınıb və qeyd edilib ki, bu, gələcəkdə mədəni əməkdaşlıq, elmi mübadilə və milli kimliyini qoruyub saxlayan gənc nəslin dəstəklənməsi üçün yeni imkanlar açır. Bu nəcib addım – təkcə bir mədəni təşəbbüs deyil, həm də əsl xalq diplomatiyasının parlaq nümunəsidir. Burada kitablar ölkələr arasında anlaşma körpüsünə çevrilir, görkəmli şəxsiyyətlərin xatirəsi isə ortaq güc mənbəyi olur.
Veronika ÇEKALYUK,
Taras Şevçenko adına Kiyev Milli Universitetinin Jurnalistika İnstitutunun doktorantı, elmlər namizədi