Aİ-nin Ermənistandakı mülki missiyası və Kanadanın ikili yanaşması
Kanadanın Ermənistandakı səfiri Endryu Ternerin son zamanlar Tavuş bölgəsinə səfəri, orada İcevanın və Diliçanın merləri ilə keçirdiyi görüşlər Ermənistanla münasibətlərin dərinləşməsi üçün rəsmi Ottavanın göstərdiyi marağın vizual ifadəsi oldu. Səfirin “Kanada bütün Ermənistanla əlaqələri gücləndirməkdə maraqlıdır” sözləri səmimi diplomatik bəyanat təsiri bağışlasa da, bu kimi səfərlər Qərbin Ermənistanı geosiyasi çəkişmələrdə daha da mərkəzə çəkən siyasətinin tərkib hissəsidir.
Səfirin səfəri və onun ardınca yayımlanan mesajlar Avropa İttifaqının Ermənistandakı mülki missiyasına verilən dəstəyin kontekstində nəzərdən keçirildikdə, daha çox təzyiq vasitəsi kimi görünür. Həmin missiya “sabitliyin təşviqi” adı altında bölgəyə yerləşdirilsə də, əslində, Ermənistan–Azərbaycan sülh prosesinin hazırkı mərhələsində obyektivlikdən uzaq, birtərəfli və siyasi mahiyyət daşıyan fəaliyyətləri ilə seçilir. Məsələ xüsusən də sülh prosesinin strukturlaşdırılmağa başlandığı bir dövrdə son dərəcə zərərli tendensiyadır.
“Qoca qitə”dən uzadqa yerləşməsinə baxmayaraq, Kanada Avropa İttifaqının bu missiyasının fəal tərəfdaşlarından biri kimi çıxış edir. Belə bir mövqe özü-özlüyündə risklidir, çünki Cənubi Qafqazda sülhə və sabitliyə deyil, daha çox təsir dairələri uğrunda rəqabətə əsaslanan davranış modeli formalaşdırır. Aİ-nin mülki müşahidə missiyası bölgəyə yerləşdirilən zaman onun əsas funksiyası sərhəddəki gərginliyi aradan qaldırmaq, şəffaflığı təmin etmək və qarşılıqlı etimad mühiti yaratmaq idi. Lakin praktikada bu missiya təkcə Ermənistan ərazisində, yalnız rəsmi İrəvanın mövqeyindən çıxış edərək və yalnız Azərbaycanın ünvanına yönələn narrativləri legitimləşdirmək məqsədilə fəaliyyət göstərir.
Kanada kimi beynəlxalq hüququ və neytrallığı önə çəkən bir dövlətin belə bir missiyanın aktiv iştirakçısı olması onun diplomatik reputasiyası baxımından haqlı suallar doğurur. Əgər Kanada Cənubi Qafqazda vasitəçi roluna iddialıdırsa, o zaman neytral mövqe tutmalı, hər iki tərəfə eyni məsafədən yanaşmalı idi. Lakin Kanadanın davranışları, o cümlədən Ermənistanda yerli rəhbərliklə yaxın təmasları obyektivlik prinsipinə uyğun gəlmir. Məsələ burasındadır ki, Aİ missiyası texniki müşahidə mexanizmi olmaq əvəzinə, faktiki olaraq Ermənistanın siyasi himayədarına çevrilib.
Azərbaycan–Ermənistan münasibətlərində indi yaşanan mərhələ yeni reallıqlarla müəyyən olunur. Ərazi bütövlüyü prinsipinin faktiki bərpası və Cənubi Qafqazın geosiyasi xəritəsində Azərbaycanın artan rolu sülhün yalnız qarşılıqlı etimada əsaslanmaqla mümkün olduğunu göstərir. Lakin Ermənistanın daxilində yerləşdirilmiş və yalnız bir tərəfin təhlükəsizlik ehtiyaclarını təmin etdiyini dilə gətirən mülki missiya, əslində, qarşılıqlı etimadın sıradan çıxmasına xidmət edir.
Burada diqqətəlayiq olan məqam odur ki, Aİ missiyasının fəaliyyəti Ermənistan daxilində də getdikcə sual altına alınır. Ermənistan siyasi dairələrində və ekspert çevrələrində bu missiyanın real nəticə vermədiyi, sadəcə görüntü yaratmaqla məşğul olduğu, sülh prosesinə töhfə vermək əvəzinə onu ləngitdiyi barədə fikirlər güclənməkdədir. Məhz bu kontekstdə, Kanadanın missiyadakı iştirakı onun regional sabitliyə real töhfə vermək əvəzinə, daha çox Ermənistanı təcrid olunmuş psixoloji zonada saxlamaq məqsədinə xidmət etdiyini göstərir.
Digər tərəfdən, bu missiya Azərbaycan ictimai rəyində də haqlı narazılıq doğurur. Rəsmi Bakı haqlı olaraq sual edir: əgər bu missiya “sülh və sabitlik” üçün qurulubsa, niyə yalnız Ermənistan ərazisindədir? Niyə münaqişə tərəfləri arasında balanslı təmaslar qurulmur? Nə üçün bu missiyanın mandatı Ermənistan–Azərbaycan münasibətlərində real gərginlik yaradan məsələlərə – Ermənistanın bəzi revanşist qüvvələrinin ritorikasına, sərhəd təxribatlarına və ya sülh danışıqlarındakı manipulyasiyalara toxunmur?
Sülh prosesinin inkişafı üçün ən vacib şərtlərdən biri regiondankənar aktorların balanslı, neytral və ədalətli mövqe nümayiş etdirməsidir. Əks təqdirdə belə tərəfkeş mövqe regionda yeni gərginlik dalğaları yaradacaq. Kanada kimi dövlətlər bu kontekstdə daha konstruktiv rol oynaya bilər. Amma yalnız o halda ki, real vasitəçilik və etimadın qurulmasına xidmət edən davranış sərgiləsinlər. Yoxsa, diplomatik jestlər fonunda birtərəfli təsir oyunları oynamaq regionda nə sülhə, nə də sabitliyə xidmət edəcək.
Son olaraq qeyd edə bilərik ki, Aİ-nin Ermənistandakı mülki missiyası bu formada davam etdiyi təqdirdə, onun fəaliyyətinə dəstək verən dövlətlər – o cümlədən Kanada – Cənubi Qafqazda mənfi təsir amili kimi qəbul ediləcək. Əgər həqiqətən də regionda davamlı sülhün bərqərar olması hədəflənirsə, o zaman bu cür missiyalar ya neytrallaşdırılmalı, ya da, ümumiyyətlə, dayandırılmalıdır. Əks halda, sülh prosesi daha bir zərbə alacaq və regional sabitlik yalançı müşahidələr altında pozulacaq.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru