“Ermənistan yorulub, Rusiya zəifləyib, Azərbaycan isə dünyaya açılır”

post-img

İsrailin keçmiş rabitə naziri Qarabağa səfəri barədə yazdığı məqalədə maraqlı məqamlara toxunub

Məqalənin icmalına keçməzdən əvvəl onu qeyd etmək istərdik ki, Azərbaycan otuz ildən sonra işğalçını əzəli torpaqlarından biabırçı şəkildə qovduqdan sonra Qarabağ və ətraf bölgələrdə geniş bərpa-quruculuq dövrü başlandı. Bununla paralel olaraq, özünün Şərqlə Qərb, Şimalla Cənub arasında mədəniyyətlər və sivilizasiyalararası, siyasi-iqtisadi mərkəz kimi mühüm geosiyasi rolunu təsdiqləmiş oldu. Beləliklə, rəsmi Bakı düşünülmüş, praqmatik xarici siyasəti sayəsində hazırkı nüfuzunu və mövqeyini beynəlxalq hüququn imkan verdiyi yolla, heç kəsə xələl gətirmədən qazandı.

***

İsrailin keçmiş rabitə naziri Ayub Kara Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə növbəti səfəri ilə bağlı qələmə aldığı məqaləsində diqqəti Cənubi Qafqazın geosiyasi mənzərəsini kökündən dəyişməyə qadir Zəngəzur dəhlizi ətrafında gedən proseslərə yönəldir. Cənab Kara yazır ki, Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-ın təklif etdiyi və Azərbaycanın dəstəklədiyi Zəngəzur dəhlizinin tezliklə açılması planı ilə bağlı mövqeyi təkcə İrəvanın xarici siyasət kursunun dəyişməsindən deyil, həm də regional və qlobal oyunçular arasında bölgəyə təsir balansının yenidən bölüşdürülməsindən xəbər verir.

“Paşinyan mövqeyini buna görə dəyişdi”

Müəllif qeyd edir ki, Azərbaycan qərb rayonlarını Naxçıvanla birləşdirəcək Zəngəzur layihəsinin həyata keçirilməsini özünün qanuni hüququ kimi qəbul edir, Ermənistan isə ərazisi üzərində suverenliyinin itirilməsindən, Bakı və Ankaranın İrəvana təzyiqlərinin artmasından ehtiyat edərək, bu nəqliyyat marşrutunun yaradılmasına uzun müddətdir ki, müqavimət göstərir. Amma son vaxtlar Nikol Paşinyanın mövqeyində müşahidə olunan dəyişiklik, müəllifin qeyd etdiyi kimi, daxili və xarici amillərin birləşməsindən qaynaqlanır. “Ermənistanda daxili siyasi vəziyyət uzun sürən böhranlardan ictimai yorğunluq və ölkənin təhlükəsizliyinin əsas təminatçısı olan Rusiyanın Azərbaycanla son eskalasiyalar zamanı erməni maraqlarının müdafiəsində qətiyyət nümayiş etdirməyən müttəfiqlik öhdəliklərindən məyusluq ilə xarakterizə olunur” – yazan Kara məhz bu amilin nəticəsində İrəvanda xarici siyasətin yenidən Qərbə istiqamətlənməsi zərurətinin başa düşülməsini önə çəkir.

Məqalədə İrəvan Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Qiraqosyanın şərhinə də yer verən sabiq nazir ondan sitat gətirir: “Ermənistanın təhlükəsizlik məsələlərində yalnız Rusiyaya bel bağlamaq getdikcə daha məqsədəuyğundur. Zəngəzur dəhlizinin reallaşması beynəlxalq təminatlarla müşayiət olunarsa, bu layihə Ermənistana nəinki iqtisadi fayda gətirmək, hətta onun geosiyasi oriyentasiyasını dəyişmək gücündə olacaq. ABŞ diplomatiyasının Cənubi Qafqazda fəallaşması Vaşinqtonun regionun iqtisadi qarşılıqlı əlaqəsini gücləndirmək və Moskvanın təsirini məhdudlaşdırmaq istəyini əks etdirir. Avropa İttifaqı danışıqlarda birbaşa iştirakdan imtina etsə də, Rusiya ərazisindən yan keçəcək yeni ticarət yollarını dəstəkləməkdə maraqlı olduğunu bildirib”.

Müəllifə görə, İrəvanın Qərbə üz tutması ABŞ-ın strategiyasına uyğundur və Ermənistanın xarici əlaqələrini diversifikasiya etmək, Rusiyadan asılılığını azaltmaq istəyindən xəbər verir. Bununla belə, Moskva Ermənistanda hərbi mövcudluğunu saxlayır və dəyişən geosiyasi tarazlığa daha sərt reaksiya vermək iqtidarındadır.

Ayub Kara göstərir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Moskvanın Cənubi Qafqazda ənənəvi dominantlığını zəiflətdi, Azərbaycan isə öz hərbi və diplomatik mövqelərini xeyli gücləndirdi. Bakı bununla paralel olaraq həm Türkiyə, həm də Qərb dövlətləri ilə əlaqələri fəal şəkildə inkişaf etdirdi və bu zaman Rusiyanın vasitəçiliyindən yan keçdi.

“Zəngəzur layihəsi tarixi birlliyə doğru addımdır”

“Azərbaycan üçün Zəngəzur dəhlizi təkcə iqtisadi deyil, həm də simvolik əhəmiyyətə malikdir” – yazan müəllif bu layihəni ərazilərin tarixi birləşməsi və Türkiyəyə birbaşa nəqliyyat marşrutunun açılması istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir: “Eyni zamanda, Ankara bu marşrutu Rusiya və İrandan yan keçərək Cənubi Qafqaz və Mərkəzi Asiya vasitəsilə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz strategiyasının bir hissəsi kimi qəbul edir. Tehran isə hələlik layihəni tənqid edir, onun əsas tranzit ölkə kimi rolunun zəifləyəcəyindən və ticarət yollarının öz ərazisindən uzaqlaşacağından ehtiyatlanır”. Bunun ardınca keçmiş nazir haqlı olaraq qeyd edir ki, potensial iqtisadi faydalara baxmayaraq, Ermənistan daxilində Zəngəzur layihəsinə münasibət ziddiyyətli olaraq qalmaqdadır: “Millətçi qruplar bu dəhlizin açılmasının Ermənistanın suverenliyinə xələl gətirəcəyini və Azərbaycana həddindən artıq əlavə təsir rıçaqları verəcəyini iddia edirlər. İrəvanda Paşinyanın qəbul etdiyi güzəştlərə qarşı etirazlar hələ də davam edir. Yerli politoloqlar xəbərdarlıq edirlər ki, etibarlı təhlükəsizlik zəmanəti olmadan dəhlizin açılması baş nazirə siyasi karyerasını bitirməsi bahasına başa gələ bilər”.

Ayub Kara daha sonra vurğulayır ki, Zəngəzur dəhlizi təkcə nəqliyyat layihəsi deyil, regional və dünya güclərinin maraqlarının bir-birinə qarışdığı “böyük geosiyasi oyunun” elementidir. Bu kontekstdə müəllifin gəldiyi qənaət müəyyən suallar yaratsa da, maraqlıdır: “Azərbaycan üçün bu layihə qələbə və regional üstünlük rəmzidir. Ermənistan üçün iqtisadi imkanla yanaşı, həm də zəiflik mənbəyidir. Qərb üçün isə Rusiya və İranın Avrasiya ticarətinə təsirini azaldan yeni marşrutlar qurmaq şansıdır”.

“İrəvanın qlobal ticarət şəbəkəsinə inteqrasiya perspektivi”

Məqalə müəllifinin fikrincə, Paşinyanın verəcəyi siyasi qərar müasir Ermənistanın tarixində həlledici məqam ola bilər. “Azərbaycan və ABŞ-ın təşəbbüsünə qoşulmaq İrəvana qlobal ticarət şəbəkələrinə inteqrasiya perspektivini vəd etsə də, bu, eyni zamanda, ənənəvi təhlükəsizlik təminatlarının itirilməsi və daxili siyasi təzyiqlərin artması təhlükəsini yaradır. Yaxın aylarda İrəvanın strateji seçiminin Cənubi Qafqazda sabitliyə və çiçəklənməyə gətirib çıxaracağı, yoxsa münaqişənin həll olunmamış qaldığı və qüvvələr balansının son dərəcə kövrək olduğu regionda yeni gərginlik dalğasının mənbəyinə çevriləcəyi bəlli olacaq”.

P.S. İsrailin keçmiş rabitə naziri Ayub Karanın bölgədə baş verənlərlə bağlı fikirlərinə əlavə olaraq bəzi məqamlarlı oxucuların diqqətinə çatdırmağı münasib sayırıq. Bu gün dünyanı bürümüş qlobal xaos Azərbaycan təcrübəsini bir daha aktuallaşdırır ki, bu da strateji vəzifələrin ikinci, üçüncü tərəfə zərər vermədən həyata keçirilməsidir. Bakının həm daxili, həm də xarici platformalarda atdığı taktiki addımlar yaradıcı paradiqma formalaşdırır. Bu amil ayrı-ayrı qüvvələrin ölkələrin, bütöv xalqların, hətta regionların taleyini həll etmək hüququnu “özəlləşdirmək” istəyi fonunda xüsusilə aktuallaşır. Doğrudur, “forpost” statuslu ölkələr yalnız ritorika baxımından, elementar insan hüquqlarının kobud şəkildə pozulması kontekstində müəyyən aktivlik nümayiş etdirirlər. Amma aşkar görünən odur ki, ayrı-ayrı dövlətlər özbaşına “dünya hökmdarları” mantiyasını öz üzərlərinə götürüblər və kimin harada və necə yaşadığına qərar verirlər. Son 30 ildə Yaxın Şərqdə və Avropada baş verən hadisələr göstərdi ki, bu yanaşma sonda dalana dirənir. Vahid strategiyanın olmadığı çoxistiqamətli səylərin istənilən effekti vermədiyi bir yana, əksinə, müxtəlif tərəflərdən tənqidə məruz qalır.

Məhz bütün bunların fonunda milli və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşı üçün ümumi məqsəd formalaşdıran Azərbaycanın təcrübəsi bir daha aktuallaşır. Ona görə də özlərini, belə demək mümkünsə, “kainatın mərkəzi” hesab edən ölkələr Azərbaycandan – onun yaratdığı çağdaş tarixdən nümunə götürsələr yaxşı olar.

Hazırladı:
İmran BƏDİRXANLI
XQ



Siyasət