Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) abituriyentlər və valideynlər üçün “Açıq qapı günü” təşkil olunub.
Tədbirin açılışında çıxış edən rektor Rüfət Əzizov tələbə adını qazanan abituriyentləri və onların valideynlərini təbrik edib. O, ADNSU-da formalaşdırılmış müasir tədris infrastrukturu, beynəlxalq əməkdaşlıq proqramları və universitetin elmi nailiyyətləri barədə məlumat verib. Rektor vurğulayıb ki, bu günə qədər ADNSU 150 mindən çox məzun yetişdirib və onlar yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində, sənayenin müxtəlif sahələrinin inkişafında, xüsusilə neft sənayesində mühüm rol oynayıblar.
Rüfət Əzizov, həmçinin ADNSU-da həyata keçirilən ikili diplom proqramları, beynəlxalq elmi jurnallarda dərc olunan məqalələr, universitetin beynəlxalq reytinqlərdə əldə etdiyi uğurlar və tədris prosesində tətbiq olunan innovativ metodlar haqqında da ətraflı məlumat verib.
400-dən çox abituriyentin iştirak etdiyi tədbir sual-cavab formatında davam edib. Rektor iştirakçıların dərs prosesi, tədris proqramları, yeni layihələr və universitetin gələcək planları ilə bağlı suallarını cavablandırıb.
XQ